gözlərdən uzaq, qaranlıq oturacaqlardan qovurdu. Sıravi bir piyada leytenantı rütbəsi ehtiyatda olan zabitin oğlu üçün həm təbii, həm də münasib görünürdü. Lakin imperiyanın lütf edib bəxş etdiyi az qala ürküdücü dərəcədə yad olan bir ehtişam içərisində qızıl bir buludun üzərindəymiş kimi gəzən rütbə sahibi zadəgan kapitan öz atasından birdən-birə uzaqlaşmışdı və yaşlı kişiyə qarşı hiss etdiyi bu ölçülü sevgi ata ilə oğul arasında köhnə vaxtlara görə yeni bir davranış və əlaqə formasını vacib edirmiş kimi görünürdü. Kapitan atasını beş ildən bəri görməmişdi, amma hər iki həftədən bir dəyişməz növbə qaydasına uyğun olaraq növbətçiləri təftiş edib keşik dəyişikliklərini qeydə aldıqdan və "Xüsusi hadisələr" sütununa belə bir şeyin ehtimal daxilində olduğunu belə rədd edən qəti və açıq bir "Yoxdur" yazdıqdan sonra yaşlı kişiyə qısa bir məktub yazmışdı. Məktublar vəzifə kağızları və icazə sənədləri kimi bir-birinə bənzəyirdi; sarımtıl böyük bir kağıza yazılırdı və üstdən dörd barmaq, yandan isə iki barmaq məsafəyə oturdulan "Əziz ata" müraciətiylə başlayıb, məktubu yazanın sağlamlığının yerində olduğunu bildirən qısa bir girişdən sonra məktubu alanın sağlamlığının da yaxşı olduğu ümidi dilə gətirilir və müraciətə çarpaz şəkildə sağ alt küncdə yer tutan "Sadiq və minnətdar oğlunuz leytenant Cozef Trotta" cümləsiylə son verilirdi. Yaxşı, bəs indi məktubların bütün hərbçi həyatı üçün planlaşdırılan standart forması necə dəyişdiriləcəkdi? Normalara uyğun cümlələrin arasına kapitanın özünün belə hələ tamamilə qəbul edə bilmədiyi fərqli şəraitin fərqli xəbərləri hələ də yeni rütbə sayəsində köhnə növbələrin etibarsız olduğu nəzərə alındıqda necə sığdırılacaqdı? Kapitan Trotta sağlamlığına yenidən qovuşduqdan sonra o sakit günün axşamında yazışma öhdəçiliyini yerinə yetirmək üçün əsgərlərin bıçaqlarıyla darıxmaqdan hər yerini cızıqlarla, çərtmələrlə doldurduğu masanın arxasında oturunca heç bir zaman "Əziz ata" müraciətindən o tərəfə keçə bilməyəcəyini qəbul etməyə məcbur oldu. Səmərəsiz qələmini mürəkkəbqabına söykədi, sakit işıqdan ani, sevindirici bir fikir gözləyirmiş kimi şamın üzərindən kiçik bir parça qopararaq yavaşca xatirələrə dalıb getdi; uşaqlığı, kəndi, anası və hərbi məktəblə bağlı xatirələrə geri döndü. Kiçik cisimlərin mavi boyalı divarlarda əks olunan böyük kölgələrinə, qapının yanındakı qarmaqdan asılmış qılıncının yüngülcə əyilmiş şəkildə parlayan xəttinə, qılınc qulpunun qınına keçirilmiş tünd rəngli boyunluğa baxdı. Çöldə heç dayanmadan yağan yağışın tənəkəylə örtülmüş pəncərə pərvazına dəyərkən çıxardığı təbil səsini dinləyib, nəhayət, bir neçə gün ərzində nəzərdə tutulduğu kimi təşəkkürlərini bildirmək üçün imperatorun hüzuruna qəbul edildikdən dərhal sonra gələcək həftə atasını ziyarət etməyə qərar verərək yerindən dikəldi.
