Ruhlar onları bişirib yeyir və cavanlaşır. Bu əhvalatın Tor və dünyadan kənarda olan dünya ilanları ilə bağlılığı var. Tor Allahı Yutenhaymda onları qarmağa keçirdərək yuxarılara dartmışdı. Osetinlərdə həmçinin həyatın müxtəlif sahələrinə nəzarət edən çoxsaylı allahlar var. Həm zülm üçün, həm yaxşılıq üçün Ali Allah var. Cənnətdən cəhənnəmə gedən yolda ölüm hökmünü verən Allah var, günəşin oğlu var, ayın oğlu var, tarlaların Allahı var, məhsulun, mal-qaranın, oyunların, suyun, balıqların, sağlamlığın, soyğunçulara nəzarət edən və başqa bir çox işə baxan Allah var. Zülm Allahına evin sahibi çərşənbə günü axşam, evin qarşısında bir quzu qurban kəsir. Bu Miladla Yeni il bayramının ortasında bir gün baş verir. Allaha yemək-içmək verilir, dualar edilir ki, O nə bu ev-eşiyə, nə də buradakı mal-qaraya bir pislik etməsin. Gecə məclis qurulur, amma bütün əyləncə ərzində həmin Allahın adı çəkilməlidir. Bizdəki kimidir, Şeytanla dost olmaq istəyən adam gərək Allahın adını çəkməsin, çünki onda o dərhal yoxa çıxar.
Önəmli ruhlardan biri ağsaqqalların, bir də evin özünün ruhudur, bu adam ocaq gözətçisi olur və onunla hər zaman xüsusi diqqət-qayğı ilə davranılır. Onun üçün müəyyən zamanlarda quzu qurban kəsilir, onun qanı torpağa basdırılır, onun üçün vaxtaşırı yemək gətirilir. Yemək, eyni zamanda meşənin bəlli yerlərində ölülər üçün də aparılır. Bu düşüncələr qədim zamanlardan gəlir və bir çox insanda onları müşahidə etmək olar. Onların yaxşı və pis adamlarla bağlı düşüncələri böyük ölçüdə bizimkinə yaxındır. Ailənin Ağsaqqalı ailənin böyüyü, əsasını qoyan sayılır və bütün ölmüş ağsaqqallara görə də ona hörmət edilir. Və biz də onun üçün, eyni zamanda ölmüş adamlar üçün Miladda ağacların altına hansısa hədiyyələr qoyuruq, eyni zamanda onun üçün ocağa içki atmaq halları da olur.
Meşəlik ərazidə müqəddəs ağacların əhatəsində toy mərasimləri də keçirilir. Müqəddəs meşədə yalnız bura məxsus olan keşişlər pivə bişirməkdə iştirak edə bilər. Bir adam bir ağac kəssə, bir adam bircə budaq sındırsa, buradan Allahı ona ciddi bir xəstəlik, yaxud ölüm göndərər. Trusso dərəsində, Abankon yaxınlığındakı Trusso müqəddəs meşəsində kor Samt İlya yenidən görə bilmək üçün zalımla mübarizə aparır. Görə bilmək üçün öküzü qurban verməlidir.
Müqəddəs ağaclar və meşəliklər bir çox xalqlarda mövcuddur. Bizdə də şimal ərazilərimizdə – Uppsala – belə bir şey mövcuddur. Bortada (Mo, Telemark) bir meşəlik ərazi elə müqəddəs saxlanılırdı ki, oradakı otu belə kəsmək, mal-qaraya otartmaq olmazdı. Yoxsa, deyirdilər ki, həmin adama böyük fəlakət üz verər.
Osetinlərin müqəddəs meşələrində müəyyən müqəddəs ağacların altında budaqlar qalaqlanır. Bu maraqlı mənzərədir. Buralardan keçən hər kəs əyilib bir odun parçası, bir çırpını həmin qalağın üzərinə bu yerin Allahına nəzir olaraq atmalıdır. Norveçdə də eyni adətin mövcud olduğu bir neçə yer var. Bizdə də bir çox yerdə insanlar səbəbini bilmədən ağacların altına budaq, çır-çırpı qalaqlayırlar, bu qədim adətə görə edilir. Bəzi yerlərdə nəzir kimi kiçik daşlar qoyulur ağac altına. Qədim zamanlarda osetinlər qəbirlərin üzərinə 3 metrə yaxın uzunluqda cilalanmamış daşlar qoyardı. Bu bizdəki qədim qəbir sinə daşları ilə eyni ola bilər.
Osetinlərdə haqqı olduqları şeyə sahib olmaq açıq şəkildə vacibdir və onlarda bunu etmək üçün praktik yollar var. Əgər bir adamın nəsə haqqıdırsa və onu digər adamdan ala bilmirsə, o, həmin adamın əcdadlarının qəbrinin üstündə it öldürməklə hədələyir. Bu zaman onun əcdadlarının ruhları o dünyada bu heyvanların verdiyi əzabla utanıb biabır olur. Bu düşüncəyə heç bir osetin dözə bilmir və məsələ nə olsa da, dərhal həllini tapır. Bir osetin and içəndə itin quyruğundan, yaxud da eşşəyin qulağından tutur. Və əgər and içib andına xilaf çıxsa, onun əcdadları o dünyada eyni heyvanları yeməyə məcbur ediləcəklər. Eyni konsepsiyalar xevsurlarda da mövcuddur və çox böyük ehtimal əcdadlarının inancları ilə bağlıdır.
