Ариф Алиев

Sənət əbədidir, ömür amanat


Скачать книгу

“çağırılmamış qonaqları” təqdim etdi:

      – Təhlükəsizlik tədbirləri gömrək üçün göndəriliblər, zala, sexlərə, çardağa, zirzəmilərə baxış keçirəcəklər, girişləri-çıxışları yoxlayacaqlar.

      Təxminən 30–35 yaşlarında hündür, möhkəmbədənli kapitan mənalı-mənalı gülümsəyib əlavə etdi:

      – Ehtiyac yarandıqca adamlarla da söhbət edəcəyik.

      Ədil İskəndərov başa düşdü ki, deyilən yoxlama Mərkəzi Komitənin birinci katibinin teatra gəlişinə hazırlığın tərkib hissəsidir, yəni qaçılmazdır və çiyinlərini çəkdi:

      – Bircə xahişim olacaq ki, məşqə mane olmasınlar.

      Kapitan yanındakı yaşca özündən böyük, boyca kiçik çopur həmkarına baxdı və qulağının dalını qaşıdı:

      – Çalışarıq. Amma bir şərtlə ki, siz də bizə mane olmayasınız.

      Rejissor bu həyasız cavaba əhəmiyyət vermədi. Əhəmiyyət verib nə deyəsiydi: dövran onların dövranı idi.

      Ədil İskəndərov direktora üz tutdu:

      – Bağışlayın, bir azdan məşq başlayır, hazırlaşmalıyam, – deyib pilləkənə tərəf getdi.

      Artıq il yarımdan çoxdu Stalinin “sosializm quruculuğu yolunda sinfi mübarizənin kəskinləşməsi” doktrinası cəmiyyət həyatının bütün sahələrinə hakim idi. Hamı qorxu içində yaşayır, bir-birindən şübhələnirdi, hər yerdə təxribat, düşmən, diversant, casus, xain, satqın, ziyankar, quyruqbulayan axtarırdılar. Partiya və dövlət aparatının bütün səyləri məhz buna yönəlmişdi və işin başında şəxsən Mircəfər Bağırov özü dayanırdı. Ötən il o, Moskvada kommunistlərin fevral-mart plenumundan qayıdandan sonra Azərbaycanda plenum çağırmışdı. Yerli bolşevikləri əks-inqilabla mübarizəyə qaldırmışdı. Radio səhərdən-axşama Bağırovun Bakı partiya komitəsinin toplantısındakı alovlu çıxışından sitatlar gətirirdi. Çox vaxt da reproduktorlar dinləyicilərlə rəhbərin öz səsi ilə danışırdı. Dediklərinin yaxşı yadda qalması, beyinlərə həkk olması üçün o hər sözü ayrıca, vurğu ilə ifadə edir, sanki imla deyirdi:

      “Rəhbər… öz işçilərinə… cavabdehdir!.. Əgər rəhbər… özünü… ziyankarlarla… çürüklər… və digər… əclaflarla… əhatələyibsə… və bütün… bunları… görmürsə… o… rəhbər… deyil… o… bolşevik… deyil… o… “şlyapadır”… bəlkə də… düşməndir!..”

      “Biabırçılıqları… harda… aşkar edək… deyə… sual verən… yoldaşlara… deyim ki… onları… rayonlarda… idarələrdə… məktəblərdə… sexlərdə… qazma idarələrində… kolxozlarda… traktor briqadalarında… maşın-traktor stansiyalarında… ali təhsil ocaqlarında… teatrlarda… kinolarda… hər yanda… düşmənin… nüfuz etdiyi… yerlərdə… nüfuz etməyə… çalışdığı… və ya… çalışacağı… yerlərdə… tapa… bilərsiniz!..”

      “Partiyamız… sosialist… vətənimiz… uğrunda… qəddar… düşmənlərimizlə… ölümünə… mübarizə… aparmaq… gərəkdir!.. Söhbət… bundan gedir… Sərhəd… respublikası… olduğumuza görə… Azərbaycan… çoxmillətli… olduğuna görə… hər şübhəli… şəxsi… partiya düşməni… satqın… xain… casus kimi… gözdən… keçirməliyik!..”

      Mərkəzi Komitənin mədəniyyət və leninizmin təbliği şöbəsi qəzetlərdə Bağırovun çıxışının bu hissələrinin altından qırmızı xətt çəkib onları xüsusi poçtla idarə, müəssisə və təşkilatlara göndərmişdi.

