Александр Беляев

Atlantidanın son sakini


Скачать книгу

üzərinə gümüşü zanbaqlar tikilmiş bənövşəyi pərdəni kənara çəkdi. Açıq pəncərədən sütunların arasında ayın gümüşü işığına qərq olmuş okean səthinin bir parçası göründü. Otağa dolan sərin külək Selin kəmərinin enli kənarlarını tərpətdi.

      Sel fil sümüyündən hazırlanmış stolun yanında dayanmışdı. Stolun üstü yəşəm daşından düzəldilmiş qutular, büllur və qızıldan qayrılmış uzunsov ətir şüşələri, əqiqdən hazırlanmış xırda fincanlar və ənlik-kirşan üçün istifadə olunan adi əqiqlər, bir də kiçik heykəllərlə dolu idi.

      Sel əlində cilalanmış tuncdan düzəldilmiş güzgü tutmuşdu. O, qara saçlarını düzəldə-düzəldə güzgüdə özünə tamaşa edirdi.

      Qızın üstünə bir tərəfdən hündür tunc çırağın qırmızı alovu, o biri tərəfdən isə ayın sütunların arasından keçən mavi şüaları düşürdü.

      Tunc güzgü onun qaraşın dərisinə qızılı çalar verir, güzgüdə əks olunan üzü isə iki tərəfdən işıqlandığı üçün qeyri-adi, qarışıq rəngə çalırdı.

      – Sa, mənim saçlarımı səliqəyə sal. Bayrama çoxmu qonaq gəlib? – deyə Sel bəbir dərisiylə örtülmüş alçaq taxta uzandı.

      – Elə bir ucdan gəlirlər. İndiyədək düz on altı hökmdar gəlib. Şerkurla, Aqad, Erex, Ur, İşna, Marsam, Atsor çarları – saymaqla qurtarmaz… Quan-Ataqueraqan çox qüdrətlidir, bütün dünyanı fəth edib; məsələn, götürək elə Aşur çarını. Hünəri var ona baş əyməsin…

      – Sa, mən bu gecə qəribə bir yuxu gördüm. Gördüm ki, mənim göyərçinimi bir çalağan caynağına alıb aparır. Qışqırmağa başladım, səsim çıxmadı. Birdən havaya bir qartal qalxıb çalağanın üstünə şığıdı. Onlar vuruşmağa başladılar, elə amansızcasına döyüşürdülər ki, lələkləri tökülürdü. Qəfil yuxudan oyandım. Çox heyif!.. Qartalın göyərçini xilas edib-etmədiyini öyrənə bilmədim. Səncə, bu yuxunun mənası nədir? Bəlkə, Elzairdən soruşum. Axı o, yuxuları yaxşı yozur.

      – Ehtiyac yoxdur, mən özüm də yozaram. Göyərçin sənsən. Sənə görə aşiqlərin çoxdandır ki bir-birini qırır. Mən eşitmişəm ki, Aşur çarı sənə yenidən elçi göndərəcək.

      – O qıvrımsaçlı, uzunsaqqallı adam? Heç vaxt! Mən bu çalağana qoşulub öz gözəl ölkəmi tərk edə, dünyanın o başına gedərəmmi? Mümkün deyil!

      – Hökmdarın sözü qanundur. Hər şey heç də bizim istəyimizlə həll olunmur!

      – Buna hələ baxarıq. Sənin saç düzəltməyin nə uzun çəkdi?

      – Hazırdır. Səhərki bayrama hansı donunu geyinmək istəyirsən?

      – Sabaha don yox, zireh, qılınc və nizə lazımdır! – o bunu deyib əliylə elə kəskin bir hərəkət etdi ki, sanki qılıncla havanı kəsirdi.

      – Mən sabah öz amazonkalarımla gələcəyəm. Qoy bütün ölkələrin şahinləri və qartalları bilsinlər ki, atlant qızları qılınc-nizə oynatmağı onların döyüşçülərindən heç də pis bacarmır! Bəlkə, bundan sonra amazonkaları özlərinə arvad etmək istəyindən əl çəkələr15.

      Sel sözlərinə azacıq pauza verib mövzunu dəyişdi:

      – Sa, görəsən, Adişirna-Quanç indi neyləyir? Bayrama qədər Qızıl Bağları salıb qurtara biləcək, ya yox?

