Жюль Верн

Yerin mərkəzinə səyahət


Скачать книгу

mənim əşyalarımı sevinclə hazırlayırdı. Bu səyahəti öz gələcək əri və hamisi üçün böyük bir qələbə hesab edirdi. İnadkar professor isə dostu Danimarka konsulundan tövsiyə kağızı aldı. Bu kağızla biz İslandiya qubernatorluğuna asanlıqla müraciət edə bilərdik.

      Elə yorulmuşdum ki, axşam yuxuda dərin uçurum gördüm. Hiss elədim ki, professorun güclü əli məni qaldırıb aşağı tulladı. Sürətlə uçuruma düşməyə başladım və hövlnak yuxudan ayıldım.

      Səhər tezdən yola düşdük. Dayım evin idarəçiliyini Qretxenə həvalə etdi. Qretxenlə vidalaşmaq məni mütəəssir elədi.

      – Get, Aksel, get, – o dedi. – Sənin damarlarında professor Otto Lidenbrokun qanı axır. O, cəsur alim, qorxmaz insandır. Mən əminəm ki, siz öz məqsədinizə çatıb sağ-salamat geri dönəcəksiniz. Sən adaxlını tərk edirsən, geri dönəndə isə arvadını qarşılayacaqsan.

      Onu bağrıma basıb karetə əyləşdim.

      Saat yeddinin yarısında vağzalda olduq. Bütün əşyalarımız baqaj vaqonuna yükləndi. Saat yeddi tamamda qatar yola düşdü. Dəniz vağzalı dənizin lap yaxınlığında yerləşirdi. Dayım yüklərimizin paroxoda aparılıb gəmi anbarına yerləşdirilməsini həyəcanla izləyirdi.

      Paroxod gecə yola düşdü. Gəmi qaranlığa qərq olmuş sularla sürətlə üzməyə başladı. Saat yeddidə Zelandiyanın şərq sahilində yerləşən kiçik bir şəhərə çatdıq. Burada paroxoddan düşüb təzədən qatara mindik. Üç saatdan sonra Danimarkanın paytaxtına çatmalıydıq. Dayım gecə gözünü də yummadı. Mənə elə gəldi ki, o, səbirsizlikdən ayaqlarıyla qatarı itələməyə də hazırdır.

      Nəhayət, səhər saat yeddidə Kopenhagenə çatdıq. Baqajla birlikdə otellərdən birinə yerləşdik. Dayım özünü səliqəyə salandan sonra qapıçıdan Şimala məxsus qədim əşyalar muzeyinin yerini öyrəndi. Bir çox qiymətli əşyalar toplanmış bu muzeyin mühafizi məşhur alim professor Tomson idi. O, Hamburq konsulunun dostuydu.

      Dayım konsulun yazdığı tövsiyə məktubunu ona verdi. Təbii ki, səyahətimizin əsl məqsədi barədə ona heç nə demədi. Səfərimizin rəsmi məqsədi adi turistlər kimi İslandiyaya baş çəkmək idi. Cənab Tomson bizi çox yaxşı qarşıladı. Biz onunla dəniz kənarına gedib münasib gəmi axtarmağa başladıq. Axırda iyun ayının ikisi İslandiyaya yola düşəcək bir gəmidə yer aldıq. Kapitan bizə səhər saat yeddidə limanda olmağı tapşırdı. Sonra cənab Tomsona təşəkkür edib şəhəri gəzməyə çıxdıq. Ancaq muzeylər, abidələr, heykəllər, şəhərin görməli yerləri dayımı maraqlandırmırdı. Biz başqa tərəfə, sahildə yerləşən Admirallığa tərəf getdik. Dar küçələrdən keçib Xilaskar məbədinin yanına çatdıq. Məbədin hündür zəng qülləsi professorun diqqətini cəlb etdi, lap yuxarı qalxan dəmir pilləkəni göstərib dedi:

      – Gəl qülləyə qalxaq.

      – Bəs başhərlənməsi?

      – Öyrəşərsən. Başla.

      İtaət etməli oldum. Biz yuxarı qalxmağa başladıq. Dayım irəlidə gümrah addımlarla gedirdi. Mən arxada qorxa-qorxa gedirdim, çünki başım hərlənirdi. Əsəblərim professorun əsəbləri kimi möhkəm deyildi. Əvvəlcə hər şey yaxşı getdi. Ancaq zəng qülləsinin meydançasına çataçatda havanın üzümə zərblə çırpıldığını hiss etdim. Buradan pilləkən açıq səma altında qalxır, həm də getdikcə daha ensiz olurdu. Yeganə dayaq onun yüngül məhəccərləriydi.

      – Gedə bilmirəm, – qışqırdım. – Gedə bilmirəm!

