İnsanlar qədimdən öz ənənələrinə əməl edirdilər, təəssüf ki, indi bunların bir çoxu yaddan çıxıb.
Böyük Çölün genişliyinin nə demək olduğunu bilməyən xakaslar, altaylılar, buryatlar qədim türk dünyasının sirr və qalıqlarının daimi qoruyucularına çevrildilər. Əlbəttə, onların tarixi yaddaşı zəiflədi, çox şey unuduldu, lakin onlar hər gün əcdadlarının ayaqlarının istisini qoruyan torpağın üzərində gəzir, həmin dağları və eyni ilahi gözəlliyə malik səmanı müşahidə edirlər.
Əlbəttə, Altayda hər dağ silsiləsi nəzərə çarpmırdı. Biz heç vaxt bilməyəcəyik ki, dağ necə müqəddəs bir məkana çevrilirdi, bunu dərk etmək hər kəsə müyəssər də olmur. Lakin hər bir türk babalarının sitayiş etdiyi yüksəklikləri tanımağa məcburdu; bu, Kaylasdır, Xan Tenqridir, Üç Sümərdir, Borusdur…
Bəli, bizim Vətənimiz – Çöldür, lakin beşiyimiz – Altaydır.
İki min il yarım bundan əvvəl burada türklər Əbədi Göy Rəngdə olan səmanı görmüş və onu Tenqri adlandırmışdılar… Biz də həyatımızda, heç olmasa, bir dəfə Altayda olmalı, onun sərin bulaqlarından su içməli, buradakı göyə baxmalıyıq – dünyanın ən təmiz səmasına. Bunu özümüzün dəyişməyimiz üçün etməliyik.
60-cı illərdə Altayda, Ulalinka çayının kənarında akademik A.P.Okladnikov Rusiya ərazisində ən qədim insan məskəni tapdı. Onun iki yüz min il tarixi vardır! Məhz həmin dövrdə elə bir mədəniyyət formalaşmağa başladı ki, fin-uqor, koreya, türk və başqa xalqların yaranmasına gətirib çıxartdı.
Düzdür, Ulalinka məskəni üstündə bəzi arxeoloqlar “mübahisə” edirlər: onların iddiasına görə, daha qədim dövrdə yaşayan türklərin izinə rast gəliblər! Qoy belə olsun. Lakin Okladnikovla həmkarlarının xidməti kəşfin özündə deyil; məsələ ondadır ki, bu akademik türk mədəniyyətinin formalaşmasını qədim dövrdən başlayaraq izləyən birinci alimdir. Onun tədqiqatının qiyməti də məhz bundadır, tədqiqatçı alim anı və əbədiyyəti birləşdirmişdir!
Okladnikov öz kəşfini çox çətinliklə sübuta yetirdi. Senzorlar köpəkbalığı kimi elmin hər bir kiçik kanalını belə güdürdülər! Türk mədəniyyətinin hətta adını çəkməyə icazə vermirdilər. Amma eyhamla danışmaq olardı. Beləliklə də “Altay”, “Sibir” mədəniyyətləri yarandı. Belə yalançı baxışların sayı artdı və geniş yayıldı. “Mixaylovski”, “Dyakovski” və digər mədəniyyətlər yarandı. Ancaq hamı gözəl bilir ki, xalqsız mədəniyyət olmur.
Gözəl alim, professor S.İ.Rudenko da belə bir sınaqdan keçdi. Fikrimcə, o bildiklərinin və tapıntılarının heç yarısını da söyləmədi. Buna icazə vermədilər. Lakin onun istedadı sayəsində bu gün Altay haqqında demədiklərinin bəzilərini müəyyən etmək mümkündür.
İnanıram ki, Rudenko və Okladnikovu nə vaxtsa arxeologiyanın klassikləri adlandıracaqlar[8]. Onların əsərlərindən tələbələr alim etikasının nə olduğunu öyrənəcəklər. Burada irsi türklərdə çatışmayan elm, vətəndaş mövqeyi, cəsarət var!
Rusiyada ədalətli tədqiqatçılar az olmayıb, lakin həqiqi elmdən uzaq olan akademik “generallar” həmişə onları nəzarətdə saxlayırdılar. Onlar bu “generalların” zəhlətökən diqqətindən birtəhər can qurtarıb işləyirdilər. Lakin türkoloqların vəziyyəti yüzqat ağır idi, onlara hər hansı alimi istənilən vaxt pantürkizmdə günahlandırmağa hazır olan xüsusi “beynəlmiləlçilər” nəzarət edirdilər. Bu cür ittihamların sonu isə həbsxana, sürgün, ən yaxşı halda işdən uzaqlaşdırmaq idi… “Pantürkizmin” nə demək olduğunu isə heç kəs bilmirdi. Pis “pantürkizmin” yaxşı “panslavizmdən” fərqi nədə idi? Onu da izah etmək mümkün deyil. İkisi də mənasızdı!.. Vaxtilə bu cür axmaq siyasət nəticəsində nə qədər maraqlı işlər elmdən kənara atılmışdı!
