və zənginliyini aşkarlamağı, Qərbli olmadıqlarını və milliyətçiliklə münasibətlərini saf-çürük etməyə yardımçı oldu. Üçüncü Dünya ədəbiyyatı anlayışı pis şəkildə istifadə ediləndə isə (məsələn, Fredrik Ceymsonun “Üçüncü Dünya ədəbiyyatları milli alleqoriyalardır” tezisində olduğu kimi) mərkəzdənkənar ədəbiyyatların qarışıqlığını və zənginliyini görməzdən gəlməyin mədəni forması oldu, vəssalam. Borxes qısa hekayələrini və esselərini 1930-cu illərin Argetinasında, yəni tamamilə Üçüncü Dünya ölkəsində yazmışdı, amma bugün dünya ədəbiyyatının düz mərkəzində mübahisəsiz yeri var.
Amma qəbul etmək lazımdır ki, Üçüncü Dünya deyilən bu ölkələrin özünəməxsus “hekayə və roman”ları var. Bu məxsusilik ondan qaynaqlanır ki, yazıçı dünya ədəbiyyatının mərkəzindən uzaqda yazdığını bilir, bu uzaqlığı içində hiss edir. Əgər Üçüncü Dünya ədəbiyyatını fərqli edən bir cəhət varsa, bu, kənarda qalmış bir ölkənin yoxsulluq, şiddət, siyasi qarışıqlıq və s. kimi ictimai problemləri deyil, onu fərqli edən şey yazıçının məşğul olduğu roman sənətinin tarixinin yazılıb-yarandığı mərkəzlərdən uzaqda olduğunu bilməsi və bu uzaqlığı nəzərə alıb yazmasıdır. Burda vacib olan məsələ Üçüncü Dünya yazıçısının dünya ədəbiyyatının mərkəzindən tamamilə sürgün olunduğunu bilməsidir. Üçüncü Dünyadan olan bir yazıçı, Lyosa kimi, öz ölkəsi Peruda yox, Avropada, Qərb mədəniyyətinin mərkəzlərindən birində də yazıb-yarada bilər. Bunları ona görə deyirəm ki, Üçüncü Dünya yazıçısının “sürgün” vəziyyətinin coğrafi məsələ yox, ruhi halət, kənarda qalmışlıq, öz sənətinin tarixi haqqında daim içində gəzdirdiyi ögeylik duyğusu olmağına işarə vurum.
Amma digər tərəfdən baxanda bu kənarda qalmaq vəziyyəti yazıçını bəzi yaradıcı problemlərin əndişəsindən də xilas edir. Üçüncü Dünya yazıçıları öz şəxsiyyətlərini, kimliklərini formalaşdırmaq üçün özlərinə örnək və ustad seçdikləri ata-yazıçı obrazı ilə kompleksli bir şəxsiyyət davasına girişməyə bilərlər. Çünki, eynilə Lyosanın Perunun ictimai problemləri, tarixi və sairə ilə çulğalaşan romanlarının bizə göstərdiyi kimi, Üçüncü Dünya yazıçısının coğrafi mənsubiyyəti, mövzularının yepyeni və işlənməmiş olmağı, hətta ölkəsində xitab etməyi arzuladığı oxucuların yeniliyi, saflığı və müxtəlifliyi, avtomatik şəkildə ona orijinallıq, səhihlik bəxş edir.
Lyosa gənclik illərində Simona de Buvuarın (Simone de Beauvoir) “Gözəl görüntülər” romanı barəsində yazdığı bir essedə bu dediyim məsələylə bağlı ipucları verir. Buvuarı təkcə parlaq bir roman yazdığı üçün yox, o vaxtlar – 1960-cı illərdə – Fransada çox dəbdə olan “Yeni roman”çıların kölgəsində qalmadığı üçün də təbrik edir. Gənc Lyosanın fikrincə, Simona de Buvuarın romanının əsas xüsusiyyəti odur ki, Allen Rob-Qriye, Natali Sarrot, Mişel Byutor və Bekket kimi yeni romançıların roman formalarını və yazı metodlarını öz məqsədinə xidmət etdirə bilib.
Başqa yazıçıların metod və formalarından “istifadə” etmək mövzusu Lyosanın başqa bir yazısında da (Sartr haqqında yazdığı) ortaya çıxır. Lyosa yetkinlik illərində Sartrın romanlarını yumordan və əsrardan məhrum, esselərini açıq, amma siyasi olaraq çaşdırıcı, romanlarını isə dəbdən düşmüş və yaradıcılıqdan uzaq sayacaq, Marksist olduğu gənclik illərində Sartr təsirinə düşdüyü üçün özünü qınayacaqdı.
