qiymətli olması barədə deyilənləri məcazi mənada qəbul etmək mümkündür. Zəfərandan təkcə kulinariyada istifadə olunmur. Bu təbii dərman bitkisi psixi pozuntulardan tutmuş ürək xəstəliklərinə qədər bir çox mərəzlərin müalicəsində olduqca səmərəlidir.
Bilirsinizmi, zəfəran niyə belə bahadır? Çünki bütün dünyada ildə cəmi 300 ton zəfəran istehsal olunur. Bircə kiloqram məhsul almaq üçün 140 minədək zəfəran çiçəyi toplamaq, hər birinin ləçəklərini aralayıb ortasındakı üç qırmızımtıl teli çıxarmaq lazımdır. Həm də zəfəran qulluq sevən bitkidir. Üç ildən bir onun soğanlarını qazıb çıxarmaq, təmizləmək və yenidən əkmək məsləhətdir.
Bu bitkinin vətəni İran, Kiçik Asiya və Hindistan hesab edilir. Hələ şumer sivilizasiyasına aid mənbələrdə zə fəranın adı çəkilir. Amma Avropada da onu qədim zamanlardan becərirlər. Egey dənizində yerləşən Santorini adasında e.ə. XVI əsrdə zəfəran çi çəklərinin yığılmasını təsvir edən freskanın qalıqları durur. Rəvayətə görə, Makedoniyalı İskəndər saçlarına pa rıltı vermək üçün onları zəfəran məhlulu ilə yuyurmuş.
Zəfəran yığan qızlar. Santorini adasında və Knossos sarayında (Krit adası) aşkar edilmiş qədim freskaların qalıqlarından parçalar
Orta əsrlərdə Almaniyada zəfəranı bənzər bitkilərlə qarışdırıb satanlara ölüm hökmü çıxarırlarmış. Hətta bəzi cinayətkarların saxta malları ilə birgə diri-diri basdırılması halları da olub.
Azərbaycanda zəfəran sovxozunda ildə 150 kiloqramadək məhsul alırdılar. Bunun üçün 20 milyondan artıq zəfəran gülü yığırdılar.
İngiltərənin Esseks qraflığında Saffron-Valden şəhəri var (saffron – ingilis dilində zəfəran deməkdir). Bura bir zamanlar Böyük Britaniyanın “zəfəran paytaxtı” imiş.
İspaniya və Yunanıstanda zəfəran istehsalı xüsusilə geniş yayılıb. İspan zəfəranı bu gün də dünyada ən bahalı zəfərandır.
Əvvəllər zəfəran çayı da çox içilirdi. İlk baxışdan adama elə gəlir ki, bu bahalıqda malı “suya atmaq” böyük bədxərclikdir. Amma 1 qram zəfəranın 100 litr suya rəng qatmağa bəs etdiyini biləndə bunun heç də belə olmadığını görərik. Əvəzində insanın sağlamlığı möhkəmlənir, əhval-ruhiyyəsi yax şılaşır. Lakin çay, kofe, şokolad içkiləri geniş yayıldıqdan sonra zəfəran suyuna ehtiyac azaldı.
Zəfəran Azərbaycanda da qədim vaxtlardan becərilir. XVIII əsrdə Bakı şəhərinin gerbində zəfəran təsvir olunurdu. Gerbdə yüklü dəvə, yükün üstündə isə çiçək açmış zəfəran çəkilmişdi. 1927-ci ildə Abşeronda (Bilgəh) SSRİ-də ilk və yeganə Zəfəran sovxozu yaradıldı. 1990-cı ildə ölkədə siyasi və iqtisadi hərc-mərclik dövründə sovxoz dağıldı.
Adam balinanın qarnından sağ çıxa bilərmi?
“Kapitan Vrungelin sərgüzəştləri” cizgi filmində balinanın dəniz quldurlarını udması yadınızdadırmı? Nəinki multiplikasiyalarda, yaddaşımızda dərin iz qoymuş onlarla bədii filmdə, əsərdə, gəmi qəzaları haqqında hesabatlardakı şahid ifadələrində balinanın adamı udması barədə danışılır. Hətta dini rəvayətlərdə də Yunis peyğəmbərin üç gün balinanın qarnında yaşaması, sonra isə sağ-salamat sahilə çıxmasından bəhs edilir.
