üstündən “On altı yaşına çatmayan uşaqlar içəri buraxılmır” sözlərinin yazıldığı lövhə asılmışdı. Volkanın yenidən kefinin pozulduğunu görən Xəttabıç təşvişlə soruşdu:
– Sənə nə olub, ey yaraşıqlı kişilərin ən yaraşıqlısı?
Volka hirslə cavab verdi:
– Günorta seansına gecikmişik. İndi isə, içəri yalnız on altı yaşından yuxarı olanları buraxırlar. Heç bilmirəm neyləyim…
Xəttabıç əsəbi halda dedi:
– Bəs mən nə üçün lazımam! Bir an belə keçməyəcək ki, bizi içəri buraxacaqlar.
“Qoca lovğaya bax da!” – Volka əsəbi halda fikirləşdi. Birdən onu gördü ki, sağ əlində iki bilet var.
– Yaxşı, gedək, – sevindiyindən, az qala, atılıb düşmək istəyən Xəttabıç dedi: – Gedək. İndi onlar səni buraxarlar.
– Yəqin bilirsən, buraxarlar?
– Sənin parlaq gələcəyinin olduğunu bildiyim kimi, bunu da bilirəm.
Qoca bunu deyib Volkanı yaxınlıqdakı divardan asılmış güzgünün yanına apardı. Güzgüdən Volkaya heyrətdən ağzı açıla qalmış və qıpqırmızı, çil-çil üzünü saqqal basmış bir oğlan baxırdı…
5
Kefi kökəlmiş Xəttabıç oğlanı pilləkənlərlə ikinci mərtəbəyə, foyeyə sürüklədi. Qüssədən keyləşmiş qəhrəmanımız sürətlə uzanmaqda davam edən saqqal və bığını əlləri ilə səylə örtürdü. Nəzarətçi onu görüncə sərt şəkildə dilləndi:
– Oğlan, bəyəm bilmirsən ki, on altı yaşına qədər…
Lakin Volka qeyri-iradi olaraq əllərini çənəsindən ayırdı və nəzarətçi udqunub bu dəfə yumşaq tərzdə:
– Buyurun, vətəndaş, keçin! – dedi və qorxudan titrəyən əlləri ilə biletin nəzarət talonlarını qopardı.
Tamaşaçılar zalda caz orkestrının ifasına qulaq asdılar. Seansın başlamasına hələ on beş dəqiqə var idi.
Volkanın köhnə dostu və sinif yoldaşı olan Jenya Boqorad zalın girişində dayanmışdı. O, on dörd yaşından çox böyük görünən dolğun, kök bir oğlan idi. İndi isə təklikdən darıxırdı və çox istəyirdi ki, yanında bir həmsöhbət olsun, o da bugünkü coğrafiya imtahanında Volka Kostılkovun heyrətləndirici rəftarından danışsın. Di gəl, tərslikdən ətrafda bircə nəfər də tanış adam yox idi!
Jenya foyeyə çıxmağa qərar verdi. Bəlkə, bəxti gətirdi, bir tanış adama rast gəldi. Pilləkənin meydançasında başında həsir şlyapa, ayağında naxışlı məst olan bir qoca ona elə toxundu ki, az qaldı yıxılsın; həmin qoca bir oğlanın əlindən tutub arxasınca çəkib aparırdı. Bu oğlan kim olsa yaxşıdır? Volka Kostılkovun özü! O nədənsə əlləri ilə üzünü tutmuşdu.
– Volka! – Jenya dostunu çağırdı.
Lakin belə görünür ki, Volka onunla rastlaşmağına heç sevinmədi. Əksinə, özünü elə apardı ki, guya ən yaxın dostunu tanımırdı. Bundan sonra özünü orkestrə qulaq asan tamaşaçıların içinə vurdu.
– Məni görmək istəmirsə, heç lazım da deyil! – deyə Jenya küsüb bufetə sarı getdi ki, bir stəkan su içsin. Buna görə də insanların, dostu və yanındakı qəribə qocanın ətrafında toplaşdığını görmədi. O qayıdıb Kostılkova tərəf keçməyə çalışanda isə artıq gec idi. Volka və qoca Xəttabıç saysız-hesabsız insandan ibarət sıx bir divarla əhatə olunmuşdu. İzdiham artmaqda davam edirdi. Kreslolarını taqqıldadan adamlar səhnənin qarşısındakı yerlərini tərk edib gedirdilər. Tezliklə orkestr boş stulların qarşısında çalmağa başladı.
