Энид Блайтон

Billikok təpəsinin sirri


Скачать книгу

dedi. – Çox yük götürməyimizə ehtiyac yoxdur, dostumuz Tobi yemək məsələsində, doğrudan da, bizə kömək edəcək. Lakin bəzi şeylər var ki… məsələn, xəz gödəkçələri yaddan çıxarmayaq… Timmi üçün it geyimi götürməyi də unutmamalıyıq… Bir də… xəritə mütləq üstümüzdə olmalıdır.

      – Fənərlər də lazım olacaq, – Enn əlavə etdi: – Axı biz mağaraları araşdıracağıq… Çimərlik geyimlərini də yaddan çıxarmayaq! Bəlkə, oralarda yeraltı göllərə rast gəldik.

      – Şam və kibrit də götürək, – Corc bunu deyib əllərini cins şalvarının ciblərinə çırpdı. – Mən nə qədər lazımdır, götürəcəyəm. Coannanın mətbəxində heç nə qoymayacağam… Konfet götürməyi də unutmayaq!

      – O nanəli nabatlar olan qutunu götürək, – Culian xatırlatdı. – Hə, bir də, radioqəbuledici lazım olacaq.

      – Düzdür, beləcə bütün sevimli verilişlərimizi dinləyə bilərik, – Enn razılaşdı. – Əlbəttə, xəbərlərə də qulaq asarıq. Biz mağarada olduğumuz müddətdə yer üzündə çox şey baş verə bilər.

      – Üstəlik, orada qəzet almaq imkanımız da olmayacaq, – Dik əlavə etdi.

      – Gedim velosipedləri anbardan çıxarım, – Culian söylədi. – Dik, sən də Coannadan ərzaqları götür. O bizə çoxlu buterbrod hazırlayacağına söz verib, axı Tobinin yanına axşam çatacağıq. Məncə, yeməyi artıq götürməyin bir ziyanı yoxdur.

      – Hav, – Timmi razılaşdı. O, buterbrod sözünün mənasını yaxşı başa düşürdü. Coanna onlara iki iri torbada buterbrod və piroq dilimləri hazırladı, yanına da bir neçə şüşə meyvə şirəsi qoydu.

      – Nə qədər ki fikrimi dəyişməmişəm, bunların hamısını götürün, – Coanna dedi. – Acından ölməzsiniz… Bu peçenyelər və dadlı sümüklər isə Timmi üçündür.

      – Sən tanıdığım qadınların ən yaxşısısan, Coanna, – Dik dedi. – Ən əsası, bütün həftəni canını bizdən qurtarmış olursan. Məgər bu sənin üçün əsl bayram deyilmi?!

      – Di tərpənin! – Culian göstəriş verdi. – Bu da velosipedlər! Gördüyünüz kimi, hələlik heç birində problem yoxdur.

      Bir neçə dəqiqə ərzində hər şey torbalara yığılıb velosipedlərin yük yerinə daşındı. Timmi bütün torbaları qoxulayıb öz yeməyinin yerini tapmayınca sakitləşmədi. Yalnız tapandan sonra o, quyruğunu yırğaladı və sümük paketinin yanındaca yerini rahatladı: belədə özünü daha yaxşı hiss edirdi.

      Səfərə çıxmaq üçün hər şey hazır idi. Beşlik yenidən bir araya gəlmişdi. Kim bilir, bu dəfə onları hansı macəralar gözləyirdi!

      – Görüşənədək, əzizlərim, – uşaqları doqqaza qədər yola salan Fanni xala söylədi. – Culian, qızlardan muğayat ol. Timmi, sən də onları gözdən buraxma!

      Qəfildən Kventin əmi də pəncərədən göründü.

      – Yenə bu nə səs-küydür belə? – o, əsəbi halda soruşdu. – Az qala bir gündür ki… Həə, axır ki, yığışa bildiniz? Artıq bizim də baş-qulağımız dinc olar, biz də dincələrik… Yaxşı yol, uğur olsun. Özünüzü yaxşı aparın!

      – Böyüklər həmişə eyni şeyləri deyirlər, – Enn köksünü ötürdü.

      Beşlik evdən ayrılarkən ətrafı velosiped zənglərinin səsi bürüdü. Onlar, nəhayət ki, həsrətində olduqları sərbəstliyə qovuşdular:

      – Ura! Biz yenə azadıq! Elə sən də, Timmi… Bu necə də gözəldir!

