Əksinə, o, Şitaya doğru bir addım atdı. Bəbir geri çəkildi. Tarzan dayanmadı. Bu dəfə Şita yerindən tərpənmədi. Tarzan onun lap yanından keçdi, hətta əli vəhşinin yaş ağzına toxundu. Bəbir başını döndərib uzaqlaşan Tarzanın dalınca baxdı, bir müddət tərəddüd içində qaldı, sonra sədaqətli köpək kimi insanın arxasınca düşdü.
Tarzan Şitanın onun dalınca gəldiyini hiss edirdi, amma niyyətini bilmirdi. Buna görə də ehtiyatı əldən vermirdi.
Axşam düşdü. Tarzan acmışdı. O, çaya gedən cığırın üstündə bir ağacın başına çıxıb budaqların arasında gizləndi. Kəməndini əlində hazır tutdu. Şita heç yanda görsənmirdi. Yəqin, ya kolluqda gizlənmiş, ya da çıxıb getmişdi.
Yarım saatdan sonra Tarzanın kəməndinə cavan bir ceyran keçdi. Meymun-adam daş bıçaqla ceyranın dərisini təmiz soydu, amma buxar qalxan isti əti dişinə çəkməyə tələsmədi. O, gündüz bəbirə rast gələndə etdiyi kimi, miyovultuya bənzəyən səslər çıxarmağa başladı.
Tarzan dəfələrlə görmüşdü ki, bəbirlər cütlükdə ov edəndə belə səslər çıxarır.
Yaxınlıqdakı kol silkələndi, oradan Şitanın parıldayan xəzli başı görsəndi. Təzə qan iyi bayaqdan bəbirin burnunu qıcıqlandırırdı, ağzının suyu axırdı. Şita Tarzanın çağırışına cavab verdi və ona tərəf qaçdı. Vəhşi pişiklə insan yanaşı durub qarınları doyunca ceyran əti yedilər.
Bundan sonra Şita daha Tarzandan çəkinmir, açıq-aşkar dalınca gəzirdi. Meymun-adam da bəbirdən ehtiyat etmirdi. Bir neçə gün cütlükdə meşəni dolaşdılar. Tutduqları ovu birgə yeyirdilər.
Bir dəfə əllərinə vəhşi öküz keçmişdi. Heç nədən çəkinmədən qol-budaqlı ağacın kölgəsində məclis qurmuşdular. İndiyədək qan iyinə hansı heyvan gəlsəydi, ikilikdə asanlıqla cavabını verib qovardılar. Amma bu axşam nərə çəkib kolluğu yaran ac şiri görəndə Şita yoxa çıxdı. Tarzan yanına qoyduğu kəməndi götürüb ağaca dırmaşmağa güclə imkan tapdı.
Numa öküzün ətini caynağı və dişləri ilə didir, parça-parça udurdu. O özü üçün heç bir təhlükə hiss etmirdi. Zəiflərin payını əlindən alıb yemək cəngəllik şahının təbii hüququ idi. Tarzansa ağacın başından Numanı izləyir, kəməndini onun boynuna keçirmək üçün məqam gözləyirdi.
Nəhayət, belə məqam ələ düşdü. Şir iri tikəni udmaq üçün başını yuxarı tutanda Tarzan kəməndi atdı. Yoğun kəndir Numanın boynuna keçib onu havaya qaldırdı. Tikəsi boğazında qalmış şirin səsi də çıxmadı. Tarzan kəndirin ucunu ağaca doladı və Şitanı çağıra-çağıra yerə tullandı. Bir tərəfdən bəbirin sivri dişləri, digər tərəfdən meymun-adamın iti bıçağı Numanın bədənini deşik-deşik etdi. Şir göydə çapaladı, çapaladı, sonda quru ağac budağı kimi donub-qaldı.
Meymun-adamın zəfər qiyyəsi bəbirin qələbə hayqırtısına qarışdı və cəngəllikdə əks-səda verdi.
Bu hay-küyü təkcə meşə heyvanları deyil, qayıqlarda adaya yaxınlaşan iyirmiyədək zənci də eşidirdi.
V fəsil
Muqambi
Tarzan adanı eninə-uzununa başdan-başa keçmişdi və burada ondan savayı insan yaşamadığına əmin olmuşdu. Amma demək olmazdı ki, indiyədək, ümumiyyətlə, adaya insan ayağı dəyməyib. Çünki gur meşələr bütün izləri çox tez gizlədir, ləpirlərin üstünü örtür.
