Вальтер Скотт

Kventin Dorvard


Скачать книгу

Ədanız xoşuma gəlmir! Zarafata dözərəm, məzəmmətə də. Ancaq mənimlə bir uşaq kimi rəftar edilməsinə yox. Məni özümdən çıxarsanız, ikinizin də dərsini verərəm.

      Yaşlı adam gülməkdən az qaldı boğulsun. Yoldaşı isə əlini qılınca atdı. Şotlandiyalı cəld güclü zərbə ilə onun əlinə vurub silahını yerə saldı. Yaşlı adam daha da şənləndi.

      – Ey, qoçaq, əl saxla! Sən də, dostum! – sonra gəncə müraciət etdi, – mənimlə zarafatın axırı yaxşı olmaz. Adın nədir?

      – Fransada və Flandriyada böyrümdən asıb gəzdirdiyim bu kisəciyə görə mənə “məxmər kisəli paj” ləqəbi veriblər. Ancaq əsl adım Kventin Dorvarddır.

      – Dorvard? Bu, zadəgan adıdır, – yaşlı adam dedi.

      – Məni hərbçi olmağa vadar edən də elə budur.

      – Əsl şotlandiyalı! Əcdadı bol, qüruru bol, cibində pulu az! Bura bax, dostum, – tacir qaraqabaq yoldaşına dedi, – bizdən qabaq get, tut ağaclığında bizə qəlyanaltı hazırlatdır.

      Qaraqabaq adam ona məşum təbəssümlə cavab verib getdi. Bir qədər sonra yaşlı tacirlə Dorvard da qaraqabaq adamın dalınca sıx bir meşəyə girdilər.

      III fəsil

      Qəsr

      Onlar söhbət edə-edə gəlib qəsrə yaxınlaşdılar. Qəsr kral sarayından çox, dustaqxanaya oxşayırdı. Bu keçilməz istehkama bircə yol vardı. Qəsrin olduğu həyətə girmək üçün göz bəbəyi kimi qorunan üç darvazadan keçmək lazım idi.

      Qəsr Dorvardı elə cəlb etmişdi ki, islanmış paltarı yadından çıxmışdı.

      – Heç ömründə belə qala görmüsənmi? – yaşlı adam soruşdu.

      – Qalaya yaxın düşmək çətin işdir, ancaq igid adamlar üçün çətin heç nə yoxdur.

      – Özü də sənin vətənində belə igidlər çoxdur, eləmi?

      – Mənim vətənimdə haqq yolunda şücaət göstərməyə hazır olan minlərlə adam tapılar. Atam da öz cəsarəti ilə ad qazanmışdı, mən də onun oğluyam.

      – Lüdovikin bu bürcləri qoruyan kral qvardiyası başdan-başa sənin həmvətənlərindən ibarətdir. Orada Şotlandiyadan üç yüz nəfər zadəgan var.

      – Mən kral Lüdovikin yerinə olsaydım, bütün mühafizəni şotlandlara tapşırardım.

      Yaşlı adam qəsrə çox yaxınlaşdıqlarını deyib gəldikləri cığırla yox, daha geniş yolla meşəyə sarı yönəldi.

      – Bu yol Plessi kəndinə gedir, orada rahat və ucuz məskən tapa bilərsən. Yaxınlıqda Tur şəhəri var. Ancaq məncə, sənin üçün “Parkyanı Plessi”də qalmaq yaxşı olar.

      – Məsləhətinizə görə sağ olun, ancaq mənim burada qalmaq fikrim yoxdur. Bir parça mal əti ilə içməyə bir stəkan nəsə tapsam, bəsimdir.

      – Mənə elə gəldi ki, sənin burada dostların, tanışların var.

      – Burada bir dayım var, o öz doğma qraflığında qoçaqlıqda və gözəllikdə ad qazanmışdı.

      – Onun adı nədir?

      – Lesli… çox şərəfli və nəcib addır.

      – Şübhə etmirəm, ancaq kral qvardiyasında bu soyadda üç adam var.

      – Dayımın adı Lüdovik Leslidir.

      – Üç Leslidən ikisinın adı Lüdovikdir.

      – Onun ləqəbi “Çapıq Lüdovik”dir.

