istəmirəm.
– Of, itlər, itlər! – anası hirsləndi. – Bir itə görə hay-küyə bax! Bilmək istəyirsənsə, Lessinin olmamağına sevinirəm. Uşağa baxmaq kimi bir şey idi. İndi o yoxdur, mənim də işim azalıb, buna sevinirəm, düz sözümdür!
Missis Kerraklaf burnunu çəkdi, sonra önlüyünün cibindən dəsmalını çıxarıb burnunu sildi. Başını qaldırıb hərəkətsiz oturan oğluna baxdı, qəmli halda başını buladı:
– Co, bura gəl görüm.
Oğlan yerindən qalxıb anasının qabağında dayandı. Qadın oğlunu qucaqladı:
– Co, artıq böyük oğlansan, başa düşməlisən. Özün görürsən… çətin vaxtlardır… Bilirsən işlər nə yerdədi. Yemək almaq lazımdı, evin yiyəsinə pul ödəməliyik. Lessiyə görə yaxşı pul verirdilər və… Bir sözlə, biz… onu özümüzdə saxlaya bilməzdik, vəssalam. Çətin zəmanədir, sən atanın əhvalını pozmamalısan. Onsuz da sakitləşə bilmir… və… vəssalam! İt yoxdur!
Kiçik Kerraklaf ocağın böyründə, anasının yanında dayanmışdı. Qrinol-Bricdə hətta on iki yaşlı oğlanlar da “çətin zəmanə”nin nə olduğunu anlayırdılar.
Lap uşaqlıqdan bilirdilər ki, ataları qəsəbədən bir az kənarda yerləşən Vellinqton mədənlərində işləyirdilər. Sonra “çətin zəmanə” gəldi. Şaxtada iş saatı azaldı. Atalarının qazancları da. Bir neçə ay əvvəl isə şaxtanı tamam bağladılar. Qəsəbədə ayrı iş yox idi. Çörəkpulu qazanmaq mümkün deyildi. Hökumət insanlar acından ölməsin deyə həftəlik maddi yardım verirdi.
Co bütün bunları bilirdi. Bilirdi ki, atası daha işə getmir. Ata və anasının onun yanında bu barədə danışmaq istəmədiklərini də bilirdi. Ağlı bunu dərk etsə də, ürəyi “Lessi” deyə hayqırırdı. O yerindən tərpənmədən dayanmışdı. Sonra anasına bircə sual verdi:
– Ana, biz onu necəsə geri ala bilərik?
– Bilirsənmi, Co, o çox qiymətli itə çevrilmişdi, bizim isə onu saxlamağa daha imkanımız çatmırdı. Amma biz necəsə özümüzə başqa bir it taparıq. Bir az döz. Vəziyyət düzələr və biz evə bir küçük götürərik. İstəyərdin?
Co Kerraklaf başını buladı:
– Mənə başqa it lazım deyil. Heç vaxt! Mənə yalnız… yalnız Lessi lazımdır!
III FƏSİL
Qəzəbli qoca
Hersoq Radlinq çəpərin yanında dayanıb ətrafa boylanırdı. Yenidən səsini ucaltdı.
– Haynz! – bağırdı. – Haynz! Bu hara yoxa çıxıb!
Hersoqu Yorkşir qraflığının ən qəzəbli qocası hesab edirdilər. Bu dəqiqə pörtmüş, ağ saçları dağınıq şəkildə dayanan hersoq eynilə belə görünürdü.
O, davranışı və danışıq tərzi ilə bu adı özü qazanmışdı.
Buna hersoqun ağır eşitməsi və hamı ilə sanki qoşun hissəsinə əmr verirmiş kimi danışması da səbəb ola bilərdi. Nə vaxtsa o, həqiqətən də, hərbçi olmuşdu. Bir də onun əlində çəliklə yox, düyünlü taxta ilə gəzmək və danışanda onu yelləmək vərdişi var idi. Bundan başqa, o hər şeyə dözümsüzlük göstərirdi. Hersoq qəti əmin idi ki, “dünya batır”, heç nə onun gəncliyindəki kimi deyil: cavanlar o vaxtlar olduğu kimi cəsur, qadınlar isə qəşəng deyil. Heç güllər də o cür ətir saçmır. İtlər isə… əgər bir-iki babat it qalıbsa, buna səbəb də bu itlərin məhz ona məxsus olmasıdır.
