deyir. Çəkiliş qrupu Maskın arxasınca X.com-un ofisinə girir, özündənrazı İlonun ağzından yeni incilər tökülür: “Mən adi bankir çərçivəsinə sığmıram’’, “50 milyon nə puldur ki? Telefonla bir-iki zəng etsəm, pullar əlimdə olacaq’’, “X.com milyard dollarlıq şirkət olacaq’’.
Mask McLaren-i Floridada bir avtomobil qalereyasından satın aldı. Maşına hamıdan əvvəl Ralf Loren[10] göz qoymuşdu, ancaq Mask son anda daha erkən davrandı. Loren kimi çox varlı adamlar McLaren-ə xüsusi hallarda minir, özəl günlərdə və bazar gəzintilərində sürürlər. Amma Mask onlar kimi deyildi. O, maşını ilə bütün Silikon Vadisini başdan-ayağa gəzdi. Onu X.com-un ofisləri önündə saxlayırdı. Sənət əsəri sayılan bu maşını göyərçinlərin batırıb pis günə qoyduqlarını və onu Safeway supermarketinin önündə görənlər dəhşətə gəlirdilər. Mask bir gün McLaren-in sahibi, Oracle korporasiyasının (120 min insanın çalışdığı, Microsoft-dan sonra dünyanın ikinci proqram şirkəti – İ.N.) qurucusu Larri Elisona (Larry Ellison) e-mail yazıb onu trekdə yarışmağa dəvət etdi. Sürətli avtomobillər “xəstəsi’’, milyarder Cim Klark (Jim Clark, 1944, Netscape korporasiyasının qurucusu – İ.N.) bu dəvətdən xəbər tutub dostlarından birinə deyir ki, gedim Ferrari mağazasına dəyim, görüm onlarla rəqabət edəcək nə alıram. Mask artıq “Böyük adamlar klubu”nun üzvü olmuşdu. Yaxın dostu, iş adamı Corc Zakari (George Zachary) belə deyirdi: “İlon həyəcanlı idi. Mənə Larri ilə yazışmasını göstərirdi’’.
Bir il sonra investorlardan biri ilə görüşə gedirdi. Sand Hill yolunda yanındakı dostuna “Bir buna bax’’ deyərək qaz pedalını sona qədər basdı. Yan cərgəyə keçərək spin atdı (əl əyləcini çəkib avtomobili yerində fırlatmaq – İ.N.) və yol hasarına çırpıldı. Zərbənin gücü ilə maşın havada uçan boşqab kimi dönməyə başladı. Pəncərələr çilik-çilik, korpus və təkərlər parça-parça oldu. Yenə dostuna tərəf dönüb belə dedi: “Ən gülməlisi odur ki, maşının sığortası yoxdur’’. Görüşə yoldan keçən bir maşınla getdilər.
Xoşbəxtlikdən Mask pleyboy obrazına qismən münasib idi. Zatən Zip2-dən əldə etdiyi gəlirin böyük hissəsini X.com-a yatırmışdı. Bunun səbəbləri vardı. Vergi qanunvericiliyinə görə, investorlar mənfəəti ancaq ilk iki ayda qazanarlarsa, rahat istifadə edə bilirlər. Mask da X.com-a 12 milyon dollar qoydu, vergiləri çıxandan sonra da şəxsi xərcləri üçün özünə 4 milyon ayırdı. Zip2-nin keçmiş əməkdaşı, sonradan X.com-un təsisçilərindən biri olan Ed Ho Mask haqda belə deyir: “Bu onu sıravi insanlardan ayıran sərhəddir. Mask ağlasığmaz riskə getməyə qorxmur. Belə bir riskə gedənin ya tale üzünə güləcək, ya da gecələrini avtobus dayanacağında keçirəcəkdi’’.
Maskın X.com-a bu qədər böyük vəsait yatırması sonradan baxanda daha da anlaşılmaz görünür. 1999-cu il “.com’’ uğuruna belə baxmaq lazımdır – o özünü bir dəfə isbat etdi, sonra bir neçə milyon qazandı və bununla da insanları növbəti işinə pul qoymağa inandırdı. Mask kənardan investorlara güvənsə də, əsas yatırımı özü qoydu. Ona görə də Mask televizorda bütün “.com’’ oyunçuları kimi danışsa da, əməldə Silikon Vadisinin ilk illərindəki kimi bütün məsuliyyət və riski öz üzərinə götürmüşdü. Intel də o zaman belə bir qərar vermişdi.
