Hellouində taxılan maskanı xatırlatdı. Uzun qarmaqşəkilli burnun üstündə qızılı gözlərin yarıqları parlayırdı. Qulaq məməcikləri itiləşmişdi, alkoqola hərislik isə onun dərisinə bozumtul-sarımtıl çalar veriridi.
– Ey insan, əgər Kitab haqqında bilirsənsə, – qarı astaca söylədi (yəqin ki, viski artıq ona təsir etməyə başlamışdı), – onda burada, mənim əlimdə olan sehrli qüvvədən də xəbərdarsan. Mən səni barmağımın bir hərəkəti ilə öldürə bilərəm!
– Şübhə edirəm, – Artemis çiyinlərini çəkdi. – Siz yəqin çoxdandır ki, güzgüyə baxmırsınız. Düyü arağı sizin bacarıqlarınızı kütləşdirib. Siz artıq demək olar ki, meyitsiniz. Bacardığınız bir şey varsa, o da ziyil çıxarmaqdır. Acınacaqlı mənzərədir. Mən bura sizi xilas etmək üçün gəlmişəm… Kitabın əvəzində.
– Nə səbəbdən birdən-birə insana bizim Kitabımız lazım olub?
– Bu artıq sizin işiniz deyil. Beləliklə, sizinlə əməkdaşlığımızın mümkün variantları haqqında…
Türkəçarənin qulaqları azacıq qımıldandı.
– Mümkün variantlar?
– Birinci variant: Siz Kitabı mənə verməkdən imtina edirsiniz və biz sizi bu zibillikdə çürüməyə buraxaraq evə qayıdırıq.
– Razılaşdıq, – qarı tez razılaşdı. – Bu variant məni qane edir.
– Dayanın, tələsməyin. Əgər biz buradan Kitabsız qayıtsaq, maksimum bir gündən sonra siz öləcəksiniz.
– Bir gün sonra? Ha-ha! Bir gün sonra! – Türkəçarə qəhqəhə çəkdi. – Mən sən öləndən sonra hələ yüz il də yaşayacam. Hətta bizimkilərdən bura, insanların dünyasına gələnlər də əsrlərlə yaşayır.
– Amma yarım litr müqəddəs suyu birnəfəsə başına çəkənlər yox, – Artemis barmaqları ilə boşalmış butulkaya döyəcləyərək qeyd etdi.
Qəfildən rəngi qaçan qarı dəhşətli nalə çəkdi.
– Müqəddəs su! Sən məni məhv etdin, ey insan!
– Bu doğrudur, – Artemis etiraf etdi. – Bu dəqiqələrdə sizin daxilinizdə dəhşətli hərarət başlayacaq.
Qarı tərəddüdlə qarnını əllədi.
– Bəs ikinci variant?
– Aha, deməli, siz məni dinləməyə hazırsınız? Yaxşı. Beləliklə, ikinci variant. Siz öz Kitabınızı müəyyən müddətə mənə verirsiniz. Yarım saatdan sonra isə mən sizə həm Kitabınızı, həm də itirilmiş sehrli qüvvənizi qaytarıram.
Qarının çənəsi sallandı:
– Mənə sehrbazlığı qaytarırsan? Lakin bu mümkün deyil!
– Nəyə görə? Elə yaxşı mümkündür ki. Məndə iki ampula var. Onlardan biri Tara dairəsinin altmış metrliyindəki sehrli quyudan götürülmüş əsas sudur. Bu, yəqin ki, yer üzündə olan ən sehrli yerdir. Birinci ampula müqəddəs suyun təsirini neytrallaşdırır…
– Bəs ikincisi?
– …İkinci ampulanın içində isə insan tərəfindən yaradılmış sehrli maddə vardır. Alkoqolla qidalanan virus üstəgəl böyümə hormonu. Bu qarışıq sizin bədəninizdən bütün düyü arağını son damlasınadək yuyub aparacaq, sizi alkoqol asılı-lığından xilas edəcək və hətta dağılmış qaraciyərinizi bərpa edəcək. Əlbəttə, elə də xoşagələn proses deyil, amma bir gündən sonra siz elə gümrah olacaqsınız ki, sanki yaşınız yenə də mindən yuxarı deyil.
