neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.
İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İmdi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm.
Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi:
“Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”. Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəşini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı…
Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.
Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.
Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahən-şahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam.
Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi:
“Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb, dini-mübini yox edəcək. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”
Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır.
Yuxudan ayılmağıma artıq heyf edib dedim: nə olardı bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim.
Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..
MOZALANBƏYİN SƏYAHƏTNAMƏSİ
Bizim möhtərəm mühərririmiz Mozalan8 bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy”9 kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, İrəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın… nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çe şömarəm be to mən nam be nam10, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.
Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?
Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.
Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu on ikinci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq.
Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat on birdə faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə” və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı: bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların bir məni müsəlman görüb ucadan çağırdı:
– Ay