Zeruya Shalev

Tera


Скачать книгу

as, Ella, sənin fəlakət yaşayacağın dəqiqdir, xoşbəxt olacağın isə sual altındadır, çünki kim sənə Amnonsuz xoşbəxt olacağına əmin edə bilər, onunla evlənmədən öncə xoşbəxt olduğun yadıma gəlmir, mənə qulaq as, səndən, sadəcə, sözlərimi yaxşı düşünməyini ciddiyə almağını xahiş edirəm. Amnon bu gün səndən ayrılandan sonra yanıma gəldi, ayrılma planının sənə aid olduğunu dedi, hər şeyin sənə bağlı olduğunu eyham vurdu, bu səbəbdən sənə bir məsləhətim var, Ella, Amnon bunu qəbul etməyə razı oldu, bu çıxış yolu tam mənada bir anlaşmadı, bu uşağı dünyaya gətirdiyiniz üçün əsla ayrılmayacağınıza bir -birinizə söz verməlisiniz. Dünyaya uşaq gətirmək böyük öhdəçilikdir və bu öhdəçilik hər şeydən daha çoxdur, iki insan bir araya gələrək valideyn olubsa, o andan etibarən birlikdə yaşamaq məcburiyyətindədirlər, görəcəksən, bu anlaşmanı yerinə yetirdiyiniz andan hər şey daha asan olacaq, başqa seçiminizin olmadığını biləndən sonra problemlərinizi rahat şəkildə həll edə biləcəksiniz. Sənə qüsursuz xoşbəxtliyi seçməyi təklif edirəm, Ella, sənin axtardığın dəyişiklik budur, çünki çətinliklər hər yerdə sənin qarşına çıxacaq, həyatın özü çətindir, yeni bir ailə qurmaq çox çətindir, mən təhlükəli seçimlərdən səni uzaqlaşdıraraq işini asanlaşdırmağa çalışıram, nəticədə sən hər yerdə özünü sübut etmək və mübarizə aparmaq məcburiyyətində qalacaqsan, övladının atası olaraq seçdiyin insanla birlikdə mübarizə aparmağın, əlbəttə, daha yaxşıdır.

      Ata, bəsdir, başa düşmürsən, kobudca davranışı, özünü bəyənməyi qarşısında uşaqlıqda olduğu kimi qulaqlarımı tuturam, Amnonla birlikdə qala bilmərəm, bizim aramızda hər şey bitib, hansı anlaşmadan danışırsan, biz ayrılırıq, evlənmirik, təhqiredici əl hərəkəti ilə məni susdurur, baxışları soyuqdur, qulaq as, Ella, sən düşündüyündən daha yaxşı tanıyıram səni, iki ildən bir depressyona girirsən, bu günə qədər bu sənin problemin idi və mən müdaxilə etmirdim, amma indi bu problem Giliyə də aiddir. Sən başa düşmürsən, Gili sizin ayrılığınızı qəbul edə bilməyəcək, buna dayana bilməyəcək, bununla yaşaya bilməyəcək.

      Yaşamayacaq, deyə pıçıldayıram, sən nə dediyinin fərqindəsən? Başqa seçimim yoxdur, səninlə açıq danışacam, Ella, sən xoşbəxtlik axtarışındasan, amma sənin tək xoşbəxtliyin qurmuş olduğun ailəndir, sənin hisslərini heçə saydığımı düşünmə, Allah eləməsin, əgər səni döyən ərin olsaydı, onunla ayrılmağı sənə məsləhət görərdim, hər cürə dəstək olardım sənə, lakin mən Amnonu tanıyıram, nə cürə problemlərinizin olduğunu təxmin edə bilirəm. Bu ərköyünlük, səsini yüksəldir, bu, sadəcə, sizin nəslinizin dayanılmaz ərköyünlüyü və sən bunun hesabını vermək məcburiyyətində qalacaqsan, sənə nə demək istədiyimi başa düşürsən, yoxsa daha açıq danışım?

      Gecdir, Gilini məktəbdən götürməliyəm, deyərək onun sözünü kəsirəm və birdən-birə ayaqlarım əsməyə başlayır, sanki divarlar üzərimə gəlir, toz basmış kitabların altında qalacağım hissi yaranır, bu gün onun kitablarının arasına, qalın daş divarların altına basdrılacağam, bəs onda uşağı məktəbdən kim götürəcək? Çox adi bir iş birdən-birə vacib bir vəzifəyə çevrildi, sanki uşağı bir fəlakət olmadan vaxtında məktəbdən götürməliyəm, qapıya tərəf addımlayıram və o ardımca gəlir:

      “Sadəcə, mənə söz ver ki, dediklərimi yaxşı düşünəcəksən”. Dəhlizə açılan qapını açarkən qapı əyilərək qulağını qapıya dirəyən anamın başına dəyir, səndən nə istədi, deyə qorxaraq pıçıldayır, mənə qayğı göstərir və mən orada bir dəqiqə belə qala bilməyəcəyimi deyirəm, sonra danışarıq, Anna, indi mən təcili olaraq məktəbə getməliyəm.

