Стефан Цвейг

Kazanova


Скачать книгу

çox vaxt yaşamaq fürsətini qaçırdığı şeyləri təsvir edər.

      Sənət adamının etdiyinin tam əksini edərək özlərini sorğu-sualsız bir şəkildə zövqün ixtiyarına buraxanlara gəlincə, onlarda da həyatlarının müxtəlif olayları üzərində uzun-uzun işləyib onlara bir şəkil vermə gücü yoxdur. Özlərini yaşadıqları anın içərisində itirərlər və beləcə bu an bütün o biri insanlar üçün yox olub gedər; halbuki sənətçi ən kiçik şeyi belə əbədiləşdirməyi bilər. Buna görə də, bu iki tip insanın qayələri verimli bir şəkildə bir-birini tamamlayacaq yerdə, bir-birindən uzaqlaşmaqdadır: Birinin şərabı yoxdur, o birinin isə qədəhi. Açıla bilməyən bir düyündür bu: Hərəkət və zövq adamlarının bütün şairlərdən daha çox söyləyəcək şeyləri, yaşanmış təcrübələri vardır, ancaq danışmağı və ya yazmağı bacarmazlar. Bunun müqabilində, yaradıcılar da uydurmaq, icad etmək zorundadırlar, çünkü bir hekayə mövzusu ola biləcək yaşanmış təcrübələri çox zaman yetərli deyildir. Şairlərin maraq doğuracaq bir həyat hekayəsi olması seyrək olaraq göründüyü kimi, gerçəkdən təsirli bir həyat hekayəsinə sahib olan insanların onu yaza bilməsi də nadirən görünür.

      Bax, Kazanovanın demək olar ki tayı-bərabəri olmayan, bənzərinə heç rast gəlinməyən, qeyri-adi başarısı buradan irəli gəlir: İlk dəfə olmaq üzərə, bir zövq və keyf adamı, hər anın sonuna qədər dadını çıxarmasını bilən, üstəlik taleyin ona ağlasığmaz macəralar bağışladığı, şeytani bir yaddaşı olan və xarakter baxımından ən kiçik bir vicdani narahatlıq duymayan bir adam, qeyri-adi olan həyatını yazmağı başara bilmişdir, həm də əxlaqi məsələlərə görə hər hansı bir dəyişiklik etmədən, mətnə qafiyələrlə şirinlik qatmadan, fəlsəfəylə bəzək-düzək vurmadan, obyektiv bir şəkildə, olduğu kimi yaza bilmişdir həyatını: Azartlı, təhlükəli, dəlilik və gicbəsərliklə dolu, əyləncəli, bayağı, abırsız və sayqısız, ancaq hər zaman güc və enerjiylə və gözlənilməz şeylərlə dolu olaraq… Ayrıca, bunu, ədəbiyyat ehtirasıyla ya da doqmatik bir lovğalıq duyğusu ilə, peşmanlıq və ya özünü göstərməyə dönüşən bir növbəti etirafla deyil, nəşəylə, keyflə, qeyd-şərtsiz bir şəkildə etmişdir: eynilə bir meyxanədə, ağzında piposuyla bir masa başında oturan və tərəfsız bir şəkildə onu dinləyənlərə duzlu, hətta bibərli bir macəra ziyafəti verən qocaman bir yaşlı əsgər kimi.

