geniş kölgəsi olacaqdı. Çərkəzlər qürurlu, qonaqsevər xalq idi.
“Qəribədir, Layevskinin Qafqazdan niyə xoşu gəlmir?!”– deyə düşündü.
Qarşıdan beş silahlı hərbçi gəlirdi. Ona hərbi salam verdilər. Bulvarın sağındakı piyada səkisindən bir məmur arvadı oğlu ilə keçirdi. Samoylenko nəzakətlə gülümsəyib səsləndi:
– Marya Konstantinovna, sabahınız xeyir! Üzməkdən gəlirsiniz? Ha-ha-ha! Nikodim Aleksandroviçə çoxlu salam söyləyin.
Üzündə həmin təbəssüm yoluna davam etdi, ancaq irəlidən gələn bir səhiyyə məmurunu görüb birdən qaşlarını çatdı, adamı saxlayıb soruşdu:
– Lazaretdə kim var, kim yox?
– Heç kim yoxdur, əlahəzrət.
– Necə? Nə?
– Heç kim yoxdur, əlahəzrət.
– Yaxşı, get.
Məğrur-məğrur yanını basaraq, limonad köşkünə doğru addımladı. Samoylenko alaya komanda verirmiş kimi yüksək səslə piştaxta arxasındakı gürcü bəzək-düzəyi taxmış yəhudi qadına səsləndi:
– Zəhmət olmasa, bir bardaq soda!
II
Layevskinin Nadejda Fyodorovnanı sevməməyi ən çox da özünü bu yerdə büruzə verirdi: bu gənc qadının bütün sözləri, bütün davranışları ona saxta, süni təsir bağışlayır, Layevski məhəbbət və qadınlar haqqında bütün oxuduqlarına özündən, Nadejda Fyodorovna və onun ərindən daha yaxşı nümunə olmadığını fikirləşirdi.
Evə girəndə Nadejda Fyodorovna artıq geyinib-kecinmiş, saçları daranmış halda pəncərənin qabağında oturmuşdu. Qalın bir jurnalı vərəqləyərək qayğılı-qayğılı qəhvə içirdi. Layevski düşünüb qəhvə içməklə qayğılı sima arasında bir əlaqə tapa bilmədi. Bundan əlavə, otaqda Layevskidən savayı, kimsə olmadığı üçün saçını son dəblə daramağı da izafi əziyyət idi. Jurnal vərəqləməyi də süni təsir bağışlayırdı. Geyinib-daranmağını gözəl, jurnal vərəqləməyini isə bilgili görünmək üçün elədiyi açıq-aşkar bilinirdi.
Qadın:
– Bu gün üzməyə getsəm, qəbahət olmaz ki, yox?! – deyə soruşdu.
– Qəbahət niyə olsun axı?! Sən üzməyə getsən, dünya dağılmayacaq ki…
– Fikirləşdim ki, həkim hirslənib-eləyər, ona görə soruşdum.
– Elədirsə, get həkimin özündən soruş, mən həkim-zad deyiləm.
Layevskinin həmin gün Nadejda Fyorovnada ən çox xoşuna gəlməyən şey ağ, çılpaq boynu ilə ənsəsindəki hörüklər idi. Anna Kareninanın ərindən soyuyandan sonra ən çox ərinin qulaqlarından xoşu gəlmədiyini xatırlayıb düşündü: “Necə də doğru imiş!”
Bədəni əzgin idi, beyninin içində yorğunluq hiss edirdi. İş otağına keçib divana uzandı. Ağcaqanadlardan qorunmaq üçün üzünü dəsmalla örtdü. Yağışlı bir payız axşamında hey yol alıb gedən qatar kimi tənbəl, cansıxıcı düşüncələr uzanıb gedirdi.
