onun arxasınca yola düzəldilər.
Oğlan tez-tez gedirdi. O hər kola, hər cığıra bələd olan ovçu kimi inamla addımlayırdı. Ayağındakı ağac qabığından toxunmuş səndəllər təkcə pəncəsini tuturdu, dabanı və enli barmaqları açıq qalmışdı. Uşaqlar ona çatmaq üçün, demək olar ki, qaçırdılar. Talanı keçib dikdirə qalxdılar. Gölü haşiyələyən qayalığa çatanda ayının kəsə yolla yorğa addımlarla onlara tərəf gəldiyini gördülər. Rüstəm təlaşlandı: “O bizi hara aparır?! Qurtula bilməyəcəyik…” – dedi. “O buraları beş barmağı kimi tanıyır”, – Kənan səsinin əsdiyini özü də hiss elədi. Ayının böyürtüsü onları lap qorxutdu.
Oğlan qayaların üstündən keçi kimi bir göz qırpımında keçdi. Kənanla Rüstəm bir qədər ləngidilər. Rüstəm sürüşüb dərin yarğana yıxılanda Kənan ona kömək etmək üçün geri qayıtdı. Bu zaman onların bələdçisi ayını ləngitmək məqsədi ilə dikdirə qalxıb əlini ağzına tutaraq uzun bir qıy çəkdi. Onun hayqırtısı ayını bir qədər təşvişə saldı. Uşaqlar qayaların çıxıntısından yapışaraq irəlilədilər, bir neçə aşırım da keçib iri bir qaya parçasının altında dayandılar. Daha getməyə yer yox idi, qarşıda sıldırım yamac və göl vardı. Onun suları aşağıda yamacın ətəklərini yuyurdu.
Qaranlıq düşürdü. Gölün arxasında, üfüqdə közərərək sönən aydın çevrəli alovlu al günəşə gözünü qıymadan rahat baxmaq olurdu. Gölün sonsuz, sakit suları vahiməli görünürdü. Oğlan arxaya çevrilib qayaların arasında adam boyu hündürlüyündə olan qara dəliyi göstərdi. Sonra pişik kimi dırmaşıb dəlikdən içəri keçdi, qaranlıqda əriyib yox oldu.
Lap yaxında ayının böyürtüsü eşidildi. İçəri girməyə tələsmək lazım idi. Kənan bir dizini yerə qoyub Rüstəmə baxdı: onlar bir-birini başa düşdülər.
…Neçə vaxt idi ki, məktəbdə idman yarışları keçirilirdi. Oğlanlar arasında ikinəfərlik komandaların yarışması məktəblilər tərəfindən, nədənsə, daha böyük maraqla qarşılanırdı. Rüstəmin fiziki hazırlığı zəif olduğundan heç kim onunla tərəf-müqabil olmaq istəmirdi. Dostunun tək qaldığını görən Kənan öz qərarını verdi: “Yarışa Rüstəmlə bir yerdə çıxacağıq!” Rüstəm onu fikrindən döndərmək üçün çox çalışdı, “Sən idmançısan, özünə güclü bir tərəfdaş seç. Mən səni ləngidəcəm”, – deyə israr etsə də, Kənan fikrindən dönmədi. Dostunu pis vəziyyətdə qoymamaq üçün Rüstəm ciddi şəkildə hazırlaşıb əlindən gələni elədi. Hər səhər tezdən idman zalına gəlir, məşq eləyir, yarışa hazırlaşırdı. Kəndirə dırmaşmağı, paralel qollarda gəzməyi, turnikdən sallanaraq o üzə tullanmağı öyrəndi. Təkcə hündür maneədən aşmağı bacara bilmədi. Boyu balaca olduğundan tullanıb hündürə dırmaşa bilmirdi ki, bilmirdi. Bunu Kənana deyəndə o, Rüstəmi sakitləşdirdi. “Maneənin qarşısına çatan kimi mən bir dizimi yerə qoyacam, sənsə ayağını o biri dizimin üstünə qoyub cəld yuxarı qalxarsan, vəssalam”. Elə də elədilər. Üstəlik, yarışmanın qalibi oldular. Həmin gün Kənan dostunu boynuna mindirərək bütün stadion boyu qaçdı, sonra bayrağa bürünüb qucaqlaşdılar. Necə xoşbəxt anlar idi…
Bütün bunları Rüstəm bir an içində fikrindən keçirdi. Dinməzcə ayağını Kənanın dizi üstünə qoyub dəliyi aşdı. Ardınca Kənan bir göz qırpımında qalxdı. Çiyinləri enli olduğundan dəlikdən çətinliklə keçdi, qayanın iti çıxıntısı gödəkcəsinin qolunu cırdı.