Zip2 faydalı bir ideya idi. X.com isə böyük və inqilabi dəyişikliklər edəcək bir şirkət. Mask bütün stereotipləri alt- üst etdiyindən onunla maliyyə cəhətdən güclü qurumlar arasında qarşıdurma yaranırdı. Belə çətin biznesə başlamazdan əvvəl özünəxas tərzini “itiləməyə’’ başladı. Bu biznesin xüsusiyyətlərini bilməməsi onu ürkütmürdü. O, bankirlərin işlərini yanlış gördüklərini düşünür, onlardan daha yaxşı bacaracağına inanırdı. Maskın eqosu və özünə olan inamı bəzilərini valeh edir, bir çoxlarını isə qorxudurdu. X.com-un quruluşu Maskın həm kreativlik və inadı, həm də konfrontasiyaya getmək və idarəçi kimi zəif yerləri haqda çox şey deyəcəkdi. O qurduğu şirkətdən atılmağın necə ağır bir şey olduğunu anlayacaq, ideyalarının həyata keçməməsinin acısını yenidən dadacaqdı.
X.com-u qurmaq üçün Mask özünün ulduzlar komandasını topladı. Ho SGI və Zip2-də mühəndis kimi çalışmışdı və iş yoldaşları onun kod (proqram) yazmaq məharətini və kollektiv çalışma stilini çox təqdir edirdilər. Komandaya maliyyə sektorundan iki kanadalı – Harris Friker və Christopher Payne dəvət olundu. Mask Frikeri Bank of Nova Scotia-dan tanıyırdı və onlar tez ümumi dil tapdılar. Rods təqaüdçüsü[11] Friker X.com üçün vacib olan bankların çalışma mexanizmləri haqda bilgilər gətirdi. Payne Frikeri Kanadadan tanıyırdı. Elə bu dörd nəfər də X.com-u təsis etdi, Mask da qoyduğu böyük miqdarda sərmayə ilə onun ən böyük səhmdarı oldu. Şirkət Silikon Vadisi ənənələrinə görə “beyin fırtınasının’’ aparıldığı bir mənzildə yarandı. Sonra isə Palo-Altodakı Universitet prospekti, 394 adresindəki ofisə keçdi.
Təsisçilər bank sisteminin zəmanədən geri qaldığı qənaətində idilər. İnternet çağında bank şöbəsinə gedib kassirlə danışmaq çox arxaik görünürdü. Bütün fikirlər qulağa xoş gəlirdi, amma Mask və komandasını saxlayan yeganə şey reallıq idi. Maskın bank sferasında təcrübəsi çox azdı, ona görə də kitablar alır, işin daxili mexanizmlərini anlamağa çalışırdı. Fəaliyyət planını hazırladıqca hüquqi-normativ məsələlərin keçilməz sədd olduğunu daha çox başa düşürdü. O günləri Ho belə xatırlayır: “Dörd və ya beş ay keçmişdi, biz isə elə hey yerimizdə sayırdıq’’. Təsisçilər hansısa bir mərhələdə problemi həll etməyin ən sadə yolunun bir bank alıb onu öz bildikləri kimi yenidən qurmaq olduğunu düşünmüşdülər. Bu yolla getmək alınmadı. Onlar Bank of America-nın maliyyə şöbəsinin təcrübəli rəhbəri ilə əlaqə yaratdılar, o, kreditləşmənin çətinlikləri, pul köçürmələri və hesabların qorunması haqda xeyli suala aydınlıq gətirdi.
Aralarında şəxsi münaqişələr başladı. Mask Silikon Vadisinin gələcək vəd edən super-starı idi, mətbuat onu sevirdi. Bu, Frikerin xoşuna gəlmirdi. O, Kanadadan gəlmişdi və özünü bank sehrbazı kimi göstərmək üçün X.com yaxşı bir fürsət idi. Çox adam Frikerin şirkəti idarə etmək istəyindən danışırdı. O, Maskın bütün bank sistemini yenidən qurmaq fikrini sarsaq fikir adlandırır, şirkətin üzərinə çox böyük vəzifə qoyduğunu deyirdi: “Biz mətbuata günəş, ay və ulduzlar vəd etmişdik. İlon klassik biznes mühitindən və alışdığımız işgüzar düşüncədən imtina etməyi təklif edir. O, “Xoşbəxtlik fabriki” qurub Silikon Vadisinə nasosla xoşbəxtlik vuracağını deyir’’. Friker Maskı işlərini ifrat dərəcədə reklam etməyə, qalmaqal yaradaraq kütləyə oynamasına görə günahlandırırdı. O, Maskı günahlandıran sonuncu adam olmayacaqdı. Ancaq bunların Maskın çatışmazlığımı, yoxsa məziyyətimi olduğu mübahisəli məsələ idi. Bəlkə də, bunlar Maskın bir iş adamı kimi böyük istedadının göstəricisi idi.
Frikerlə Mask arasındakı dava çox tez və çirkin bir şəkildə sonlandı. Şirkətin qurulmasından beş ay sonra Friker üsyan qaldırdı. Mask o hadisəni belə xatırlayır: “Friker CEO olmaq istəyirdi, əks təqdirdə hamını özü ilə aparıb başqa bir şirkət quracaqdı. Mən də “bir şantajın əskikdi” dedim, “get və qur”. O da getdi’’. Mask Ho ilə bəzi önəmli adamları saxlamağa çalışsa da, onlar Frikerin tərəfini