parıldadığını gördülər. Səhəri gün tezdən Con Marşal, atının tərkinə qalxaraq dərə yatağından 40 mil uzaqlıqdakı bir fermada yaşayan, bu torpaqların sahibi olan Con A. Satterin yanına getdi. Ona hadisəni danışdı.
Marşal evə girirək qapını kilidlədi, sarı mədən külçəsini cibindən çıxartdı. Satterin gözləri qamaşdı. Diqqətlə külçəni yoxlamağa başladı.
Külçə qızıl idi. Parıldayan bu külçə, qarışığı olmayan, təmiz, saf qızıl idi. Bu külçə sayəsində bütün xəyallarını reallaşdıra bilərdi. İstədiyi hər şeyi həyata keçirə biləcək, dünyanın ən varlı adamı olacaqdı.
Satter bunun sirr olaraq qalmasını istədi, amma bu istəyi ulduzların səmada parıldamamasını istəmək kimi mənasızdı. Əlinə keçən, amma kontrol edə bilməmək məcburiyyətində qaldığı bu qüvvət, bütün ölkəni yerindən oynadacaq qədər güclü idi. Növbəti gün Satterin işçiləri işlərini ataraq, böyük təlaş içində yer qazmağa, hər tərəfi eşməyə, qızıl axtarmağa başladılar.
Bir həftə keçməmiş hər tərəf cuxurlarla dolu idi. Əkin sahələrində heç kim qalmadı. Hər şey bir-birinə qarışmışdı. Sağılmayan inəklər böyürür, buzovlar başsız şəkildə analarını axtarır, canavarlar çobansız qalan qoyunlara hücum edirdilər.
Bel və külünglə silahlanmış adamlar səhərdən axşama qədər hər yeri qazır, gündəlik 1000-5000 dollar arası pul qazanırdılar. Külünglə yeri qazıb bellə torpağı kənara atarkən torpağın altından iri bir qızıl külçəsi çıxır və bir dəqiqənin içində bir neçə min dollar qazanırdılar.
Bu vəziyyət teleqrafla ölkənin hər tərəfinə yayıldı. İnsanları bir iğtişaş bürümüşdü. İşçilər işlərini atır, sıravi əsgərlər hərbi hissələrindən qaçır, əkinçilər əkinlərini tərk edir, tacirlər dükanlarını bağlayırdı. Qızıl axtaranlar artıq hərəkətə keçmişdilər. İnsanlar çəyirtkə sürüsü kimi qanadlanmış, uzaq qərbdə yerləşən nağıllar ölkəsinə doğru yola çıxmışdılar.
1849-cu ilin payızında, o zamankı mədəni dünyanın ən uc nöqtəsi sayılan Kanzasın İndependens şəhərindən böyük bir qafilə artıq yola çıxmışdı. Hamısı atlı olan bu qafilənin gəncləri yeni macəra axtarışında idilər. Missuri çayının sahillərindən Sierra Nevadanın qarlı təpələrinə qədər hər yerdə, at və öküz arabalarından təşkil olunmuş köçlər görülür və bu qafilələrin qırılmayan zəncir şəklində qərbə doğru köç edişi həyəcan doğururdu. Yamyaşıl çəmənlərdə şaqraq mahnı səsləri arabalardan ətrafa yayılırdı.
Hələ minlərlə başqa qızıl axtaranlar dəniz yolu ilə gəlirdilər. Balina ovu üçün olan gəmilərə və yük gəmilərinə doluşan bu adamlar küləyin ulamasına, gəmi dirəklərini küləyin sındırmasına baxmayaraq, Horn burnunu dolanaraq gəlirdilər. Magellan boğazının fırtınalarına, qasırğalarına, xəstəliklərə, vəba və taunla məhv olmaqlarına baxmayaraq gəlirdilər. Sakit okeanın dalğaları ilə yarışa çıxarcasına cəsarət və mətanətlə yollarına davam edirdilər.
Ən həyəcanlı il olan 1849-cu ildə San-Fransisko limanında lövbər atan gəmilərin sayı yeddi yüzə çatmışdı. Gəmilər lövbər atar-atmaz, dənizçilər də sərnişinlərlə bərabər gəmini tərk edərə qızıl yataqları olan təpələrə doğru qaçırdılar.
İntizamı ancaq qılınc və dəyənək ilə təmin etmək mümkün idi. Arxasında silahlı güc olmayan heç bir əmrə tabe olmurdular.
