görə, «Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir». Daha sonra «millətə xain çıxan» sənətkar bunları deyir:
«– əminəm ki, XX–XXI əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir;
– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;
– torpaqlar əhali ilə birlikdə qayıdır. Hansı millətdən olursa-olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır;
– erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış müharibənin qurbanıdır».
Qəzet köşkünün satıcısı demişkən, axı burda nə var ki? Hamının bildiyi və mətbuatda dəfələrlə yazılmış belə sadə şeyləri anlamaq üçün bəyəm böyük siyasətçi olmaq lazımdır? Deyəsən, bu suala cavabda məşhur filmdəki «sənin sifətin mənim heç xoşuma gəlmir» məşhur ifadəsini yada salmadan keçinmək olmayacaq.
Təbii ki, bütün bunlar adamda təəssüf doğurur, düşündürür və məyus edir. Onsuz da millətin ruhunu ifadə edən ziyalıları bir-bir vurub sıradan çıxardığımız bu günlərdə yaxın və uzaq çevrəmizdə məyusedici olaylar baş verir. O cümlədən Qarabağ məsələsi ilə bağlı bizə xoş olmayan xəbərlər eşidirik. Nə qədər ağır olsa da, yazını həmin xəbərlərdən biri ilə bitirmək zorundayam.
«ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Qətnamədə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir. Bu sənəddə ABŞ prezidenti və Konqresinə «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımağa çağırış yer alır».
Eeeyy!! Cənab deputatlar, uzaqgörən «siyasətçilər», «politoloqlar», «ekspetlər», köşə yazarları, hardasınız?
«Dəmir ledi» əfsanəsi
tarixə qovuşur, amma M.Tetçer həqiqəti yaşayır
Mən onu ilk dəfə 1992-ci ilin payızında Bakıya səfəri zamanı «Gülüstan» sarayında lap yaxından görmüşdüm. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin məsləhətçisi kimi Bakıya xeyli ümidlər doğuran səfərindən geniş reportaj hazırlamışdım. «Xəbərlər» in gecə buraxılışında isə ayrıca şərhlə çıxış etmişdim. Şərhin yadımda qalan təxmini motivi bu idi ki, ingilisləri Bakıya çəkib gətirən neft qoxusudur və xanım Tetçerin də səfəri 1918-ci ildə ingilislərin yarımçıq qalmış niyyətlərini gerçəkləşdirmək üçündür. Belə yanaşmaya «mız» qoyan olmadı. Onda məmləkətimiz gerçək müstəqilliyin eyforiyasını yaşayırdı, televiziyada da azadlığın hüdudları kifayət qədər geniş idi…
Böyük Britaniya tarixində ilk və hələlik yeganə qadın baş nazir, son 150 ildə ən uzunömürlü hökumətin başçısı olmuş Marqaret Tetçerin adı ötən əsrin axırlarında bütün dünyada bir əfsanə kimi dolaşırdı. Avropada onu güzəştsiz siyasət cəngavəri sayır, Amerikada ondan heyrətlə danışırdılar, üçüncü dünya ölkələrində isə bu ingilis xanımına, sadəcə qibtə və həsədlə baxırdılar. Mediada və siyasət mərkəzlərində ona əbəs yerə «Dəmir ledi» ləqəbini verməmişdilər. O, ənənəvi siyasətin gücünə və özünün polad iradəsinə arxalanaraq bütün fəaliyyəti boyu yaddaşlardan silinməkdə olan orta əsr İngiltərəsinin möhtəşəm obrazını dirçəldib təqdim etməyə çalışırdı. İnadkarlığına və sərtliyinə görə siyasətçilər onu, həm də «parlaq tiran» (H.Macmillan) və «İngiltərədə ən yaxşı kişi» (R.Reyqan) adlandırırdılar.
