p>Yenə Kirrin-kottecdə
Pasxa tətilləri yeni başlamışdı, hava xoş idi. Kirrin qəsəbəsinə gedən qatardakı vaqonların birində dörd nəfərlə yanaşı bir it də var idi.
Üz cizgiləri qətiyyətli xarakterindən xəbər verən hündür, cüssəli oğlan – Culian dilləndi:
– Lap az qaldı!
– Hav! – oğlanın sözlərini başa düşübmüşcəsinə həyəcanlanan Timoti adlı it onun səsinə səs verdi, sonra da pəncərədən çölə boylanmağa çalışdı.
Culian əmr elədi:
– Otur, Tim! İmkan ver, Enn baxsın.
Enn – Culianın kiçik bacısı başını pəncərədən çıxarıb çığırdı:
– Kirrin stansiyasına yaxınlaşırıq! Ümid edirəm, Fanni xala bizi orada qarşılayacaq.
– Əlbəttə, qarşılayacaq! – onun oğlana oxşayan qısa saçlı əmisi qızı Corcina əminliklə dilləndi. Sonra isə pəncərədən boylanmaq üçün Enni bir az kənara itələdi. – Evə qayıtmaq necə gözəl hissdir! Kirrin-kottecdə bizi o qədər maraqlı hadisələr gözləyir ki! Bəlkə, adaya da səyahət elədik, qəsri də gəzdik. Axı keçən ildən bəri orada olmamışıq.
Culian kiçik qardaşına, əlində kitab küncdə oturan yaraşıqlı oğlana tərəf dönüb dedi:
– Dik, pəncərədən baxmaq növbəsi indi sənindir. Demək olar, Kirrinə çatmışıq. Bir saniyə əlindəki kitabı yerə qoyub pəncərədən boylan.
– Elə maraqlı kitabdır ki! – Dik kitabı bağlayıb dilləndi. – Ömrüm boyu belə əyləncəli macəra oxumamışam!
Enn onun bu sözlərindən qızışdı:
– Mərc gələrəm ki, bizim yaşayacağımız macəralar sənin kitabından daha əyləncəli olacaq!
Doğrudan da, onlar – sadiq yol yoldaşları, Timmi də daxil olmaqla bu beş dost indiyədək çoxlu qeyri-adi macəra yaşamışdılar.
Culian dedi:
– Məktəb xoşuma gəlir. Ancaq sonuncu rübdə lap yorulub əldən düşdüm. Odur ki tətil mənə çox yaxşı təsir edəcək!
– Arıqlamısan, – Corcina qeyd elədi.
Culian gülümsündü.
– Narahat olmayın, Kirrin-kottecdə tezliklə əməlli-başlı kökələcəyəm! Fanni xalanın dadlı yeməklərindən doymaq olur ki!
– Hə. Ümid edirəm, atam tətil boyunca yaxşı əhvalda olacaq, – Corcina dedi. – Anam mənə yazmışdı axı, bu yaxınlarda o hansısa yeni təcrübəsini uğurla başa çatdırıb.
Corcun atası alim idi, başı daim hansısa yeni ideyaları gerçəkləşdirməyə qarışırdı. O, sakitliyi sevirdi, buna görə də bəzən evdə səs-küy olanda, ya işlər istədiyi kimi getməyəndə çox əsəbiləşirdi. Hərdən uşaqlara elə gəlirdi ki, xasiyyətindəki çılğınlıq Corca elə atasından keçib. Nəsə ürəyincə olmayanda Corc da güllə kimi açılırdı.
Fanni xala uşaqları platformada qarşıladı. Vaqondan sıçrayıb düşən kimi onların dördü də qadının qucağına atıldı. Lakin Corcina hamını qabaqladı. O, anasını çox sevirdi, bu mehriban qadın həmişə qızını atasının qəzəbindən qoruyurdu.
Timmi də sevinclə hürür, onların ətrafında atılıb-düşürdü. Heyvancığaz da Corcinanın anasına ürəkdən bağlıydı.
Fanni xala Timminin başını sığalladı və it dərhal dal ayaqları üstə qalxaraq qadının üzünü yalamağa başladı.
– Timmi, elə bil sən bir az da böyümüsən! – Fanni xala güldü. – Sakit ol, əzizim. Yoxsa məni yerə yıxacaqsan.
Timmi, həqiqətən də, böyümüşdü. Kirrin-kottecə qayıtdığı üçün o da uşaqlar kimi çox həyəcanlı idi; yeri gəlmişkən, uşaqların əhvalı həmişə Timmiyə də sirayət edirdi.
Timmi dünyada hamıdan çox sahibəsi Corcinanı sevirdi. Yaxşısı budur, biz də onu hamı kimi «Corc» deyə çağıraq. Axı bu qız oğlana oxşayır, elə oğlanlar kimi geyinir, hətta saçı da oğlanlarda olduğu kimi qısa vurulub. O öz adını qətiyyən bəyənmir. İstəyir ki, ona oğlan adı ilə – Corc deyə müraciət etsinlər.
