stoluna üzərinə sürüşdü, sonra isə stolun üzərindən buxarıya keçdi. O qəhvədanlara, qəhvə yığılan qablara, buxarının üzərindəki rəfə yığılan çəngəl-bıçağa baxdı. Qapının yanına qoyulmuş su vedrəsinə, boşqablara, nəlbəkilərə, çəngəllərə, yarıya kimi açıq olan dolabın qapısından görünən hər şeyə nəzər yetirdi. Atasının silahı üçün ətrafa baxdı, silah divardan, Danimarka kral ailəsinin portretinin yanından asılmışdı. Pəncərə altlığına isə cürbəcür gözəl çiçəklər qoyulmuşdu. Nəhayət sonunda o pəncərə çərçivəsinə sancılmış köhnə kəpənək sancağı gördü.
Daha öncə gözü bu sancağa sataşmamışdı, o var gücü ilə hoppanıb onu pəncərə çərçivəsindən götürdü və sinəsinə sancdı. Bəxti çox gətirmişdi. Özü də belə bəxtli olduğuna inana bilmirdi. Çox təəcüblənmişdi. Özü də bilmədi bunu necə etdi amma sancaqla cırtdana toxuna bilmişdi. Yazıq, bambalaca varlıq baş ayaq vəziyyətdə sancağa keçirilmiş formada qalmışdı indi. Nə qədər çabalasa da oradan azad ola bilmirdi.
Ilk anda oğlan öz şikarı ilə nə edəcəyinə qərar verə bilməmişdi. Amma o cırtdanın sancağın başına dırmaşın qaça bilməməsi üçün o tez-tez sancağı baş-ayaq çevirirdi.
Cırtdan danışmağa, yalvarmağa başladı. Ah. O elə ümidsizcəsinə azadlığı üçün yalvarırdı ki! o dedi ki, bu illər ərzinə o bu ailəyə yalnız xoşbəxtlik gətirib və indi də daha yaxşı davranışa laqidir. Və indi əgər oğlan onu azad etsə cırtdan ona köhnə qəpik, gümüş qaşıq, qızıl sikkə verəcək. Qızıl sikkənin böyüklüyü isə onun atasının gümüş saatı böyüklüyündə olacaq.
Oğlan bunun qeyri-adi bir təklif olduğu düşüncəsində deyildi. Amma indi də elə alınmışdı ki, o cırtdanı tutub öz əsiri etdikdən sonra ondan qorxmağa başlamışdı. O hiss etdi ki, çox qəribə və qeyri –adi bir varlıqla sövdələşməyə girib, bu kim idisə bu dünyanın sakini deyildi, o bu qəribə və qorxulu varlıqdan yaxa qurtaracağı üçün özünü yalnız həddən artıq xöşbəxt hesab edərdi.
Bu səbəbdən də o cırtdanın təklif etdiyi sövdələşmə ilə dərhal razılaşdı, o sancağı düz saxladı ki, cırtdan orada düşüb qurtula bilsin. Amma cırtdan elə sancağın lap başına gəlib xilas olmaq ərəfəsində idi ki, oğlan bu sövdələşmənin ədalətli olmadığını düşündü. O peşman oldu ki, gərək cırtdandan onu xilas etməsi müqabilində daha çox var-dövlət istəyərdi. Daha yaxşı şeylər də istəmək olardı axı. O ən azından belə bir şərt qoya bilərdi: cırtdan hara getsə bu sancaqla getməli idi.
– Mən onu azad etməklə necə də axmaq iş tutdum. Oğlan özlüyündə düşündü. Belə deyib sancağı elə möhkəm silkələməyə başladı ki, cırtdan dombalaq aşıb geriyə yumbalandı.
Amma oğlan elə bunu etdiyi andaca qulağının dibində çox güclü bir zərbə hiss etdi. Ona elə gəldi ki başı indi hissələrə ayrılacaq. O əvvəl bir divara, sonra isə qarşı tərəfdəki divara zərblə çırpıldı. Sonunda isə o gumbultu və elə oradaca huşsuz vəziyyətdə uzanıb qaldı.
Özünə gələndə kottecdə tək-tənha idi. Cırtdan gözə dəymirdi. Sandığın qapağı qapanmışdı, kəpənək sancaq isə yenidən hər zamankı yerindən, pəncərənin çərçivəsindən asılmışdı. Əgər sağ yanağı zərbənin təsirindən hələ də göynəməsəydi o bütün olanların yuxu olması qənaətinə gələcəkdi. Hər halda o əmin idi ki, atam da, anam da bunun belə olduğuna israr edəcəklər. O düşündü. İnanmıram ki, onlar nə köhnə sancaqla nə də evdə peyda olan cırtdanla maraqlansınlar. Yaxşısı budur mən qayıdım tapşırığımı hazırlayım. O yenə öz-özünə düşündü.
