Герберт Уэллс

Görünməz adam


Скачать книгу

Bu evdə qalan kirayəçilər qapıdan girib-çıxırlar, siz isə başqa cür edirsiniz və mən bilmək istərdim ki, siz bunu necə edirsiniz. Bir də mən bilmək istərdim ki…

      Bu zaman naməlum adam birdən əlcəkli yumruqlarını qaldırıb ayağını yerə vurdu və “Bəsdir!” – deyə elə bərkdən bağırdı ki, missis Holl o saat səsini kəsdi.

      – Siz mənim kim və nəçi olduğumu anlamırsınız, – dedi. – Mən sizə göstərərəm. Allaha and olsun, göstərərəm.

      O bu sözləri deyə-deyə əlini üzünə tutdu və dərhal geri çəkdi. Üzün tən ortasında boşluq göründü.

      – Budur, – dedi və bir addım irəli ataraq missis Holla nə isə uzatdı.

      Qadın gözlərini onun dəyişilən üzündən ayırmadan uzatdığı şeyi qeyri-ixtiyari aldı. Sonra həmin şeyə baxıb bərkdən çığırdı, onu yerə atıb geri çəkildi. Naməlum adamın çəhrayı rəngli burnu boş karton qutusu kimi taqqıldaya-taqqıldaya döşəmənin üstüylə yuvarlandı. Sonra o, gözlüyünü çıxartdı, heyrətdən oradakıların gözləri bərəlmişdi. Şlyapasını başından götürdü, qəzəblə bakenbardını və tənzifləri qoparmağa başladı. Onlar çətinliklə qopurdu. Hamı dəhşətdən donub-qalmışdı. Bura yığışanlar gözləyirdilər ki, tənzifin altında eybəcər, dəhşətli yaralar görəcəklər. Bütün bunların əvəzində isə boşluq gördülər. Sonra onlar bufetdəki səs-küyə mətbəxdən yüyürüb gəlmiş və başsız adamla üz-üzə çıxmış Millinin qulaqbatırıcı qışqırığını eşitdilər. Qışqırıq birdən-birə kəsildi.

      Bu zaman mehmanxananın qarşısına yığışanların sayı durmadan artırdı. Heç bir dəqiqə keçməmiş burada böyük bir izdiham yarandı. Adamlar səs-küy salır, bir-birini itələyir, müxtəlif suallar verir, cürbəcür uydurmalar söyləyirdilər. Heç kim danışılanlara qulaq asmırdı, hamı birdən danışırdı.

      – Qulyabanıdır.

      – Görün nə işlərdən çıxmışdır?

      – Deyəsən, qulluqçunu yaralayıb.

      – Gərək ki, onların üstünə bıçaq çəkib.

      – Yox, məcazi mənada deyil, həqiqi mənada başı yoxdur. Doğru deyirəm, o, başsız adamdır!

      – Boş şeydir. Yəqin ki, bir fənd işlədir.

      – O, tənzifləri açan kimi…

      Adamlar açıq qapıdan baxmağa, bəziləri hətta içəri soxulmağa çalışırdı. Birdən arxa sıralarda qarışıqlıq düşdü. İzdiham aralanıb qətiyyətlə evə tərəf gedən kiçik dəstəyə yol verdi. Bu dəstənin başında qızarıb pörtmüş və döyüşə hazır görünən mister Holl, onun dalınca konstebl2 mister Bobbi Caffers və nəhayət, ən axırda mister Uocers addımlayırdı. Onlar naməlum adamı həbs etmək haqqında əmr almışdılar.

      Qapının ağzında duranlarla qısa söhbətdən sonra mister Caffers:

      – Başının olub-olmamasının mənim üçün fərqi yoxdur, – deyə bildirdi. – Mən onu həbs etmək əmrini almışam və bu əmri yerinə yetirəcəyəm.

      Mister Holl pilləkənlə yuxarı qalxdı, düz qonaq otağının qapısına tərəf gedib qapını açdı.

      – Konstebl, – deyə o, Caffersə müraciət etdi. – Vəzifənizi yerinə yetirin.

      İçəriyə əvvəlcə Caffers, onun dalınca da Holl, lap axırda isə Uocers girdi.

