title>
BİRİNCİ HİSSƏ
TIFLIS
Bizim beş nəfərdən ibarət komissiya İrəvanda olmuşdu və Türkiyədən olan, hazırda dünyanın hər bir yerinə, o cümlədən Avropaya da yayılmış ermənilərin orada nə dərəcədə yerləşdirilə bilməsini araşdırmışdılar. 1925-ci il iyulun ikisində gecə qatarla İrəvandan evə qayıdırdıq. Səhərə yaxın qatar kəskin hərəkətlə dartınıb dayandığında hələ eşik qaranlıq idi. Komissiyadan olan yoldaşlarımın yatdığı qonşu kupedən səslər eşidilirdi. Onlara dedilər ki, dərhal hazır olsunlar. Onları Batumiyə götürəcək maşınlar artıq hazır gözləyirdi və qatar burada çox dayanmayacaqdı. Bütün bunlar nə demək idi və ayaqyolu harada idi? Biz Leninakanda idik, maşınlar isə həqiqətən də Batumi üçün sifariş verilmişdi. Fransız, həyat dolu Karli artıq tam oyanmışdı və o da hazır idi. İngilis Dupi isə hələ tam oyanmamışdı, o, alt paltarında dayanıb bu var-gələ ucadan etiraz edirdi. O, bütün bunlar haqqında heç nə bilmirdi və maşınla getməyə də qarşı çıxırdı. İtalyan gənc Lo Savio qəti şəkildə etiraz edib üzünü divara sarı çevirib yatmağına davam edirdi. Batumiyə getmək məcburiyyətində olmayan bizim norveçli katib Kuizlinq isə hər şeyə çox sakit yanaşırdı. Bütün sual Batumidən Konstantinapola gedən buxarlı gəmi barədə idi.
İrəvanı tərk etmədən bir neçə gün öncə bizə dedilər ki, gəmi iyulun 6-sı yola düşür və biz də səfərimizi buna uyğun qurduq. Sonra teleqram gəldi ki, yox, ayın 4-ü yola düşür, ancaq güclə yetişə bilərik ona. Amma həmin gün (iyulun 2-si) biz İrəvanı tərk etdiyimizdə gəminin ayın 3-də yola düşməsi haqqında digər bir teleqram aldıq (3 iyul). Belədə yetişmək imkanımız yox idi. Mən də gəmi şirkətinin rəhbərliyinə teleqram vurdum ki, biz planlarımızı onların daha öncəki teleqramlarına uyğun qurmuşuq. Yəni əgər yoldaşlarım gəmiyə yetişməsəydi, günahı onların üzərinə qoyurdum. Çünki sonra bir neçə həftə gəmi olmayacaqdı. Həmin ərəfədə fəal Karli Leninakana teleqram vurub maşın xahiş etdi ki, iyulun üçü tərk edəcək gəmiyə bizi yetişdirməsi üçün maşın göndərsinlər. İki həmkarını eyni zamanda özü ilə götürəcəyinə ümid edirdi, amma istənilən tip macəranı sevmələrinə baxmayaraq, o, indi yuxulu tənbəllikləri fonunda bu fikirdən vaz keçməli oldu və qatar yoluyla davam etdi.
Səhər Tiflisə yetişdiyimizdə teleqram gəldi ki, gəmi növbəti gün yola düşür. Kapitan Kuzlinq və mən vətənə Rusiyadan gedəcəkdik və günorta üç gözəl həmkarımızdan ayrılıb Batumiyə kimi qatarla yolumuza davam etdik. Birlikdə bir neçə gözəl həftə keçirmişdik və inanırdıq ki, yaxşı işlər görmüşük. Biz – geriyə qalan ikili Tiflisdə olacağımız müddətdə “Yaxın şərq” şirkətinin yer təklifinə “hə” dedik və onların qonaqpərvər evində qaldıq.
