target="_blank" rel="nofollow" href="https://ro.wikipedia.org/w/index.php?title=%D0%9D&action=edit&redlink=1">н и мусульманское движение в Восточном Туркестане (1931-1949)” [“Sinstzyan Sovet Siyasəti əhatəsində. Şərqi Türküstanda Stalin və müsəlman hərəkatı (1931-1949)”] kitabını almağa getmişdim.
Professor Cəmil Həsənlinin kitablarını, məqalə və çıxışlarını diqqətlə izləyirəm. Qaynaqlarla işləməyinə, faktları obyektiv dəyərləndirmək bacarığına həsəd aparır və onun yazılarından tərəddüdsüz istifadə edirəm. Tanıdıqlarıma da onun əsərlərini oxumağı və ondan qaynaq göstərməyi məsləhət görürəm. Onun 20-ci yüzildə Doğu Türküstandakı (Sintszyan (Sincan) Uyğur Muxtar Rayonu) milli azadlıq hərəkatı mövzusunda araşdırma apardığını bilir, səbirsizliklə həmin araşdırmanın kitab şəkilində nəşrini gözləyirdim, çünki Uyğurların folklorunu və ədəbiyyatını Azərbaycan oxucusuna tanıtmaq istəyəndə bir sıra çətinliklərlə üzləşmişdim. Çox üzülmüşdüm ki, nədən soydaşlarımızın tarixinə, dilinə, ədəbiyyatına indiyədək belə sayğısız qalmışıq.
Azərbaycan müstəqillik əldə edəndən sonra Uyğurlar haqqında bir neçə məqalə yazmışdım. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə 2011-ci ildə “Nurlan” nəşriyyatında çap etdirdiyim “Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı” kitabının bir fəsli Uyğurların folkloruna və ədəbiyyatına həsr olunsa da, oradakı milli mübarizədən də xeyli söz açmışdım. Xüsusən Sovet hökumətinin Doğu Türküstanda və Güney Azərbaycanda qurulmuş hökumətləri necə güdaza verdiyi haqqında bir neçə səhifədə müqayisələr aparmışdım. İçimdə bir nisgil qalmışdı ki, kaş bu mövzunu yaxşıca araşdırıb oxuculara təqdim edən ola. Allaha çox şükür ki, professor Cəmil Həsənli bu işi gördü.
Çayxanada gəlmişdən-getmişdən, Cəmil müəllimin kitablarından xeyli söhbət etdik. Milli azadlıq hərəkatı fəallarını yada saldıq. Cəmil müəllim bir zaman hazırladığımız “DS” ensiklopediyasına yazdığımız məqalələrin sonrakı taleyi ilə maraqlandı. Mən də vəziyyəti ona danışdım. Xahiş etdi ki, hazırladığımız məqalələrin surətini ona göndərim. “Göndərərəm” – deyə söz verdim.
Evə gəldikdən sonra Cəmil Həsənliyə verdiyim vədə əməl etmək istədim. Təəssüf ki, həmin məqalələrin elektron variantını da, kağıza çıxarılmış variantını da tapa bilmədim. “DS”-də işimizi başa çatdıranda materialları dövlət arxivlərindən birinə verməyi planlamışdım. Evdə materialları axtaranda əlyazmaları və topladığımız sənədlərin bir qismini tapdım. Lakin məqalələrin elektron variantını və kağıza köçürülmüş variantını tapa bilmədim.
Cəmil müəllimin yanında yalançı olmamaq üçün məqalələrin əlyazmalarını və bəzilərinin də makina yazılarını milli azadlıq hərəkatının öndərlərindən olan rəhmətlik Ağamalı Sadiqin gəlini, iş yoldaşım Sevinc Əfəndiyevaya verdim. Ondan xahiş etdim ki, məqalələrin Azərbaycan Türkcəsində olanlarını Ruscaya çevirsin, Rus dilində olanları da bilgisayarda yığsın, sonra hamısını birlikdə redaktə edib versin ki, kitab kimi tərtib edib Cəmil müəllimə verim. Sevinc xanım bu işi çox məmnuniyyətlə və təmənnasız görməyi boynuna götürdü.
Professor Cəmil Həsənli üçün materialları axtararkən bəzi yazışmalarımızı, məqalələrin neçə hazırlanması haqqındakı sənədləri də tapdım. Onları bir daha gözdən keçirdim. Kitabın yaranması səbəblərini ortaya qoyacağını nəzərə alıb onlardan da istifadə edərək yeni bir önsöz yazmağı lazım bildim. Məqalələr üzərində yenidən ciddi işləməsəm də, dissidentlərdən dünyasını dəyişdiyini bildiklərimin ölüm tarixlərini