      – Deyəsən, onu tanıyıram. Sən Nişanəli Lüdovikdən danışırsan. Üzündəki çapığa görə burada ona belə ad qoyublar. O, sədaqətli kişi, yaxşı əsgərdir. Çox istərdim sizi görüşdürüm. Ancaq bu, çətindr, çünki kral qvardiyaçıları kralı müşayiət etmək lazım olmayanda qəsrdən çölə çıxmırlar. Məncə, sən dayının yardımı ilə kral qvardiyasına girmək istəyirsən. Əgər belədirsə, çox cəsarətli plandır. Bunun üçün böyük təcrübə sahibi olmaq lazımdır.

      – Əvvəllər belə fikrim ola bilərdi, ancaq indi yox. Çünki mən öz azadlığımı “qaranquş yuvası” olan daş zindanlara və dəmir qəfəslərə dəyişmərəm. Belə qozalar gətirən palıd ağaclarının bitdiyi qəsrdə yaşamaq mənlik deyil.

      Bunu deyib Kventin qəsrdən bir az aralıda adam asılmış palıd ağacını göstərdi.

      – Hər belə adam asıldıqda Fransada bir quldur azalır. Bunlar dələduzları qorxutmaq üçündür.

      – Kralın yerinə olsaydım, onları qəsrimin yaxınlığında asdırmazdım, meyit qoxusu buracan gəlir.

      – Sən hələ bir az da yaşa, biləcəksən ki, dünyada ölmüş düşmənin, xain və dönük adamın meyitinin qoxusundan daha xoş qoxu yoxdur.

      – Hər şeydən əvvəl mehmanxanaya gedək. Yeri gəlmişkən, icazə verin, adınızı öyrənim…

      – Adım Pyer dayıdır. Sadə bir adamam, az gəlirlə kifayətlənirəm…

      Cığır onları geniş bir yola gətirib çıxardı. Pyer dayı yoldan kənara dönüb kənddən bir qədər aralıda bütün abırlı adamların düşdükləri mehmanxanaya tərəf yönəldi. Onlar dar bir xiyabandan keçib mehmanxananın qapısına çatdılar. Bu dəm-dəsgahlı mehmanxana qəsrdə işi olan nəcabətli ziyarətçilər üçün idi.

      Pyer dayı Dorvardı böyük bir otağa apardı. Buxarıda od yanırdı, üstündə qəlyanaltı süfrəsi hazır olan stol vardı.

      – Dostum hər şeyi fikirləşib, – Pyer dayı dedi, – yəqin, üşümüsən, qurulan, isin. Bu saat qəlyanaltı da gətirərlər.

      O, fit verdi. Mehmanxana sahibi qapıda görünüb ikiqat əyildi.

      – Adam göndərib tapşırmışdım ki, qəlyanaltı hazırlasınlar, yerinə yetirilib?

      Mehmanxana sahibi yenə baş əyib gözəl qəlyanaltılarla dolu qabları stolun üstünə düzməyə başladı.

      IV fəsil

      Qəlyanaltı

      Kventin yedikcə Pyer dayı onun iştahasına heyran qalırdı. Odur ki mürəbbə, peçenye və başqa ləzzətli şeylər gətirməyi əmr etdi.

      Sonra isə Dorvarda sarı çevrilib soruşdu:

      – Yaxşı, cavan oğlan, niyə kral qvardiyasında xidmət etmək istəmirsən? Dayın səni ilk boşalan yerə düzəldə bilər, mən də kömək edərəm.

      – Mən xasiyyətdə adamlar şərəf, şöhrət, hərbi şücaət arzusu ilə yaşayırlar. Sizin kral Lüdovik isə öz qəsrinə sığınıb. Yalnız bir qaladan o birinə gedəndə at minir. Şəhərləri və mahalları danışıqlar, ittifaqlar yolu ilə alır.

      – Lüdovik qorxaq deyil, o, rəiyyətinin qanını nahaq yerə tökmək istəmir.

      – Mən şöhrəti də qalxanı kimi parlaq, özü də döyüş meydanında öndə olan hökmdara qulluq edərdim.

      – Amma dünyada dəlisov adamlar çoxdur, məsələn, sənin Giyom de la Mark barədə fikrin nədir?

      – Plaşını