O, Sartrla bağlı tam mənada xəyal qırıqlığına uğramasını, 1964-cü ildə “Le Monde” qəzetində oxuduğu bir müsahibəylə əlaqələndirir. Türkiyədə də səs-küyə səbəb olmuş məşhur müsahibəsində Sartr, Biafradakı bir Üçüncü Dünya ölkəsində acından ölən zənci uşaqla ədəbiyyatı əxlaqi olaraq müqayisə etmiş, belə fəlakətlər varkən yoxsul ölkələrdə ədəbiyyatla məşğul olmağın bir “lyuks” olduğunu demiş və Üçüncü Dünya ölkələrində yazıçıların ədəbiyatın lyuks zövqlərindən təmiz vicdanla faydalana bilməyəcəklərinə eyham vuraraq həqiqi ədəbiyyatı zəngin ölkələrin məşğuliyyəti saydığını söyləmişdi. Digər tərəfdən, Lyosa onu da yazır ki, Sartrın məntiqli fikirləri, ədəbiyyatın oyun olmayacaq qədər ciddi iş olması ilə bağlı düşüncələri onun üçün “faydalı” və “praktik” olub. Bu fikirlər sayəsində ədəbiyyatın və siyasətin qarışıq labirintində yolunu tapıb, kəsəsi, Sartr ona “faydalı” bir bələdçi olub.
İlham deyilən şeyə bu cür məntiqi yanaşma, başqa yazıçıların texniki kəşflərininin yararlı olmasından danışmaq və mərkəzdən uzaq olmağın daim fərqində olmaq, müəyyən bir saflığa (Lyosanın fikrincə, Sartrda ədəbiyyatçı üçün müəyyən dozada lazımlı olan saflıq və sadəlövhlük çatışmır) və həyatiliyə işarə vurur. Bu şəxsi özəlliklər – həyatilik və saflıq – Lyosanın təkcə romanlarında yox, tənqidi yazılarında da, esselərində də, xatirə yazılarında da görünür.
Lyosa oğlunun Rastafarianlar təriqətiyilə olan əlaqəsindən bəhs edən şəxsi bir xatirə yazısında da, Nikaraquanın marksist Sandinista partizanlarının əlinə düşməyinin siyasi tablosunu çəkən anlayışlı repotajında da, yaxud futbol üzrə dünya çempionatı haqqında yazılmış essesində də, ədəbi qəhrəmanlarından biri kimi Kamünün qabaqcıl yeri var, hərçənd təkrar-təkrar deyir ki, gəncliyində Sartrın pis təsiri ucbatından Kamünü ötəri və pis oxuyub: Lyosa neçə ildən sonra Limada bir terroristin hücumuna məruz qalanda, Kamünün tarix və şiddət haqqında yazdığı “Üsyankar İnsan” adlı uzun essesini oxuyur və görür ki, əslində, Sartdan çox Kamüyə yaxındır. Lyosanın Sartrın esseləri haqqında dediyi, “məsələnin mahiyyətini tez tutan yazılardı” sözü onun öz məqalələrinə də aiddir.
Açıq şəkildə görünür ki, Sartr onun üçün “problemli” bir şəxsiyyət, hətta bir növ ata fiqurudur. Sartrın heyran olub təsirləndiyi Con Dos Passos, eyni səbələrlə, Lyosa üçün də önəmli yazıçıdı: romanlarında ucuz sentimentalizmə yer verməməsi və yeni təhkiyə metodları kəşf etdiyi üçün. Eynilə Sartr kimi, Lyosa da bir növ kollaj, yan-yana gətirmə, montaj, yapışdırma və bütün bunların ustalıqla orkestrasiyasına söykənən bu roman texnikasını sonralar öz əsərlərində istifadə edib. Lyosa başqa bir məqaləsində Doris Lessinqin “Qızıl dəftər” romanını “sözün Sartrçı mənasında azartla” yazıldığı üçün ürəkdən tərifləyir. Bu mənada “azartlı” kitab öz fundamentini dövrün mübahisələrindən, əfsanələrindən və şiddətindən götürən kitab deməkdir, bu termin Lyosanın gənclik dönəmi sol romançılığına çox yaxşı örnəkdir. Amma bu, yaradıcı, oyunbaz bir “sol” romançılıqdır. Aralarında Coys, Heminquey, Batal da olan və əsərləri haqqında yazdığı yazıçıların içində Lyosanın ən çox heyran olduğu, təsirləndiyi yazıçı isə Folknerdir. “Müqəddəs sığınacaq” haqqında yazdığı essedə Folknerin roman sənətinin əsas özəllikləri, səhnələrin sıralanması, zamandakı sıçrayışlar və sujetin yenidən qurulması ilə bağlı dediyi şeylər Lyosanın öz romanları üçün də keçərlidir. Hətta “Müqəddəs sığınacaq”da səhnələrin klassik romanlarda olduğu kimi bir-birini izləməkdən çox, bir-birinin içinə keçərək əriməsi düşüncəsi, Lyosanın romanlarına daha çox aiddir. Bu metod, yəni səslərin, hekayələrin, şərhlərin davamiyyətinin qəddarlıqla