Corc Timmini himayəsinə götürəndə heyvancığaz lap körpə idi. Corc arabir iti özüylə məktəbə aparırdı. Xoşbəxtlikdən Ennlə onun oxuduğu internat məktəbində şagirdlərin ev heyvanları ilə birgə dərsdə iştirak etmələrinə icazə verirdilər. Belə olmasa, yəqin ki, bu şıltaq qız oxumaqdan yerli-dibli imtina edərdi!
Dəmiryol vağzalından çıxıb evə gedərkən Corc Fanni xaladan soruşdu:
– Ana, atamın işləri çox olur?
– Lap çox… – Fanni xala cavab verdi. – Lakin, ola bilsin, dincəlmək üçün arabir sizə qoşulub çimməyə, ya da gəzməyə getsin.
Uşaqlar bu sözləri eşidincə bir-birinə baxdılar. Onların Kventin əmidən o qədər də xoşları gəlmirdi. Çünki o ən adi səs-küydən əsəbiləşir, çox vaxt qaşqabağı yer süpürürdü. Üstəlik, qətiyyən yumor hissi yox idi: heç cür başa düşmürdü ki, uşaqlar niyə bəzən bir gündə iyirmi dəfə qarınlarını tutub gülürlər.
Dik əyilib Culianın qulağına pıçıldadı:
– Kventin əmi boş vaxtını bizimlə keçirəcəksə, vay halımıza!
– Tss! – Culian pıçıldadı. O qorxurdu ki, Fanni xala bu sözləri eşidib inciyər.
Corc qaşqabağını tökdü.
– Eh, ana! Bu heç yaxşı xəbər olmadı. Bizimlə gəzmək atama maraqlı olmayacaq, elə biz də darıxmaqdan öləcəyik.
Corcun xasiyyəti belədir: həmişə sözünü açıq deyir, riyakarlıq etməyi əsla bacarmırdı.
– Belə demə, əzizim, – anası bunu deyib köksünü ötürdü. – Atan da sizinlə gəzməyə gedəcək. Onun yanında deyib-gülən, şən uşaqların olmasının nəyi pisdir ki?
– Budur, axır ki, gəlib çatdıq! – araba köhnə evin qarşısında dayananda Culian çığırdı. – Kirrin-kottec! İlahi, evin ətrafında külək necə də vıyıldayır, Fanni xala!
– Hə, haqlısan, bütün gecəni külək bax beləcə tüğyan edib, – Fanni xala cavab verdi. – Biz yükləri boşaldandan sonra arabanı arxa həyətə apararsan, Culian. Budur, əmin də bizi qarşılamağa çıxıb!
Cod qaşlarını çatmış Kventin əmi onlara tərəf gəldi. Uşaqlara gülümsəyib Corcu və Enni öpdü.
– Kirrin-kottecə xoş gəlmisiniz! – dedi. – Çox sevinirəm ki, hamınız yenə bizim yanımızdasınız!
Az sonra onlar artıq çay süfrəsi arxasında oturmuşdular. Fanni xala həmişəki kimi dadlı şeylər bişirmişdi.
Nahar başa çatdı, külək isə hələ də evin ətrafında vıyıldayırdı. Pəncərələr titrəyir, qapı cırıldayır, yel döşəmədəki həsirləri qaldırıb tərpədirdi.
– Sanki həsirin altında ilanlar oynaşır, – Enn dedi.
Bunu eşitcək Timmi döşəməyə baxıb zingildədi. O çox ağıllı it olsa da, həsirin nə üçün belə qəribə şəkildə tərpəndiyini anlamırdı.
– Ümid edirəm, külək bu gün yatar, – Fanni xala dedi. – Səsindən bütün gecəni yatmamışam. Culian, sən necə də arıqlamısan! Yəqin, dərslərin ağır olub, hə? Tətil boyunca səni yaxşıca yedirməliyəm.
Uşaqlar gülüşdülər.
– Bilirdik ki, belə deyəcəksən, ana! – Corc dedi, ardınca isə qəfildən bağırdı: – İlahi, bu nədir belə?
Damdan eşidilən güclü zərbə hamını diksindirdi. Timmi qulaqlarını şəklədi və qəzəblə hürməyə başladı.
– Damdan kirəmit düşdü, – Kventin əmi izah etdi. – Lap boğaza yığılmışıq! Fanni, külək yatanda biz bütün kirəmit parçalarını yerinə qoymalıyıq, yoxsa yağış yağanda evə damacaq.
Uşaqlar çox ümid edirdilər ki, çay mərasimindən sonra Kventin əmi, adəti üzrə, öz otağına çəkiləcək, lakin bu dəfə belə olmadı.