Nadejda Fyodorovnaya və onun ərinə qarşı özünü günahkar hiss edirdi, ona elə gəlirdi ki, kişi onun ucbatından ölüb. Özəl həyatını, ali ideyalarını və iş mühitini də öz əllərilə dağıtmışdı. Qiymətini gec bildiyi bu şeylərin vəhşi türklərin və dayaz abazinlərin6 məskunlaşdığı bu sahillərdə deyil, operanın, teatrın, qəzetlərin, hər cür yaradıcı təfəkkürün mövcud olduğu şimalda var olduğuna, bu şeylərə yenidən ancaq quzeydə qovuşa biləcəyinə inanırdı. İnsan buralarda yox, ancaq orada özünü nəcib, bilgili, uca və təmiz saxlaya bilərdi. Özünü məqsədsiz adam olmaqda, yaşamına istiqamət verən düşüncələrinin olmamağında da günahkar hiss edirdi. Bunun nə demək olduğunu indi-indi anlayırdı. İki il əvvəl Nadejda Fyodorovnaya vurulmuş, həyatın boşluğundan, yeknəsəqliyindən qurtulmağın yeganə yolunu bu qadınla birləşməkdə, onunla bir yerdə Qafqaza getməkdə görmüşdü. İndi də inanırdı ki, özünə gərəkli olanı yalnız və yalnız Nadejda Fyodorovnanı tərk edib Peterburqa dönməklə əldə edə bilər.
Qanrılıb oturdu, dırnaqlarını gəmirərək:
– Qoyub qaçmaq lazımdır! Elə bu saat qaçmaq lazımdır! – deyə mızıldandı.
Xəyalında canlandırdığı tabloda səhər tezdən buxarlı gəmiyə minir, gəmidə qəlyanaltı edir, soyuq pivədən içir, göyərtədəki qadınlarla söhbətləşirdi. Sevastopola çatan kimi özünü ilk qatara atıb yola düşürdü. Və budur, azadlıq! Ard-arda sıralanan stansiyalar, get-gedə soyuyub-sərtləşən havalar, qayın və şam ağacları, nəhayət, Kursk, Moskva! Stansiya bufetlərində kələm borşu, qoyun ətindən şorba, nərə balığı, pivə… Qısası, bura artıq Asiya deyil, Rusiyadır, ana vətən Rusiya! Qatarda sərnişinlər ticarətdən, yeni müğənnilərdən, Fransa-Rusiya münasibətlərindən danışır; hər yerdə canlılıq, sivil, aydın, təptəzə bir həyat qaynayır… Bir az da, daha da sürətli! Sonda Nevski xiyabanı, Bolşaya Morskaya prospekti, bir vaxtlar tələbə yoldaşları ilə qaldığı Koven küçəsi, gümüşü, doğma göy üzü, çiskin yağmur, islanmış faytonçular…
Qonşu otaqdan kimsə səsləndi:
– İvan Andreyeviç, evdəsiniz?
Layevski cavab verdi:
– Evdəyəm, nə lazım idi?
– Sənədlər…
Başı gicəllənə-gicəllənə, tənbəl-tənbəl yerindən qalxdı, əsnədi, çəkələklərini sürütləyərək yan otağa keçdi. Küçədə, açıq pəncərənin qənşərində dayanan cavan iş yoldaşı sənədləri pəncərə taxtabəndinin üzərinə yayırdı.
Layevski yumşaq səslə:
– Bircə dəqiqə, əzizim, – deyib mürəkkəbqabını gətirməyə getdi.
Yenidən pəncərənin önünə qayıdanda kağızları oxumadan imzalayaraq:
– Çox istidir! – dedi.
– Elədir, İvan Andreyeviç. İşə gələcəksiniz?
– Çətin… Bir az kefim yerində deyil…Əzizim, Şeşkovskiyə çatdırarsınız ki, günortadan sonra ona baş çəkəcəyəm.
Məmur getdi. Layevski təzədən divana uzanıb düşüncələrə daldı.
“Hə, yüz ölçüb, bir biçib qərara gəlməliyəm. Əvvəla, çıxıb getməmişdən qabaq gərək bütün borclarımı bağlayam. İki min rubla yaxın borcum var, amma cibimdə qara qəpik də yoxdur. Əslində, bu çox da vacib deyil. Yarısını bir yolla tapıb, ödəyərəm, yarısını da Peterburqa qayıdandan sonra yollayaram. Əsas məsələ Nadejda Fyodorovnadır. Əvvəlcə gərək münasibətlərimizə bir aydınlıq gətirək, vacib olan budur!”
Bir az duruxduqdan sonra gedib Samoylenko ilə məsləhətləşməyin məqsədəuyğun olduğu qənaətinə gəldi.
“Yaxşısı, gedim yanına, ancaq bundan nə çıxacaq ki? Boş yerə yenə ona buduardan, qadınlardan, şərəfdən, ləyaqətdən dəm vuracağam. Başına çarə qılmaq, lənətlənmiş kimi bu cür əli-qolu bağlı yaşamaqdan xilas olmaq, özünü