Məlahət Həsənova

Leykoz


Скачать книгу

edirəm…

      Sizə çox qəribə gələr ki, mən yazımı belə adlandırmışam. Doğrudur, əslində çox qəribədi, ona görə ki, mən də bu xəstəliyin adını eşidəndən həyatım dəyişdi. Demək olar ki, alt-üst oldu. Ağlımıza gətirə bilməyəcəyimiz bir xəstəliyə qızımız düçar olmuşdu.

      Biz biri-birimizə bağlı ailəyik. Bəlkə də deyərdim ki, nümunəvi bir ailəyik.

      Düzdür, hər ailədə olduğu kimi bizim də ailəmizdə cüzi söz-söhbətlər olardı. Ancaq çalışardım hər zaman söhbətin çox dərinliyinə girməyim. Bir deyim var: “Biri od olanda, biri su olar”. Özümü öymək fikrim yoxdu, ancaq çalışırdım ki, bacardıqca ailədə əmin-amanlıq yaradım. Bu cür ailədə də biz iki gül kimi, tərbiyəli bala böyütdük. Biri oğlan, biri qız…

      Mən sizlərə oğlumdan yox, ən çox qızımdan bəhs edəcəyəm.

      Qızım Nərmin Bakı şəhərində anadan olub. Dünyaya göz açanda çox balaca idi. Zəif, zərif, balaca… Əllərini uzatdıqca mənə sanki “ana, mənə kömək elə, məni böyüt, gör necə qız olacam” deyirdi. Qızım olduğunu biləndə sevincimin həddi-hüdudu yox idi. Oğlandan sonra qız… Bundan gözəl pay olar ana üçün?! Körpəliyi şən, şıltaq keçdi. Heç incitmədi bizləri… 1-ci sinifə Şirvan şəhərində getdi. İlk gündən məktəbdə müəllimlərin rəğbətini qazandı. Əlaçı, çalışqan bir şadird, gözəl, mehriban rəfiqə idi. Sinifdə sinif nümayəndəsi idi. Məktəbdə bütün tədbirlərdə aparıcı kimi dəvət alırdı. O şeir deyəndə ağlamamaq mümkün deyildi. Məktəbdə hamı onu sevir, hörmət edərdi. Bu hörməti, sevgini özü qazanmışdı. Böyüdü, yuxarı siniflərdə daha da hörmət sahibi oldu. Hərdən aşağı siniflərdə müəllimlər dərsdə olmayanda uşaqlarla məşğul olurdu. Balacalar onu çox sevir. “Nərmin bacı” deyirdilər. Sevdi, sevildi… Saf, təmiz sevgisini məktəb illərində tapdı. İnandı, inamını qazandı. Araz kurslarında əlavə dərslər aldı. Ən çox sevdiyi Rəvanə müəllimə onu “mələyim” deyə çağırardı. Məktəbi əla qiymətlərlə bitirdi. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsinə daxil oldu. İlk gündən etibarən universitetdə də həm müəllimlərin, həm də tələbə yoldaşlarının hörmətini qazandı. Dərslərində həm çalışqan, həm də bacarıqlı idi.

      Həyatının 22-ci ilini yaşayan, heç vaxt öyünməyən, haqqında belə danışanda xoşu gəlməyən, sadəliyi sevən, insanpərvər, vətənpərvər … Onun haqqında o qədər gözəl sözlər demək olar ki…

      Bəziləri bəlkə də onu tanımadı, çünki əslində o özü də bunu istəmirdi.

      Tanıyanlar isə daha da dərindən tanımadığına görə təəssüf etdilər, peşiman oldular.

      Elə mən özüm də…Mən necə də balamı tanımamışam. Yanımda olsa da, nəfəsini duysam da tanımamışam. Hər bir ana kimi onun müvəffəqiyyətinə sevinirdim. Əlbəttə, buna sevinməmək olmurdu axı. Ancaq mənim qızım bunu öyünmək hesab edirdi, istəmirdi. Deyirlər həyatda göz dəymək və ya nəzər yoxdu. Ancaq mən belə düşünmürəm, bəlkə də bu cahillikdi …Qoy bir az da cahil olum, hər şeyi bilə bilmərəm ki. Ancaq mən sonralar inandım hər şeyə… Nəzərə də, qarğışa da, caduya belə inandım. Mənim qızım axır vaxtlar çox gözəlləşmişdi, üzünün dərisi belə elastik olmuş, xüsusi gözəllik gəlmişdi. Rəhmətlik babası demişkən: “Qızlar bulağından su içmişdi”. Həmişə deyərdi: “Baba, mən qızlar bulağından nə vaxt su içəcəm?” Babası deyərdi: “Vaxtı gələndə, mənim balam”. Vaxtı gəlmişdi, balam qızlar bulağından su içmişdi… Bütün bunları yazmaq mənə çətindir. Ancaq bir şeyi unutmamaq üçün sətirlərə köçürmək lazımdır, insan o zaman yaşadıqlarını unutmaz…

      – Anaaaa

      – H,ə ana qurban

      – Bəlkə dərsə getməyim?

      Dərsə getməyim…Bu söz mənə çox qəribə gəldi. Çünki ilk dəfə idi qızımdan bu sözü eşidirdim. Onu dərsdən heç bir qüvvə ayıra bilməzdi. Nə toy, nə ad günləri nə qonaqlıq onu dərsdən ayıra biməzdi.