      Onlar alaqaranlıq otaqda qabaqlarında başsız bir heykəl gördülər.

      – Budur o, – Holl dedi.

      Heykəlin yaxası üstündəki boşluqdan:

      – Bu nədir belə? – deyə acıqlı səs eşidildi.

      Caffers:

      – Sizin kimisini mən hələ görməmişdim, cənab, – dedi. – Lakin başınız olsa da, olmasa da, fərqi yoxdur, əmrdə göstərilmişdir ki, həbs edilsin, vəzifə borcu isə hər şeydən üstündür…

      Heykəl bir neçə addım geri çəkilərək:

      – Yaxın gəlməyin! – deyə çığırdı.

      Naməlum adam sol əlindəki əlcəyi çıxarıb Caffersin üzünə çırpdı. Caffers bir əli ilə görünməz əlin biləyindən, o biri əli ilə isə görünməz boğazdan yapışdı. Bu zaman ayağına dəyən güclü zərbənin ağrısından möhkəm çığırdı. Holl Caffersə kömək etmək istədi. Konstebl naməlum adamdan bərk yapışmışdı. Onlar bir-biri ilə süpürüşərək stula toxundular. Stul gurultu ilə bir tərəfə düşdü və hər ikisi yerə yıxıldı. Caffers:

      – Onun ayaqlarından yapışın, – deyə fısıldadı.

      Mister Holl bu əmri yerinə yetirməyə çalışarkən sinəsindən bərk zərbə alıb bir dəqiqəliyə sıradan çıxdı. Mister Uocers isə başsız adamın Caffersi əziş-dirdiyini, ona üstün gəldiyini görüb qorxaraq qapıya tərəf çəkildi və bu zaman onlara köməyə tələsən mister Haksters və daha bir nəfərlə toqquşdu. Bu vaxt rəfdən üç-dörd butulka düşdü, onlar sınıb havanı üfunətli iylə doldurdu.

      Naməlum adam Caffersi altına basdığına baxmayaraq:

      – Təslim oluram! – deyib çığırdı və zorla nəfəsini dərərək: – Onsuz da mənimlə bacarmayacaqsınız, – deyə əlavə etdi.

      Sanki boşluqdan qopub gələn bu səsi eşitmək son dərəcə qəribə idi.

      Caffers var gücünü toplayaraq ayağa qalxdı və kəmərindən sallanan bir cüt əl qandalını çıxardı. Lakin elə həmin an da qarşısındakı məxluqa baxaraq:

      – Əcəb işə düşdük! – deyə səsləndi. – Lənət şeytana! Mən bunları nəyə taxacağam?

      Bu zaman naməlum adamın boşluqdan gələn səsi eşidildi:

      – Sizdən rica edərdim ki, məndən uzaq durasınız. Məsələ burasındadır ki, mənim başım, qollarım, ayaqlarım və bütün başqa üzvlərimin hamısı öz yerindədir. Ancaq mən görünməz adamam. Mən başa düşürəm ki, bu sizi narahat edir. Ancaq nə etmək olar? Hər halda, mənim bu vəziyyətə düşməyim hər yoldan ötənə məni dürtmələmək haqqı vermir!

      Haksters naməlum adamın sözlərinə inanmadı.

      – Nə? Görünməz adam? – dedi. – Belə şey əsla ola bilməz.

      – Bu, bəlkə də, qəribədir, lakin burada heç bir cinayət yoxdur. Konstebl nəyə əsasən mənim üzərimə atılır?

      Caffers:

      – Bu, tamamilə başqa məsələdir, – dedi. – Doğrudur, bura bir az qaranlıqdır, sizi görmək çətindir, ancaq məndə sizi həbs etmək haqqında əmr var və bu, qaydasınca tərtib olunub. Siz görünməz olduğunuz üçün yox, qarət etdiyinizə görə həbs edilməlisiniz. Bu yaxın evlərin birində qarət olmuş və pul oğurlanmışdır.

      Görünməz adam:

      – Uydurmadır, – deyə çığırdı.

      – Ümidvaram ki, belədir, cənab, lakin əmr almışam.

      – Yaxşı, – dedi. – Mən sizinlə gedərəm. Gedərəm, ancaq qandalsız.

      Caffers:

      – Qayda