da, hamı ona hörmətlə yanaşırdı. O, azad insandır!».
Linkoln apreldə altı il əvvəl gəldiyi Nyu-Seylemi tərk etmək üçün öz əşyalarını topladı. O, indi buradan vəkil kimi, ştatın qanunverici məclisinin üzvü və yerli viqlərin lideri olaraq gedirdi.
Sprinqfilddə vəkil
İyirmi səkkiz yaşlı Avraam Linkoln 1837-ci il aprelin ortalarında Sprinqfildə gəldi. O, atını Coşua Spid adlı bir nəfərə məxsus mağazanın yanında saxlayıb içəri daxil oldu və yataq dəstinin qiymətini soruşdu. Spid qiyməti söylədi – 17 dollar. «Ucuz olsa da, – Linkoln dedi, – mənim bu qədər pulum yoxdur. Əgər mənə inanıb borca versəniz, vəkil kimi işim yaxşı gətirdiyi təqdirdə, borcunuzu mütləq qaytaracağam». Spidin ona ürəyi yandı və dükanın altındakı otaqda birlikdə qalmağı təklif etdi. Beləcə, onların dostluğu başladı və uzun illər davam etdi.
Yeri gəlmişkən, qəhrəmanımızın Senqamon dairə məhkəməsinin klerki Uilyam Batlrlə də dostluğu həmin dövrdə yaranmışdı. O, Linkolna evini təklif elədi, üstəlik, heç zaman ondan pul almayacağını dedi.
Dairə məhkəməsi Qofman küçəsindəki ikimərtəbəli binada yerləşirdi. «Stüart və Linkoln» yeni vəkil firması həmin binanın ikinci mərtəbəsini kirayələmişdi.
Stüartın başı namizədliyini konqresə irəli sürməyə qarışmışdı. Odur ki vəkillik işini Linkoln öz üzərinə götürmüşdü. Avraam boş vaxtlarında siyasətlə məşğul olur, müxtəlif ünvanlara siyasi məzmunlu müraciətlər, məktublar yazırdı. Siyasi və ictimai həyatın ən kəskin məsələlərindən biri isə hələ də quldarlıq olaraq qalmaqda idi.
1838-ci ildə Linkoln ştatın qanunverici məclisinə öz namizədliyini yenidən irəli sürdü. Avqustun 6-da keçirilən seçkilərin nəticələrinə görə isə 17 namizəd arasında birinci oldu!
Qanunverici məclisin sessiyası dekabrda öz işinə başladı. Həmin vaxt viqlər Linkolnun namizədliyini məclisin sədri vəzifəsinə təklif etdilər. Təklif səsverməyə qoyuldu, ancaq qəbul edilmədi. Bununla belə, Avraam məclisdəki viqlərin rəhbərinə çevrildi.
Növbəti ilin martında Sprinqfildə qayıdan Linkoln vəkilliklə məşğul olmağa davam etdi. Həmin dövrdə o, ağlını başından çıxaran qadınla tanış oldu.
«Uzundraz doqquzlar»dan biri, əsilzadə, İllinoysun keçmiş qubernatorunun oğlu Ninian B.Edvards qəhrəmanımızla eyni yaşda idi və onlar çox vaxt birlikdə olurdular. Edvardsın ikimərtəbəli kərpic evi var idi. 1839-cu ildə bu evə Leksinqtondan9 bir qız gəlmişdi. O, iki il əvvəl də qısa müddətlik burada qalmışdı. İndi isə burada həmişəlik yaşamaq fikrində idi. Həmin qız Edvardsın baldızı – arvadının kiçik bacısı olan Meri Tod idi. Onların atası senator, üstəlik, Leksinqtonda fəaliyyət göstərən bir bankın prezidenti idi.
Meri Todun 21 yaşı var idi. Öz füsunkarlığı ilə göz qamaşdırırdı. Fransız dilində yazıb-oxumağı bilirdi. Bəs Meri ata evini niyə tərk eləmiş və Sprinqfildə üz tutmuşdu? Bunun səbəbi qızın analığı ilə yola getməməsi idi.
Linkoln və Meri 1840-cı ildə nişanlandılar. Edvardsla arvadı bu evliliyə qarşı idilər. Odur ki onlar Merini fikrindən daşındırmaq istəyir, səhv qərar verdiyini, Linkoln ilə cəmiyyətin ayrı-ayrı təbəqələrinə aid olduqlarına onu inandırmağa çalışırdılar. Ancaq Meri inadından dönmədi. O nə istədiyini bilirdi, Linkolnun gələcəyinin parlaq olacağına inanırdı.
