Александр Дюма

Üç Muşketyor


Скачать книгу

gedə bilərsiniz, cavan oğlan, – dedi.

      Dartanyan yerindən tərpənmədi:

      – Namusuma and içirəm, lap məğlub olsaq da, buradan gedən deyiləm.

      – Nə qərara gəldiniz? – Jüssak soruşdu.

      – Biz sizə hücum çəkmək şərəfinə nail olacağıq, –Aramis qılıncını siyirib cavab verdi.

      Bu sözlərdən sonra doqquz nəfər bir-birinin üstünə atıldı.

      Dartanyan de Jüssakın özüylə üz-üzə gəldi. Jüssak təcrübəli olsa da, gənc qaskoniyalı çevikliyi, cəldliyi sayəsində zərbələrdən yayınıb dalbadal hücumlar edirdi. Gənc oğlanın bu inadla döyüşməsindən qəzəblənən Jüssak qızışıb səhvlərə yol verməyə başladı. Belə səhvlərin birində Dartanyan ilan kimi sivişib qılıncını onun sinəsinə elə soxdu ki, ucu kürəyindən çıxdı. De Jüssak çul kimi yerə sərildi.

      İki qvardiyaçı ilə vuruşan Aramis də düşmənin birini öldürmüşdü. Dartanyan bu vaxt qüvvəsi tükənmiş yaralı Atosun köməyinə tələsdi.

      Biri öldürülən, dördü yaralanan qvardiyaçılar, nəhayət, təslim oldular. Muşketyorlar təslim olan qvardiyaçıların qılınclarını götürüb cənab de Trevilin evinə sarı yönəldilər. Darvazadan içəri girəndə Dartanyan öz yeni dostlarına dedi:

      – Hələ muşketyor olmasam da, hər halda, şəyirdliyə götürülmüşəm, elə deyilmi?

      Kral XIII Lüdovikin4 mükafatı

      Bu hadisə böyük hay-küyə səbəb oldu. Cənab de Trevil tələsik saraya getsə də, kardinal onu qabaqlayıb krala muşketyorlardan şikayətlənmişdi. Ancaq de Trevil kralı inandıra bildi ki, kardinalın qvardiyaçıları birinci hücum çəkiblər, muşketyorlarsa yalnız özlərini müdafiə ediblər.

      – Üç muşketyor olub, bir nəfər də cavan oğlan, – de Trevil dayanmadan danışırdı, – onlar cənab kardinalın beş qorxunc qvardiyaçısından nəinki qoruna biliblər, hətta onlardan dördünü yerə səriblər. Əlahəzrət, bunu da deməliyəm ki, muşketyorlardan biri əvvəlcədən yaralı idi.

      – Bu ki qələbədir! – kral heyranlıqla dedi. – Deməli, biri yaralı, biri də cavanca uşaq, eləmi?

      – Məhz o uşağın de Jüssakı yaralaması kardinalı belə qəzəbləndirib.

      Kral döyüş barədə söhbətləri xoşladığından de Trevili dönə-dönə danışdırıb tapşırdı ki, muşketyorları onun yanına gətirsin.

      Kardinal görməsin deyə, de Trevil ertəsi gün muşketyorları Luvra arxa qapıdan gətirdi.

      Kral üç muşketyorla Dartanyanı diqqətlə süzüb:

      – Bura gəlin, qoçaqlar, – dedi, – mən gərək sizi danlayam. İki-üç günün içində kardinal həzrətlərinin bir xeyli qvardiyaçısını vurub sıradan çıxarmısınız, cənablar! Belə getsə, kardinal bütün bölüyünü təzələyəsi olacaq.

      – Əlahəzrət özü görür ki, onlar nə qədər xəcalət çəkirlər, tutduqları işdən peşmandırlar, – de Trevil dilləndi.

      – Deyirsən peşmandırlar? Mən bu riyakarlara çox da etibar etmirəm. Xüsusən bu qaskoniyalıdan heç gözüm su içmir. Bura buyurun, cənab.

      Dartanyan xəcalət çəkə-çəkə irəli yeridi.

      – Bu ki lap uşaqdır, cənab de Trevil. Jüssaka elə dəhşətli zərbəni bu uşaq vurub?

      – Hələ o, mənə kömək etməsəydi, – Atos söhbətə qarışdı, – bu gün əlahəzrətin hüzurunda dayanmaq şərəfi mənə qismət olmayacaqdı.

