və islanmış adamlar «hünərlərini göstərməyə» başladılar: döyüşə atılırmış kimi çığırışaraq batmış barjın göyərtəsinə və anbarına hücum çəkdilər. Onlar elə işləyirdilər ki, sanki çoxdandır ürəkləri iş üçün alışıb-yanırmış.
Bu vaxt ya yükün sahibi, ya da yük sahibinin köməkçisi olan irigövdəli, uzunsaqqallı adamın həyəcanlı bağırtısı eşidildi:
– Haydı, qoçaqlar, tez olun! Haqqınızı artıqlaması ilə alacaqsınız. Bir vedrə şərab! Olsun iki! Bir az da tez, bir az da cəld!
Bu sözlərdən sonra iş daha da qızışdı.
Mən də yük dolu çuvallardan yapışaraq sürüyüb-aparır, bizim barja atır, təzədən yüyürə-yüyürə geri qayıdır, yeni çuvaldan yapışırdım. İşlədikcə daha da vəcdə gəlir, özümü bu çalışqan insanların arasında çox xoşbəxt hiss edirdim.
Birdən yağış daha da güclənib sel kimi şırıldadı.
– Daha bəsdir! – deyə kimsə qışqırdı, lakin qəzəbli səslər dərhal onu cavab atəşi ilə susdurdu:
– Yum ağzını, bu nə sözdür!
Beləliklə, yükdaşıyanlar bütün malları boşaldana kimi dinclərini almadan çalışdılar. Sonra isə gəmiyə keçərək illərdir yuxusuz qalıblarmış kimi yıxılıb yatdılar.
Səhəri gün oğru Başkinlə görüşəndə o, üst-başımı gözdən keçirərək dedi:
– Bu nədir, səni nə günə salıblar!
Mən sevinc hissi ilə gördüyümüz iş haqqında ona danışdım. Başkin isə mənə qulaq asıb köksünü ötürdü, həqarətlə dedi:
– Axmaq! Axmaqdan da betərsən, zırramasan!
Sonra isə fit çala-çala çıxıb getdi.
7
Andrey Derenkov balaca bir baqqal dükanının sahibi idi. Dükan yoxsul və dar bir küçənin axırındakı zir-zibilli yarğanın üstündə yerləşirdi.
Məni onunla kimin tanış etdiyini xatırlamıram.
Bir qolu qurumuş, balacaboy adam olan Derenkovun mehriban üzü, sarımtıl saqqalı, ağıllı gözləri vardı. Onun qadağan edilmiş və nadir tapılan kitablardan ibarət kitabxanası şəhərdə ən yaxşı kitabxana hesab edilirdi.
Kazandakı saysız-hesabsız məktəb və universitetlərin tələbələri, eləcə də inqilabi əhvali-ruhiyyəli adamlar bu kitabxanaya tez-tez üz tuturdular.
Derenkovun dükanının qapısı böyük bir otağa açılırdı. Həyətə baxan tək pəncərədən bu otağa zəif işıq düşürdü. Otağın yanında darısqal bir mətbəx, onun dalında isə anbar yerləşirdi. Həmin kitabxana da burada gizli saxlanılırdı. Kitabxanadakı kitabların bir hissəsi qələmlə qalın dəftərlərə köçürülmüşdü. Bu əlyazmalar dəfələrlə oxunmuş və əzilmişdi.
Mən ilk dəfə dükana gələndə Derenkov alıcılarla məşğul idi. Məni görəndə başının işarəsi ilə otağa açılan qapını göstərdi. İçəri girib gördüm ki, bir qoca alaqaranlıq otağın bir küncündə diz çöküb və ürəkdən dua edir.
Qoca duasını qurtardıqdan sonra səliqə ilə başının və saqqalının ağ tüklərini tumarladı, məni diqqətlə süzüb dedi:
– Mən Andreyin atasıyam. Siz kimsiniz?
Özümü ona təqdim etdim. Qoca əlavə heç nə soruşmayıb mətbəxə keçdi.
Mətbəxə açılan qapının ağzında ağ paltarlı bir qız dayanmışdı. Onun açıqrəngli saçları qısa kəsilmişdi.
