qısdı. Lakin İohann Bethoven ayrı cür hərəkət etdi. O, açarı cingildədərək qapıya tərəf yönəldi.
– Onu bil ki, gecənin yarısınacan buradan çıxmayacaqsan. Bircə dənə də səhv olmayana qədər məşğul olacaqsan! Özü də hünərin var, hamısını doğrudan da öyrənməmiş mənə yalan de ki, hazırsan.
O, qapını çırpdı, açar qıfılın içində fırlandı və oğlan tək qaldı. Bir anlığa Lüdviq qorxudan donub qaldı. Sonra dodaqları qüssəylə səyridi. Ağlamaqdan bədəni titrədi. Gözlərindən yaş sel kimi axdı. O çalışırdı ki, göz yaşlarını saxlasın; axı, atası hər dəqiqə qayıdıb gələ bilərdi! O, ağlaya-ağlaya çalırdı. Var qüvvəsiylə və inadkarcasına çalırdı. Axı, onu buradan yalnız qüsursuz ifası xilas edə bilərdi.
Bu dəmdə atası evdən çıxıb getdi. O nə vaxt qayıdacağını heç kimə demədi. Lüdviqin oturduğu otağın açarını o, jiletinin cibinə qoydu.
İyul axşamlarından birində, qaranlıq qatılaşan vaxt o, Reynin kənarında durmuşdu, «Möcüzəli uşaq» həmişə uşaq olaraq qalmır. İstər royalda çalsın, istər top ilə əylənsin. Tezliklə Lüdviqin on iki yaşı tamam olacaq. Düzdür, onun boyu böyük deyil, lakin o, enlikürək və möhkəm bədənlidir.
Qədim qala səddinin bu ətəkləri firavan yerlərdir. Səhərlər burada kurfürst əsgərləri marş keçir, axşama yaxın isə şəhər sakinləri həvəslə buraya yığışır, çünki burada həmişə baxmalı şey tapılır. Səddin ot basmış ətəklərində, irili-xırdalı çoxlu gəmilərlə dolu əzəmətli çayın dalğaları yayılır. Suyun oynaq hamar səthinə baxmaqdan doyanlar baxışlarını başqa tərəfə yönəldə bilər. Bu zaman o, silueti möhtəşəm tikililərin damlarından yaranan ucsuz-bucaqsız şəhəri görəcək. Bu damların üzərində isə saysız-hesabsız kostyol qüllələri ucalır. Kostyollardan ən qədiminin beş qülləsi var idi, demək olar ki, doxsan beş metr yüksəkliyində olan ortadakı qüllə köyə baş çəkirdi.
Gənc Bethoven qəribə görkəmli bir adamın söhbətinə tam aludə olub, nə şəhərin gözəlliyini, nə də Reynin əzəmətini hiss edirdi. Həmin adamın simasını qeyri-adi edən onun geyimi deyildi – şəhərdə yaşayan kişilərin çoxu onunku kimi qara sürtuk geyir və başına üçkünc şlyapa qoyurdu. Onun görkəminə qeyri-adilik verən silueti idi. Uzaqdan baxanda adama elə gələrdi ki, bu, beli bükülmüş bir qocadır. Yaxınlaşdıqda isə görünürdü ki, onun heç qırx yaşı da yoxdur. Bədəninin yöndəmsizliyinə baxmayaraq, başı heyrətamiz dərəcədə qəşəng və nəcabətli idi. Uca, təmiz alnı, sifətinin təravətli rəngi, ağıllı bir tərzdə işıq saçan qara gözlər,– bunların hamısını da şabalıdı rəngli dalğavarı saçları haşiyəyə almışdı. Qara tellər Bonnda nadir, demək olar ki, müstəsna bir haldır: axı saray orqançalanı və saray teatrının kapelmeysteri pariksiz gəzməli deyil. Lakin Bonn sakinləri artıq adət ediblər ki, Kristian Hotlib Nefenin kefi necə istəsə, özünü elə aparır. O, həm də çox ağıllıdır, yoxsa o, Lüdviqi belə əsir edə bilərdimi? Axı bu oğlan öz ürəyini hər yetənə açan deyil.
O, təqribən üç il bundan əvvəl Bonna gəlib çıxmış knyaz orqançalanına elə bağlanıb ki, əgər İohann Bethoven özü oğlunu özündən uzaqlaşdırmasa, o ancaq atasına bu cür mehr sala bilərdi.
Artıq neçənci dəfə idi ki, oğlan, fikrə dalmış Nefedən soruşurdu:
– Yaxşı, bu gün siz bizə gələcəksinizmi, maestro?
