Cığatel İsaqızı

Seçilmişlər


Скачать книгу

saat olum qolunda, durum,

      İşim ürəklədi-solunda durum,

      Sən mənə baxanda sol gözünlə bax.

      BU SEVGİ KÖNLÜMƏ XƏBƏRSİZ GƏLİB

      El edib yaylağa köç, bilməmişəm,

      Deyiblər gələn var qaç, bilməmişəm.

      Hardan, necə gəlib, heç bilməmişəm,

      Bu sevgi könlümə xəbərsiz gəlib.

      O elə odlanıb, köz də salmayıb,

      Danışıb, sevgidən söz də salmayıb.

      Deyəsən kölgədi, iz də salmayıb,

      Bu sevdi könlümə xəbərsiz gəlib.

      Haçandan qəlbimə əkilib tumu,

      Anlaya bilmirəm, məhəbbət bumu?

      Yalandı, kim deyir kəsib yolumu,

      Bu sevgi könlümə xəbərsiz gəlib.

      HƏR GÜN BAXACAĞAM SƏNİN RƏSMİNƏ

      Bir daha üzünü görməsəm belə,

      Verdiyin rəsminlə danışacağam.

      Mən də sənin kimi aldadıb məni,

      Yalançı eşqimlə yaşayacağam.

      Xəyal dənizində axıb gedəcəm,

      Sahilə atacaq məni bir gəmi,

      Səhraya dönəcək qumlu sahillər,

      Nağıllar içində tapacam səni.

      Hər gün baxacağam sənin rəsminə,

      Sənli xəyallardan saray hörəcəm.

      Sənin də pisliyin sənə qalacaq,

      Hər gün o sarayda səni görəcəm.

      YAXŞI Kİ, XƏYALLAR GÖZƏ GÖRÜNMÜR

      Gecə sakit, ay işıqlı, mən dalğın,

      Yalnız səni düşünürəm bu gecə.

      Gah xəlvətcə görüşünə gəlirəm,

      Gah fikrimdən daşınıram bu gecə.

      Uşaq kimi kövrəlirəm arabir,

      Gah yaxında, gah uzaqda olursan,

      Gah yandırıb, gah üşüdürsən məni,

      Gah ocaqda, gah sazaqda olursan.

      Min günah, bir savab edən bu gecə,

      Dünyanı bürüyür, özü bürünmür,

      Məni asdırarlar dar ağacından,

      Yaxşi ki, xəyallar gözə görünmür.

      DARIXDIM

      Yatağımda yuxum ərşə çəkildi,

      Səhər-səhər sənin üçün darıxdım

      Göründü gözümə nurlu surətin,

      Telindəki dənin üçün darıxdım.

      Xəyalımda baxışınla danışdım,

      Enişinlə, yoxuşunla danışdım,

      İsti yayın, sərt qışınla danışdım.

      Duman gördüm, çənin üçün darıxdım.

      Cığateləm, ahımdan dağ yarıldı,

      Dağlar məndə dağı gördü, darıldı,

      Ruhum sənin vücuduna sarıldı,

      Səndə olan mənim üçün darıxdım.

      SƏN HARDAN BİLƏSƏN?

      Sən hardan biləsən mənim qədrimi,

      Meyli meyxoşlara tuş olan yazıq.

      Düşüb təsirinə meyin-məzənin,

      Sərxoşlar əlində «xoş» olan yazıq.

      Səni balıq deyib kim tora salıb,

      Dənizdən çıxarıb, çuxura salıb,

      Ürək süfrəsində yeri boş qalıb,

      Tamsız dodaqlara «nuş» olan yazıq.

      Mənə daş deyirsən, daş ağır olar,

      Kədərdən süzülən yaş ağır olar,

      Ağıl başda olar, baş ağır olar.

      Huşsuzlar başında huş olan yazıq.

      Cığatel halidir, deyildir naşı,

      Dəmiri bəzəməz altunun qaşı,

      Ortada cibləri, əvvəldə başı,

      Axırda əlləri boş olan yazıq.

      DEYƏ BİLMƏDİYİM SÖZ

      Yataydım, sevdiyim, səni sevdiyim,

      Bir yuxu olaydı, düz olmayaydı.

      Üz-üzə, göz-gözə dayanıb sənə,

      Deyə bilmədiyim söz olmayaydı.

      Bir zaman obama, elimə alqış,

      Deyən dillərimə gəlibdi qarğış,

      Sənsiz keçirdiyim bir payız, bir qış

      Sənə rast gəldiyim yaz olmayaydı.

      Eşqim torpaqdadı, eşqin ucada,

      Bir kitab acı var, bircə hecada,

      İstər amiranə, istər «rica»da,

      Dözmək çətin olur, «döz» olmayaydı.

      Söylə Cığatelə nədir günahım?

      Neynəyim açılmır sənsiz sabahım.

      Mən nökər olaydım, sən mənim şahım,

      Sənlə keçən ömrüm az olmayaydı.

      BAŞIMIN AĞIL YERİ

      Səni gördüyüm gündən

      Ağlım çıxıb başımdan,

      Gözüm yollarda qalıb,

      Bir xəbər yox huşumdan.

      Ayağım gedir hara,

      Ha baxıram, görmürəm,

      Çıxmışam buludlara,

      Yerə düşə bilmirəm.

      Dəyişik düşüb gecəm

      Yanılmışam günəşi,

      Mən dünyaya doğmayam,

      Bu dünya mənə naşı.

      Nə zamandı boş qalıb,

      Başımın ağıl yeri,

      Ürəyim sənin olsun,

      Ağlımı qaytar geri.

      DEYİM HARDA GÖRÜŞƏK

      Görüş yerimizi heç kimə demə,

      Xəlvətcə gəl, deyim harda görüşək.

      Gül üstündə şehə dönək, arabir,

      Buxarlanaq, buludlarda görüşək.

      Nura