– Nə üçün qorxdunuz? Yəni mən bu qədər dəhşətliyəmmi? – qız ona heyrətlə baxdığımı görüb dilləndi. Sonra isə divardan tuta-tuta ehtiyatla, ağır-ağır addımlayaraq mənə doğru gəlməyə başladı. O elə hərəkət edirdi ki, sanki möhkəm bir döşəmənin üstü ilə deyil, havada dartılmış kəndirin üstü ilə yeriyirdi. Fikir verib gördüm ki, qızın bütün vücudu titrəyir, ancaq əlləri qəribə bir tərzdə hərəkətsizdir.
Qız, nəhayət, elə ehtiyatla stula əyləşdi ki, sanki stulun bu dəqiqə altından çıxıb uçacağından qorxurdu. O mənə heç kəsin eşitmədiyi şəkildə dedi ki, əlləri-ayaqları tutulduğu üçün yorğan-döşəkdə yatırmış və cəmi beş gündür ayağa qalxıb.
– Bu nəsə əsəblə bağlı bir xəstəlikdir, – deyə qız axırda gülümsəyib əlavə etdi.
Bu vaxt təxminən mən yaşda olan sarısaçlı bir oğlan dükandan içəri girdi, qızı görüncə qışqıraraq dedi:
– Marya, sən niyə yatağından qalxmısan!
– Bu mənim kiçik qardaşım Alekseydir, – deyə qız izah etdi. Mən özüm isə mamaçalıq kursunda oxuyuram. Axı siz nə üçün dinib-danışmırsınız? Doğrudanmı bu qədər utancaqsınız?
Mən yenə dillənmədim.
Derenkov içəri gəldi, bacısının yumşaq saçlarını tumarladı, məndən nə cür iş axtardığımı soruşdu. Fəhləlik edə biləcəyimi dedim. O isə hələlik evin əl-ayaq işləri ilə məşğul olmağımı tapşırdı.
Həmin gündən hər gün Derenkovgilə gedib-gəlirdim. Onun kiçik qardaşı Aleksey tənbəl və kobud idi, alver işində Derenkova kömək edirdi. Üçüncü qardaş İvan isə Müəllimlər İnstitutunda oxuyur və orada yataqxanada yaşayır, yalnız bayram günlərində evə gəlirdi. İvan təmiz geyimli, saçları səliqə ilə daranmış çinovniklərə oxşayırdı. Balacaboy idi. Xəstə Marya isə evin çardağında yaşayır və nadir hallarda aşağı düşürdü.
Derenkovun mənzilinin daimi qonaqları da vardı: ayrı-ayrı universitetlərin tələbələri. Onlar bura, sadəcə, kitabxanadakı kitabları oxumaq məqsədilə gəlmirdilər. Həm də saatlarca oturub inqilabi mövzularda müzakirələr aparırdılar.
Çox vaxt qonaqları yola saldıqdan sonra Derenkov gecələmək üçün məni öz yanında saxlayırdı. Biz otağı sahmana salıb döşəməyə sərilmiş keçə üstündə uzanırdıq, sonra ikonanın[11] qarşısında yanan çırağın işığında dostcasına və pıçıltı ilə uzun-uzadı söhbət edirdik. O, tələbələri nəzərdə tutub deyirdi:
– Elə bir gün gələcək ki, bu cür minlərlə, on minlərlə yaxşı adam bir yerə yığılacaq və Rusiyada bütün həyatı dəyişəcəklər. Onlar Rusiyaya xoşbəxtlik və səadət gətirəcəklər.
Çox vaxt mən də inqilabçı ruhlu tələbələrin söhbətlərinə qulaq kəsilir, ancaq bu söhbətlərə qoşulmurdum. Heç qoşula da bilməzdim: çünki həmin söhbətlərin bir çoxunu anlamaqda çətinlik çəkirdim. Lakin bir şey dəqiq idi: onların Rusiyanın gələcəyi ilə bağlı inqilabi arzuları mənim arzularımla tamamilə üst-üstə düşürdü.
8
Elə ki payız düşdü, mən daimi iş tapmaq qərarına gəldim, yoxsa bu cür yaşamaq artıq mümkün deyildi. Derenkovgildə düzəməlli bir işim yox idi, bu isə o demək idi ki, özgə çörəyi ilə dolanıram. Özgə çörəyi isə həmişə adamın boğazından çətinliklə keçir. Uzun axtarışlardan sonra Vasiliy Semyonovun çörəkxanasında iş və qalmaq üçün yer tapdım.
Mən