– Məgər bu çox lazımdır? – orqançalan inamsız halda imtina edir.
– Biz çox şad olardıq! Anamın ad günüdür, bu gün Milad axşamından da yaxşı gündür. Mənə belə gəlir ki, bu, ilin yeganə günüdür ki, həmin gün o, xoşbəxt olur. Siz gəlməsəniz, çox təəssüf…
Oğlan cavab gözləyirdi, orqançalanın fikri isə tamam başqa yerdə idi. Lakin axırda o qət etdi ki, bu cür səmimi dəvəti rədd etmək insafsızlıq olardı.
– Gələrəm, gələrəm, cavan oğlan, – deyə o, fikirli halda cavab verdi və bir qədər canlanmış halda əlavə etdi: – Kaş bircə atan həddən artıq… olmayaydı. Mən belə şeyləri heç xoşlamıram… – O, sözünü axıracan demədi, ancaq sifətində dərhal qırışlar yaranmasından görünürdü ki, o, sərxoşluğa nifrət edir.
– Yox, yox, – deyə oğlan, tələsik bildirdi. – Anamın ad günündə! Heç vaxt! Bu gün bizim evdə sülh və lütfkarlıq günüdür! Heç buna onun vaxtı da olmur, bütün axşamı o, musiqi çalır.
– Musiqi çalır… Hə, hə, – deyə orqançalan fikirli halda oğlanın nə barədə danışdığını yaxşı başa düşmədən təkrar etdi. Sonra birdən ucadan dedi: – Musiqi! Bəli! Onda bir gözəllik, ucalıq, səadət var. Lakin, Lüdviq, əgər mən incəsənətin adamlara çörək qədər lazım olduğuna inanmasaydım, sənə bəzi şeylər deyərdim!
– Nə deyərdiniz, maestro?
– Mən deyərdim: oğlan, royaldan uzaq qaç, mu siqini at və get, bulkasatan ol. Allahdan qorxa-qorxa yaşasan, yavaş-yavaş yoğunlaşardın, Reynin sahilində torpaq sahən və üzümlüyün olar, öz evində yaşayardın. Ya da bərbər ol, çəkməçi ol – bunlar hamısı kurfürst həzrətlərinin musiqiçisi olmaqdan yaxşıdır.
– Maestro, deyin görək, belə isə bəs siz nə üçün sənətlə məşğul olmadınız? – Oğlanın gözlərində bir hiylə parladı.
– Məsələn dərzilik sənəti ilə, eləmi? Əlbəttə qayçı, iynə və ütü ilə necə davranmağı atam mənə öyrədə bilərdi. Ancaq incəsənət – musiqi, teatr, poeziya məni cəlb etdi. Mən öz istəyimə qarşı getmədim.
O, köksünü ötürüb bir qədər susdu və yenidən danışmağa başladı:
– Deyirlər bataqlıq yerlərdə bir cür işıldayan böcəklər yaşayır ki, onlar adamları bataqlığa doğru çəkməyə qabildir. Mən bu əfsanələrə inanmıram. Ancaq bunu bilirəm ki, incəsənət – insanı təsvirəgəlməz yüksəkliyə ucaldan böyük bir atəşdir. Kim bir dəfə taleyini incəsənətlə bağlayıbsa daha heç vaxt onsuz yaşaya bilməz.
– Mən notları əlifbadan əvvəl öyrənmişəm,– deyə oğlan dalğın halda cavab verdi.
Onun qozbel müsahibi dedi:
– Bu mənə məlumdur. Mən hələ musiqiyə bu qədər aludə adama rast gəlməmişəm. Doğrudan, səninlə kim məşğul olub?
– Maestro, mənim müəllimim çox olub, heç biri də əsl müəllim olmayıb. Birincisi və ən bacarıqsızı atam olub. O nəyi ciddi bacarır axı? O royal çalanda fikirləşirsən ki, axı bu adam skripkaçıdır; amma elə ki, skripka kamanını əlinə alır, o saat heyfsilənirsən ki, gərək o özünü tamamilə fortepiano çalmağa həsr edəydi.
– Mənə elə gəlir ki, Lüdviq Bethovenin müəllimi Lüdviq Bethovenin özü olub.
– Bəli, siz Bonna gələnə qədər belə olub.
Nefe yalnız əlini yellədi.
– İnsan özü özünün müəllimi ola bilər. Xeyri də bu olur ki, o, müəlliminə pul verməli deyil.
– Siz də mənə pulsuz öyrədirsiniz!
– Bu tamam belə deyil. Məgər sən kilsədə orqan çalmırsanmı, bir də ki, əgər mən hər hansı bir knyaz oğlunu