kağızlara baxırdılar.
Evə gələndə anam məni yanında oturdub gəzinti vaxtı olub-keçənləri danışmağımı istədi. Hər şey yadımda idi. Anam məni diqqətlə dinlədi və yerindən qalxıb həyəcanla dedi:
– Nə qanacaqsız adamlardır! Elə deyilmi, Peqotti?
Aradan iki ay keçdi. Bir dəfə axşam Peqotti mənə çox cəlbedici təklif etdi. Soruşdu ki, bir-iki həftəliyə birlikdə Yarmuta – onun qardaşıgilə getmək istəmirəm ki? Orada dəniz, qayıqlar, gəmilər, balıqçılar var. Bir də Hem – onunla dəniz kənarında oynarsan, – dedi… Mən onunla getmək istədiyimi dedim.
Mən yaxşı xatırlayıram ki, araba bağın qapısında dayananda anam məni öpdü və ağladı. Məni də ağlamaq tutmuşdu. Araba yerindən tərpənəndə anam qaçaraq arabaçıya dayanmağı əmr etdi ki, məni bir də öpsün.
Onu yolun ortasında qoyub yola düzələndə gördüm ki, mister Merdston haradansa peyda oldu və ağladığına görə anamı danlamağa başladı. Anlaya bilmədim ki, onun nə işinə qalıb?..
III fəsil
Həyatımda dəyişiklik
Arabamıza qoşulmuş bu at, deyəsən, dünyada ən tənbəl at idi. Ayağını güclə atırdı. Sanki bizi darıxdırmaqdan ləzzət alırdı.
Peqotti ilə yolboyu zənbildən nələrsə götürüb yeyirdik, yaxşıca yatıb yuxumuzu almağa da imkan tapdıq. Peqotti yuxuda da zənbili əli ilə qoruyurdu.
Yarmut görünəndə bərk sevindik. Küçələrdən keçəndə hər yerdən balıq qoxusu gəlir, dənizçilər görünür, arabalar daş döşənmiş küçələrdən gurultu ilə ötüb-keçirdi. Birdən Peqotti kimisə görüb səsləndi:
– Bu da Hem! Elə böyüyüb ki, əvvəl tanımadım.
Enlikürək, güclü bir gənc idi. Gözünün üstünə tökülən sarışın saçları ona utancaq görkəm verirdi. Biz arabadan düşdükdən sonra məni kürəyinə aldı, qoltuğun- da isə bizim sandıqçanın birini tutmuşdu. Biz tərsanənin, emalatxanaların yanından keçib açıqlığa çıxdıq.
– Bu da bizim evimiz, mister Devi! – Hem xəbər verdi.
Mən ətrafa boylansam da, heç bir ev-filan görə bilmədim. Təkcə bir az irəlidə sahilə çıxarılmış bir köhnə gəmi gözə dəyirdi. Onun dəmir borusundan tüstü çıxırdı.
Bu köhnə gəmi onların evi imiş. İçərisi təmiz və səliqəli idi. Ağ önlüklü bir qadın bizi nəzakətlə salamladı. Evdə balaca qəşəng bir qız da vardı. Onu “körpə Emmi” deyə çağırırdılar. Biz iştahla nahar edirdik. Bu vaxt qalınsaç və xoşsifət bir kişi içəri girdi. Bu, evin sahibi – mənim dayəmin qardaşı mister Peqotti idi. O bizimlə mehribancasına görüşdü və mənim kefimi xəbər aldı.
Bütün həyatı boyu mister Peqottinin güzəranı dənizlə bağlı olmuşdu. Hem onun qardaşı oğlu idi. Hemin atası Co dənizdə batmışdı. Körpə Emmi də mister Peqottinin qızı deyildi. Emmi onun bacısı qızı idi, onun atası Tom da dənizdə batmışdı. Missis Qammic – ağ önlüklü qadın isə onun şərikinin arvadı idi. O, mister Qammiclə birlikdə bu gəmi ilə balıq ovuna gedirmiş. O adam yoxsulluq içində ölüb. Mister Peqotti onun dul qalmış arvadını himayəsinə alıb. Mister Peqotti evlənməmiş, başsız qalan bu insanlara dayaq olmuşdu.
Külək qalxanda qapı-pəncərəni bərk-bərk bağlayırdılar ki, evə soyuq dolmasın. Səhər açılan kimi Emmi ilə sahilə rəngbərəng daşlar yığmağa qaçırdıq. Emmi bir dəfə dənizə baxa-baxa dedi:
– Mən dənizdən qorxuram!