Amma o stola tərəf addımladıqca qeyri-adi bir hadisənin baş verdiyini hiss etdi. Kottecin bu qədər böyüməsi mümkün deyildi. Amma onda bəs niyə stola çatmaq üçün bu qədər qeyri- adi dərəcədə çox addım atmalı olmuşdu? Bəs stula nə olmuşdu? O axı bir qədər öncə göründüyündən daha da böyük görsənirdi. Amma indi stula qalxmaq üçün əvvəlcə divana dırmaşmalı, sonra isə oradan stulun üzərinə çıxmalı idi.
– Bu nədir belə? Nələr baş verir bu evdə? Oğlan öz-özünə düşündü. Deyəsən cırtdan həm kreslonu həm stolu həm də kottecini özünü sehirləyib.
Oxuduğu kitab hələ də stolun üzərində idi, belə görünürdü ki, ona toxunan olmamışdır. Amma onunla bağlı da qəribə bir məqam var idi, çünki oğlan gəlib kitabın düz qarşısında dayanmadan oradakı bir sözü belə oxuya bilmirdi.
O bir neçə sətr oxuduqdan sonra başını qaldırıb baxdı. Belədə onun baxışları gedib güzgünün üzərində dayandı. Bu zaman o ucadan qışqırdı: bax, orada biri də var! Oradan, papaqlı kapüşonlu və dəri şalvarlı biri ona baxırdı.
– Bu nədir, oradakı oğlan da mənim kimi geyinib ki! Oğlan belə deyib təəcüblə əllərini bir-birinə vurdu. Və bu zaman o güzgüdəki oğlanın da eyni hərəkəti etdiyinə şahidlik etdi. Sonra o yerində fırlanmağa, əlini çimdikləməyə və saçını dartmağa başladı. Eyni anda oğlan da həmin şeyləri güzgüdə təkrarladı. O güzgüdə öz əksini görürmüş…
Sonra oğlan bir neçə dəfə qaçaraq güzgünün ətrafına dolaşdı ki, görsün onun arxasında balaca oğlan gizlənməyib ki? Amma orada özündən başqa heç kəs yox idi. Belədə oğlan qorxudan əsməyə başladı. Çünki indi o anladı ki, cırtdan onu cadulayıb və güzgüdə əksini gördüyü oğlan həqiqətən də o özü imiş…
VƏHŞI QAZLAR
Oğlan cırtdana çevrildiyinə sadəcə olaraq inanmaq istəmirdi. Bu yuxudan, vəhşi təxəyüldən başqa bir şey ola bilməz. O düşündü. Mən bir qədər də gözləsəm, əminəm ki, yenidən insana çevrilcəm.
O yenidən keçib güzgünün qarşısında dayandı və gözlərini yumdu. O gözlərini bir də bir neçə dəqiqədən sona açdı, gözlərini açanda hər şeyin dəyişəcəyini gözləsə də, heç nə dəyişməmişdi. O elə balaca qalmışdı. Başqa şeylərdə isə o əvvəl necə idisə elə idi. Arıq, saman rəngli saçlı, burnunun ətrafında çoxlu çillər, dəri şalvarının dizində çırıqlar, corablarındakı deşiklər necə vardı elə də qalmışdılar. Bircə fərq vardı, ona aid hər bir şeyin ölçüsü xeyli kiçilmişdi.
İndi artıq dayanıb gözləməyin heç bir anlamı yox idi, o buna əmin idi. O nəsə başqa bir şeyə cəhd etməlidir. Və düşündü ki, edə biləcəyi ən ağıllı şey həmin cırtdanı tapıb onunla barışmaq olardı.
O döşəmənin üzərinə hoppanıb axtarmağa başladı. O stulların, dolabların arxasını gəzdi, divanın altına, sobaya baxdı. Sonra hətta sürünüb bir-iki siçovul oyuğuna da baxdı, amma cırtdan heç yerdə gözə dəymədi.
O axtardıqca ağlayır, qışqırır, dua edir və ağlına gələn hər şeyə and içib vədlər verirdi. O bir daha heç kimə verdiyi vədinə xilaf çıxmayacaq, o bir daha heç vaxt dəcəl olmayacaq, valideyinlərinin sözündən çıxmayacaq, bir daha heç zaman dərs oxuyarkən yatıb qalmayacaq. Təki bircə yenidən çevrilib insan olsun, o zaman elə sözəbaxan, elə ağıllı, elə itaətkar biri olar ki… amma hər nə qədər söz versə də ağlasa da heç nə dəyişmirdi, bu ona kömək etmirdi.
Birdən onun yadına bir dəfə anasının dediyi sözlər düşdü.