– Zəhmət olmasa, deyin, nə olub? – Jenya dirsəkləri ilə camaatı itələyə-itələyə soruşdu. Lakin heç kim ona cavab vermədi. Hamı, utandığından sir-sifəti od tutub yanan Volkaya doğru qaçırdı. Oğlan foyenin bir küncündə çöməlib oturmuşdu.
Bu zaman kinoteatrın direktoru özü asayişi bərpa etmək qərarına gəldi və boğazını arıtlayıb ucadan çığırdı:
– Vətəndaşlar, xahiş edirəm, dağılın! Nə olub, məgər saqqallı uşaq görməyibsiniz nədir?
Direktorun bu sözlərini eşidən adamlar nəinki dağılışdılar, əksinə, saqqallı oğlana tamaşa etmək üçün daha böyük maraqla Volkaya doğru yüyürdülər. İzdihamı görən oğlan yavaşca pıçıldadı: “Vay dədə!” Sonra isə ikrahla Xəttabıça baxdı. Qoca nəyinsə yenə də səhv olduğunu başa düşüb özünü narahat hiss edir və nə edəcəyini bilmirdi. Handan-hana dilləndi:
– Ey gənc ağam! Əmr edin, bütün yaramaz tamaşaçıları bu üç dəfə lənətlənmiş kino hər nədirsə, onunla birlikdə toza çevirim.
– Lazım deyil, – deyə Volka kədərlə cavab verdi, yenə də göz yaşları yanaqlarından aşağı yuvarlandı və qalın saqqalında yox oldu. Bunu görən izdiham uğuldadı: “Saqqallı oğlan ağlayır”. Sonra Kostılkovun sifəti qəfildən parladı. O, cəld qocaya tərəf döndü, həyəcandan titrəyən səslə ona dedi:
– Həsən Əbdürrəhman ibn Xəttabıç, əmrimə qulaq as!
Qoca Xəttabıç yerdə çöməlmiş oğlana doğru əyildi və cavab verdi:
– Eşidirəm, gənc ağam!
Camaatın arasından bir pıçıltı keçdi:
– İndi də qoca bu oğlana baş əyir… Qəribədir! Nəsə düz deyil. Çox maraqlıdır!..
Volka isə sözlərinə davam etdi:
– Sənə əmr edirəm, Həsən Əbdürrəhman ibn Xəttab, bu lənətə gəlmiş saqqalı üzümdən yox elə!
– Axı onda səni kinodan qovacaqlar, – deyə qoca Xəttabıç etiraz etməyə çalışdı. Lakin o, Volkanın sifətindəki qəzəb ifadəsinin gücləndiyini görüb nəzakətlə cavab verdi: – Dinləyirəm və itaət edirəm, ey yaraşıqlı kişilərin ən gözəli!
– Tələs! – Volka hirslə dedi.
– Eşidirəm və itaət edirəm… – deyə Xəttabıç təkrarladı və barmaqlarını şaqqıldadaraq nəsə pıçıldadı. Lakin Volkanın üzündəki saqqal və bığ yoxa çıxmadı.
– Bir dəqiqə, ey Volka ibn Alyoşa, – deyə qoca çaşqın halda kəkələdi. Ancaq bədbəxt qəhrəmanımızın üzündəki saqqal və bığ elə hey uzanmağa davam edirdi.
Qoca Xəttabıç bir daha nəsə etdi, di gəl, faydası olmadı. Sonra qəfil yerə yıxıldı və tozlu parketin üstündə yuvarlanaraq sinəsini döyməyə, üzünü cırmaqlamağa başladı. Ətrafdakılar bunu görüb öncə təəccübləndilər, ardınca isə gülüşdülər.
– Vay halıma, – qoca Xəttabıç qışqırırdı, – vay, vay mənə! Bu da lənətlənmiş şüşədə boşuna sərf olunan minlərlə ilin nəticəsi! Yaddaşım korlanıb, nə etməli olduğumu unutmuşam. Məni bağışla, ey gənc xilaskar, sənin saqqalına, bığına heç nə edə bilmirəm! Vay, sənin halına, yazıq cin Həsən Əbdürrəhman ibn Xəttab!
– Nə