Чингиз Гасан оглы Гусейнов

Seçilmiş Əsərləri


Скачать книгу

gəzinməyə başladı.

      …Bir həyətdə olurdular. Zərifə Sevdadan beş-altı yaş böyük idi. Zərifəgil ikinci mərtəbədə, Sevdagil yarımzirzəmidə yaşayırdılar. Pəncərələri daş pilləkənə baxırdı. Qalxıb-enənlərin ancaq çəkmələrini görürdülər.

      Atalarını müharibənin ilk günlərində əsgər apardılar. Eyni hissədə, eyni cəbhədə vuruşurdular. Məktubları da demək olar ki, bir gündə gəlirdi.

      Çətin illər idi: çörək üçün alaqaranlıqdan durub uzun növbələrdə dayanırdılar, qənd çatışmırdı, yağ yox idi. Çox vaxt çayı quru çörək tikəsi ilə içirdilər.

      Yeddi yaşında olan Sevda evin bütün işini görürdü. Anası tikiş fabrikində işləyirdi, səhər tezdən gedib axşam qayıdırdı. Hərdən evə yarım kiloluq bankada çəhrayı povidlo gətirirdi, ləzzətlə yeyirdilər. İndi evdə povidlonu xoşlayan yoxdur. Xüsusən Sevdanın qızı yeddi yaşlı Aygün.

      “Doğrudanmı mən qızım boydaydım? Qəribədir. Bəs o qədər işin öhdəsindən necə gəlirdim?.. Zərifənin mənə nə işi düşüb?”

      Atalarının qara xəbərini də bir vaxtda aldılar. Sevda məktəbə təzə ayaq basırdı, ölüm kağızını sonralar oxuya bildi: “Vətən uğrunda… Qəhrəmancasına…”

      Zərifə yeddinci sinfə gedirdi. Qız elə bil üzünü südlə yuyurdu, qaşlarını kömürlə çəkirdi. Od parçası idi. Tez-tez gülərdi. Elə şən, elə ürəkdən gülərdi ki, ona qoşulub gülməmək mümkün deyildi. Gündən-günə qəşəngləşirdi. Bədəni dar paltarına sığışmırdı, Elə bil müharibə deyil, toy-bayram idi. Balaca Sevda ürəyində Zərifəyə acıqlanırdı.

      “Amma onu nahaq qınayırdım, axı o zaman Zərifənin on dörd yaşı vardı, qanı qaynayırdı…”

      İki nəfər tez-tez yuxarı mərtəbəyə qalxıb-enərdi. Uzunboğaz çəkmə və təzə qalındaban ayaqqabı.

      “Biri bizim məhəlləmizdə yaşayırdı. Əvvəllər Zərifə ələ bir məktəbdə, eyni sinifdə oxuyurdu. Sonralar qızları oğlanlardan ayıranda başqa məktəblərdə oxumalı oldular.

      Uzun, arıq oğlan idi. Zil qara, qıvrım saçı vardı. Elə bil boyunun uzunluğundan utanırdı, başını aşağı əyirdi. Adı Süleyman idi. Oğlanı görəndə nədənsə dodağım qaçırdı. Az qalırdı deyim ki, “mən hər şeyi bilirəm”.

      Pencəyinin dirsəyi dağılmış, şalvarı yamaq-yamaq idi. Sonralar yaşıl kitel geyirdi; atası bir neçə günlüyə Bakıya gəlib oğlunun necə boy atdığını görmüş, öz kitel-qalifesini oğluna bağışlamışdı”.

      Süleymanın atasının Sevdanın anasına dedikləri indi də Sevdanın qulağındadır: “Hissəmiz mühasirəyə alınmışdı. Güclə həlqəni qırdıq, başqa hissəyə qoşulduq. Neçə mindən neçə yüzü qaldı”. Sevdanın atası o minlərdən idi.

      Qalındaban ayaqqabı sahibi balacaboy, yaşlı bir kişi idi. Zərgər dükanında işləyirdi. Zərgər gəlib-getdi, sonra gecələri də onlarda qaldı. Zərifənin anası işdən çıxdı, güzəranları yaxşılaşdı. Dedilər zərgər Zərifənin təzə atasıdır. “Atanın köhnəsi-təzəsi olarmış…”

      – Gündüz, gəl, gəl! Bax, belə! Qədəmlərinə qurban, gəl!

      Gündüz qorxa-qorxa, tövşüyə-tövşüyə, ayı balası kimi valay vurur, koppuş ayaqlarını atıb, anasının ətəyindən yapışmağa çalışırdı. Nəhayət, anasına çatdı və özündən razı qalıb güldü.

