şeirlər, tərcümələr
NƏSR ƏSƏRLƏRİ
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI
Nağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil
Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.
BİR YÜNGÜLVARİ MÜQƏDDİMƏ
Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən sində olar. Amma mən ondan bir az cavan görükürəm. Onun boyu ucadı, mənim boyum alçaqdı; amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və top saqqalam. Bir təfavütümüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi.
Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb, bir tövr güzəranımı keçirirəm. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür rüzgarını keçirir.
Vəssəlam, hər ikimiz Allah-taalanın kasıb bəndələrindənik.
Qərəz, baş ağrısı da olur, amma genə gərək deyim; çünki mən bilirəm ki, bu əhvalatı oxuyan rəfiqlərim artıq təəccüb edəcəklər, necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq? Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm; hərçənd baş ağrısı olur.
Mən deyirəm bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, Allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən; amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqdan kənar olar.
Yox, vallahi, billahi, bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil.
Hələ pisliyi, yaxşılığı qalsın kənarda. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın.
Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb.
Hələ burdan bir haşiyə çıxaq.
Mən ləqəb sözünü bildirə kimi bilməzdim; çünki dərsim o qədər yoxdu, “Camei-Abbas”dan savayı bir kitab oxumamışam. Bildir bizim kənddə o taydan bir molla mərsiyə oxuyurdu. Amma heyif adı yadımdan çıxıbdı. Bir gün bu mollanın güzəri1 düşdü bizim Sadığın dükanına. Görükürdü molla irəlidən bilirmiş ki, Sadığa lağlağı Sadıq deyirlər. Dükanda məndən savayı bir neçə kətdi də var idi. Molla, Sadıqdan iki paçka maxorka tənbəkisi alıb, paçkanın birini açdı və çubuğunu doldurub od istədi. Sadıq bir spiçka çəkdi, molla çubuğu alışdırıb Sadığa dedi:
– Allah atana rəhmət eləsin.
Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:
– Əxəvizadə2, nə illət, cənabınızın ismi-şərifinə3 lağlağı ləqəbi izafə artırırlar?
Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim. Vəhalon ki mən oturanların yanında hələ alim idim. Amma, söz yox, hamımız başa düşdük; axund soruşurdu nəyə Sadığa lağlağı deyirlər. Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu:
– Olan4, ayama nədi, qəribə avam adamsınız!..
Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Amma avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək.
Biz hamımız razı olduq və “bəli” cavabdan savayı bir söz demədik. Sonra Sadıq üzünü axunda tutub soruşdu:
– Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız.
Molla cavab verdi:
– Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan əmrdi? Ərəb dərsini tamam eyləməmiş adamı məgər minbərə qoyarlar?
Nağafil Sadıq axunddan bu cür soruşdu:
– Axund, çörəyə ərəbcə nə deyir?
Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:
– Bəradərim5, Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orda düyüdən savay özgə şey yeməzlər.
Sadıq dübarə axunda sual verdi:
– Pəs düyüyə ərəbcə nə deyir?
Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:
– Qardaş oğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər.
Bu sözləri deyib axund əbasını düzəldib, dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.
Məsələn, mənim adım Xəlildi, mənim adımı qoyublar qəzetçi Xəlil. Mən, vallah, bilmirəm qəzet nədi. Qəzetçi bir şəxsdi ağlı, kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyib dağıdır o yana-bu yana. Amma mən bilmirəm ki, mən haradan qəzetçi oldum. İnşallah, ərz elərəm nə səbəbə mənə qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər lağlağı Sadıq, yəni çox danışan.
Hələ bizə hörmət qoyublar; bizim ləqəbimiz çox gülməli deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm oğunub gedərsən. Məsələn, girdik Həsən, dəvə Heydər, yalançı Səbzəli, eşşək Muxtar, doşan Qasım. Müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz.
Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır. Doğrudu, Sadıq çox danışar. Elə hər yanda oturubdu deyəcək. Deyir, deyir və yorulmaq bilmir. Amma neyliyim, bir belə şirinkəlam, mən deyərəm, yer üzündə yoxdu.
Bir də ki, bizim Danabaş kəndində elə bilirlər ki, hər bir çox danışan adama lağlağı demək olar. Axır çox danışan da var, çox danışan da. Mən elə şəxslər görmüşəm ki, səhərdən-axşamadək danışıb, mən heç doymamışam. Əgər hamı çox danışana lağlağı demək olsaydı, gərək biz cəmi vaizlərə lağlağı deyəydik; çünki onlar minbərə çıxıb, yenmək bilməzlər.
Xeyr. Hamı çox danışana lağlağı demək olmaz. Birisi başlayır Allah-taalanın barəsində söhbət edir, ya qeyrisi öz Kərbəlaya və Məkkəyə getməyindən nağıl edir, məgər bu cür şəxslərə demək olar lağlağı? Xeyr, olmaz; günahdı və haqdan uzaqdı bu cür sözləri danışmaq.
Qoy hər kəs hər nə deyir-desin. Qoy Sadığa desinlər lağlağı; amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi! Bəzi qızını söyür, bəzi anasını.
Bəlkə də elə Sadıq doğrudan lağlağıdı. Amma o danışanda doğrudan mən həmişə gərək duram onun dodaqlarından öpəm.
Pəs mənə niyə deyirlər qəzetçi? Bunun səbəbini ərz edim. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahiblik başladım. Həqiqətdə mənim