isə belə təhlükə çox azdır.
Düzdür, bəzən ingilis sanitar maşınlarının sürücüləri də həlak olurdular. Lakin mən bilirdim ki, ölməyəcəm. İllah da bu müharibədə… Bu müharibənin mənə heç bir dəxli yoxdu. Ürəkdən arzu edirdim ki, müharibə qurtarsın. Bəlkə, bu yay qurtardı. Bəlkə, avstriyalıları əzdilər. Avstriyaya getmək istərdim, amma müharibənin olmadığı Avstriyaya. Şvarsvaldda, Qarsda olmaq istərdim. Doğrudan, bu Qars hardadır? Döyüşlər indi Karpat dağlarında gedirdi. Ora getməyi çox arzulayırdım.
Bu fikirlər içində zabitlər yeməkxanasına yollandım. Keşiş yenə oradaydı. Yenə onunla məzələnirdilər. Şam edib villanın qəbul otağına gəldim. Ketrini gözləyirdim. Kimsə vestibülə girdi. Elə bildim Ketrindi, ayağa durdum. Ancaq bu, miss Ferqyuson idi.
– Salam, – o dedi. – Ketrin məndən xahiş elədi deyim ki, bu gün sizinlə görüşə bilməyəcək.
– Xahiş edirəm, ona deyəsiz ki, mən çox məyus oldum.
– Deyərəm.
– Bəlkə, mən sabah gəlim?
– Gəlin.
– Təşəkkür edirəm, – mən dedim. – Gecəniz xeyrə qalsın.
Qəbul otağından çıxdım. Birdən-birə darıxmağa başladım.
7
Növbəti gün öyrəndik ki, çayın yuxarı sahillərində hücum əməliyyatı başlamalıdır. Biz də dörd maşınla ora getməliydik. Mən birinci maşında oturmuşdum. İngilis hospitalının yanından keçəndə maşını saxlatdırıb düşdüm. Tələsik addımlarla xiyabanı keçdim. Qəbul otağına daxil olub miss Barklini çağırmağı xahiş etdim.
Onun arxasınca sanitar göndərdilər. Çox keçmədən sanitar Ketrinlə birlikdə qayıtdı. Mən ona dedim:
– Gəldim ki, sizdən hali olum. Dedilər növbədəsiz. Xahiş elədim ki, çağırsınlar.
– Mən lap yaxşıyam, – o dedi.
– Mən getməliyəm.
– Bir dəqiqəliyə sizinlə çıxaram.
– Mən elə indi yola düşürəm.
– Bəs nə vaxt qayıdacaqsız?
– Sabah.
O nəyi isə boynundan açıb ovcuma qoydu.
– Bu, müqəddəs Antoni medalyonudur, – dedi.– Sabah axşam gəlirsiz.
– Məgər siz katoliksiz?
– Xeyr. Ancaq deyirlər ki, bu, çox kömək eləyir. Ağıllı olun. Özünüzü qoruyun.
Ayrıldıq. Geri döndüm. Gördüm pilləkənlərin üstündə dayanıb. Mənə əl elədi, mən də ona öpüş göndərdim. Maşına mindim, yola düşdük. Əlimdəki medalyonu silkələdim. Sürücü onu görüb dedi:
– Məndə də var, – sonra köynəyinin altından öz medalyonunu çıxarıb göstərdi.
Sürücünün təkidiylə mən də miss Berklinin bağışladığı medalyonu sinəmdən asdım.
Nəhayət, gəlib çayın yuxarısına çatdıq. Buradakı təpənin üstündən baxanda digər sahildəki dağların yamacında avstriyalıların müşahidə qurğularını gördüm.
Maşınları kərpic zavodunun xarabalıqları içində saxlamışdıq. Baş həkim balacaboy adam idi, bığlarını yuxarı eşmişdi. Mayor rütbəsindəydi. O dedi ki, hər şey yaxşı qurtarsa, məni mükafata təqdim edəcək.