Sığınacaq
Onlar balaca bir mağaraya düşdülər. İçəri qaranlıq idi. Dəlikdən düşən zəif işıq mağaranın yalnız bir hissəsini işıqlandırırdı. Gözləri qaranlığa alışandan sonra uşaqlar ortalıqda ocaq yeri gördülər. Yastı daşların üstündəki külün içində yeməkdən qalan sümüklər ağarırdı. Ətrafda quru ot, irili-xırdalı budaqlar, daş və qaya parçaları, ağac kötüyü gözə dəyirdi. Rüstəm:
– Dostumuz əvvəllər də burda olubmuş, onun səliqəsi hiss olunur, – dedi.
Dəliyin arxasından hənirti və ayının donqultusu eşidildi. Uşaqlar qorxub susdular. Onların qoxusunu alan ayı gəlib qayaya dirənəcəyini heç gözləmirdi. Bu onun əhvalını korladı. O, arxa pəncələri üstə oturub key-key baxdı. Bu qənaətə gəldi ki, səhv eləyib. Təzədən yerindən qalxanda dəliyi aşkar elədi. İki ayağı üstə qalxaraq burnunu dəliyə soxub işığın qarşısını kəsdi. Bir an hər şey zülmətə büründü. Ayının nəfəsinin xışıltısı və sulu dodaqlarının marçıltısı aydınca eşidilirdi. Uşaqlar mağaranın divarına qısılıb yerə çökdülər. Acıqlı heyvan başını dəlikdən içəri salmağa cəhd edirdi, amma görünür, burnunu içəri soxduqca qayanın iti çıxıntısı onu yaralayırdı. O başını geri çəkib donquldana-donquldana dəliyin arxasında yerə oturdu və pəncələri ilə başına döyməyə başladı.
– Mən ayının belə nəhəng olduğunu bilmirdim, – deyə Kənan pıçıldadı.
– Bu bizim tanıdığımız ayılardan deyil, onların əcdadı olan mağara ayısıdır, – Rüstəm astadan cavab verdi. – Mağara ayıları daha böyük və bədheybət olur. Arxeoloqlar onların sümüklərini və daşlaşmış qalıqlarını, adətən, mağaralardan tapdıqları üçün onlara mağara ayıları deyirlər.
Uşaqlar ayının içəri girə bilməyəcəyinə əmin olub rahatlaşdılar və dəlikdən düşən solğun işıqda bir-birinə baxdılar. Oğlan daş baltasını əlindən buraxmamışdı, görünür, nədənsə ehtiyat edirdi. Kənan ona müraciət etdi:
– Sənin adın nədir?
Rüstəm tərs-tərs dostuna baxdı:
– Hə, bu saat cavab verəcək! O sənin dilini bilir bəyəm?
O, əli ilə özünü göstərib bir neçə dəfə təkrar etdi: “Rüstəm! Rüstəm! Rüs-təm!” Sonra Kənanı göstərdi: “Kənan! Kə-nan!” Uşaqlar zənn ilə oğlana baxdılar. O, əlini sinəsinə vurub cır səslə bərkdən dedi: “A-xo! A-xo!” Uşaqlar onu göstərib təkrar etdilər: “Axo!” Rüstəm sevindi: “Dərrakəli imiş!” Axo əvvəl Rüstəmi, sonra Kənanı, daha sonra özünü göstərib ”Sam! Kam! Axo!” dedi. Kənan hirsləndi:
– Bizə qoyduğu adlara bax! Sən də deyirsən dərrakəlidir.
– Eybi yoxdur, qoy necə istəyir elə də çağırsın. Sənin üçün nə fərqi var?
Axo bir tərəfdə oturub əşyalarını yanına yığdı. Kənan da çantasını açıb içindəkiləri çıxardı. Çantadan çıxan hər bir şey uşaqlar üçün çox qiymətli idi: dərsdən çıxanda Kənanın marketdən aldığı bir torba çips və alma şirəsi, məşqdən sonra duş almaq üçün götürdüyü dəsmal, sabun və şampun. Köynəyi Rüstəmin əynində olan kimononun şalvarını isə yerə salıb üstündə oturdular.
İçəridə soyuq və nəmişlik hiss olunurdu. Haradasa su şırıldayırdı. Bu, gölə axan çayların səsi ola bilərdi. Susuzluqdan yandığını hiss edən Rüstəm bunu Axodan soruşub dəqiqləşdirmək istədi.
– Su! Su! – o, ovuclarını dodaqlarına dayayıb su içirmiş kimi hərəkət etdi.
Oğlan,