Энид Блайтон

Qaçaqmalçı zirvəsinin sirri


Скачать книгу

elədi:

      – Zəhmət olmasa, bir dəqiqəlik dayanın. Bataqlığa yaxşı-yaxşı nəzər salmaq istəyirəm.

      – Bircə yoldan kənara çıxma, – maşını saxlayan sürücü xəbərdarlıq etdi. – İti də buraxmayın. Heyvan yoldan kənara tullansa, bataqlığa düşüb o dünyalıq olacaq.

      – Necə yəni, «o dünyalıq olacaq»? – Enn təəccüblə xəbər aldı.

      – Yəni ki bataqlıq Timmini dərhal özünə çəkəcək, – Culian dedi. – Yaxşısı budur, onu maşında saxlayaq, Corc.

      Belə də etdilər: Timmini maşında qoyub qapını bağladılar. Heyvancığaz buna bərk əsəbiləşdi: o, pəncələri ilə qapını cırmaqlayır və pəncərədən boylanmağa çalışırdı. Sürücü ona tərəf çevrilib iti sakitləşdirməyə çalışdı:

      – Hər şey qaydasındadır. Sakit ol. Onlar indicə qayıdacaqlar.

      Timmi sanki sürücünün dediklərini anladı və sakitləşdi. O, indi səssizcə uşaqların arxasınca baxırdı.

      Dostlar isə bu zaman bataqlıqla yolu bir-birindən ayırmaq üçün iri daşlardan ibarət səddin yanında dayanmışdılar. Culian daşlardan birinin üstünə qalxıb bataqlığın hamar sahil xəttinə tamaşa etdi.

      – Bu, lehmədir, – o söylədi. – Qatı, xırçıldayan lehmə! Baxın, ayağınla ona toxunanda tərpənir! Ayağımı bassam, ikicə saniyədə məni özünə çəkəcək.

      Bu, Ennin xoşuna gəlmədi və o, qardaşına dedi:

      – Yaxşısı budur, daşın üstündən düşəsən. Yoxsa yıxıla bilərsən.

      Digərləri də Ennə haqq qazandırdılar. Bundan sonra uşaqlar geri, maşına qayıtdılar. Culian elə hey fikirləşirdi: görəsən, bu qəribə bataqlıqda indiyədək neçə səyyah izsiz-tozsuz məhv olub? Oğlan həmin sualı sürücüyə də ünvanladı. Sürücü cavab verdi:

      – Burada, həqiqətən də, çox adam xəbərsiz-ətərsiz itib, onların sonrakı taleyi barədə bir daha eşidən olmayıb. Deyirlər, sahildən Kimsəsiz dağa aparan bir-iki dolama cığır var, bu yol çəkilməmişdən əvvəl insanlar həmin cığırlardan istifadə edirmişlər. Ancaq bu cığırlara beş barmağın kimi bələd olmalısan, yoxsa ayağın büdrəyəcək və gözünü açanda görəcəksən ki, artıq bataqlığın içindəsən.

      – Bunu düşünmək belə qorxuncdur, – Enn dedi. – Gəlin daha bu barədə danışmayaq. Bəs Kimsəsiz dağı buradan görmək olar?

      – Olar. Odur, dumana bürünüb, – sürücü cavab verdi. – Zirvə dumanın içindən görünməyə başlayır, baxın. Qeyri-adi mənzərədir, hə?

      Uşaqlar dinməzcə gözlərini uzaqlara zillədilər. Asta-asta burulan dumanın içindən sıldırım yamacları olan hündür təpə görünürdü. Təpənin üstündə evlər vardı, onlar uzaq məsafədən qədim qəsrləri xatırladırdılar. Bəzi evlərdən qəribə qüllələr ucalırdı.

      – Yəqin, Qaçaqmalçı zirvəsi elə ən hündürdəki o evdir, – Culian öz ehtimalını söylədi. – Görünüşünə baxsaq, onun bir neçə əsr yaşı var. Yəqin, elədir ki var! Onun yanındakı qülləyə baxın! Yəqin, oradan baxdıqda ətrafda olduqca gözəl mənzərə açılır.

      Uşaqlar gözlərini dörd açıb tətil boyunca yaşayacaqları evə baxırdılar. Ev adi tikilidən çox, sənət əsərini xatırladırdı, çox romantik görkəmi vardı, bununla belə, həm də nəyə görəsə kədərli, tutqun görünürdü.