      – Niyə qızım? Nəsə olub?

      – Ana özümü yaxşı hiss eləmirəm, başım ağrıyır, ürəyim bulanır.

      Mən qızıma yaxınlaşanda onun qızdırma içində yandığını gördüm. İlahi, daşa dönüm, bu nədi? Səhərdən bunu niyə hiss eləməmişəm? Həmin gündən balamın halı dəyişdi, zəiflədi, qızdırma, baş ağrı onu əldən salırdı. Bunu sadəcə qrip və soyuqdəymə hesab etdim. Həkim məsləhəti ilə dava-dərman nə lazımdısa, olundu.

      Ancaq qızdırma düşmürdü ki, düşmürdü. Axı çox qəribədi, nə ola bilər?! Ayrı-ayrı yerlərdə yoxlanış analizlər bir şey göstərmədi. Qızım xəstə halı ilə belə, dərslərindən geri qalmırdı. Onun üçün dərs demək həyat demək, hava demək, su demək idi. Ancaq bu qızdırma onu elə hala salmışdı ki…

      – Anaaaaaa

      – Can anaaa

      Qızımın belə çağırması mənim həmişə xoşuma gələrdi… O elə incə, elə şirin deyirdi ki, bəlkə də (qoy analar məndən inciməsin) heç bir ana belə şirin çağırılmamışdı.

      – Ürəyin nəsə istəyir, mənim balam?

      – Hə o qədər şey istəyirəm ki…

      Və başladı ürəyindən keçənləri sadalamağa. Həmişə olduğu kimi, başladım onun istəklərini yerinə yetirməyə. Qızım mətbəxə gəlib qarşımda əyləşdi. Mənə elə baxırdı ki, elə mənalı baxırdı ki, mənim qara gözlü balam…

      – Sənin zəhmətini necə qiymətləndirim ana?! -deyə boynumu qucaqladı. Bu mənə həmişə xoş gələrdi. Ancaq onun istiliyini duyduqca mənə ağır gəlirdi. İlahi, bu nə sağalmaz qızdırmadı belə?! İmkanım olsaydı bu qızdırmanı içimə çəkərdim. Onun canından çıxarardım. Ancaq bəzən özümüzün də öhdəsindən gələ bilməyəcəyimiz şeylər var. Balamı belə gördükcə içim parçalanırdı. Bilmirdim nə edim. Evdə qızımla ikimiz idik.

      – İstəyirsən bir az havaya çıxaq qızım?

      – Olar, ana, gedək.

      Soyuq dəyməsin deyə qalın geyindirdim. Oktyabr ayı olsa da, hava sərin idi. Biz gəzməyə getdik. Bir az gəzdikdən sonra onun ayaq saxladığını gördüm.

      – Nə oldu, ana qurban?

      – Ana başım hərlənir eee, halım yaxşı deyil.

      – Evə qayıdaq?

      – Hə, gedək evə, ana.

      Halı dəyişdi. Gərək onu çıxarmayaydım dedim. Hava ona yaxşı təsir edər dedim. Amma gördüm ki, yox. Qoluna girdim, birtəhər yeriməyə başladı. Birdən mənə dirsəklənərək halı pisləşdi.

      – Ana ürəyim bulanır eeee

      – Gedirik ana qurban gedirik evə…

      Birtəhər də olsa evə çatdıq. Tez həkimə zəng elədim. Ona hər şeyi anlatdım. Bir neçə dərman dedi. Qızıma isti çay verdim. Biz analar balalarımız bir az soyuqlayan kimi zoğallı çay veririk. Balam bir az çay içdi, sakitləşdi.

      – Ana qurban mən gedim aptekə gəlirəm indi.

      – Yaxşı, ana, get qapını özün bağla, mən durub açmayım.

      – Oldu, mən 10 dəqiqəyə gəlirəm.

      Çıxdım, qapını tez bağladım. Qanadlarım olsa idi tez uçub gedib-gələrdim. Balamı evdə tək qoymaq istəmirdim.

      Həkimin yazdıqlarını aldım və indi bir sistem köçürdən tibb bacısı tapmaq lazım idi. Sağ olsun, qonşum mənə dedi, narahat olmayım axşama gələcək. Axşam düşdü, sistem köçürüldü. Qızım bir az sakitləşdi. Dəyişiklik olmadı. Düşündüm ki, bir sistem nə edər ki?… İkincı, üçüncü, dördüncü, yaxşılığa doğru heç bir dəyişiklik yoxdu. Narahat olmağa başladım. Bundan qabaq bir neçə yerdə müayinə olunmuşdu. Hər yerdə bir cavab idi: “Hər şey normaldı”… Bəs bu qızdırma nə idi? Niyə düşmürdü? Balam niyə sağalmırdı? Günü-gündən zəiflyirdi. Belə olmaz. Bir daha yoxlanılmalıdı, bir daha müayinə olunmalıdı. Qarşıdan Qurban bayramı gəlirdi. Əgər səhər həkimə gedilməsə idi, 3-4 gündən sonra getmək lazım gələcəkdi. Vaxt itirmək olmazdı. Səhər açılan kimi mən, yoldaşım və qızımız qanköçürmə