səsi eşidildi. Kimsə onu qabaqlamışdı. Zəngin ardı-arası kəsilmirdi, elə bil kimsə əlini düyməyə basıb dayanmışdı. Nəhayət, bələdçi boş dəhlizdə gurultu salaraq qaçıb gəldi. Eşidilən səslərdən məlum oldu ki, zəngi çalan missis Habbard imiş. Puaro qaranlıqda gülümsündü. Uzun mübahisədən sonra bələdçi missis Habbarda «Gecəniz xeyrə qalsın, madam!» deyib getdi. Bu dəfə Puaro zəngi basdı. Bələdçi dərhal gəldi. O çox həyəcanlı görünürdü.
– Zəhmət olmasa, mənə mineral su gətirin.
– Yaxşı, müsyö, – bələdçi dedi, sonra da Puaronun üzündəki gülümsər ifadəni görüb əlavə elədi:
– Yenə o amerikalı xanım idi…
– Nə olub ki?
– Əlindən lap təngə gəlmişəm! – bələdçi şikayətləndi. – Deyir, guya gözünü açanda görüb ki, kupedə kişi var. Sonra kişi hardasa gizlənib. Kibrit qutusu boyda yerdə necə gizlənə bilər axı?! Bayaqdan başa salmağa çalışıram, əl çəkmir. Elə bil gecə vaxtı başqa dərd-sərimiz yoxdur. Onsuz da yolda qalmışıq, tərpənə bilmirik.
– Yolda qalmışıq?
– Hiss eləmirsiniz? Qatar xeyli vaxtdır ki, dayanıb. Bayırda şiddətli çovğun var, qar qatarın hərəkətinə mane olur. Allah bilir, burada nə qədər ləngiyəcəyik!
– Bəs indi hardayıq ki?
– Vinkovci[9] ilə Brod[10] arasında.
– Vay-vay! – Puaro narahatlıqla başını buladı.
Bələdçi çıxıb əlində bir şüşə mineral su ilə qayıtdı.
– Gecəniz xeyrə qalsın, müsyö! – deyib getdi.
Puaro sudan içib yerinə uzandı. Elə təzəcə gözünə yuxu getmişdi ki, onu yenə oyatdılar. Bu dəfə sanki ağır bir şey kupenin qapısına dəyib yerə düşdü. Tez yerindən sıçrayıb dəhlizə çıxdı. Qeyri-adi bir şey gözə dəymirdi; dəhlizin sağ tərəfində qırmızı kimonoya bürünmüş bir qadın görünüb yox oldu. Sol tərəfdə isə qatar bələdçisi öz kətilində oturub əlindəki uzun kağıza nəsə yazırdı. Ətrafa sanki ölüm sükutu çökmüşdü…
«Yəqin, əsəblərim korlanıb» – Puaro öz-özünə fikirləşib kupeyə girdi, yerinə uzanıb bərk yuxuya getdi və bir də səhər oyandı…
Yuxudan duranda qatar hələ də yerindən tərpənməmişdi. O, pərdəni qaldırıb pəncərədən çölə nəzər saldı. Qar yolu bağlamışdı.
Saat 09:45-də Puaro həmişəki kimi səliqə-sahmanla geyinmiş halda vaqon-restorana daxil oldu. Sərnişinlər giley-güzar eləyirdilər. Hamıdan çox şikayətlənən isə missis Habbard idi:
– Qızım məni əmin eləmişdi ki, bu ən rahat yoldur. Qatara minirsən, gözünü yumub-açmamış Parisdəsən. İndi, Allah bilir, burada nə qədər ləngiyəcəyik. Gəmim birisi gün limandan yola düşəcək. Yəqin ki, yetişə bilməyəcəyəm! Bileti qaytarmağa da imkan yoxdur.
Hər tərəfdən onun səsinə səs verdilər.
Cənab Buk gözə dəymirdi. Puaro ətrafa nəzər salıb sərnişinlərdən bəzilərinin də vaqon-restoranda olmadığını gördü; knyaginya Draqomirova, macar cütlük, cənab Retçett və onun lakeyi, bir də alman mürəbbiyə yox idi.
– Biz indi hansı cəhənnəmdəyik? – missis Habbard əsəbiləşmişdi.
