da… Ehh, canım, hər necə də olsa qış gəlincə gedərlər… Zənnimcə, bibim hələ də günorta yuxusundadır, onsuz da qalxanda aləm bir-birinə dəyəcək.
Əgər çox hirslənərsə ona bir dənə qurudulmuş bibər verəcəyəm, zəhər kimisindən. Ürəyi dava-dalaş istəyirsə yesin! Eynilə onun mənə keçən gecə bibər verərkən dediyi kimi…
Axşamüstünə yaxın "Qanadlı Qarışqa" kuryer şirkətinin yük maşını evin qabağında dayandı. Bir qab dolusu işıldaquş, bir qutu alma qurdu yuxusu və bir də çox gözəl bükülüb qablaşdırılmış bir yumaq arılar oratoriyası gətirdilər. Bibim dedi: "Şanslısan, doğrusu, bunları sifariş verərkən tapa biləcəklərinə çox da ümid etməmişdim".
Bibim bu gün nədənsə bir az durğundur…
– Havadandı, – dedi, – çox nəmlidir, məni yorur.
Axşam zoğallı tarhana şorbasından qalanı içib erkəndən yatdım. Mən yatmazdan əvvəl gəlib işıldaquş qabını, alma qurdu yuxusu qutusunu, arılar oratoriyası yumağını baş tərəfimə qoydu, pəncərələri açdı. Panın nəfəsiylə sərinləyən otağım getdikcə tənhalaşarkən, mən də ən gözəl yuxuların ənginliyinə doğru yelkən açdım…
Bibim məni oyandırdıqda saatın neçə olduğunu bilmirəm, olduqca həyəcanlı idi; meteor yağışı varmış…
– Hava buludludur, amma yenə də bir şey görə bilərik, gəl, tez ol! – dedi.
Bir az qaranlıq göy üzünə baxdıq, gözlərimi çətinliklə aralayırdım, çox yuxulu idim. Meteor yağışından bir şey anlamamışdım, bir neçə sürüşən işıq idi də… İşıldaquşları seyr etmək ondan daha yaxşı idi.
– Yatmaq istəyirəm, – dedim.
Səsindən sanki hirsli kimi idi.
– İndidən büzüşmüş xiyar kimisən! Get yat… Bilirsənmi, növbəti meteor yağışı beş il sonradır, o zaman seyr edərsən…
Bibim bunu sanki beş dəqiqədən bəhs edirmiş kimi söyləmişdi, halbuki o vaxta hələ çox vardı, uzun beş il… Mürgülü halda dal-dalı yatağıma doğru getdim və büzüşmüş bir xiyar kimi uzandım. Bibim yəqin aşağıda yenə nə isə bişirirdi, burnuma iyi gəldi, əlbəttə, qəribə bir iy idi, sanki yanıq ulduz iyi idi… Gənziyim yanırdı…
Duzla şəkər birlikdə alovlanırmış kimi idi…
Əslində xiyar duzla da, şəkərlə də yeyilə bilər… Yatmazdan əvvəl ən sonda bu faydalı nəticəyə gəldim. İşıldaquşlar getmiş, arıların konserti bitmiş, geridə təkcə almaqurdu yuxuları qalmışdı. Qulaqlarıma, burnuma, ağzıma doluşub məni yuxular ölkəsinə daşıdılar…
Bu səhər dənizə gedərkən bibim qapı ağzında dayanıb qaşqabaqlı bir sifətlə: "Sənə heç bir şeyi məsləhət görmürəm, istəyirsən döyüş, istəyirsən barış, nə istəyirsən elə, – deyərkən kiçik bir paket uzatdı. – Al götür, yenə dünən gecə kökə bişirdim, acınca yeyərsən".
– İçində nə var?
– Bol soğanlı uşaqlıq xatirələrim, – deyə cavab verdi.
Uşaqlıq xatirələri imiş… Həm də bol soğanlı!
Bütün günü suda idik. Üzdüyümüzü deyə bilmərəm, bol-bol balıqlama atıldıq, itələşdik, didişdik, gülüşdük və acdıq. Kökələrimi yan qonşunun qızı Əsra Rəngizlə paylaşdım; kökələr gözəl idi, o da… Məndən bir neçə yaş böyükdür.
Mən də böyüyüncə onun kimi olmaq istəyirəm. Həm gözəl və nəzakətlidir, həm də yaxşı ürəkli…
– İçində nə var bunların? – deyə soruşdu.
– Bibimin bol soğanlı uşaqlıq xatirələri, – dedim. O qədər çox güldü ki, soğanlar boğazında qaldı… Kürəyinə vurdum, öskürdükcə öskürdü. Rahatlayınca dedi:
– Bilirsənmi, atam demişdi ki, bibin bir zamanlar buraların ən ağıllı, ən gözəl qızı imiş. Üstəlik, çox gözəl üzərmiş, kişilər belə onunla yarışa bilməzmiş…
Sanki bütün bunları bilirmişcəsinə başımı tərpətdim.
Evə qayıdarkən əvvəlcə ağcaqanadlar bizə hücum elədi, sonra vertolyota bənzəyən uçan böcəklər də onlara, ardınca qaranquşlar başımızın üstündə çılğınlıqla uçuşdular. Axşam bir sehrbazın qara sətin arxalığı kimi üstümüzə düşürdü…
Əsra Rəngiz:
– Nə qədər əsrarəngiz bir axşamdır… – deyərək ətrafı göstərdi.
Çiyinlərim yanırdı, kürəyim və yanaqlarım da…
– Günün ən gözəl saatları…
Bir mahnı oxumağa başladı:
Sevinək biz, sevinək, azadıq,
Hür könlümüz bir əngin dəniz…
Günəş üfüqləri çiçəkləyir,
Sabahlar bizi gözləyir…
Sevinək biz, sevinək, azadıq,
Həyat yolunda heç yorulmaz gedərik…
Səsi nə qədər gözəl idi.
– Mənə bu mahnını anam öyrədib, ona da öz anası öyrədibmiş, mən də sənə öyrədəcəyəm, – dedi.
– Hür nə deməkdir?
– Azad deməkdir.
Əlimdən tutdu, birlikdə ağır addımlarla tozlu yolla getdik. Küçəmizin başına gəlincə mənə sarı dönüb gülümsədi, tərəvəz bağçasını sulayan anasına əl edərək dedi:
– Sabah görüşərik, balaca, bibinin kökələri əla idi, təşəkkür edirəm.
Bəli, qəti şəkildə böyüyüncə Əsra Rəngiz kimi olmaq istəyirəm.
Əsrarəngiz…
Yarasalar saçaq altlarından sürətlə, amma heç səs çıxarmadan qoruğa doğru uçarkən bağçaya girdim, hava xeyli qaralmışdı. Kandardakı əskinin altından açarı götürüb qapını açdım; tıqqıltını eşidən bibim başını belə qaldırmadı, kətanın üzərinə naxış vururdu.
Ayaqqabılarımı çıxarıb kənara qoydum, bibimin bir yarım qarışlıq evcil zürafələri vazadan sallanan iydə yarpaqlarını yeməklə məşğul idi.
– Sənə xardal şorbası bişirdim, – dedi. – İçinin odu çölünlə bir olsun, elə çox yandırmır, sadəcə bir anlığa qovurur. Həsrətlər kimi…
Sonra naxış iynəsini yenidən kətana batırdı…