Aylar ötdü. Linkoln bütün diqqətini öz işlərinə yönəltdiyindən Meri Toddan get-gedə uzaqlaşırdı. Onunla rəqsə, konsertə, məclislərə gedə bilmirdi. Meri isə onu qısqanır, vaxtını başqa kişilərin mühitində keçirirdi. Fürsət tapıb Linkolnla görüşəndə isə nişanlısını ona qarşı laqeydlikdə günahlandırırdı. Onlar mütəmadi dalaşır, sonra yenə barışırdılar. Nəhayət, toyun vaxtı təyin edildi. Ancaq nəsə baş verdi, oğlan, ya qız, ya da hər ikisi evlənməkdən imtina etdilər.
Qanunverici məclisin növbəti sessiyası başa çatandan sonra, sentyabrın ortalarında Linkoln İllinoysa qayıtdı.
Ayrılıq Linkolna çox pis təsir etmişdi. Bunu dostu Coşua Spidə yazdığı məktublardan da hiss etmək mümkündür: «…mənə elə gəlir, bədbəxt elədiyim qadın haqqında düşüncələr xoşbəxt olmağıma imkan vermir. Bu fikir məni məhv eləyir!»
Bu peşmançılığı sezən «Senqamo cornel» adlı qəzetin redaktorunun arvadı missis Frensis hərəkətə keçdi: o, Linkolnu təşkil etdiyi ziyafətə dəvət elədi və ziyafətin gedişində Avraamı miss Todla barışdırdı. Beləliklə, Linkoln yenidən Meri ilə dostlaşdı. Ancaq onlar nəyə görəsə bunu hamıdan gizlədirdilər.
Bir dəfə Frensislərin evində Meri qəhrəmanımızdan tələb etdi ki, toyun vaxtını təyin eləsin, əvvəllər olduğu kimi bunu çox sonraya saxlamasın. Linkoln iki-üç həftə sonra küçədə Ninian Edvardsla rastlaşdı və axşam Meri Todla toyu olacağını dedi. Edvards cavab verdi ki, o, Merinin qəyyumudur və toy onun evində olmalıdır. Həmin vaxt Linkolnun 33, miss Todun isə 24 yaşı vardı.
Aradan bir müddət keçdi. 1843-cü il avqustun 1-də Linkolnla Merinin oğlu oldu. Uşağın adını Robert qoydular.
1844-cü ildə isə Linkoln öz hüquq kontorunu açdı və Uilyam Qerndon adlı gənc vəkili özünə partnyor10 götürdü…
Konqres üzvlüyünə namizəd
Linkoln 1842-ci ildə konqresə namizədliyini irəli sürmək fikrinə düşdü. O, istəyinə çatdı və konqresə, Nümayəndələr Palatasına11 seçildi. Həmin dövrdə ABŞ-la Meksika arasında münasibətlər kəskinləşdi. Bunun səbəbi Birləşmiş Ştatların həmin vaxt Meksikanın tabeliyində olan Texas əyalətini özünə birləşdirmək istəməsi idi.
Linkoln 1845-ci ildə «Texas məsələsi» ilə elə də maraqlanmadığını yazmışdı. Baxmayaraq ki, Texas, Nyu-Meksiko və Kaliforniya ştatları böyük, eyni zamanda zəngin ərazilər idi. Ona görə də Birləşmiş Ştatlar həmin torpaqları hər vəchlə ələ keçirmək niyyətində idi.
1845-ci ilin martında konqres Texasın ABŞ-a ilhaqı ilə bağlı qətnamə qəbul elədi. İşi belə görən Meksika hökuməti həmin torpaqların ona məxsus olduğu barədə Birləşmiş Ştatlara ultimatum göndərdi. Bununla da kifayətlənməyərək müharibəyə həmin dövr üçün yetərincə böyük məbləğ – 4 milyon dollar ayırdı.
Ovaxtkı ABŞ prezidenti Ceyms Noks Polk (1795–849) orduya Rio Qrande adlanan bölgədəki mübahisəli «zolağı» zəbt etmək əmri verdi. Döyüş 1847-ci il sentyabrın 14-də Birləşmiş Ştatlar ordusunun qələbəsi ilə sona çatdı. Bununla da Texas, Nyu-Meksiko və Kaliforniya ABŞ-a birləşdirildi.
Linkoln isə bütün bu baş verənlərə qarşı idi. O, aparılan siyasətin Birləşmiş Ştatlara şərəf yox, üzqaralığı gətirdiyini düşünürdü. Avraam senator Tomas Korvinin bu sözləri ilə tamamilə həmfikir idi: «Mən meksikalı olsaydım, deyərdim: «Məgər öz ölülərinizi basdırmaq üçün ölkənizdə torpaq yoxdur?!»
Həmin illərdə Linkoln bakenbard saxlayır, qara kostyum, ağ köynək geyinir, qara ipək qalstuk taxırdı. Bununla belə, səliqəsiz geyinir, saçları həmişə pırtlaşıq olurdu. Nəsə danışanda dizlərini qucaqlayıb