Fərqli marşrut və yollarla gələn bu izdiham Satterin torpaqlarına doğru hərəkət edirdi. Yolda yetişmiş sünbüllərin hamısını yedilər, çörək bişirmək üçün anbarlardakı unun hamısını talan etdilər. Axırda anbarları sökərək özləri üçün daxmalar tikdilər. Aclıq səbəbiylə fermada olan bütün heyvanları kəsdilər.
O qədər cürətləndilər ki, Con Satterin mülkü üzərində şəhərlər saldılar, yazıq Satterin əlindən bu hadisələrə nifrətlə baxmaqdan başqa bir şey gəlmədi. Torpaqları sanki onun deyilmiş kimi hərraca çıxarıldı, alındı, satıldı.
1850-ci ildə Kaliforniya ABŞ-a birləşdirildiyi zaman, darmadağın olmuş bu təpələrdə qanun özünü göstərməyə başladı.
Bax o zaman Satter, dünyada məşhur olan böyük məhkəmə işinə başladı. San-Fransisko və Sakramento şəhərlərinin onun şəxsi mülkü üzərində tikildiyini iddia edirdi. Hər iki şəhərin sakinlərindən mülkünü tərk etməsini tələb etdi. Öz işləri üçün tikdirdiyi, sonradan isə şəhərin istifadəsində olan yollar, körpülər və kanallar üçün Kaliforniya hökümətindən 25 milyon dollar təzminat tələb etdi.
Talançıların səbəb olduğu zərər qarşılığında dövlətdən tələb etdiyi 50 milyon təzminatdan başqa, onun torpaqlarından oğurlanaraq talan edilmiş qızıl üçün də uyğun bir məbləğin ödənməsini istədi.
4 il bu işdən əl çəkmədi, məhkəmələrdə süründü və 1855-ci ildə məhkəmədə qalib gəldi. Kaliforniya hökuməti San-Fransisko və Sakramento şəhərlərinin və bir neçə qəsəbənin onun torpaqları üzərində tikildiyi faktını təsdiq etdi.
Bu qərar şəhər sakinlərində zəlzələ təsiri yaratdı. Evlərini əllərindən almaqmı istəyirdilər? Onlar da bu qərarı verənlərə həddini göstərəcəkdilər .Çarəsizlikdən ağlını itirən xalq əllərinə keçən hər şeylə, dəyənək, tüfəng, balta ilə silahlanaraq küçələrə töküldülər. Qışqırır, talan edir, yandırır, küçələrdə terror törədirdilər.
Ədliyyə binasını məhkəmə prosesinin çıxartdığı qərarın saxlanıldığı qovluqlarla birlikdə yandırdılar. Özləri ilə gətirdikləri kəndiri, o qərarı verən hakimin boynuna salaraq asmaq istədilər. Bəziləri atlanaraq Satterin fermasına hücum çəkdi. Evini və anbarlarını dinamitlə havaya uçurtdular. Evini talan etdilər, meyvə bağını dibindən sökdülər, iri buynuzlu heyvanlarını öldürdülər, bərəkətli tor-paqlarını və fermasını yerlə bir etdilər. Sonra isə çıxıb getdilər.
Qarışıqlıqda Satterin uşaqlarından biri öldürüldü. İkinci övladını isə sonradan öldürmək üçün, özləri ilə apardılar. Üçüncü oğlu Avropaya qaçmağa çalışarkən dənizdə boğularaq öldü. Bütün bu hadisələrdən sonra Satterin psixikası pozuldu və ağlını itirdi.
20 il sonra Vaşinqtona gələrək haqlarını bərpa etmək üçün konqresə müraciət etdi. Əynindəki paltarları nimdaş və cırıq idi. Çox əziyyət çəkdi, konqres üzvlərindən kömək istədi, çoxları ilə görüşdü, amma nəticə ala bilmədi. Küçədə uşaqlar onun arxasınca gəzərək ələ salmağa başlamışdılar.
1880-ci ildə onun torpaqlarında çıxan qızıl sayəsində varlanan soyğunçuların təhqiredici baxışları altında, Vaşinqtonun natəmiz məhəllələrinin birində canını tapşırdı. Heç kim kömək etmədi. Öldüyü zaman cibində 1 dolları vardı. Amma tarixin ən böyük məhkəmə prosesində qalib gəlmiş, çox böyük bir sərvətə sahib olduğunu məhkəmələrdə sübut etmişdi.
Qərbi Amerikada qızıl hücumu hərəkatını oyandıran və ilk qızılı tapan dülgər Con Marşal da beş il sonra öldü. Cəsədini daxmasında tapdılar, yanında heç kimi yoxdu. Onun kəşfi sayəsində minlərlə insan milyonlarla dollar qazandığı halda o, yoxsulluq içində yaşadı.