Dünya elə də böyük deyilmiş, bu yad şəhərdə dostum, Rusiya imperiyasının dəmiryollarının keçmiş direktoru Vürzelin qızı xanım Petrova ilə qarşılaşdım. 1913-cü ildə Sibir və Amur ərazisində onunla səyahət etmişdim. O, bir neçə il işi kənd təsərrüfatı sığortaçısı olan əri ilə bərabər Tiflisdə yaşamışdı. Mən onların hüzur dolu evlərində, cavan və sevimli qızları ilə zövqlü bir axşam keçirtdim. Onlar həmin narahat zamanlardan məharətlə çıxmışdılar və başqalarının məcbur çəkməli olduqları əzab-əziyyətlərdən yayınmağı bacarmışdılar. Onlara mebellərini, dörd otaqlarını – hansı ki, demək olar, boş idi – saxlamağa icazə verdilər. Amma əslində Tiflisdə Sovetlər Birliyinin əksər böyük şəhərlərində olduğu kimi yaşama yeri ilə bağlı ciddi çatışmazlıq hiss edilirdi və əksər ailələr yalnız bir otaqla kifayətlənməli olurdu. Cənab Petrov işi ilə bağlı həm Ermənistan, həm də Gürcüstan ərazisində xeyli səfərlərdə olmuşdu və müxtəlif rayonlarda vəziyyətin necəliyini çox yaxşı bilirdi. Türklərlə həmin müharibə illərində işlər çox pis idi, xüsusilə kənd təsərrüfatında, xüsusilə əhalisi qılıncdan keçirilən, torpaqları korlanan, soyulan türk ordusu tərəfindən məhsulu məhv edilən Ermənistanda!
1921-22-ci ilin qışında minlərlə adam aclıqdan ölmüşdü, ölənlərin meyitləri Ermənistanın Leninakan, İrəvan və başqa şəhərlərin küçələrində qalaqlanırdı. Həmin il ciddi quraqlıq olmamışdı, buna baxmayaraq, həmin il Volqa vadisində baş verən aclıq qədər sərt və ağır olmuşdu şərtlər. Amma kənd təsərrüfatına müdaxilə edən bacarıqlı əllərin sayəsində bu sahə böyük ölçüdə özünə gəlmişdi, hərçənd yenə daha yaxşı olmaq üçün imkan vardı.
Petrovların cavan oğlu vardı, onu da hazırda bir çox rusiyalı gənc kimi mühəndis olaraq böyütmək lazım idi. Ola bilsin, buna səbəb bu böyük ölkənin sənayesinin inkişafda olması, təbii sərvətlərinin daha geniş istismarına başlanmasıydı. Bu amillər insanlara gələcəyə dair ümid yaradırdı. O, hazırda Tiflisin şimalında Kür çayının vadisində tikilən nəhəng dambanın işçilərindən biri idi.
Və mən Transqafqaz hökuməti ilə Ermənistanla bağlı bəzi məsələlər barədə danışıqları davam etdirməli idim. Söhbət burada, demək olar, tamamilə tərk edilmiş suvarma sistemlərinin, əkin sahələrinin yenidən qurulması üçün 17 milyon kron məbləğində kreditin ayrılmasından gedirdi.
Azərbaycan, Ermənistan və Gürcüstan hərəsinin öz hökuməti olan üç müstəqil Sovet ölkəsidir. Onlar mərkəzi Tiflisdə hər ölkə üçün bir vitse-prezident səviyyəsində təmsil olunmaqla Transqafqaziya federasiyasında birləşiblər. Federasiya özü isə yenə də, başqa Sovet sosialist respublikaları ilə bərabər Moskvanın hakimiyyəti altında birləşib.
