Bəs sən necə, çoxdanmı bu adadasan?
– Məni öldürdükləri həmin gecədən bəri.
– Ola bilməz! Bəs sən nə yeyirdin? Hə, sənin axı tüfəngin var! Bu, çox yaxşıdır. Sən indi bir şey vur, mən də tonqal qalayım.
Mən qayığı gizlətdiyim yerə getdim. O ağacların arasındakı talada tonqal qalayıncayadək mən un, bir az ət, qəhvə, qəhvədən, tava və qənd gətirdim. Bütün bunları görəndə Cim heyrətdən donub qaldı. Gətirdiklərim ona bir sehir kimi görünürdü. Mən bundan başqa, iri bir naqqa balığı da tutdum, Cim onu təmizləyib qızartdı.
Səhər yeməyi hazır olan kimi onu hərisliklə yedik. Doyunca yedikdən sonra isə dincəlmək üçün otun üstünə uzandıq.
Bir qədər sonra Cim sözə başladı:
– Hek, bir mənə de görüm, əgər sən sağsansa, bəs meşədəki daxmada kimi öldürüblər?
Mən ona hər şeyi olduğu kimi danışdım, o isə dedi:
– Böyük məharətdir! Heç Tom Soyer də bundan yaxşısını düşünə bilməzdi.
– Cim, bəs sən necə bura düşmüsən, səni bura gətirən nədir? – mən ondan soruşdum.
O duruxdu, bir anlıq susdu, sonra dedi:
– Bəlkə, heç deməyim…
– Nə üçün, Cim?
– Hər halda, bir səbəbi var… Ancaq sən mənim haqqımda heç kimə bir şey demə. Deməzsən ki, Hek?
– Desəm, məndən pis adam yoxdur!
– Yaxşı, mən sənə inanıram, Hek. Mən… mən qaçmışam.
– Cim!
– Bura bax, sən söz vermisən ki, heç kimə deməyəcəksən ha, Hek. Heç kimə deməyəcəyini indicə vəd etmədinmi?
– Yaxşı, yaxşı. Söz verdim ki, deməyəcəyəm, demərəm də. Hindu kimi and içirəm ki, heç kimə demərəm. Qoy bunun üstündə mənə hamı əclaf desin, mənə nifrət etsin. Mən heç kimə demərəm, bir də ki, ümumiyyətlə, mən bir daha oraya qayıtmayacağam. Ona görə də danış görək.
– Hə, yaxşı, qulaq as, məsələ belə olmuşdur. Qoca sahibə miss Uotson hey mənə irad tutur, gün verib işıq vermirdi, amma, bununla belə, söz vermişdi ki, məni heç vaxt Orleana satmayacaq. Ancaq mən gördüm ki, son vaxtlar bir qul alverçisi elə hey bizim evin yanında hərlənir, buna görə də narahat olmağa başladım. Axşamdan xeyli keçmiş özümü xəlvətcə qapının ardına verdim, qapı isə bir az aralı idi, dayanıb qulaq asmağa başladım. İçəridə qoca sahibə miss Duqlasa deyirdi ki, məni çayın aşağı tərəflərindəki Orleana satmağa hazırlaşır. Guya ki, satmaq fikrində deyilmiş, amma məndən ötrü səkkiz yüz dollar təklif edirlər, bu qədər puldan isə kim imtina edər?! Miss Duqlas onu dilə tutmağa başladı ki, məni satmasın, ancaq mən daha dayanıb onların nə qərara gələcəklərini gözləmədim, baş götürüb qaçdım.
ÜZƏN EV
Adada gəzib dolandığım zaman maraqlı bir yer görmüşdüm. Bu yer adanın tən ortasında idi. Mən oraya yenidən gedib baxmaq istədim. Cimlə birlikdə yola düşdük və tezliklə gedib oraya çatdıq, çünki adanın uzunu cəmi üç mil, eni isə uzunluğunun dörddə biri qədər idi.
Gəlib çatdığımız yer çox hündür və dik bir təpə, yaxud qırx fut ucalığında kiçik bir dağ idi. Biz güc-bəla ilə bu dağın başına dırmandıq. Hər tərəfi gəzib dolandıq və nəhayət, lap yuxarı bir yerdə yaxşı, geniş mağara tapdıq. Mağara çox böyük idi, içərisi iki-üç otaq bərabər olardı. Mağara Cimin də xoşuna gəldi və biz qərar verdik ki, vaxt itirmədən bütün əşyalarımızı həmin mağaraya daşıyaq.
