buynuzu və dırnaqları olan, boynu qırmızı xaltalı, qəşəng və ağ bir çəpiş gördü.
Rəqqasə:
– Cali! – dedi. – İndi növbə sənindir!
Qız əyləşdi və nazlı bir hərəkətlə qavalı çəpişə uzatdı.
– Cali, – dedi, – indi hansı aydır?
Çəpiş qabaq ayaqlarının birini qaldırıb bir dəfə qavala vurdu. Həqiqətən, ilin birinci ayı idi. Camaat keçini alqışladı.
Gənc qız qavalı başqa tərəfə çevirərək sözünə davam etdi:
– Cali, bu gün ayın neçəsidir?
Cali kiçik qızılı dırnağını qaldırdı və altı dəfə qavalı taqqıldatdı.
Qaraçı yenə qavalı çevirib soruşdu:
– Cali, saat neçədir?
Çəpiş yeddi dəfə qavalı taqqıldatdı. Bu zaman qüllədəki saat yeddini vurdu.
Hamı ağzını ayırıb mat-mat baxırdı. Camaatın arasından bir səs:
– Burada, hər halda, cadu var, – dedi.
Bu səs gözlərini qaraçı qızdan ayırmayan dazbaşlı adamın səsi idi. Qız səksəndi və üzünü ona çevirdi; lakin bu zaman o qədər şiddətlə əl çaldılar ki, qorxunc söz yaddan çıxdı. Qız heç bir şey olmamış kimi yenə çəpişinə sual verməyə başladı:
– Cali, mərasim zamanında şəhər qarovulunun kapitanı Gişar Qran-Remi nə cür yeriyir?
Çəpiş dal ayaqlarının üzərinə qalxdı və mələməyə başladı. O qədər əyləncəli bir vüqarla yeriyirdi ki, riyakar kapitanın təqlidini görən camaat ucadan gülüşməyə başladı.
Gənc qız getdikcə artan müvəffəqiyyətindən cəsarətlənərək davam etdi:
– Cali, kral prokuroru Jak Şarmolü ruhani məhkəməsində nə cür danışır?
Keçi dal ayaqlarının üzərinə əyləşdi və mələməyə başladı. Qabaq ayaqlarını oynadaraq elə məzəli mələyirdi ki, camaat sanki canlı Jak Şarmolünün duruşunu, hərəkətlərini görür, səsini eşidirdi.
Alqışlar daha da şiddətləndi. Dazbaş adamın yenə səsi eşidildi:
– Bu küfrdür! Həqarətdir!
Qız üzünü yenə onun tərəfə çevirərək:
– Ah, yenə bu yaramaz başladı! – dedi.
Sonra alt dodağını bir qədər uzadaraq sifətini məzəli şəkildə əydi, dabanı üzərində fırlanıb, qaval əlində camaatın arasıyla dolaşmağa başladı. Qavalın içinə iri və xırda, gümüş və mis pullar atırdılar. Bu zaman qız Qrenquara yaxınlaşdı. Qrenquar cəld əlini cibinə uzatdı, qız Qrenquarın bu hərəkətini görüb onun qarşısında dayandı.
Bizim zavallı şair cibindən mütləq boşluğu tapdıqdan sonra öz-özünə mızıldandı:
– Lənətə gələsən!
Gənc qız isə iri qara gözlərini ona dikərək sədəqə gözləyirdi. Qrenquarın alnında iri tər damcıları göründü. Əgər bütün Perunun xəzinələri onun cibində olsaydı, tərəddüd etmədən hamısını bu rəqqasəyə verərdi; lakin təəssüf, bu xəzinələr onda deyildi.
Xoşbəxtlikdən gözlənilməyən bir hadisə onu bu çətinlikdən xilas etdi.
Meydanın ən qaranlıq küncündən hirsli bir səs bağırdı:
– Ey, Misir çəyirtkəsi! Nə zaman rədd olub gedəcəksən?
Gənc qız dəhşətlə dönüb baxdı. Bu artıq dazbaş adamın deyil, hirsli bir qoca qarının səsiydi. Qaraçı qızı səksəndirən bu səs oradakı uşaqları yaman əyləndirdi. Uşaqlar ucadan gülüşərək bağırdılar:
– Bu, Roland qülləsi dustağının səsidir! Öz-özünə söylənir!
Bütün dəstə “Sütunlar evi”nə doğru axışdı.
Qrenquar isə rəqqasənin başının qarışmasından istifadə edərək gözdən itdi. Uşaqların bağırtısı ona bütün günü heç bir şey yemədiyini xatırlatdı. Şam etmədən yatmaq çətin idi. Qrenquarın nə yeməyə çörəyi, nə də sığınacaq yeri vardı. Ağır ehtiyac onu hər tərəfdən sıxırdı.
Qrenquarı məşğul edən və getdikcə dərinləşən bu kədərli düşüncələr birdən qulaqlarına gələn ahəngdar nəğmə səsiylə qırıldı. Qaraçı qız oxuyurdu.
Onun səsi gözəlliyini və rəqsini tamamlayırdı: qəribə, eyni zamanda çox gözəl və zərif səs idi; bu səsdə pak, səmavi, ahəngdar, bir sözlə, qanadlanan bir ruh yaşayırdı. Qrenquar bu nəğməni dərin heyrətlə dinləyir, yer üzündəki hər şeyi unutmuş kimi görünürdü. Son bir neçə saat ərzində onun əzab çəkmədən keçirdiyi bircə dəqiqə vardısa, o da bu idi.
Lakin bu zaman kütlənin diqqəti başqa tərəfə yönəldi. Təlxəklər papasının mərasimi bir çox küçə və dalanları dolaşdıqdan sonra indi də gurultular və məşəllərlə Qrev meydanına daxil olurdu.
Bu mərasim yolda xeyli böyümüşdü. Parisdə mövcud olan bütün cibgirlər, oğrular və səfillərin hamısı bu mərasimə qarışmış və Qrev meydanına gəlib çatdığı zaman xeyli həşəmətli bir izdiham əmələ gəlmişdi.
İzdihamın ortasında təlxəklər ittifaqının ağsaqqalları çiyinlərində xərək aparırdılar; xərəyin kənarına şamlar düzülmüş, üstündə isə əynində təlxək paltarı, başında papaq, əlində əsa olan Paris Notr-Dam kilsəsinin yeni təlxəklər papası – qozbel Kvazimodo əyləşmişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.