Numaya rast gəldiyi günün ertəsi Tarzan Şitanın müşayiəti ilə meşədə gəzəndə Akutun qəbiləsi qarşılarına çıxdı. Bəbiri görən antropoidlər pərən-pərən düşdülər. Meymunları sakitləşdirmək və təzədən bir yerə yığmaq üçün onları xeyli dilə tutmaq lazım oldu.
Tarzan bu əzəli düşmənləri barışdırmaq fikrinə düşmüşdü. Nə üçün belə etdiyini özü də bilmirdi, sadəcə, ağır düşüncələrdən ayrılmaq üçün başını qatırdı.
Antropoidləri Şita ilə sülh şəraitində yaşamağın üstünlüyünə inandırmaq elə də çətin deyildi. Amma bəbir meymunlarla dostlaşmaq istəmirdi. O heç cür dərk edə bilmirdi ki, niyə daha meymun ovlamamalıdır, əksinə, onlarla birlikdə ova çıxmalıdır!
Tarzanın yoğun dəyənəyi var idi. O, bəbirin boynunu kəməndə keçirib həmin dəyənəklə vəhşi pişiyin burnunu döyəcləyir, birdəfəlik beyninə yeritmək istəyirdi ki, bundan sonra meymunları yemək olmaz. Şita narazı-narazı mırıldanırdı, amma Tarzana toxunmurdu.
Antropoidlər Tarzanın bu hərəkətlərinə Şitanın necə dözdüyünü anlamırdılar. Onlar vəhşi pişiyi insanın iradəsinə tabe olmağa məcbur edən səbəbləri qavraya bilməzdilər. Bunun sirrinin sehrli dəyənəkdə olduğunu düşünürdülər. Bəbirin itaətkarlığı meymunları cəsarətə gətirirdi. Onlar yavaş-yavaş Şitaya yaxınlaşır, Tarzanın arxasında dayanıb maraq və təəccüblə heç vaxt belə yaxından görmədikləri keçmiş düşmənlərinə baxırdılar.
Nəhayət, Tarzanın səyləri öz nəticəsini verdi. İnsan, bəbir və meymunlar cəngəllikdə birgə gəzir, bir yerdə ov edir, ələ keçirdikləri qənimətləri bölürdülər.
Bəzən Tarzan kollektiv həyatdan bezirdi, təkliyə çəkilib öz düşüncələrinə dalırdı. Bir dəfə o, yenə sahildə uzanıb fikrə getmişdi. Günəşin ilıq şüaları dərisinə sığal çəkir, ləpələrin pıçıltısı layla deyirdi. Tarzan mürgüləyirdi və buna görə oğrun-oğrun meşədən çıxan qaradərili döyüşçünü görmədi. Zənci sahildə yatmış adamı oyatmamaq üçün əli ilə yoldaşlarına işarə verdi. Birdən-birə kolların arasından iyirmiyədək kişinin başı görsəndi.
Onların hamısının uca boyu, acıqlı baxışları, uzun nizələri var idi. Sifətləri rəngli zolaqlarla, bədənləri cürbəcür döymələrlə bəzədilmişdi, burunlarına halqa, əllərinə və ayaqlarına dəmir bilərziklər keçirilmişdi.
Tarzan mürgüləyirdi və buna görə oğrun-oğrun meşədən çıxan qaradərili döyüşçünü görmədi. Zənci sahildə yatmış adamı oyatmamaq üçün əli ilə yoldaşlarına işarə verdi.
Qaradərili döyüşçülər aşağı sinib addım-addım Tarzana yaxınlaşırdılar. Nə qədər ehtiyatlı davranmağa çalışsalar da, meymun-adam yad iyi hiss etdi və gözlərini açdı. Artıq gizlənməyin mənasız olduğunu görən düşmənlər dikəldilər, nizələrini başlarının üstünə qaldırıb hücuma keçdilər.
Tarzan dərhal ayıldı. Ayağa sıçramağı ilə dəyənəyi əlinə götürməyi bir oldu. Elə ilk zərbədən bir neçə nəfəri yerə sərdi. Tarzan dəyənəyini sağa-sola fırlayır, düşmənə yaxınlaşmağa imkan vermirdi.
Qaradərili döyüşçülər ciddi itki verib geri çəkildilər. Qısa müşavirədən sonra onlar yarımdairə şəklində düzüldülər və yeni hücuma keçdilər.
Tarzan hücumu dəf etməyin bu dəfə çətin olacağını gördü. Əvvəla, düşmən eyni zamanda üç istiqamətdən üstünə gəlirdi. İkincisi, yoldaşlarını itirmiş qaradərililər lap hirslənmişdilər, qəzəblərini rəqslə və qışqırıqlarla ifadə