Bir həftə sonra sənədlərdən oxunan on-on iki sualın imperiyanın lütfünə hörmətin tələb etdiyi kimi farağat vəziyyətində “Əmrinizlə, əlahəzrət" şəklində mülayim, amma qəti bir tüfəng atəşi kimi cavablandığı təxminən on dəqiqə çəkən hüzura qəbuldan dərhal sonra faytonla atasının yanına, Laksenburqa doğru yola düzəldi. Atası üçün ayrılan evin mətbəxində qarşılaşdılar; rahat geyimli yaşlı kişi önündə buğlanan, gözəl ətirli bir fincan qəhvəylə üzərində qırmızı kənarlı tünd mavi bir örtük olan boş masada otururdu. Vişnə ağacından düzəldilmiş qırmızı-qəhvəyi çəlik tutacağından masaya asılmış, ağır-ağır yellənirdi. İçində keyfiyyətsiz tütün olan büzüşmüş, qabarıq bir dəri kisə yarıaçıq halda ağ gildən hazırlanmış sarımtıl bir tənbəkinin yanında dururdu. Tənbəkinin rəngi yaşlı kişinin qalın ağ bığına uyğun idi. Kapitan Cozef Trotta von Sipolje dövlət mülkü olan bu kasıb məhrəmlik içərisində parıltılı sinə qurşağı, ətrafa özünə xas qaraya çalan günəş şüaları yayan cilalanmış dəbilqəsi, işım-işım işıldayan boyanmış mərasim çəkmələri, parlaq mahmızları, pencəyində iki sıra halında göz qamaşdıran düymələri və Mariya Tereza nişanının bəxş etdiyi fövqəltəbii gücüylə hərbi bir tanrı kimi dayanmaqda idi. Oğul atasının qarşısında bax beləcə dayanırdı; ata yavaşca ayağa qalxdı, oğlunu qarşılayarkən göstərdiyi yavaş hərəkətlərlə sanki oğlunun ehtişamını tarazlamaq istəyirmiş kimi idi. Kapitan Trotta atasının əlini öpdü, sonra başını əyərək atasının onun alnından və yanağından öpməsinə icazə verdi. Yaşlı kişi:
–Otur, – dedi. Kapitan əynindəki geyimin bir qismini açaraq oturdu. – Təbrik edirəm, – atası sloven əsgərlərinin sərt alman ləhcəsi və quru bir səs tonuyla dedi. Samitləri çaxan şimşəklər kimi önə çıxarır, sözlərin son hecalarını vurğulayırdı. Oğlunun indi yalnız bir neçə söz anlamasına və tək bir söz belə danışa bilməməsinə baxmayaraq, hələ beş il əvvəl onunla slovencə danışmışdı. Kapitan ilk slovencə sözü itirilmiş, uzaq bir xatirə kimi salamlamaq üçün atasının dodaqlarına bütün diqqətini verərkən, atası üçün ana dilinin istifadəsi taleyin və imperatorun lütfü vasitəsilə ondan uzaqlaşmış oğluna qarşı təhlükəli bir səmimiyyət kimi görünmüşdü.
–Təbriklər, təbrik edirəm, – deyə baş çavuş gurultulu səslə təkrarladı. – Mənim zamanımda bu işlər bu qədər tez olmazdı! Mənim zamanımda hələ Radetskinin özü başçımız idi.
“Doğrudan da əldən heç bir şey gəlmir”, – deyə kapitan Trotta düşündü. Atasıyla özü arasında rütbələrdən yaranan dağ kimi bir maneə vardı. Ailəvi birgə yaşayışlarından yerdə qalan son qırıntıları təsdiqləmək üçün soruşdu:
–Arağınız varmı, atacan?
İçdilər, stəkanlarını toqquşdurub yenə içdilər; yaşlı ata hər dəfə stəkanı başına çəkdikdən sonra inləyir, bitmək bilməyən öskürək tutmaları içərisində itib gedir, üzü gömgöy olur, tüpürür, sonra yavaş-yavaş sakitləşib öz hərbi xidmət zamanından qalan adi əhvalatlar danışırdı; bunları danışmaqda məqsədi, heç şübhəsiz, oğlunun ləyaqətini və karyerasını kiçiltmək idi. Nəhayət, kapitan dikəldi, atasının əlini öpdü, yaşlı kişinin onun alnından və yanaqlarından öpməsinə icazə verdi, qılıncını taxdı, dəbilqəsini başına keçirdi və getdi; atasını bu həyatda son dəfə gördüyünə əmin idi.
Bu qarşılaşma həqiqətən də son qarşılaşmaları olmuşdu. Oğul yaşlı kişiyə vərdiş etdiyi məktublarını yazmağa davam etdi, bunun xaricində ata ilə oğul arasında gözlə görünən bir əlaqə yox idi; kapitan Trotta kəndli sloven əcdadlarının keçmişindən qopmuşdu. Onunla birlikdə yeni bir soy başladı. İllər dinc, sakit təkərlər kimi bir-birinin ardınca diyirlənib getdi. Trotta ictimai mövqeyinə uyğun olaraq polkovnikin artıq çox gənc olmayan varlı bacısı qızıyla – Qərbi Bohemada vəzifədə olan kapitanın qızıyla – evləndi və bir oğlu oldu. Kiçik qarnizondakı hərbi varlığının monotonluğundan xoşlanmağı öyrəndi, hər səhər at belində təlim sahəsinə gedir, günortadan sonra çayxanada notariusla şahmat oynayırdı; beləcə rütbəsinə, cəmiyyətdəki mövqeyinə, zadəganlığına və şöhrətinə uyğunlaşdı. Hər il keçirilən manevrlərdə ortaya qoyduğu kimi orta səviyyəli hərbi qabiliyyəti vardı, yaxşı bir ər idi, qadınlara şübhəylə yaxınlaşar, qumardan uzaq durardı; tərs idi, amma vəzifəsində ədalətli idi, hər cür yalanın, kişicəsinə olmayan rəftarlarla davranışların,