      Billikok təpəsinə doğru

      Beşlik Kirrin körfəzi boyunca uzanan torpaq yolla irəlilədiyi zaman günəş artıq öz şəfəqlərini hər yana səpmişdi. Timmi velosiped karvanının arxasınca qaçırdı, it ləhləyirdi, az qalırdı dili torpağa dəysin. Bununla belə, o, dostlarından geri qalmamağa çalışırdı. Enn deyirdi ki, ömrü boyu bundan uzun dili olan köpək görməyib!

      Bir az aralıda, Kirrin körfəzinin ortasında eyniadlı ada, adanın dənizə yaxın yerində isə Corcun ailəsinə məxsus qəsr görünürdü.

      – Gözəl qəsrdir, elə deyil? – Dik soruşdu. – Mən orada bir neçə gün keçirməkdən imtina eləməzdim. Adaya elə sahildən üzərək getmək pis olmazdı. Sən nə düşünürsən, Culian?

      – Bunu yay tətilinə saxlayaq, – Culian dedi. – Oraları yaxşı tanıyırıq, indi gəlin tanımadığımız yerləri araşdıraq. Tobi mənə Billikokdakı mağaralar barədə çox şey danışıb, amma sizə hələlik heç nə deməyəcəyəm – özünüz görəcəksiniz.

      – Sənin dostun Tobi necə oğlandır? – Corc soruşdu. – Haqqında o qədər eşitmişik ki… Amma mən də, Enn də onun üzünü görməmişik.

      – İtoynadanın yekəsidir, – Dik söylədi. – Hər şeydən çox kəpənək tırtıllarını tutub adamların üstünə tullamağı sevir… Hə, onun belə kələkləri çoxdur. Odur ki ehtiyatlı olun, yaxasındakı gözəl qızılgülə aldanmayın, yəqin ki, Tobi sizə həmin gülü iyləməyi təklif edəcək.

      – Nə üçün axı? – Enn soruşdu.

      – Siz gülə tərəf əyiləndə oradan su düz sizin gözünüzə sıçrayacaq. Bu qızılgül elə kələkbazdır ki…

      – Fuu! – Corc üz-gözünü turşutdu. – Nə mənasız zarafatdır! Məncə, sənin dostun bizim o qədər də xoşumuza gəlməyəcək. Daha ağıllı bir şey uydura bilmir? Mənimlə belə hoqqa çıxarsa, onun başını əzəcəyəm!

      – Bunun heç bir faydası olmayacaq, – Dik onu inandırmağa çalışdı. – Əlbəttə, o sənə eyni cür cavab verməyəcək, lakin əvəzində iyirmi dəfə pis bir şey fikirləşib tapacaq!.. Yaxşı, Corc, qorxma, əslində, o, pis oğlan deyil, sadəcə, bir az şuluqdur… Böyük şey olmayacaq ki – üstünə su püskürdəcək də. Əvəzində biz düz bir həftə məktəbdən uzaqda dincələcəyik!..

      Kirrin körfəzinin qumlu sahili artıq geridə qalmışdı. Onlar indi kəndlərin arasındakı yolla gedirdilər. Yolun kənarlarını yemişan kolları bürümüşdü. İyunun lap əvvəlləri idi, budaqlarda çəhrayı çiçəklər görünməyə başlamışdı. Uşaqlar üzüyuxarı – dağa tərəf qalxırdılar və dənizdən əsən yüngül meh onlara ləzzət verirdi.

      – Nə bilmək olar, zirvəyə çatanda, bəlkə, qar da gördük, – Culian ehtimal etdi. – Şaxta da ola bilər.

      – Ancaq mən indi dondurma yeyərdim, – Enn dedi. – İlahi, bu yoxuşa bax!.. Necə sərt yamacdır! Niyə özümüzə belə əziyyət veririk ki?! Yaxşısı budur, velosipedlərdən düşüb onları özümüzlə yuxarıya doğru sürüyək.

      Bu zaman Timmi çoxdan irəli atılıb təpənin başına qalxmış, orada yerini rahatlamışdı. O, indi hədsiz uzun dilini çölə çıxarıb sərin küləyin ixtiyarına vermişdi. Zirvəyə ikinci çıxan Culian oldu. Oğlan çatan kimi aşağı, digər təpənin yamacına nəzər salmağa başladı.

      – Budur, o lap aşağıdan görünən həmin qəsəbədir! – Culian qışqırdı. – İndi