yazıq-yazıq baxıb mızıldandı:
− Hə, indi məni də yeyə bilərsiniz! Heç vecimə deyil, mən yatmaq istəyirəm…
Ayılanda bircə addımlıqda gözlərini ona zilləmiş həmin dişi canavarı gördü.
Canavarların Henrini parçalamasına Lord Alfredi (tabutdakı adamı) axtarmağa gələnlər mane oldu.
Onlar Henrini silkələyir, ayıltmağa çalışırdılar. Henri onlara sərxoş kimi baxdı, sonra yuxulu, ölgün bir səslə kəkələdi:
− Sarışın canavar… İtlərin yeməyinin üstünə çıxmışdı. Əvvəlcə xörəkləri yedi… Sonra itləri… Sonra da… Bill…
− Lord Alfred haradadı? − Deyə gələnlərdən biri Henrinin qulağına qışqırıb çiyinlərindən möhkəmcə silkələdi.
Henri yavaşca başını tərpətdi.
− Canavarlar ona dəyməyib… ağacların üstündədir, orada… Axırıncı dayanacaqda…
− Ölüb?
− Hə, tabuta qoymuşuq, − Henri cavab verdi. − Əl çəkin məndən, halım yoxdur… Gecəniz xeyrə…
Henrinin göz qapaqları qırpıldı, yumuldu. Başı sinəsinə sallandı. Onu adyalın üstünə uzatdılar və şaxtanın ölü sükutunda ucadan xorultu səsi eşidildi.
Canavarlar isə artıq başqa bir ov tapıb onu qovurdular.
İkinci hissə
VƏHŞİNİN DOĞULMASI
CANAVAR DÖYÜŞÜ
İnsan səslərini və qoşqu itlərinin zingiltisini qabaqca dişi canavar eşitdi. Sönmək üzrə olan alov mühasirəsində özünü qoruyan zavallı insandan əl çəkib üzü- yuxarı götürüldü. Yorğun sürü canlı ovdan könülsüz ayrıldı. Vəhşilər qulaqlarını şəkləyib azca ətrafı dinşədilər. Sonra dişi canavarın dalınca götürüldülər.
Sürünün başçısı ağ, yekə bir canavar idi. Dişi canavar isə elə hey qabaqdaca qaçır, heç bir vəhşiyə fikir vermirdi. Cavan canavarla bərabər, sürünün önündə təkgöz qoca bir canavar da vardı. Onun bütün bədəni çapıqlarla doluydu. Bu, onun həyat təcrübəsindən xəbər verirdi. Sağ gözü yox idi. Qoca vəhşi hərdənbir dişi canavara yaxınlaşır, ancaq ondan zərbələr aldıqdan sonra uzaqlaşırdı. Təkgözdən başqa sürünün ön sıralarında üçyaşar bir canavar da qaçırdı. Bu canavar tez-tez önə keçmək istəsə də, onun bu cəhdi həmişə uğursuzluqla nəticələnirdi. Çünki təkgöz və digər başçı onu cəzalandırırdılar.
Canavarların sevgi hissinə yalnız aclıq hissi üstün gələ bilirdi. Canavarlar ov tapanda hər şeyi unudurdular. Onların çoxu aclıqdan zəifləmişdi.
Canavarların qarşısına, nəhayət ki, ov çıxdı. Onların ilk ovu yekə bir maral oldu. Maral güclü olsa da, canavarlar çox idilər və onu mühasirəyə almışdılar. Maralın bütün cəhdlərinə baxmayaraq, vəhşi dəstəsi ona qalib gəldi. Onu təpişdirdikdən sonra canavar dəstəsi yavaş-yavaş dağılışdı. Aclıq tam olaraq bitməmişdi, canavarlar hələ də sürü şəklində ov edirdilər.
Günlərin birində canavar sürüsü iki dəstəyə bölündü. Dişi canavar, cavan başçı və təkgöz canavar dəstənin yarısını şərqə, Makkenzi çayına tərəf apardılar. Bu balaca dəstə də yavaş-yavaş azalırdı. Canavarlar artıq iki-iki gəzməyə başlamışdılar. Onlardan biri dişi, o biri isə erkək olurdu. Dişi canavarın dəstəsinə girmiş tənha bir yalquzaq təkgöz tərəfindən qovuldu: nəhayət, bu balaca dəstədə dörd canavar qaldı: dişi canavar, təkgöz, ağ başçı və üçyaşar canavar.
Dişi canavar ona nəvaziş göstərən hər üç vəhşini özündən uzaq tutmağa çalışırdı. O biri canavarlar isə onun hər şıltaqlığına dözürdülər. Amma bir-birlərini görmək istəmirdilər. Üçyaşar canavar bu məhəbbət mübarizəsində birinci uduzdu. Təkgözlə çarpışmada o, aldığı yaradan öldü. Başçı və Təkgöz onu parçaladılar.