      – Elə isə bu cavan oğlan lap şeytandır. Cənab de Trevil, bu gənci yeznəniz Dezessarın qvardiya bölüyünə göndərin. – Kral üzünü yenə onlara sarı çevirdi: – Mən sizdən razıyam, cənablar. Bu da mənim razılığımın sübutu.

      Bunu deyib kral bir ovuc qızıl pulu – qırx pistolu Dartanyanın ovcuna tökdü.

      Saray fitnəsi

      Dünyada hər şeyin bir sonu olduğu kimi, kral XIII Lüdovikin verdiyi qırx pistol da xərclənib qurtardı. Çətin vəziyyətə düşən dostları bir müddət Atos öz hesabına saxladı. Atosdan sonra bu işi Portos gördü. Bir gün də növbə Aramisə çatdı. O da dini kitablardan satıb qazandığı bir neçə pistolu dost yolunda xərclədi.

      Macəra axtaran bütün adamlar kimi Dartanyan da dostlarının əslində kim olduqlarını bilməyə çox can atırdı. Bu cavanların hər biri gerçək soyadını gizlədirdi. Həqiqət yalnız de Trevilə bəlli idi.

      Yaşı otuzu haqlasa da, ağıllı, yaraşıqlı Atosun sevgilisi yox idi. Qadınlardan heç danışmazdı. Qaradinməzliyi, adamayovuşmazlığı onu lap qoca kişiyə bənzədirdi.

      Portos isə xasiyyətcə onun tam əksi idi. Cənab de Trevilin dəhlizində, Luvr sarayının mühafizə otağında öz eşq şücaətləri barədə ucadan danışıb lovğalanmağı xoşlayırdı. Atos qədər əzəmətli görkəmi olmadığından bu yolla təsəlli tapırdı.

      Aramisə gəlincə zahirən elə görünürdü ki, heç bir sirri yoxdur. Başqaları barədə suallara könülsüz cavab verir, özü haqqında suallardan isə yayınırdı. Deyilənə görə, eşq aləmində ürcah olduğu dəhşətli bir xəyanət bütün həyatını zəhərləyibmiş. Bu xəyanətin xırdalıqlarından heç kimin xəbəri yox idi.

      Onu da deyək ki, qırx pistoldan Dartanyanın yeganə qazancı nökəri Planşe oldu. Ancaq ağası pulsuzlayanda nökər şikayətlənməyə, icazə almadan evdən çıxıb getməyə başladı.

      Dostlarının məsləhəti ilə Dartanyan əvvəlcə Planşeni yaxşıca kötəklədi, sonra isə gələcəkdə çox məşhur bir adam olacağını söyləyib dedi ki, müvəqqəti çətinliyə dözüb yanında qalsa, o da xoşbəxt olacaq. Planşe kötəkdən və müdrik sözlərdən nəticə çıxardı. Ancaq hələlik pul kisəsi boş olan Dartanyan həm özünün, həm də nökərinin qarnını doyurmaq üçün yol axtarırdı.

      Bu vaxt qapı açıldı, sadə geyinmiş bir adam içəri girdi. Gələn adam Dartanyana dedi ki, onunla çox mühüm bir məxfi məsələ barədə təklikdə danışmaq istəyir.

      Dartanyan Planşeni iş dalınca göndərib qonağa oturmaq üçün yer göstərdi.

      – Cənab Dartanyan, hamı sizin qoçaq bir adam olduğunuzu söyləyir, – qonaq dedi. – Buna görə də sizə bir sirr açmağa gəlmişəm. Mənim arvadım kraliçanın yanında xidmət eləyir. Ağıllı, gözəl bir qadın kimi tanınır. Üç il əvvəl evlənmişik. Kraliçanın saray xidmətçisi cənab de La Port onun xaç atası, həm də hamisidir…

      – Sizi dinləyirəm, cənab, – Dartanyan bu işdən qazanc iyi gəldiyini dərhal duydu.

      – Məsələ burasındadır ki, bu səhər xidmət etdiyi evin qapısından çıxanda onu qaçırıblar.

      – Kim qaçırıb?

      – Düzünü bilmirəm, cənab. Ancaq bir adamdan şübhələnirəm. Həmin adam onu çoxdan bəri izləyirdi. Sizə açıq deyim ki, bu işin içində sevgidən çox siyasət var. Zənnimcə, arvadımı özünə görə yox, məşhur bir xanımın aşiqanə işlərinə görə qaçırıblar.

      – Aha,