      Dram Teatrının direktorunun otağında, pəncərənin qabağındakı qara qovluqda da bu qəzetlərdən biri var idi. Arada isə Mərkəzi Komitədən, qəzetlərdən zəng vurub irad bildirirdilər: “Sizdə xalq düşmənlərinin ifşası zəif gedir!” Ümumiyyətlə, mətbuat “düşmən axtarışı” yarışında hamıdan öndə addımlayırdı. Redaksiya materiallarının qısa və amansız başlıqları atəş kimi səslənirdi: “Casusları ifşa etməli!”, “Ziyankarların kökünü kəsməli!”, “Xainlərə ölüm!”…

      Şəkil 3.1.

      Şəkil 3.2.

      Respublikada kütləvi repressiyalar başlamışdı. “Vətən xainləri”nin üzə çıxarılması üzrə plan qoyulurdu, həbs olunanlar və güllələnlərin limiti təsdiqlənirdi. Daha təhlükəli sayılan “casus”lar, “ziyankar”lar inzibati qaydada yaradılmış “troyka”ların qərarı ilə məhkəməsiz ölümə məhkum edilirdilər, qərar yubadılmadan icra olunurdu.

      Bu tuthatutda, bu çataçatda yaxarıdan göndərilən siyahılara hər əli qələm tutan öz düşmənlərinin də adını salırdı. Ona görə “birinci”nin kabinetindən çıxan min nəfərlik siyahı icraçının əlinə düşənə qədər üçqat-beşqat şişirdi. Kim idi araşdıran? Onsuz da ağlagəlməz işgəncələrlə nəyi desən, kimin desən boynuna qoymaq olurdu!

      Təbii ki, belə genişmiqyaslı repressiya Dram Teatrından da yan keçməmişdi. Teatrın keçmiş direktoru Əli Kərimov… Aktyorlar Abbas Mirzə Şərifzadə… Ülvi Rəcəb… Panfiliya Tanailidi… Hələ nə qədər aktyor və rejissorun “düşmən” çıxarılacağı, nə qədər qan axıdılacağı məlum deyildi. Düşmənlərin nə zaman qırılıb qurtaracağını, “sinfi mübarizənin” səngiyəcəyini heç kəs bilmirdi.

* * *

      NKVD işçiləri, həqiqətən, sexləri, zirzəmiləri yoxlamaqdan çox, adamlarla söhbət edirdilər. Xidməti girişlə üzbəüz otaqda “ştab” qurmuşdular. Qapını açıq saxlayırdılar, gələni-gedəni görürdülər. Otağa adam girəndə çopur köməkçi çıxıb foyedə gəzişir, sanki keşik çəkirdi. Kapitanın aktyorlar Rza Darablı və Ağahüseyn Cavadovla söhbəti daha uzun çəkmişdi. Bir də ki Mədinə adlı gənc aktrisanı gün ərzində iki dəfə yanına çağırtdırmışdı. İkinci dəfədə qapını örtmüşdü. Yaxşı ki bütün bunlar məşq prosesinə təsir göstərmirdi: Rza ilə Ağahüseynin “Vaqif” tamaşasında rolları yox idi, Mədinənin yalnız bir-iki yerdə kütləvi səhnədə iştirakı lazımıydı. Bununla belə, Ədil İskəndərov aktrisaya görə narahatlıq keçirirdi. Çünki qızın Şərifzadədən 12 gün sonra həbs olunmuş Panfiliya Tanailidi ilə yaxınlığını bilirdi…

      Səhnədə isə vəzir Qacara dil tökürdü:

      – Buyuruq sizinkidir, adil hökmdar!

      Sizdə fəzilət də, ədalət də var.

      Amma gözünü qan tutmuş hökmdar ovunmurdu:

      – Xeyr, fəzilətdən dəm vurma, vəzir,

      Dayan bir qul kimi əmrə müntəzir!

      Bil ki, balıq qədər qanım soyuqdur,

      Min vəz eləsən də, mənası yoxdur!..

      Zalda, birinci cərgədə əyləşmiş rejissor kiminsə qoluna toxunduğunu hiss etdi və gözlərini açdı. Səməd Vurğun idi.

      – Ayə, “yatırsansa”, deməli, vəziyyət yaxşıdır, – şair pıçıldıdı.

      Ədil