Энтони де Мелло

Bir dəqiqə müdriklik


Скачать книгу

Sakitlik, genişlik, hər yan tərtəmiz! Ev deyil, cənnətdir!

      MEDİTASİYA

      Bir gün şagird yuxuda cənnətə düşdüyünü və burada Ustadın başqa şagirdlərlə birgə meditasiya etdiyini görür.

      – Cənnətin bütün gözəlliyi elə bundan ibarətdir?

      – deyə şagird heyrət içərisində qışqırır. – Biz bunu elə yerdə də edirdik.

      Elə bu zaman o, Səs eşitdi:

      – Axmaq! Sən düşünürsən ki, onlar cənnətdədirlər? Tamamilə əksinədir: cənnət onlardadır.

      UZAQGÖRƏNLİK

      Bir qumarbaz Ustada gileyləndi:

      – Dünən məni fırıldaqçılıq edərkən yaxaladılar və döyüb pəncərədən atdılar.

      Ustad qumarbazı başdan-ayağa süzüb dedi:

      – Sənin yerində olsaydım, mən yalnız birinci mərtəbədə oynayardım.

      Şagirdlər təəccüblə Ustada baxdılar.

      – Sən ona qumar oynamaqdan əl çəkməyi niyə tövsiyə etmədin?

      – Çünki mən bilirəm, əl çəkən deyil, – Ustad cavab verdi.

      SÖHBƏT

      Şagird bazarda eşitdiyi dedi-qodunu Ustada çatdırmaq üçün səbirsizlənirdi.

      – Dayan, – Ustad onu saxladı. – Söyləyəcəyin əhvalat həqiqətdir?

      – Düşünürəm ki, yox.

      – Kiməsə bir fayda gətirəcək?

      – Yox, əlbəttə.

      – Bəs gülməlidir?

      – Xeyr.

      – Onda ona niyə qulaq asım ki?

      RAHATLAŞMA

      Ustad hesab edirdi ki, pis söz olmur: hər şey şəraitdən asılıdır.

      Şagirdlərdən birinin ədəbsizcəsinə söyüş söydüyünü eşidəndə o bildirdi:

      – Bəzən nalayiq sözlər duaların verə bilmədiyi rahatlığı gətirir insana.

      DEDİ-QODU

      Bir şagird Ustada etiraf etdi ki, onun dedi-qodunu başqalarının yanında təkrarlamaq kimi pis bir vərdişi var. Müəllim istehza ilə cavab verdi:

      – Təkrar etmək elə də böyük bir günah deyil; əsas odur ki, özündən heç nə əlavə etməyəsən.

      HƏRƏKƏT

      Şagirdlər inadla Ustaddan onlara müdrikliyi öyrətməyi xahiş edirdilər. Bir dəfə Ustad onlara dedi:

      – Müdrikliyi sözlərlə ifadə etmək olmaz. O, əməllərdə özünü göstərir.

      Şagirdlər fikirləşmədən hərə bir işlə məşğul olmağa başladılar. Bunu görən Ustad ucadan gülüb dedi:

      – Bu, əməl deyil. Bu, hərəkətdir.

      ZİNDAN

      – Sən öz intellektinlə çox fəxr edirsən, – Ustad şagirdə dedi. – Bununla sən mənə öz kamerasının genişliyi ilə fəxr edən məhbusu xatırladırsan.

      BİRLƏŞMƏ

      – Allahla hansı yolla birləşmək olar?

      – Nə qədər çox səylə buna çalışırsan, o qədər də çox Ondan uzaqlaşırsan.

      – Bəs bu məsafəni necə adlamaq olar?

      – Heç bir məsafənin olmadığını dərk etməklə.

      – Bu, Allahla mənim bir vahid olduğumuz anlamına gəlir?

      – Yox, vahid deyilsiniz, amma iki də deyilsiniz.

      – Bu necə ola bilər?

      – Günəş və onun işığı, okean və dalğalar, müğənni və mahnı – bir deyillər. Amma iki də deyillər.

      FƏRQLƏNDİRMƏ

      Bir nəfər Ustada sevgilisinin xəyanətindən şikayət edir:

      – Mən elə yandım ki, daha bir də heç kəsi sevməyəcəyəm.

      – Sən bir dəfə təsadüfən qaynar plitə üzərində oturduqdan sonra bir daha heç nəyin üstündə oturmayacağına and içən adama oxşayırsan, – Ustad gülümsəyərək cavab verir.

      QEYRİ-İRADİLİK

      Bir dəfə Ustad şagirdlərindən müdrikliyin, yoxsa əməlin daha vacib olduğunu soruşdu.

      Şagirdlər həmrəy idilər:

      – Əlbəttə, əməl. Əməldə özünü göstərməyən müdrikliyin nə faydası?

      – Bəs aydınlanmamış ürəkdən gələn əməlin nə faydası var? – öz növbəsində, Ustad soruşdu.

      PƏRƏSTİŞ

      Ustad ona pərəstiş edən şagirdə dedi:

      – İşıq divarda əks olunub qayıdır. Divarın önündə diz çökmək nəyə gərək? Bütün diqqətini işığın mənbəyinə yönəlt.

      MƏXFİLİK

      Bir turist məbəddə keçmişdəki Ustadların şəkillərinə baxırdı.

      – Yer üzərində, heç olmasa, bir böyük Ustad qalıb?

      – Biri var, – bələdçi cavab verdi.

      Ziyarətçi yalvardı ki, onları görüşdürsün. Ustadla görüşən ziyarətçi soruşdu:

      – Böyük Ustadlar bu gün haradadırlar?

      – Qərib! – Ustad səslədi.

      – Ustad! – turist ehtiramla cavab verdi.

      – SƏN haradasan?

      TALE

      Bir qadın Ustada öz taleyindən şikayət edirdi.

      – Sən özün ona görə cavabdehsən, – Ustad dedi.

      – Məgər mən qadın kimi dünyaya gəlməyimə cavabdehəm?

      – Qadın olmaq – bu, tale deyil. Bu sənin qismətindir. Sənin taleyin isə ondan necə istifadə edəcəyindən asılıdır.

      DİRÇƏLMƏ

      – Keçmişini tamamilə unut və sən aydınlanmış olacaqsan, – Ustad dedi.

      – Mən belə də edirəm, sadəcə, tədricən.

      – Tədricən yalnız böyümək olar. Aydınlanma isə anidir.

      Bir qədər sonra Ustad izah etdi:

      – Sənə tullanmaq lazımdır! Kiçicik addımlarla uçurumu aşa bilməzsən.

      YUXU

      – Mən nə vaxt aydınlanmaya çatacağam?

      – Görəndə, – Ustad cavab verdi.

      – Nəyi görəndə?

      – Gülləri, ağacları, ulduzları, ayı.

      – Mən onsuz da onları elə hər gün görürəm.

      – Xeyr.