      Qaçmaqda gecikmiş və azadlıqdan həzz alma qabiliyyətini çoxdan itirmiş bir məhkum kimi ümidsiz şəkildə evlərinin nərdivanlarından aşağı enirəm, qızmar günəşin altında tutacaq qızıb əlimi yanıdırır, amma mən onu buraxmıram və pillə-pillə aşağı enirəm, son pillədə dayanıb yerə çökürəm, qollarımı dizlərimə dolayıram, içimdə bir qorxu böyüyür, fəlakət düşüncəsinin yaratdığı hiss elə realdır ki, sanki atam dodaqları göyərərək təhdid edəndə o fəlakət baş verdi, sən dəqiq fəlakət yaşayacaqsan və xoşbəxtliyin sual altındadır, başımı titrəyən dizlərimə qoyuram və günün işığı gözlərimin önündə sönmüş kimi təsəvvür yaranır, üzərimə matəm çökür.

      Səkidə gurultu ilə bir taksi dayanır, güclə ayağa dururam. Boşsunuz, deyə taksiçidən soruşuram və o məni bura çağırıblar, çağıran siz idiniz? Xeyir, amma mənə bir yaxşılıq edin və məni şəhərin mərkəzinə aparın, çox uzaq deyil və o bir dəqiqə gözləyin, yolumun üstündə olub olmadığını öyrənim, deyir və həmin an tünd rəngli kostyumda, səliqəli daranmış, ağ saçlı bir adam cəld addımlarla yaxınlaşır, görəsən şortunu çıxarıb öz ağır havasına yenidən bürünərkən necə tələsdi, söhbətimizi tam vaxtında sonlandırmağı necə də bacardı, mən isə bunu mən etdim deyə düşünürdüm, onu gözləyən taksiyə əyləşir və sanki adını unutduğu ya da heç bir zaman bilmədiyi tələbələrindən biriyəmmiş kimi mənə əyləşməyi işarə edir, tamamilə yad biri ilə taksiyə minərdim, amma səninlə minmərəm, ata, sən mənə nə dedin? O bunu qəbul etməyəcək, bununla yaşaya bilməyəcək, dedin, sanki söhbət köhnə zamanların köhnə xalqlarının, Hititlərin, Babillərin, Şumerlərin, Akadların, yer üzündə məhv olmuş bütün imperiyaların taleyimiş kimi, dedin, amma burada söhbət yalnız altı yaşında balaca bir uşaqdan gedir, velosiped sürmeyi bacarmayan, ayaqqabılarının bağını bağlamaqda əziyyət çəkən, qaranlıqdan qorxan bir uşaqdan.

      Evi yanan bir qadın kimi küçədə qaçır, ətrafdakılara rahatsızlıq verirəm, yanımdan keçib gedənlərin ürəyinə qorxu salıram, sanki gizli bir xəbər, yaxınlaşan hücum, bir zəlzələ xəbərini eşitmişəm və bu xəbər məni belə hərəkətə gətirib. Şübhə dolu gözlərlə ətrafa baxıram, küçələrdə qaçarkən sanki tək deyiləm, çünki həmin an atamın lənəti də küçəni bürüyür və mən qaçaraq onunla yarışıram, ona qalib gəlməliyəm, çünki orada məni altı yaşında, saçlarının kəsdirməməkdə dirənən, gün işıqlarının gözlərinə düşməsinə nifrət edən, valideynləri dünən ayrılmış balaca bir uşaq gözləyir.

      Məktəbin gurultusu dəniz dalğası kimi açıq pəncərələrdən çölə vurur, yüzlərcə uşaq balaca stullarda oturublar, əllərində də rəngli qələmlər, onlardan biri mənim övladımdır və mən onu mütləq görməliyəm, əsas qapıya tərəf gedirəm və onu itələyərək açmağa çalışıram, amma qapı bağlıdır, gözlərimə inanmıram, qapıda böyük bir kilid var və bir lövhə asılıb, lövhənin üzərində pozulmuş yazı var: gözətçi nəzarətdədir, xahiş olunur sa… Son hərflər qədim yazılar kimi silinmişdi, heç kim sözü tamamlayaraq özünə əziyyət vermək istəmir, yəqin ki yüz il sonra tədqiqatçılar alınlarını qırışdıraraq olduqca fərqli fikirlər söyləyəcəklər. Üstündə nə yazıldığı bilinməyən yaşıl rəngli qapı mənim oğlumu qorumaq üçün yox, əksinə, onu məndən ayırmaq üçün orada dayanıb, ona düşmən kimi baxıram, vurmadan öncə düşmanı silkələyən kimi silkələyirəm qapını, başqa yolum yoxdur, ona qalib gəlməliyəm, gözətçinin uzun səyahəti bitənə qədər gözləməyəcəm, ətrafıma baxıram, heç kimin baxmadığına əmin oluram və qapının barmaqlarından