sonra, uslu, çox qorxaq,
Cansıxan bir sükutə son qoyaraq:
– Durna! Yavrum! Neçin donub qaldın?
Pək üzüldün, neçinsə sustaldın!
Durna durmuş bir incə sərtliklə,
Dinməyir bir sükut içində hələ,
– Nə gözəl bir qiyafət almışsan!
Sən həqiqətdə pək gözəlmişsən!
Ox! Bu paltar, yanılmayırsam əgər…
– Anamındır, əvət, bu əlbəsələr;
Doğrudur, Qantemir, xatırladığın.
– Bu qiyafətlə kaş ki, bilsəydin,
Nə qədər bənzəyirsən öz anana!
– Bir zaman gənc ikən…
Vuruldum ona…
– Abşeron xanlığıyla çarpışdın…
Bir təsadüf ki, sən əsir düşdün.
– Demə, yavrum, yetər keçənlərdən…
– Səni onlar da asmaq istərkən,
Anam ancaq təsadüfən görmüş,
Gecə gəlmiş…
– Əvət, bəlalı bir iş.
– Uyuyurkən yanında bir cəllad,
Səni dustaqdan eyləmiş azad.
Xan qızıykən əsirə bağlanmış.
Səni sevmiş, vəfalısan sanmış.
– Onu mən son məzarədək sevdim.
Onu hətta bu gün də… ah nə edim?
Onu dünyaya bu gün dəyişməzkən…
– Bircə sən, sən onun bərabərisən.
– İzləyirkən sizi qızın atası,
Söylə, batrıldı Abşeron adası…
Qantemir xatirat içində haman
Çeynəyir sanki varlığın qaplan.
– Durna! Yavrum! Burax, danışma daha!
– Üzülürsən, neçinsə, ha-ha-ha!..
Bax, bu süslər, bu gördüyün paltar
Həp onundur, geyinmişəm nə ki, var.
Qucacaqsan bu yadigarı… utan,
Qantemir… iştə həpsi qandır, qan…
– Durna… artıq bu sözlərin yersiz.
Sən unutdunmu? Bağda verdin söz…
Mən də, eşqim də suçluyuq bəlkə,
– Andı qırmaq yaqışmayır türkə,
“Olacaqdır?” – dedim, dedin: “Olacaq!”
Mən bu dəryanı zorla susladaraq;
Vermişəm bu binaya varsa nəyim,
Hökmdarkən önündə indi nəyim?
Məni heç bir səbəb utandıramaz,
Eşqdən aşiqi usandıramaz.
Hər şeyin varsa bir nizamı bu gün,
Eşq üçün yox cahanda bir qanun.
Qoy dağılsın bu varlıq övzüldən,
Qalmasın bir iz ölkədən, eldən!
Qaplasın qoy cahanı bir matəm,
Göz yaşında boğulsun həp aləm!
Qoy cahan dövrü saxlanıb dönsün!
Yanmasın göydə bir ziya, sönsün!
Bitməsin bir göyərti bir yerdə,
Gülməsin bir çiçək çəmənlərdə!
İldırımlar vurub da, od, yansın.
Yerə ensin nə varsa – ulduz, gün!..
Yerə qiyamət kəsilsin istər yer!
Həp bu varlıq sükuta qoy dalsın,
Dirilik məhv olub da sarsılsın!
Qaplasın kainatı bir qaralıq,
Bir xəyal olsun iştə həp varlıq!
Ölüm açsın həyata qarşı yürüş,
Ulasın hər tərəfdə bir bayquş!
Qoy cahan bir məzara çevrilsin,
Bəşəriyyət həyatı son bulsun!
Yenə ruhum qımıldamaz əsla!
Yenə eşqimdə sabitəm, Durna!..
Mən bu gün bir yabançı, sən bir qız,
İştə son gün, xatırla, verdin söz.
İntixab et, önündə var iki yol:
Ya bu gün öl və ya ki, təslim ol!
– Andı qırmaq yaqışmayır türkə,
Kim bilir, mən alışqanam bəlkə.
Ona söz verdim öncə, son döndüm,
Eşqə yandım, sonunda həp söndüm.
Sənin eşqində bir zaman varkən,
İncə bir duyğu, incə bir məna.
Qantemir, indi sən nəsən, nəçisən?
Adi bir ər, qadınçı bir sima.
İkiillik öz iztirabımdan,
Anladım mən nədir dəyərli həyat.
Zövq alırkən bu göz yaşından mən,
Sən… nədir eşq, duymadın heyhat!
Boyun əymək bir ehtirasa fəqət,
Kiçikləşmək deyilmi, təsdiq et!
Bir zaman başqa bir ifadə ikən,
İndi, sən… bax, bu daş, bu torpaqsan.
Mən sənin eşqinin əsiriydim.
“Səni sevdim!” xatırla, mən demədim.
Doğru bir sevgi, bir gözəl sevda,
O, edilməz bir ehtirasa fəda.
Həp bu təhdid üçün səbəb nə imiş?
Eşqə qarşı ölüm böyükmü bir iş!
Mən sevirkən bir özgəsin gəldim,
Yeni bir eşqə bağlanıb, öldüm;
Mən yanıldımsa, fərq yox, hamı bir,
Sən yaratdın, yaşatdın, həp öldür.
İki şey səndə çırpınıb duruyor:
Biri eşqindir, o biri nəfsindir.
Ya tapın eşqə, yüksəlib mənim ol,
Mənsiz ol, ya da nəfsə təslim ol!
Məni əfsanələrlə doldurmaq,
Bir taqım boş xəyala uydurmaq
Bəlkə mümkün, fəqət nəhayətsiz
Dolaşıb, bir nəticə bəkləməmək
Heç də mümkün deyil; fəqət xoşdur
Hər əzabın soniylə əylənmək.
Ayrılıq, ağlamaq gözəldir, əvət,
Bir vüsalın ümidi olsa fəqət.
Həm də varlıq önümdə titrərkən.
Bu cəsarətlə çox keçinməzsən.
İki