İrəvandakı Ermənistan hökuməti bizim təklifimizlə ikiəlli razılaşdı. Mən bu barədə Ermənistanın Transqafqaz federasiyasında vitse-prezident olan Lukaşinlə də məsləhətləşmələr apardım. Həmin görüşdə bacarıqlı kənd təsərrüfatı funksioneri Erzinkian da iştirak edirdi. Lukaşin dedi ki, Transqafqaz hökuməti də bu təklifə razıdır. Və mənim sevincli təəccübümə səbəb olaraq əlavə etdi ki, Millətlər liqasının onlara kredit ayırmasına onların heç bir etirazı yoxdur. Bu barədə çətinliklərin olacağından qorxurdum, çünki Sovet hökuməti bu liqanı tanımırdı. Sonra dedi ki, Transqafqaz federasiyası Ermənistan hökuməti ilə bərabər kreditin qaytarılmasına zamin durmağa hazırdır. Və həmsöhbətimə görə, həm Moskvadakı Sovet hökuməti, həm də Rusiya Milli Bankı lazım gələrsə, bu əməliyyata öz dəstəyini verəcək. Bu cür zaminlərlə arzuolunan şərtlərlə kreditin alınmasında problem olmamalıdır. Onun bu məsələ ilə bağlı nikbin düşüncələrini bölüşə bilməzdim, qorxurdum ki, Avropa bankları belə ümumi zaminlər yox, daha spesifik təminat mənbələri tələb edə bilər bizdən. Çünki hökumət dəyişikliyi olardısa, bu zaminlər öz aktuallığını itirə bilərdi. Hərçənd o, belə bir ehtimalın olmadığını deyirdi, amma yenə də bu bankların hər zaman nəzərə aldığı mümkünlük idi. Mən bizim Yunanıstandakı çətin vəziyyət zamanı qaçqınları yerləşdirməyə görə alınacaq kredit üçün üzləşdiyimiz çətinlikləri onların nəzərinə çatdırdım. Hərçənd orada da yunan hökuməti verilən kreditdən daha dəyərli olan sabit təminatlar təklif edirdi. Yadda saxlamaq lazımdır ki, banklar hissləri və humanitar məqsədləri olmayan varlıqlardır. Düzdür, işləri heç də hər zaman mükəmməl deyil, amma onlar hesablayıcı maşınlardır. Ona görə də düşündüm ki, spesifik təminat verilərsə bütün proses xeyli dərəcədə yüngülləşmiş olar. Məsələn, borc verənlərin tam nəzarətində olan bir sistem təklif edilə bilərdi ki, nə olsa da borc batmayacaq, əlavə xərclər olarsa, ödəniləcək və s. Ən sadə yol o olardı ki, kredit alınan torpaqlar özü girov kimi borcverənlərə verilərdi, amma bu mümkün deyildi, çünki bu torpaqlar dövlətə məxsus idi və satıla bilməzdi. Lukaşinə görə, heç şübhəsiz ki, bu plan böyük çətinliklərlə üzləşəcəkdi. O, buna ehtiyac görmürdü, heç mənim qorxularım da özünü doğrultmadı. Bir halda ki, üç hökumət, qüdrətli Sovet İttifaqı Bankı bu məsələyə qol qoyur, demək ki, bir problem olmaz. Onda mənə inamsızlıq toxumu səpən biri kimi baxarlar. Mən cavab verdim ki, əlbəttə, bizim tərəfdən məsələni xoşbəxt sonluqla yekunlaşdırmaq üçün heç bir istək və iradə əskikliyi olmayacaq. Dedim ki, yalnız sənin haqlı olduğuna ümid edirəm. Amma irəlidə böyük çətinliklər gördüyümü ondan gizlədə bilmədim. Biz bir-birimizdən mümkün olan ən yaxşı qarşılıqlı arzularla ayrıldıq.
Sən demə, qorxularımın, əsaslı olduğu təəssüf ki, üzə çıxdı. Təklif edilən zəmanət şərtləri altında Ermənistan üçün kredit açılması mümkün deyildi. Bunun üçün konkret təhlükəsizlik