Bu dağlardakı osetin kəndləri elə də böyük deyil: onlar bəzən dik dağ döşlərində tikilən 20-30 ev, bəzənsə 5-6 ev qədər kiçik ola bilər. Bir qədər yuxarılarda evlər daha dağınıq yerləşib, amma onlar gücləndirilmiş qalalar təsiri bağışlayır. Dağ vadilərindəki evlər daşdandır, xevsurlardakı kimi, bir qədər aşağılarda isə onlar Norveçdə olduğu kimi taxtadan düzəldilib. Kəndlərdə hər zaman müdafiə üçün bir hündür qüllə olur. Bir çox yerdə bu qüllədən hər evdə biri olur. Bu dalaşqan insanlar hər zaman özlərini müdafiə etməyə hazır olmalıdır. Bir şey də önəmlidir: başqa tayfanın içindən çıxan oğru və soyğunçulara cinayətkar kimi baxılmamalıdır. Sanki onlar daimi müharibə içindədir. Hər bir kənd icma yaradır, icmanın başında ağsaqqal dayanır, bu icma öz növbəsində “böyük ailələrə” bölünür. Hər ailənin bir ağsaqqalı olur. Amma bu böyük ailə daha birlikdə deyil və ümumi mülkləri də yoxdur. Evin kişisi öləndə onun mülki oğlanları arasında bərabər bölünür, amma böyük oğul özünə düşən ev və heyvan payından əlavə də bir pay alır. Ən kiçik oğula isə bir az mal-qara və silah düşür. Qızlara heç nə düşmür. Digər tərəfdən evlilik zamanı onlar üçün pul ödənilir, həmin pul da ya ataya, ya da qardaşlara gedir. Belədə, onlarla satıla bilən əmlak kimi davranılır. Əksər osetin tayfaları arasında səviyyə, rütbə məsələləri, fərqlər mövcud deyil.
Osetinlər, əsasən, heyvandarlıq hesabına yaşayır, çoxu mal-qara böyütməklə – xüsusən də, yüksək dağlıq ərazilərdə – dolanır. Bundan əlavə, qədimdən gələn mal-qara oğurluğu adəti də yaşamın mühüm vasitələrindən biri hesab edilir. Peyin çox zaman yığılır və sahələrə səpilir, amma bu heç bütün başqa Qafqaz xalqlarına xas xüsusiyyət deyil. Ruslar kimi onlar da mal-peyinini – burada, hündürdə, ağac olmayan dağlıq ərazilərdə yanacağa çox az rast gəlinir – qurudub sonra ondan isitmə vasitəsi kimi istifadə edirlər. Peyin çox zaman evin çölündə divara bitişik bir yerdə günün altında qalaqlanıb qurudulur. Meşəli vadilərdə çox zaman meşələrdən də istifadə edilir, Norveçdə olduğu kimi ağac oduncaq-larından sallar düzəldilir. Burada çaylar iti axır, yolüstü maneələr çoxdur, çox zaman oduncaqlar nəyəsə ilişib dayanır, dartıb yolunu açmaq lazım gəlir.
Kişilər ağır həyət-baca işlərini görür: şumlamaq, ot biçmək, odun doğramaq, qışa tədarük görmək, hasar düzəltmək və s. Qadınlar evdə işləyir, təmizlik işlərinə, mal-qaraya baxır, süd sağır, pendir düzəldir, toxuculuqla məşğul olur və s. Onlar həmçinin sahədə də işləyir, dəryazla ot qırxır, meşədən süpürgəotu gətirir və s.
Aydın məsələdir ki, belə kiçik cəmiyyətlərdə bir kişinin ölməsi böyük hadisədir. Həm osetinlər, həm xevsurlar yas mərasimini bütün kəndin iştirakı ilə böyük məclisdə qeyd edir. Qadınlar üz cırıb ağlayır, insanlar yas saxlayır, sonra yeyib-içmək, pivə dolu yas məclisi verilir. Dəfn və o biri dünyaya göndəriş qədim atəşpərəstlik qaydalarına uyğun aparılır. Növbəti bir ildə on iki məclis keçirilir və qonºu kəndlərin camaatı da bu məclislərə dəvət edilir. Bunu ona görə edirlər ki, o biri dünyada həmin ölmüş adam çörəkdən, pivədən, müqəddəs ruhdan əziyyət çəkməsin və ot yemək zorunda qalmasın. Amma dul qadın gərək bütün ili oruc tutsun, il boyu qara ətək, qara bluzanı əynindən çıxartmasın. Hər cümə