idi. Fəqət yekun qərarlarını tez verdiyini eşidən insanlar onun astagəl və gec düşünən olduğunu sanmırdı. Onun təəssüratları davamlı hesab edilmək üçün çox canlı idi, hərçənd tez-tez onların davamlı olmasına cəhd edirdi. Onu çəkən şeylər böyük və ülvi nəsnələr idi, eyni zamanda isə uşaq kimi sadə və saf idi. O dürüst idi, comərdlik dərəcəsində dürüst idi. Və minlərlə pulu ona-buna elə-belə verdiyindən, ödəmədiyi xeyli borcu qala bilərdi. Zəkasının başa düşüldüyünü hesab etdiyi yerlərdə zəkalı və əyləncəli olurdu. Yoxsa küt və təmkinli aparırdı özünü. Dostlarına qarşı içdən, səmimi, əziyyət çəkənlərin yanında, sevgiyə və dostluğa hissiyyatlı, verdiyi vədə doğru, xırda məsələlərdə güzəştə gedən, amma xarakter nümayiş etdirməyin zəruri olduğunu düşündüyü yerlərdə qaya kimi sərt olurdu. Onun intellektual üstünlüyünü qəbul edən insanların yoldaşlığında mütavazi və yardımsevər, ona qarşı gəlməyə çalışanlarla isə başağrıdan və deyingən ola bilirdi. Qürurlu, səmimi, birbaşalılığının səhv başa düşüləcəyini düşündüyü yerlərdə bəzən təmkinli, sözlərinin məhsuldar torpağa gömüldüyünü sandığı yerlərdə gözəl danışan, bəlağətli, içindən təhrikedici səs gəlməyəndə astagəl, içindəki səs onu təhrik etdikdə isə qızğın, atəşli olurdu. Bundan əlavə, davranışlarında mülayim, nəzakətli idi, kimisə günahlandıran rəftarı yox idi. Bu, Havelaarın xarakterinin qısa təsviri idi.
“Qısa təsvir” deyirəm, çünki əgər bütün tərifləri vermək çətindirsə, gündəlik gördüyümüz insanlardan xeyli fərqlənən birinin təsvirini vermək lap çətindir.
Düşünürəm ki, bəlkə də bu səbəbdən romans yazan şairlər öz qəhrəmanlarını ya mələklərdən, ya şeytanlardan seçir. Ağla qaranı çəkmək asandır, amma həqiqətə hörmət etməli olanda, heç bir tərəfi nə çox tünd, nə çox açıq çəkməyə iza-cə olmayanda iki ifrat arasındakı fərqləri hasil etmək daha çətindir. Hiss edirəm ki, Havelaar haqda verdiyim eskiz qeyri-mükəmməldir. Qarşımdakı material elə genişdir ki, onlar zənginliyi ilə mənim mühakiməmi məhdudlaşdırır. Sənə çatdırmağı arzu etdiyim hadisələr sırasında ola bilsin ki, əlavə kimi bu boşluğu doldurum. Bu dəqiqdir: o, adi adam deyildi və əlbəttə ki, dəqiq öyrənilməyə dəyər biri idi. Hələ indi görürəm ki, onun əsas keyfiyyətlərindən birini verməmişəm: O, hadisələrin, şeylərin gülməli və ciddi yönlərini dərhal və eyni cəldliklə anlayırdı. Bu qəribə keyfiyyətinə görə onun dinləyiciləri dərin şübhə içinə düşürdülər, görəsən onlar Maksın sözlərindən təsirlənməlidirlər, yoxsa onların ciddiliyini bir anda pozan zarafatlarına indi gülməlidirlər.
Xeyli diqqətçəkən durum o idi ki, onun xarici görünüşü, hətta emosiyaları belə keçmiş həyatı haqqında çox az iz verirdi bizə.
Təcrübə ilə öyünmək gülməli və adi bir şeyə çevrilib. İnsanlar var ki, üzdüklərini düşünüb 50-60 il axının səthində qalıblar. Onlar həmin zaman kəsimi haqqında A meydanından B meydanına hərəkət etməklərindən azca çox danışa bilərlər. Həmin saçlarını belə asan ağardan insanların həyat təcrübələri haqda öyünərək danışmalarını dinləmək qədər heç nə adi ola bilməz. Başqa insanlar düşünür ki, yalnız onlar daxili həyatlarına təsir edən təcrübələri böyük iddia elə başqaları ilə bölüşə bilərlər. Təsəvvür edə bilərəm, vacib hadisələrə şahidlik etmək, yaxud onun iştirakçısına çevrilmək bəzi insanların qəlbinə çox az, yaxud heç təsir etməyə bilər. Bu məsələyə şübhə edənlər özlərinə sual edə bilər: təcrübə həmçinin, 1815-ci ildə Fransada yaşayan qırx, əlli yaşlı sakinlərə də aid edilə bilərmi? Bu insanlar yalnız 1789-cu ildə Fransada başlanan böyük dramatik hadisələrə şahidlik etməmişdi, onlar hətta həmin dramatik hadisələrdə bu və ya digər formada rol almışdı.