Cim elə fikirləşirdi ki, biz qayığı xəlvət yerdə gizlətməli və əşyalarımızın hamısını mağaraya daşımalıyıq. Çünki adaya yad bir adam gəlsəydi, orada asanlıqla gizlənə bilərdik.
Biz geri qayıtdıq, qayığı götürüb mağaranın yerləşdiyi tərəfə üzdük və hər şeyimizi oraya daşıdıq. Sonra mağaranın yaxınlığındakı sıx söyüd ağacları arasında qayığı gizlətmək üçün münasib bir yer tapdıq.
Mağaranın girəcəyi kifayət qədər enli idi. Girəcəyin bir tərəfində döşəmə bir qədər yuxarı qalxmışdı və ora ocaq üçün münasib idi. Biz orada ocaq qalayıb xörək bişirdik.
Yorğanlarımızı döşəməyə salıb üstündə əyləşərək nahar etdik. Qalan əşyaları mağaranın içərisində elə yerləşdirdik ki, həmişə əl altında olsun. Az sonra hava tutuldu, ildırım çaxdı və göy guruldadı. O saat yağış yağmağa başladı, bərk külək qopdu. Mən heç vaxt belə güclü külək görməmişdim. Bu, əsl yay tufanı idi. Birdən göy dəhşətli bir qüvvə ilə guruldadı, sonra gurultu göyün üzü ilə get-gedə aşağılara endi, elə bil boş çəlləklər pilləkənlə üzüaşağı diyirlənirdi.
– Cim, hava qiyamətdir ha! –mən dilləndim. –Mən buradan heç yana getməzdim. Mənə bir az da balıq və isti qarğıdalı kökəsi ver.
– Görürsənmi, Cimsiz sənin günün yaman pis keçərdi. Meşədə ac-yalavac qalar, iliklərinə qədər islanardın.
Uzun müddət yağan yağış nəticəsində adanı əhatə edən sular on gün müddətində durmadan qalxdı, qalxdı və sahili aşıb-daşdı. Adanın alçaq yerlərini və İllinoys sahillərini üç-dörd fut hündürlükdə su basdı. Adanın bu tərəfində çay bir neçə mil genişlənsə də, adanın Missuri tərəfi elə əvvəlki kimi də qalmışdı, çünki Missuri sahilləri başdan-başa qayalardan ibarət bir hasar kimidir.
Gündüz qayığa minib adanın ətrafını büsbütün dolandıq. Gecə isə adanın yuxarı qurtaracağına üzüb lap sübh vaxtı oraya çatdıq. Birdən gördük ki, qərb tərəfdən bizə tərəf bir ev üzüb gəlir. Biz qayıqla üzüb ona çatdıq və üstünə çıxdıq. Hava hələ qaranlıq olduğuna görə heç nə görünmürdü. Biz qayığımızı həmin üzən evə bağladıq və oturub səhərin açılmasını gözlədik.
Hava işıqlaşmağa başlayanda biz ayağa qalxıb evin pəncərəsindən içəri boylandıq. Gördük ki, içəridə çarpayı, masa, iki köhnə stul var, döşəməyə müxtəlif əşyalar tökülüb, divardan da pal-paltar asılıb. Evin bir küncündə isə adama oxşar bir şey uzanıb qalmışdı.
Cim qışqırdı:
– Ey, kimsən?
Həmin adam heç tərpənmədi də. Belə olduqda mən də onu səslədim. Cim dedi:
– Məncə, o ölüb. Sən burada qal, mən gedim baxım.
Cim pəncərədən içəri girdi, yerdəki adama yanaşıb əyildi, ona yaxşı-yaxşı baxdıqdan sonra dedi:
– Onu arxadan güllə ilə vurublar. İki, ya üç gün olar ki, öldürülüb. Hek, bura gəl, amma ölünün üzünə baxma, çünki çox heybətlidir.
Mən ona heç baxmadım. Cim onun üstünü evdən tapdığı cır-cındır ilə cəld örtdü. Divardan iki köhnə çit qadın paltarı və bəzi kişi geyimləri asılmışdı. Bizim əlimizə bunlar keçdi: köhnə tənəkə fənər, təzə cib bıçağı, xeyli şam, cırıq pambıq yorğan, kiçik bir balta, bir qədər mismar və iri qarmaqları olan bir tilov. Biz bu əşyaları