Bu nəhəng balinanın ağzına qaya da sığar, ancaq boğazından bilyard şarı boyda daş keçir.
Bu heyvanlar iki böyük dəstəyə bölünürlər: bığlı balinalar və dişli balinalar. Bığlı balinalar, ümumiyyətlə, adam yemirlər. Ona görə yox ki, xoşları gəlmir, sadəcə bunu bacarmazlar. Çəkisi 160 tona, uzunluğu 33 metrə çatan ən böyük bığlı balinanın boğazı gö bəyindən böyük deyil, yəni nəlbəki boydadır. Onun dar boğazından xırda dəniz heyvanlarından başqa heç nə keçmir.
Dişli balinaların bəzi növlərinin, məsələn, kaşalotun (ispermeçet balinası) isə boğazı kifayət qədər genişdir. Amma onlar da insana çox nadir hallarda, yalnız üzən adamı suiti ilə səhv salanda hücum edirlər. Belə bir halı təsəvvürümüzə gətirə bilərik, lakin yenə də unutmamalıyıq ki, kaşalotlar iri ovu dişləri ilə tuturlar və udmazdan əvvəl parçalayırlar.
Odur ki insanın balinanın qarnından nəinki salamat çıxması, heç ora sağ düşməsi də mümkün deyil.
Dünyada ən qısayaddaşlı canlı qızıl balıqdır?
Akvarium qızıl balığının cəmi üç saniyəlik yaddaşının olması bir çox mənbələrdə təsdiqlənmiş fakt kimi təqdim edilir. Bu əfsanənin necə yarandığı bəlli deyil, amma onun çox geniş yayılmasında Disneyin “Nemonun axtarışında” cizgi filmi kimi uşaq filmlərinin rolu böyükdür.
2003-cü ildə ABŞ-ın Plimut Universitetinin psixologiya məktəbində bu iddianın həqiqətə nə dərəcədə uyğun olduğunu yoxlamaq qərarına gəliblər. Aşkar edilib ki, akvarium qızıl balıqları səsi, vaxtı, əşyaların rəngini, hətta formasını ən azı beş ay müddətində yadda saxlaya bilirlər.
“Nemonun axtarışında” cizgi filmində yaddaşının olmaması üzündən qızıl balığın başına çox oyunlar gəlir.
“Qızıl balıq minimifi” sənədli filmində bu balıqlarının yaddaşının olduğunu sübut edən eksperimentlər nümayiş etdirilir.
Əvvəlcə qızıl balıqlara yem əldə etmək üçün akvariumun bir küncünə yerləşdirilmiş kiçicik dəstəyi basmağı öyrədiblər. Sonra elə ediblər ki, dəstək yalnız gündə bir saat “işləsin”. Balıqlar günün həmin vaxtını yadda saxlayıblar və dəstəyi məhz lazım olan saatda basmağa başlayıblar. Üçüncü mərhələdə qızıl balıqları həmişə akvariumun eyni küncündə yemək yeməyə və siqnal səsi eşidən kimi həmin yerə yığışmağa öyrədiblər. Beş aylıq fasilədən sonra siqnal təkrar olunanda qızıl balıqlar yenə “yemək masası” ətrafında toplaşıblar.
Buna bənzər eksperimentləri Avstraliya elm və riyaziyyat mərkəzində rəngli plastiklər, Sidney Makquari Universitetində tor labirintlərlə keçiriblər. Balaca qızıl balıqların rəngləri və labirintdən çıxış yolunu da uzun müddət yadda saxlamağa qadir olduqlarını aşkarlayıblar.
Dəvənin vətəni haradır?
Dəvə Ərəbistan və Afrika səhralarının simvoludur. Amma onların vətəni Şimali Amerikadır.
Dəvələrin əcdadları – protilopuslar 40-50 milyon il əvvəl Şimali Amerikada yaşayıblar. Onların boyu 80 santimetrdən çox, çəkiləri 25-26 kiloqram olub, dişləri və kəllə quruluşları indiki dəvələri xatırladıb. İqlim sərtləşdikcə, protilopuslar da şəraitə uyğunlaşıblar, dəvəyəbənzər heyvanlar meşədən düzənliyə çıxıblar, boyları uzanıb, Alyaskaya qədər yayılıblar. ABŞ-ın Kaliforniya ştatında, “Ölüm vadisi”ndə izləri aşkar edilmiş