Hücumun nə vaxt başlayacağını xəbər aldım. Cavab verdilər: gecə yarısı. Sürücülərin yanına qayıtdım. Onlar blindajda oturub söhbət edirdilər. Mən içəri girən kimi susdular. Onların dördü də mexanik idi və müharibəyə nifrət edirdilər. Blindajın yeri isti və quru idi. Kürəyimi divara söykəyərək oturdum.
Passi ehtiramla dilləndi:
– Müharibədən pis heç nə yoxdur.
– Hamı müharibəyə nifrət edir, – digəri onun sözlərinə qüvvət verdi.
– Ölkəni axmaq adamlar idarə eləyir. Bax biz də onların axmaqlığı sayəsində müharibəyə ürcah olmuşuq.
– Bu adamlar müharibədən varlanırlar da.
– Bəziləri heç varlanmır da, – Passi adlı mexanik dedi. – Onlar müharibəyə axmaqlıqdan bais oldular.
– Ta bəsdir, – Manyera adlı başqa bir mexanik dedi. – Çox uzunçuluq elədik.
– Bizə yemək verəcəklərmi, leytenant? – Qavutssi adlı mexanik soruşdu.
– İndicə öyrənərəm, – dedim.
Mexaniklərdən biri – Qordini mənimlə bərabər çıxdı.
Artıq zil qaranlıq idi. Projektorların uzun işıqları dağların üzərində dolaşırdı. Biz zavodun həyətindən keçdik və baş sarğı məntəqəsinin yanında dayandıq. Bayırda qapının üstündə talvar vardı. Gecə küləyi qaranlıqda qurumuş yarpaqları xışıldadırdı. İçəridə işıq yanırdı. Baş həkim yeşiyin üstündə oturub telefonla danışırdı. Həkimlərdən biri mənə dedi ki, hücum bir saat təxirə salınıb. Baş həkim telefondan aralandı.
– İndi başlayacaq, – o dilləndi. – Qərara aldılar ki, təxirə salmasınlar.
Bir dəqiqədən sonra isə arxamızdakı topların hamısı atəş açdı.
– Bəs yemək hanı? – mən baş həkimdən soruşdum. O, deyəsən, eşitmədi. Bir də soruşdum.
– Hələ gətirməyiblər.
Bu vaxt böyük bir mərmi zavodun həyətinə düşüb partladı. Ardınca digəri… Partlayışın gurultusu içində kərpic qırıntılarının səsi eşidilirdi.
– Yeməyə bir şey tapılar?
– Bir az makaron yeməyi var, – baş həkim cavab verdi.
– Nə var, verin.
Baş həkim sanitara nəsə dedi. O, binanın digər başına gedib qazançanın içində soyuq makaron gətirdi. Mən onu Qordiniyə verdim.
Zavodun həyətinə çıxıb qaçmağa üz qoyduq. Sahildə mərmi partladı. Daha bir mərmi də yaxınlığımıza düşdü. Hər ikimiz üzüqoylu yerə uzandıq. Gurultu səsi kəsən kimi Qordini ayağa durub blindaja qaçdı. Mən də onun ardınca yüyürdüm. Üç sürücü əvvəlki kimi blindajda divarın dibində oturmuşdu.
– Buyurun, – deyib qazançanı Qordinidən alaraq onlara uzatdım. Sürücülər irəli gəldilər. Çəngəl yoxdu. Dördü də çənəsini lap qazançanın içinə salıb yeyirdilər.
Bayırda gurultu səngimir, yer aramsız titrəyirdi. Biz isə yeməyə davam edirdik. Birdən növbəti partlayış eşidildi və əcaib səslər gəlməyə başladı. Qəfildən ətraf ağ, sonra isə qırmızı rəngə boyandı. Bu qırmızı burulğan məni göyə fırlatdı. Öncə elə bildim ölmüşəm. Lap yanımda kiminsə: «Ana! Ay ana!» – deyə inildədiyini duydum. Birtəhər yana çevrildim. Bu, Passi idi. Mən ona toxunanda çığırdı. Ayaqları mənə tərəf uzanmışdı. Ani bir işıq düşdü. Gördüm ki, onun hər iki ayağı dizdən yuxarı parça-parça olub. Bir ayağı tamam yerindən qopub ayrılmışdı. O biri isə əzələlərdən və parçalanmış