– Qorxursan? – mən cəsurcasına dilləndim və çalxalanan dənizə baxaraq: – Mən isə qorxmuram! – dedim.
– Ola bilməz! O elə amansızdır ki! Bizə qarşı qəddar olub. Onun dalğalarının bizim evdən böyük olan bir gəmini necə parçaladığını görmüşəm…
Emmi anasını erkən itirmişdi. Atasının da qəbri yox idi, yalnız onu bilirdi ki, haradasa dənizin dibində uyuyur.
Körpə Emmi öz Den əmisini – mister Deniel Peqottini çox sevirdi:
– Mən ledi olsam, ona almaz düyməli açıq-mavi rəngli sürtuk, qalın parçadan sarı şalvar, qırmızı məxmər jilet, iri qızıl saat, gümüş qəlyan alar, bir yeşik pul verərəm.
Dedim ki, mister Peqotti, heç şübhəsiz, bunlara layiqdir. Soruşdum:
– Sən ledi olmaq istəyirsən?
– Çox istərdim. Onda bizim hamımız ledilər və centlmenlər olardıq. Biz onda fırtına qopanda qorxmazdıq. Yoxsul balıqçılara pul verərdik. Külək qalxanda mən yerimdə titrəyir, Den əmi və Hemi düşünürəm. Mənə elə gəlir ki, onlar dənizdən bizi köməyə çağırırlar.
Orada olduğumuz günlərdə Hem boş vaxtlarında məni və Emmini gəzməyə aparırdı. Yelkənli və avarlı qayıqları, sahildə dayanmış gəmiləri bizə göstərirdi.
İki həftə beləcə, hiss olunmadan gəlib-keçdi. Bircə dəfə də evimiz üçün darıxmadım. Lakin getdiyimiz yolu araba ilə geri qayıdanda ürəyim evimizi daha çox istəyir, tezcə çatmağı arzu edirdim.
Evə gələndə qapını tanımadığım qulluqçu qadın açdı. Peqotti gəlib əlimdən tutub məni çəkə-çəkə mətbəxə apardı, qapını arxamızca örtdü.
– Peqotti, nə olub?
– Heç nə baş verməyib, – o özünü şən göstərək dedi. – Bilmirəm, bu sənin xoşuna gələcəkmi? İndi sənin atan var.
Mən diksindim və rəngim ağardı. Gözümün önünə kabus gəldi. Məgər qəbiristanlıqda yatan atam dirildi?
– Yeni atan, – Peqotti dedi.
– Yeni?
– Get onunla salamlaş.
– Onu görmək istəmirəm!
– Ananla da salamlaş…
Peqotti təkid edirdi. Sonra mən inadı buraxıb onunla qonaq otağına getdim. Buxarının bir tərəfində anam, digərində mister Merdston oturmuşdu. Anam məni görəndə toxuduğu tikişi əlindən saldı və tərəddüd içində ayağa qalxdı. Anam həyəcanlı idi və susub qalmışdı.
– Klara, əzizim, yadda saxla! Hər zaman özünü möhkəm tut, – deyə mister Merdston səsləndi. – Salam, Devi, necəsən?
Mən əlimi ona uzatdım. Bir anlıq tərəddüddən sonra anama yaxınlaşdım və onu öpdüm. O da məni öpdü. Nəvazişlə çiynimi sığalladı. Sonra əyləşib əl tikişinə davam etdi. Mən nə ona, nə də mister Merdstona baxa bilirdim. Hiss edirdim ki, getməliyəm.
Yuxarı çıxanda gördüm ki, əvvəlki otağım yoxdur. Mənə dəhlizin o başında otaq ayrılmışdı. Mən aşağı endim. Evdə yeri dəyişməyən heç nə qalmamışdı. Arxa həyətə keçdim. Əvvəl boş olan it damında qara rəngli yekə bir it vardı. Məni görən kimi bərkdən hürdü və üstümə sarı cumdu.
IV fəsil
Mən gözdən düşürəm
Birnəfəsə pilləkənlə yuxarı dırmaşanda it hələ də həyətdən arxamca hürürdü. Yeni otağımda qollarımı çarpazlayıb çarpayımda oturdum. Adyalı başıma çəkib ağladım və yuxuya getdim.
Məni anamın və