      – Deyirlər, hər şey hazırdır.

      – Mən onun işinə baxmağa gedirəm!

      – Nə danışırsan, Sel! – Sa əlini yellədi. – Bilmirsən ki, Qızıl Bağlar salınıb qurtarana qədər atan ora girməyi qəti qadağan edib? Sabah açılış olacaq, onda nə qədər istəsən, baxa bilərsən!

      – Mən xəlvətcə gedəcəyəm, açarım var.

      – Qızıl Bağlara vurulmuş qıfıllara heç bir açar düşə bilməz.

      – Mənimki düşür!

      Sa qıza şübhəylə baxdı.

      – O səndə haradandır? Yoxsa Adişirna-Quanç özü sənə verib?

      – Burada pis nə var ki! – Sel gülüb Sanı qucaqladı. – Gedək mənimlə, əziz qarıcığım…

      Selin bu nəvazişi Sanı yumşaltdı:

      – Birdən atan gəlib səni orada görsə, onda necə?

      – Onun başı indi dövlət işlərinə qarışıb. Gəl belə eləyək: əvvəlcə atamın yanına gedək, əgər görsək ki Şi-Şen-İtsa ona məruzə eləməklə məşğuldur, deməli, Qızıl Bağlarda səhərədək gəzə bilərik.

      Sa narazılıqla başını buladı, ancaq naəlac qalıb ayaqlarını sürüyə-sürüyə qızın dalınca getdi.

      III. Atlantida hökmdarı Quan-Ataqueraqan

      Quan Ataqueraqan, həqiqətən də, sütunsuz, uzun, dar bir otaqda dövlət işləri ilə məşğul idi. Divarlar Atlantida çarlarının qəhrəmanlıqlarını təsvir edən tunc barelyeflərlə örtülmüşdü. Onlardan aşağıda əsatir səhnələrini əks etdirən rəngbərəng xalçalar asılmışdı. Tavanın üzərindəki kvadrat pəncərələrdən ulduzlu səma görünürdü. Bir cərgə pəncərə isə sarayın ikinci mərtəbəsinə açılırdı. Sel dayəsiylə birlikdə buradan – pəncərənin ipək pərdəsi arxasından aşağı baxırdı.

      Quan-Ataqueraqan dəhlizə bənzəyən otağın sonunda, ensiz divarın yanında qiymətli ağacdan düzəldilmiş hündür taxtında əyləşmişdi. Taxtın söykənəcəyini günəşin qızılı diski bəzəyirdi. Taxtın ayaqları isə fil sümüyündən kəsilmiş şir pəncələri şəklində idi.

      Bir tərəfdə kahinlərdən biri – əyninə uzun qara paltar geyinmiş Günəşin Müjdəçisi durmuşdu. Digər tərəfdə isə hökmdarın sevimli kahini Şişen-İtsa dayanmışdı.

      Taxtın yanında mozaikalı döşəməyə salınmış mağara ayısının dərisi üzərində üzüüstə uzanmış qul can-başla mirzə vəzifəsini yerinə yetirirdi. Onun qarşısına üzərində papirus vərəqləri, mürəkkəb və fırça olan kiçik stol qoyulmuşdu.

      Hökmdar donuq baxışlarını boşluğa zilləyərək asta-asta diktə edirdi:

      – Yaz: “Mən – qüdrətli, mötəbər, nəhəng, cəsur, şirürəkli bahadır Quan-Ataqueraqan yenilməz hökmdar, Atlantidanın hakimiyəm. Mən bütün düşmənlərimin qənimi kimi üzümü hakimiyyətimə üsyan qaldırmış Uruazal çarına tutub deyirəm: sən qəzəbimə düçar olacaqsan. Mən üsyançıların başından piramida düzəldəcəyəm. Sənin dərini diri-diri soyub şəhər qapılarına heyvan dərisi kimi sərəcəyəm. Şəhər qapılarının önündə dirəklər düzəldəcək, qiyam qaldırmış bütün əyanlarının dərisini soyacaq, həmin dəriləri bu dirəklərin üstünə çəkəcəyəm. Digərlərini sütunun yuxarısındakı, o birilərini isə onun ətrafındakı payalara keçirəcəyəm. Dünyanın o başında da olsan, qəzəbimdən qurtula bilməyəcəksən…”

      Sonra hökmdar üzünü Şişenə tutdu:

      – İndi