Dişi canavarın məhəbbət hekayəsində cavan başçı da məğlubiyyətə uğradı. Təkgöz həm həyat təcrübəsində, həm də məhəbbət məsələlərində rəqibindən daha üstün idi. Cavan başçının yeni aldığı yara da Təkgözə kömək etdi. O, yarasını yalamaq üçün geri dönəndə boğazının qoca Təkgözün çənəsinə yaxın olduğunu unutdu. Təkgöz isə fürsətdən istifadə edərək son rəqibinin də axırına çıxdı.
Təkgöz dişi canavara yaxınlaşdı. Özünə qarşı qəzəb gözləsə də, bu, belə olmadı. Dişi canavar ona mülayim yanaşdı və onunla oynamağa başladı. İndiyə qədər olan hadisələr, rəqiblər yaddan çıxdı. Təkgöz və dişi vəhşi birlikdə meşəyə yüyürdülər.
Canavarlar birlikdə ov edir, birlikdə gəzirdilər. Bir müddətdən sonra dişi canavar özünü narahat hiss etməyə başladı. Belə vaxtlarda o, xəlvət bir yerdə saatlarla uzanar, qoca təkgöz isə onu gözləyərdi.
Canavarlar birlikdə Makkenzi çayı boyunca hərlənir, ov edirdilər. Bəzən başqa canavarlara rast gəlsələr də, heç bir tərəf yenidən birləşmək istəmirdi. Dəstəyə qoşulmaq istəyən tənha yalquzaqları isə Təkgöz uzaqlaşdırırdı.
Aylı bir gecədə Təkgöz qəflətən qoxu hiss etdi. Qoxu ona xoş gəlmədi. Dişi canavar bir az irəli yüyürdü, qoca vəhşini də dalınca getməyə məcbur etdi. Ağaclığın arxasındakı taladan havaya tüstü qalxırdı. Uşaq səsləri, it mırıltısı, qadınların söyüşməsi − bütün bunlar çox yaxından gəlirdi. Dişi canavarı dərin bir həsrət bürüdü, o, insan düşərgəsinə getmək, orada himayə olunmaq istəyirdi.
Təkgöz canavar isə hövsələdən çıxmışdı. Narahat idi. Dişi canavar ona qoşulub meşəyə qayıtdı. Onlar ehtiyatla hərəkət edirdilər. Birdən Təkgöz qarşıda ağ bir ləkə gördü. Onlar tezliklə bu ağ ləkəyə çatdılar. Bu, dovşan idi. Qoca canavar dovşanı tuta bilmədi, dovşan ondan yüksəyə tullandı və havada rəqs etdi. O, tələyə düşmüşdü. Dişi canavar sakitcə tullanıb dovşanı tutmaq istədi. Bir neçə dəfə cəhd etsə də, dovşanı tuta bilmədi. Təkgöz bu dəfə daha yüksəyə tullanaraq dovşanı tutdu və yerə endi. Dovşanla bərabər əyilən şam ağacı onu qorxutdu və o, dovşanı buraxdı.
Dişi canavar bundan qeyzlənərək Təkgözə hücum etdi. Qəfil hücumdan karıxan canavar nə edəcəyini bilmədi və rəfiqəsinə hücum etdi. Dişi canavar daha da hiddətlənib qoca vəhşinin üstünə şığıdı. Təkgöz öz səhvini anlamışdı, amma gec idi. Dişi canavarın həmlələrindən qorxan Təkgöz yenidən havaya atıldı və bu dəfə dovşanı ağzından buraxmadı. Dişi canavar da zərbə vurmağı buraxıb ona kömək etdi. Vəhşilərə belə ovlar tez-tez rast gəlir, onlar insanların qurduğu tələlərdən ovları oğurlayırdılar.
YUVA
Düşərgənin naməlum cazibəsi dişi canavarı özünə çəkirdi. Təkgöz isə narahat idi. Qorxurdu. Bir səhər atılan güllə onu az qala yaxalayacaqdı. Bundan sonra canavarlar oradan uzaqlaşdılar. Bu müddətdə dişi canavar da xeyli ağırlaşmışdı. Sürətlə ov edə bilmirdi. O, sanki nə isə axtarırdı. Təkgöz isə daha qayğıkeş olmuşdu.
Nəhayət, dişi vəhşi axtardığını yaz aylarında Makkenziyə tökülən balaca bir çay axarının yuxarı tərəfində tapdı. Başdan-başa donmuş