      – Sən bu qədərmi qorxaqsan? Yoluna davam elə! – rəhmsiz professor dedi.

      Mən onun pencəyinin ətəyindən yapışmalı oldum. Başımın hərlənməsi gücləndi, əvvəlcə dizi üstə, sonra qarnı üstə sürünməyə başladım. Dayım boynumun ardından tutub məni qüllənin lap qurtaracağına gətirdi.

      – İndi aşağı bax, – dedi. – Sən ənginliklərə baxmağı öyrənməlisən!

      Gözlərimi açdım. Dumana bürünmüş evlər yastılanmış kimi görünürdü. Mənə elə gəldi ki, başım üzərindəki buludlar tərpənmir, zəng qülləsi də, biz də ağlasığmaz sürətlə uzaqlara şütüyürük. Bir tərəfdə yaşıl tarlalar, digər tərəfdə isə dəniz uzanırdı. Mavi sularda ağ yelkənlər ağarır, lap uzaqlarda isə dumana qərq olmuş İsveç sahilləri gözə dəyirdi.

      Mən ayağa qalxıb yenə baxmalı oldum. Başhərlənməsinə aid ilk dərsim düz bir saat çəkdi. Geri qayıdanda tamam yorulub əldən düşmüşdüm.

      – Sabah dərsimizi yenə təkrar edəcəyik, – professor dedi.

      Mənim “yuxarıdan aşağı baxmaq sənəti”ni öyrənməyim beş gün çəkdi.

      5

      Yola düşmək vaxtı yetişdi. Cənab Tomson İslandiya baronu və bir sıra digər vəzifəli şəxslərə yazdığı tövsiyə məktubunu dayıma verdi və bizimlə xudahafizləşdi. Səmt küləyi əsirdi, bu da səfərimizin rahat və uğurlu keçəcəyindən xəbər verirdi. Tezliklə Kopenhagen şəhəri görünməz oldu. Bir müddətdən sonra isə gəmi Danimarka sahillərindən uzaqlaşdı və Norveç sahillərinin yaxınlığından keçib Şimal dənizinə çıxdı. Dəniz səfəri on günə yaxın çəkdi. Nəhayət, gəmimiz İslandiyanın cənub sahillərində bir buruna yanaşdı.

      Mən dəniz xəstəliyini yüngül keçirdim. Dayım isə özünü pis hiss edirdi.

      Biz burunun yaxınlığından keçib köpəkbalığı və balina dəstələrinin arasıyla qərbə tərəf üzdük. Üç saatdan sonra isə gəmi Reykyavik yaxınlığındakı bir körfəzdə lövbər saldı.

      Rəngi qaçmış, yorulmuş, ancaq məmnun qalmış professor, axır ki, göyərtəyə çıxdı. Dərhal da mənə buxtanın şimal tərəfində yüksələn dağı göstərdi. Onun daimi qarla örtülmüş zirvəsi iki yerə bölünmüşdü.

      – Snayfelds! – ucadan dedi. – Snayfelds!

      Sonra əliylə mənə susmağı işarə edib qayığa mindi. Tezliklə biz İslandiya torpağına ayaq basdıq. Bizi adanın qubernatoru şəxsən özü qarşıladı. Professor cənab Tomsonun məktubunu ona verdi və aralarında qısa söhbət oldu. Qubernator bizə hər cür kömək etməyə hazır olduğunu bildirdi. Bizi Fridrikson adlı təbiətşünaslıq müəlliminin evinə yerləşdirdilər. O, island dilindən savayı, latın dilini də bilirdi, xoşxasiyyət adam idi.

      – Hə, Aksel, hələlik işlər yaxşı gedir, – professor Lidenbrok dedi. – İndi mən kitabxanaya gedim görüm Saknussemin başqa bir əlyazmasını tapa bilirəmmi. Ondan sorğu kitabçası kimi istifadə edərik.

      – Mənsə gedib şəhəri gəzərəm, – deyə evdən çıxdım.

      Reykyavikin qəribə mənzərəsi var. Şəhər alçaq və bataqlıq bir dərənin kənarı boyunca uzanır. Bir tərəfdən maili şəkildə dənizə enən donmuş lava təbəqəsiylə əhatə olunub. Digər tərəfdən şimala sarı Snayfeldsin buzlaqları, gəmimizin lövbər saldığı Foksafloi körfəzi yerləşir. Mən Reykyavikin qaranlıq, darıxdırıcı küçələrini gəzdim, şəhərin görməli yerləriylə tanış oldum, əhalisinə göz yetirdim. Kişiləri möhkəm bədənli, amma bir az yöndəmsizdirlər. Qadınların kədərli,