Məsələn, qazax akademiki A.X.Marqulan istədiyi əsərləri yaza bilmədi, hansı ki onlar adamı heyran edə bilərdi. Alim onlarca qədim türk şəhərinin yerini müəyyənləşdirmişdi. Bunlar meydanları, kanalları, məbədləri olan şəhərlər idi… O bu mövzunu qapatmalı oldu, çünki Moskva və Alma-Ata Böyük Çöldə türk şəhərlərini, burada yaşayan xalqın nailiyyətlərini yox, “vəhşi köçəriləri” və “əclaf tatar” ordusunu görmək istəyirdi.
Altay və Böyük Çöl çox zəif tədqiq edilib. Alimlər təsadüfi tapıntılarla kifayətlənməli olublar, baxmayaraq ki bu tapıntılar da tarixi baxımdan kifayət qədər inandırıcıdır.
Genişqəlbli, əliaçıq Altay öz incilərini tələsmədən, tədricən üzə çıxarırdı. İlk baxışdan sadə görünən mis əşyalar burada metal əridilməsinin nə vaxtdan başlandığını müəyyənləşdirməyə kömək etdi. Tunc dövrü altaylıları məşhurlaşdırmadı, çünki digərlərində olanlar onlarda da var idi. Lakin Tunc dövrü başqa bir hadisə ilə maraqlıdır: həmin vaxt xalqların ilk köçü baş verdi; bəzi tayfalar Altaydan köçdülər və sonralar Avropanın şimalında məskunlaşdılar. Onların kökü türklərlə birdir.
Ön Uralın qədim şəhərləri olan Sintaşt və Arkaimdə aparılan qazıntılarda həmin dövrün tarixini yaxşı oxumaq olar: orada onlarca metalişləmə izlərinə, əritmə sobalarından mis əşyalara qədər rast gəlinir. Ola bilsin ki, türk mədəniyyəti məhz bu ərazilərdən başlayıb.
Lakin başqa bir ehtimal da var. Ural yalnız onun start meydanı idi. Əsasını isə Altaydan götürmüşdü. İki min il yarım bundan əvvəl Tenqri Allahı burada türk xalqına Dəmir dövrünü bəxş etmişdir. Fantastik hadisədir! Birinci metallurqun kimliyi naməlumdur. Ola bilər ki, onun adı elə Dəmir olub. Ona heykəl qoymaq lazımdır. O və onun kəşfi – dünyada ilk kürə[9]!
Orada muzey yaratmaq pis olmazdı. Dünyanın heç bir ölkəsində oxşar muzeyə rast gələ bilməzsiniz. Bu yalnız Altayda mümkündür, çünki Altay birinci idi. Baxmayaraq ki dəmiri insanlar əvvəllər də tanıyırdılar, filizi əritmirdilər, onu yandırırdılar, bunu bizim eradan iki min il yarım əvvəl hetlər düşünmüşdülər. Türklər isə əritməni kəşf etdilər! Bunda onlara təbii müşahidə qabiliyyəti kömək etmişdi. Həmin vaxtdan metallurq peşəsi ən hörmətli peşə oldu. Onun sirlərini bilən şəxs xüsusi hörmət sahibi sayılırdı. Dəmirxanovlar, Dəmirbulatovlar, Dəmirovlar – onlara və onların nəsillərinə sehrbazlar kimi baxırdılar.
Metalişləmə sənəti atadan oğula keçir və bu, qıpçaqların əsas sirri olaraq qalırdı. Belə bir inam yaranmışdı ki, metalişləmə sirrinə yiyələnmiş adam İlahidən verilmiş hikmətə malikdir: ona böyük Tenqri xan xüsusi nəzər yetirmişdir. Ona başqa (metalişləmə sirrindən xəbərsiz) bir nəsildən olan qızla evlənmək qadağan idi. Çünki yuxuda özü də bilmədən danışıb sirri aça bilərdi… Bu sirr uzun zaman elə sirr olaraq qaldı.
Metalın bolluğu türklərin təsərrüfatda elmi-texniki inqilab etməsinə gətirib çıxardı; metaləritmənin kəşfi öz miqyası və nəticəsinə görə təkərin icad edilməsinə bərabər idi… “Dəmir” özül üzərində qüdrətli bir dövlət yüksəlməyə başladı.
Qıpçaqlar asanlıqla qonşu xalqları fəth etdilər. Bununla dünyaya sübut etdilər ki, onların qələbələrinin tarixi – dəmirin tunc üzərində qələbəsinin tarixidir.