      – İndi atan gələcək, indi bacın gələcək! Otur, oyna, mən də yemək hazırlayım…

      Sevda hündür uşaq stolunu söküb arabacıq düzəltdi, Gündüzü oturdub mətbəxə keçdi, soyuducudan çıxardığı toyuğu təmizləməyə başladı,

      “Toyuğu görəndə də Zərifə yadıma düşür. Bir dəfə Zərifə məni yuxarı çağırdı. Atalığı, anası evdə yox idi. Çağırdı, ac olub-olmadığımı soruşmadan, – müharibə illərində doymaq sözü unudulmuşdu, – qazandan toyuq budu çıxarıb mənə uzatdı. Hələ də dadı damağımdadır. Yox, Zərifə anasına oxşamırdı. Anası hey şikayətlənirdi “filan şey çatışmır, bahalıqdır, acından qırılacağıq”. Gedirdik pul borc almağa, deyirdi “qəpiyəcən pulları xərcləmişəm”. Zərgərin balaca bir otağı vardı, kirayəyə verirdilər. Elə gün olmurdu ki, pilləkənimizdən yuxarı müxtəlif yeşiklər daşınmasın. Hərdən zərli güzgülər, xalçalar da daşıyırdılar. Həyətimizdə bəziləri müharibədən əvvəl aldıqları bahalı şeyləri satırdılar, dolanmaq çətin idi. Alıcı az idi. Zərgər isə alırdı. Bir növ ehtiyac içində yaşayanların köməyinə çatırdı. Kim kimə idi?! Soruşan da yox idi ki, axı bunlarda bu qədər pul hardandır? Anam deyirdi: “Eybi yoxdur, qoy müharibə qurtarsın, əsgər gedənlərimiz qayıtsın, zərgər kimiləri camaata haqq-hesab verəcək.”

      Zərifə Süleymanla tez-tez görüşürdü. Axşamlar ağ neft alıb evə gələndə, həyətimizə bitişik dalanda onları görürdüm. Dar, qaranlıq dalanda Zərifə Süleymana qısılırdı, sanki bütün dünyadan gizlənib oğlanın qolları arasında rahatlıq tapmaq, yalnız onun ürək döyüntülərini eşitmək istəyirdi. Pıçıltılarını biri birindən seçmək mümkün deyildi. Pıçıltılar elə bil eyni dodaqdan qopurdu. Nədənsə, mənim uşaq qəlbimdə də xoş duyğular oyanırdı. Aclığı unudurdum. Mənim aləmimdə dünya Süleymanla Zərifənin idi. Yer kürəsi yalnız onlar üçün fırlanır, onlar üçün qaranlıq axşamı şəhərimizə gətirirdi. Dalan da elə bil məhz onların görüşməyi üçün yaranmışdı.

      Nə isə… Çox vaxt mən yuxuya gedirdim, Zərifənin nə vaxt qayıtdığını bilmirdim. Bəlkə mərtəbələrinə elə qalxırdı ki, nə pilləkən oyansın, nə də mən?

      Gündüzlər isə Zərifə Süleymanı görəndə tamam dəyişərdi. Elə bil dünən bütün axşamı Süleymanla dalanda pıçıldaşan o deyildi. Qızlarla məktəbdən qayıdanda oğlana rast gəlib üzünü yana çevirərdi. Qızlar hərdən dayanıb Süleymanla söhbət edərdilər, Zərifə isə özünü dartıb lovğa görkəm alardı, oğlana baxmadan onun yanından düz keçib gedərdi. Süleyman özünü itirib dinməzdi. Gözlərində qəzəb odu parıldayıb tez də sönərdi. Bəlkə qızın məqsədi camaatın fikrini yayındırmaq idi? Bəlkə də demək istəyirdi ki, Süleyman ona yaraşmır? Hansı Zərifəyə inanaydıq? Axşamkınamı, gündüzkünəmi?

      Qız qaça-qaça mərtəbələrinə qalxardı. Qaçanda pilləkən əsər, otağımızın pəncərəsi cingildəyərdi. Zərifəni addımlarından tanıyırdım. Anam bu addımlardan əsəbiləşər, pəncərədən qışqırardı: “Ay qız, ev uçdu!”

      Süleymanla görüşdən sonra anası qızını danlardı: “Nə görmüsən o uzundrazda? Avaranın birisidir!.. Sənin tayın deyil, rədd elə!”

      Avaralığını düz demirdi. Məhəlləmizdə hamı Süleymanı tanıyırdı, hamı bilirdi ki, Süleyman ağıllı oğlandır, küçədəki dələduzlara qoşulmur, dərsini oxuyur. O ki qaldı tay olub-olmadığına… Zərifə hara, Süleyman hara!

      Zərifə gündən-günə dəyişirdi, gözəlləşirdi. Dar, nimdaş paltarları atıb, boy-buxununa uyğun qəşəng, təzə, bahalı paltarlar geyirdi.

      Anası da elə bil cavanlaşmışdı.