M.Tetçerin «Şər imperiyası» adlanan SSRİ-dən zəhləsi gedirdi, sovet sistemini və kommunizmi bütün Avropa üçün böyük təhlükə sayırdı. Lakin M.Qorbaçov «yenidənqurması»ndan sonra münasibətlər bir az ilıqlaşmışdı. Sovet ictimaiyyəti ilk dəfə onunla 80-ci illərin axırlarında üz-üzə görüşə bildi. M.Tetçer həmin dövrdə Moskvaya səfərə hazırlaşırdı, həmin səfər ərəfəsində isə Mərkəzi televiziya Böyük Britaniyanın baş naziri ilə bir müsahibə hazırlamışdı.
Həmin müsahibəni televiziyada sovet ideologiyasını tərənnüm edən dörd nüfuzlu siyasi icmalçı aparırdı. Qeyri-bərabər döyüşə bənzəyən və etik qaydaların tez-tez pozulduğu bu müsahibə mənim heç yadımdan çıxmır. Kişilər bir-birilə bəhsə girərək xanım Tetçerə suallar yağdırır, protokol müsahibəsinin hədlərini keçərək onunla mübahisəyə girişir, Qərbin demokratiya dəyərləri barədə baş nazirin arqumentlərini «heçə çıxarmağa» çalışırdılar. Bu qeyri-bərabər «döyüşdə» Tetçer nə qədər gözəl, ağıllı və məğrur görünürdü. O, briqada üsulu ilə üzərinə tökülmüş sovet jurnalistlərinin hücum xarakterli suallarına ağılla, təmkinlə, məntiqlə və həm də onu bir az da gözəlləşdirən təbəssümlə cavab verirdi. Uzun illər sovet adamlarına «mənfur» imperializmin dayaqlarından biri kimi təqdim edilən dövlətin təmsilçisi tamaşaçıların gözü qarşısında sülh göyərçini kimi qanad açıb uçurdu. O, ingilis hiyləgərliyi ilə deyil, dərin ağlının, zəkasının işığı ilə insanların qəlbini fəth edirdi. Həmin illərdə Tetçer təkcə ekran müsahibəsi ilə yox, Moskvaya səfəri, bu səfərin gedişində qeyri-standart davranışı ilə də sovet adamlarının gözündə böyük siyasətçi obrazını təsdiqləmişdi.
Hakimiyyətə gələndən iki il sonra, 1981-ci ildə keçirilmiş ictimai rəy sorğusunda məlum oldu ki, M.Tetçer Britaniya tarixində ən az sevilən baş nazir imiş (rəqibləri onu cəmiyyəti varlılara və kasıblara bölməkdə ittiham edirdi, lakin sonralar o, qaza, neftə, polada, telefona, hava yollarına dövlət monopoliyasını ləğv edərək bu sahələri özəlləşdirdi). Ancaq bircə il keçdi və Argentinaya qarşı Folklend müharibəsini udandan sonra onun Mühafizəkarlar partiyası parlament seçkilərində çox parlaq qələbə qazandı. Məhz bu müharibə onun siyasi bioqrafiyasında və İngiltərənin müasir tarixində möhtəşəm səhifəyə çevrildi.
Xanım Tetçer bu müharibədə sözün əsl mənasında qibtəediləsi qətiyyət, güclü xarakter və tükənməz enerji nümayiş etdirdi. Folklend sahillərində Britaniyanın iki hərbi gəmisini batırması Argentinaya baha oturdu. Tetçer bütün hərbi-dəniz donanmasını və ölkə kəşfiyyatını ayağa qaldıraraq müstəmləkəçi əcdadlarının ruhunu dirçəltdi. O təkcə Argentinanı dizi üstə qoymadı, həm də onunla gizli əlaqəsi olan Avropa dövlətlərinin gözünün odunu aldı. İlk növbədə Peruya gəmivuran raketlər satmış Fransanı divara dirədi, qos-qoca Mitteranı hədələdi, NATO üzrə müttəfiqlərinə sərt mesajlar verdi. Qarşı tərəfə gizli rəğbətinə görə SSRİ-ni də cavabsız qoymadı. Nəticədə artıq 1982-ci ilin iyulunda Britaniya Folklend