Hersoq tam əmin idi ki, indiki adamlar ingilis dilində də düz-əməlli danışa bilmirlər. Onun pis eşitməsinə də səbəb qulağının tutulması deyil, adamların sözləri tələffüz edə bilməməsi, pəltək danışmasıdır.
Gənc nəslə gəldikdə isə hersoq saatlarla iyirminci əsrdə doğulmuş adamların yararsız olduqları barədə danışa bilərdi.
Hersoq qohumlarından yalnız bircə nəfərə qarşı dözümlü idi. Nə qədər qəribə olsa da, bu onun ailəsinin ən kiçik üzvü, on iki yaşlı nəvəsi Pristsilla idi.
Hersoq çəpərin yanında dayanıb hirsli-hirsli əlindəki ağacı yelləyən zaman onun köməyinə gələn də məhz nəvəsi oldu.
O, babasının yanına gəlib əynindəki gödəkçənin cibini dartdı. Hersoq pırtlaşıq bığlarını qıza tərəf çevirdi.
– Hə, bu sənsən! Nəhayət, kimsə gəldi. Bu dünyanın axırı hara gedir? Qulluqçular yarıtmazdılar! Heç kim eşitmir, kar olublar! İngiltərə batır!
– Boş sözdür, – Pristsilla dedi.
Bu, özünəinamlı, fikirlərində kifayət qədər müstəqil gənc ledi idi. Daim babasının yanında olduğundan özünü onunla bərabərhüquqlu hesab edirdi.
– Nə dedin? – hersoq qıza yuxarıdan aşağı baxıb bağırdı. – Düz-əməlli danış görüm, nə fısıldayırsan?
– Dedim ki, boş sözdür.
– Boş söz?
Hersoq nəvəsinə baxıb bərkdən güldü. O əmin idi ki, əgər Pristsillanın onunla höcətləşməyə hünəri çatırsa, bu hünər ona məhz babasından keçib. Onun kefi açıldı:
– Yaxşı ki, sən gəldin! Yeni itimizi sənə göstərmək istəyirəm. Gözəl itdir! Aləmdir! Həyatımda ondan yaxşı kolli görməmişəm.
– Amma keçmiş zamanlarda olanlardan yaxşı ki deyil?
– Yenə nə fısıldayırsan? Heç nə eşitmədim.
Əslində hər şeyi eşitmişdi, amma özünü o yerə qoymadı:
– Bilirdim ki, əvvəl-axır o mənim olacaq. Üç il idi düşmüşdüm dalınca.
– Üç il?
– Hə, üç il. Elə fikirləşirdi ki, onu inadından döndərə bilməyəcəm. Amma mən deyən oldu. Üç il əvvəl mən ona itə görə on funt təklif etmişdim. Satmamışdı. Növbəti il qiyməti on ikiyə qaldırdım. Satmadı. Keçən il on beş təklif etdim və dedim ki, bundan çox verən deyiləm. İnanmadı, yarım il gözlədi. Keçən həftə xəbər göndərdi ki, razıdır.
– İti “dəyişmədiyini” hardan bilirsən?
Sual əbəs yerə verilməmişdi. Yorkşirlilər belə işlərdə usta idilər.
Ancaq Pristsillanın sualını eşitcək hersoq daha da bərkdən bağırdı:
– Hardan bilirəm? Çünki mən özüm də yorkşirliyəm, onların bütün hoqqabazlıqlarını, hətta ondan da artığını bilirəm. İt həmin itdir. Özü də ki onu… nədi onun adı… Kerraklafdan almışam. Onu tanıyıram. Belə iş görən deyil, özü də mənə qarşı. Heç vaxt!
O, nəvəsi ilə birlikdə itlər saxlanan qəfəslərə yaxınlaşdı. Yeni itin saxlandığı yerin qabağında dayandılar. Pristsilla yerdə uzanan iri qara-ağ-qızılı kollini gördü. İt başını qabaq pəncələrinin üstünə qoyub uzanmışdı.
Hersoq dili ilə səs çıxarıb onu səslədi. İt cavab vermədi. Bircə qulağının tərpənməsindən səsi eşitdiyini anlamaq olardı. Onu diqqətlə süzən