      Enn dedi:

      – Onda nəsə… qəribə sirlilik var, – qız dostlarının da ürəklərində düşündüklərini dilə gətirdi. – Elə bil əsrlər boyu topladığı sirləri bu gün də etibarla qoruyub saxlayır. Dili olsa, bəlkə də, o bizə çox şey danışa bilərdi.

      Duman getdikcə qatılaşırdı, odur ki avtomobil sürətini xeyli azaltmalı oldu. Yolçular, nəhayət, Kimsəsiz dağın ətəyinə çatdılar. Yol buradan üzüyuxarı çıxırdı.

      Sürücü dedi:

      – Tezliklə biz divarda tağ şəklində nəhəng oyuq görəcəyik. Nə zamansa orada şəhər darvazaları olub. Şəhər hər tərəfdən qala divarları ilə əhatə olunubmuş, bu divarlar indi də durur. O elə genişdir ki, arasında gəzmək olar, istəsən, dövrə vurub gəldiyin yerə də qayıdarsan. Əgər hava aydın olsa, oradan baxdıqda ecazkar mənzərənin şahidi olacaqsınız.

      Yol getdikcə çətinləşirdi, avtomobil dağa qalxdıqca titrəyib at fınxırtısına bənzər səs çıxarırdı. Onlar divardakı tağlı oyuğa yaxınlaşdılar. Tağın altından keçən maşın ünvana yetişdi. Uşaqlar nə vaxtsa Kimsəsiz dağda yerləşən, indi isə, sadəcə, divarları qalmış şəhərə çatmışdılar.

      – Mənə elə gəlir, sanki biz zamana səyahət edib bir neçə əsr əvvələ qayıtmışıq və çox qədim dövrlər gözümüzün önündə canlanmağa başlayıb! – Culian gözlərini daş döşənmiş küçələrdən, qədim evlərdən və rombşəkilli pəncərələri, eləcə də nəhəng, möhkəm qapıları olan balaca dükanlardan çəkmədən çığırdı.

      Onlar darısqal, sıldırım, əyri-üyrü küçəylə üzüyuxarı qalxmağa başladılar və nəhayət, tökmə dəmirdən olan iri darvazanın qarşısında dayandılar. Sürücü siqnal verdi, darvaza açıldı. Avtomobil maşın üçün salınmış xiyabanın sıldırım yollarını çətinliklə qalxıb evin qarşısında dayandı.

      Bura Qaçaqmalçı zirvəsi idi!

      Kömürcük Lenuar

      Uşaqlar onları haqlayan qəfil bir ürkəklik hissi ilə maşından düşdülər. Böyük, qədim ev elə bil onları görüb qaşlarını çatmışdı. O, ağacdan və kərpicdən tikilmişdi, evin giriş qapısı həddən artıq böyük idi.

      Rombşəkilli pəncərələrdən qoşaçatılı pərdələr asılmışdı. Evin şərq hissəsi konusşəkilli damı olan iri, dəyirmi qüllədən ibarət idi. Qüllədəki bütün pəncərələr də dəyirmi formada idi.

      Dik qapı çəkicinin çuqun qulpunu aşağı çəkdi və dərhal içəridən səs eşidildi. Sonra kimsə qaça-qaça gəlib ağır qapını yavaş-yavaş açmağa başladı. Çox keçmədən qapının ağzında iki uşaq göründü. Qız təxminən Ennlə, oğlansa Diklə yaşıd olardı.

      – Nəhayət, gəlib çıxdınız! – qara gözləri parıldayan oğlan çığırdı. – Artıq ümidimi üzmüşdüm!

      – Bu, Kömürcükdür, – Dik onu qızlara nişan verdi. Axı qızlar onu heç vaxt görməmişdilər.

      Enn və Corc diqqətlə oğlana baxdılar. O, doğrudan da, hədsiz qarayanız idi. Saçları, gözləri, qaşları kömür rəngindəydi, üzü də elə bil kül içindən çıxmışdı. Qızılı saçları, göy gözləri və güclə sezilən nazik qaşları olan bacısı onun yanında solğun və zəif görünürdü.

      Kömürcük dedi:

      – Bu, bacım Meribeldir. Həmişə deyirəm ki, yan-yana dayananda biz gözəllə bədheybəti xatırladırıq.

      Kömürcük suyuşirin uşaq idi, bu, ilk dəqiqələrdən bəlli oldu. Odur ki qonaqların ondan dərhal xoşu gəldi. Hətta kimisə