Onu başa saldılar ki, dayandıqları yer Yuqoslaviya ərazisidir.
– Aydın məsələdir! Balkan ölkələrindən yaxşı nəsə gözləmək olar?!
– Deyəsən, burdakılardan ən səbirlisi sizsiniz, – Puaro yanında dayanmış Meri Debenhemə dedi.
– Sadəcə, hisslərimi cilovlamağı bacarıram.
Qız bu sözləri deyərkən Puaronun üzünə baxmırdı, gözlərini pəncərəyə dikmişdi, sanki öz-özünə danışırdı.
– Yox, məncə, burada ən güclü xarakterə sahib insan sizsiniz.
– Nə danışırsınız! Mən daha güclü birini tanıyıram…
– Kimdir ki o?
Qız birdən özünə gəldi, yad adamla danışdığının fərqinə varıb tez-tələsik dilləndi:
– Elə götürək, o yaşlı xanım. Görün, necə çirkindir, amma bütün vaqon əmrinə müntəzir dayanıb.
Bu vaxt başqa bir vaqonun bələdçisi Puaroya yaxınlaşıb dedi ki, cənab Buk onu öz kupesində gözləyir. Onlar kupeyə girəndə Buk küncdəki skamyada oturmuşdu. Pəncərənin ağzında isə qarabuğdayı bir kişi əyləşmişdi. Qatar rəisi ilə Puaronun vaqonunun bələdçisi də ayaq üstə dayanmışdılar.
– Əziz dostum! – Buk, nəhayət, dilləndi. – Sizə işimiz düşüb.
– Nə baş verib?
– Daha nə olacaq! Onsuz da qatar yolda ilişib qalıb. Bu da bir tərəfdən… Sərnişinlərdən birinin cəsədi tapılıb!
– Hansı sərnişinin?
– Amerikalı… Görüm, onun adı nə idi… – Buk əlindəki siyahıya baxıb dedi. – Hə, cənab Retçett…
– Bu, ciddi məsələdir, – Puaro mızıldandı.
– Əlbəttə, ciddidir! Qətl hadisəsi böyük bədbəxtlikdir. Üstəlik, qatar hava şəraiti ucbatından hərəkət eləyə bilmir. Bəlkə, saatlarla, hətta günlərlə burada ləngidik. Demək olar ki, bütün ölkələr ehtiyac yarananda öz ərazilərindən keçən qatarlara yerli polis nümayəndələri göndərirlər, amma Yuqoslaviya istisnadır! Başa düşürsünüz ki, bu, vəziyyəti necə çətinləşdirir?
– Təsəvvür eləyirəm, – Puaro dedi.
– İş bununla da bitmir. Həkim Konstantines, – Buk bunu deyib pəncərənin yanında oturmuş qarabuğdayı kişini göstərdi, – belə hesab eləyir ki, ölüm hadisəsi gecə saat 1 radələrində baş verib.
– Əslində, bu cür hallarda dəqiq vaxtı müəyyənləşdirmək çətindir, – həkim dilləndi. – Ancaq deyə bilərəm ki, mərhum gecə saat 12 ilə 2 arasında öldürülüb.
– Cənab Retçetti axırıncı dəfə saat neçədə sağ görüblər? – Puaro soruşdu.
– Gecə 1-ə 20 dəqiqə qalmış o, bələdçi ilə danışıb, – Buk cavab verdi.
– Doğrudur, – Puaro dedi. – Onların söhbətini mən də eşitmişdim, – sonra üzünü həkimə tutub soruşdu:
– Sizə başqa nə məlumdur?
– Retçettin kupesinin pəncərəsi açıq idi. Qatilin oradan çıxıb qaçdığını güman eləmək olar. Amma, məncə, qatil pəncərəni qəsdən açıq qoyub ki, fikri yayındırsın. Əgər o, pəncərədən qaçsaydı, qarın üstündə ayaq izləri qalardı, ancaq iz-filan yoxdur.
– Bəs cəsədi nə vaxt tapıblar?
– Mişel! – cənab Buk bələdçini çağırdı. – Baş verənləri bu cənaba yerli-yataqlı danışın.
– Cənab Retçettin