Türkəçarə acgözlüklə dodaqlarını yaladı. O, yenə də sehrli xalqın yanına qayıda biləcək? Şirnikləndirici səslənir.
– Bəs mən haradan bilim ki, sənə etibar etmək olar, ey insan? Sən artıq bir dəfə məni aldatmısan.
– Haqlı sualdır. Mən belə bir çıxış yolu təklif edirəm. Əsas suyu mən sizə elə indi verirəm. Amma müalicəvi vasitəni isə mən Kitabı gördükdən sonra verəcəyəm. İstəyirsiniz – razılaşın, istəmirsiniz yox.
Qarı fikrə getdi. Mədəsində artıq xoşagəlməz yanğı başlanmışdı. O, əlini uzatdı:
– Razıyam.
– Mən elə belə də bilirdim. Nökər?
Yekəpər xidmətçi içərisində şpris və iki ampulanın olduğu yumşaq futlyarı açdı. Nökər ampulalardan birinin içərisindəki mayeni şrpisə çəkərək qarının toxunarkən yapışqan kimi olan qoluna vurdu. Qarı bir anlığa donub qaldı, amma elə həmin an da yüngülləşdi.
– Güclü əfsundur, – deyə o, nəfəs verdi.
– Güclüdür, – Artemis təsdiqlədi. – İkinci iynə isə sizə itirilmiş güclərinizi qaytaracaq. Amma əvvəlcə – Kitab.
Əlini çirkli paltarının büküşləri arasına salaraq qarı orada qurdalanmağa başladı. Bu axtarışlar sanki bir əsr davam etdi. Artemis nəfəsini dayandırdı. Budur o… Tezliklə Faullar yenə də möhtəşəm olacaqlar. İmperiya dirçələcək, onun başında isə o – ikinci Artemis Faul dayanacaq.
Nəhayət ki, şəfaverici paltarlarının dərinliyindən sıxılmış yumruğunu çıxardı.
– Onsuz da onun sənə bir faydası olmayacaq. Kitab qədim dildə yazılıb.
Artemis səssizcə başını tərpətdi. O qorxurdu ki, səsi onun gərginliyini üzə çıxardar.
Qarı düyünlü barmaqlarını açdı. Ovcunda kibrit qutusu boyda xırda qızılı bir cild var idi.
– Buyur, ey insan. Sizin otuz dəqiqəniz var. Çox yox.
Nökər ehtiramla kitabı ondan qəbul etdi. Miniatür rəqəmsal kameranı qoşaraq o, nazik səhifələri bir-bir çəkməyə başladı. Bu proses cəmisi bir neçə dəqiqə çəkdi. Tezliklə bütün kitabın içindəkilər fotokameranın çipinə köçürüldü. Lakin Artemis risk etməyi sevmirdi. Dünyanın bütün hava limanlarında quraşdırılmış xüsusi avadanlıq mühüm informasiya daşıyan bu çiplərdən çoxunu məhv etmişdi. Buna görə də o, xidmətçisinə tapşırdı ki, faylı mobil telefona köçürsün, oradan da elektron poçtla Faulların Dublində yerləşən malikanəsinə yollasın. Heç yarım saat keçmədi ki, Kitabın içərisindəkilərin olduğu fayl etibarlı yerə – Faullara məxsus bilgisayar-serverinin yaddaşına ötürüldü.
Artemis xırda cildi qanuni sahibinə qaytardı.
– Sizinlə işləmək çox xoş idi…
Qarı səntirləyərək dizləri üstünə qalxdı.
– Bəs ikinci maddə, ey insan?
– Ah əlbəttə, – Artemis gülümsündü, – sehrli qüvvələri qaytaran maddə. Deyəsən axı, mən həqiqətən söz vermişdim.
– Bəli. İnsan söz verdi.
– Çox gözəl. Amma qabaqcadan xəbərdar etmək istəyirəm: orqanizmin təmizlənməsi – çox ağrılı prosesdir. Çətin ki, xoşunuza gəlsin.
– Necə bilirsən, bütün bunlar mənim xoşuma gəlir? – O, əli ilə onu əhatə edən çirkab və miskinliyi göstərdi. – Mən yenə də uçmaq istəyirəm.
Nökər ikinci ampuladakı