Və əksinə, nə qədər insan xarici təsirlərin şərtləndirmədiyi hadisələrdə dərin emosiyalar yaşaya bilər? Robinson Kruzo haqda, Pellikonun əsirliyi, Saintidən valehedici “Pic-cola” haqda qoca xidmətçinin sinəsindəki savaşı düşün. Bu adam bütün həyatı boyu bir sözlə də olsun xəyanət etməmişdir, yalnız sevgi hissi duymuşdur. Hadisələrin axarına cəlb edilən Filantropun emosiyaları həmyerlilər üçün çox maraqlıdır. O, alternativ olaraq nə qədər çox qorxursa, ümid edirsə, bir qədər gözəl ideya üçün hər bir entusiazmı, alovu, dəyişikliyi müşahidə edə bilir. İnsanlara öz hücrəsindən nəyin həqiqət olduğunu öyrətməyə çalışan, səsinin macərapərəst, riyakarlar tərəfindən batırıldığını hesab edən filosof haqda düşün. Sokrat haqqında düşün, – zəhərli fincanı boşaltdığını nəzərdə tutmuram, – çünki mən burada əqlin təcrübəsindən danışıram, mənim varlığını xarici amillərə borclu olanlarla işim yoxdur – onun kimi düzgün və həqiqi olanı sevən birinin cavan, Allahlara nifrət edən biri tərəfindən rüşvətxor adlandırılması onun qəlbini necə sındırıb, qəmgin əhvala sala bilər, bunu düşün. Yaxud da, bundan daha yaxşı, dərin kədər içində Yerusəlimə tamaşa edən və “olmayacağından” şikayət edən İsanı düşün.
Belə kədər çığırtısı – istər zəhərlənmiş fincan olsun, istərsə də xaç olsun – sınanmamış ürəkdən gəlmir. Kədər, əziyyət olmalıdır – təcrübə budur!
Bu hiddət məndən yan qaçmışdı, indi bu hiss mənimlədir və mənimlə qala bilər. Havelaar çox şey yaşayıb. Misal üçün sən A küçəsindən tərpənmək üçün tarazlaşdırıcı nəyəsə ehtiyac duyursanmı? Onun gəmisi dəfələrlə qəzaya uğrayıb, o, yanğın, qiyam, sui-qəsd, müharibə, duellər, cəh-cəlal, aclıq, kasıblıq, vəba, sevgi və “sevgilər” yaşamışdır. O, Fransanı, Almaniyanı, Belçikanı, İtaliyanı, İsveçrəni, İngiltərəni, İspaniyanı, Portuqaliyanı, Rusiyanı, Misiri, Ərəbistanı, Hindistanı, Çini və Amerikanı ziyarət edib. Həyatının belə qarışıq olmasına gəlincə onun təcrübə qazanmaq üçün şansı çox olub, həqiqətən də çox şey yaşayıb, həyatın onu bolluca təqdim etdiyi təəssüratları görməzdən gələrək həyatını sürdürməyib. Verilən imkanları əldə etməsinə səbəb isə ürəyinin həssaslığı və zəkasının cəldliyidir. Onun çəkdiyi əzablardan, yaşadıqlarından xəbərdar olan, tanıyan, fərz edən hər bir kəsi heyrətləndirən və marağına səbəb olan məqam onun üzündə bu barədə demək olar ki, heç nə görə bilməməsidir. Əlbəttə sifət cizgilərində yorğunluğa bənzər nəsə görə bilərdin, amma bu anda sən qocalığa yaxınlaşmaqdan daha çox vaxtından əvvəl yetişmə haqda düşünərdin. Hərçənd, bu elə qocalığa yaxınlaşmaq olmalı idi, çinki Hindistanda 35 yaşlı adam artıq cavan hesab edilmir. Daha əvvəl qeyd etdiyim kimi onun emosiyaları da cavan qalmışdı, o, uşaqla uşaq kimi oynaya bilərdi və çox vaxt balaca Maksın hələ də çərpələng uçurtmaq üçün çox kiçik olduğundan şikayət edərdi. Çünki o – “Böyük Maks” bunu çox sevirdi. Oğlanlarla “hoppanan qurbağa” oynayardı, qızların naxışları üçün nümunələr çəkməyi sevərdi. Hətta bəzən onlardan iynəni alır və özü əylənərək bu işi görərdi. Hərçənd hər zaman onlara “tikişləri mexaniki saymaqdan” daha yaxşı işlər görə biləcəklərini söyləyirdi. 18 yaşlı cavan oğlanlarla o, cavan tələbəyə çevrilirdi, “Patriam conimus”u, ya da “Gaudeamus igitur”u oxuyardı onlarla. Mən tam əmin deyiləm, yaxınlarda, o, Amsterdamda tətildə olanda xoşuna gəlməyən bir lövhəni aşağı endirmişdi, çünki həmin lövhədə ağzında