      Burada danışan, qüdrətli bir yaradıcı və ya xəyalpərəst deyil, bütün şairlərin ustası olan həyatdır, – bənzərsiz ilham qaynağının mümkün ola biləcək zənginliyi və inanılmaz dərəcədə güclü qanadları olan həyatın özü. Kazanovaya gəlincə, sənət adamından gözlənən ən bəsit şərti yerinə yetirməkdən başqa bir şey etmir: İnanılması mümkün olan şeyləri inanılır hala gətirmək. Bunu gerçəkləşdirə bilmək üçün, fransız dilini pis bilməsinə baxmayaraq, sənəti də, gücü də yetərlidir. (Not etməyi sevmirəm, yazılı bir dartışmaya girməyi isə heç sevmirəm. Amma dürüst olmaq qayğısı ilə, bir məsələni diqqətə çatdırmaq məcburiyyətindəyəm: Kazanovanın nəsrinin sənət dəyərini dəqiq müəyyən etməkdən ötrü etibarlı bir təməldən, yəni “Xatirələr”inin orijinal mətnindən bu gün hələ də məhrumuq. Bizim bildiyimiz, təəssüf ki, orijinal əlyazma nüsxəyə sahib olanların, F.A. Brockhaus Yayınevi sahiblərinin, heç bir təminat göstərmədən, keyfi bir şəkildə, yüz il öncə bir Fransız professoruna gördürdükləri bir tərtibatdır. Artıq heç olmazsa elm adamlarına, Kazanovanın gerçək mətninə bir göz atma iznini verməkdən daha təbii nə ola bilər? Və şübhəsiz, bütün ölkələrin alimləri və müxtəlif akademiyaların üzvləri belə bir iznin verilməsini şiddətlə dəstəkləməkdədirlər. Məsələ burasındadır ki, Brockhausa qarşı tanrıların savaş açmasının belə faydası ola bilməz: sahiblərinin kaprizləri və inadkarlığı üzündən orijinal mətn firmanın seyfində kilidli olaraq gözlərdən uzaq tutulmaqdadır; bunun üçün və yalnızca bu özbaşına davranışa görə, dünya ədəbiyyatının ən maraqlı əsərlərindən birini, ancaq kobud bir şəkildə başqasının danışdığını oxumaq və dəyərləndirmək kimi əcaib bir hadisə ilə qarşılaşırıq. Brockhaus Yayınevi, bu günə qədər, sənətə qarşı düşməncəsinə bir münasibətdən başqa bir şey olmayan bu inadkarlığını açıqlaya biləcək məntiqə uyğun səbəbləri ictimaiyyətə bildirmək zəhmətinə belə qatlanmamışdır. Stefan S.) ancaq podaqra xəstəliyinə görə əsməcəli bir hala gəlmiş olan və burmadan deyinən bu yaşlı adam, Duksda, heç bir iş görmədən maaş aldığı vəzifəsində qaldığı zamanlarda, bir gün gələcək çal saqqallı tarixçilərin və filoloqların, XVIII əsrin ən dəyərli perqamenti halına gələn xatirələrinin üzərinə əyiləcəklərini və bütün mahiyyətini içlərinə sindirə bilmək üçün tər tökəcəklərini ağlına belə gətirə bilməzdi; və bizim sadəlövh Cakomomuz aynada özünü nə qədər bəyənirsə bəyənsin, ölümündən yüz iyirmi il sonra, bir zamanlar ona girilməsi qadağan edilmiş olan o sevimli Parisində bir “Kazanovaçılar Dərnəyi”nin qurulacağını və bu Dərnəyin, yalnız, vaxtıyla onun əlindən çıxan hər kağız parçasını, atdığı hər tarixi təsdiq etmək və bu kağız parçaları üzərində, bir zamanlar ona görə xoş bir şəkildə adı çıxmış olan qadın adlarının kim olduğunu kəşf etmək məqsədi ilə qurulacağını ona söyləsəydilər, bunu, o lənətə gəlmiş düşməni, eşikağası Feltkirchnerin axmaq bir zarafatı olaraq görərdi.

      Belə olan halda, bu özünü bəyənmiş adamın, bir gün gəlib də bu dərəcədə məşhur olacağını öncədən hiss etməməsini, dolayısıyla əxlaqi qayğılara qapılmamasını, anlatdığı şeyləri bəzəyib düzəməyə çalışmamasını və psixoloji təhlillərə özünü qaptırmamasını xoşbəxt bir təsadüf olaraq görək; çünki ancaq müəyyən bir məqsədlə hərəkət etməyən bir insan, beləsinə qayğısız bir səmimiyyətə çata bilər və yalnız ibtidai və təbii şeylərdə rastlana bilən bir özəlliyə sahib ola bilər. Bu yaşlı qumarbaz, Duksda, çalışma masasına hər zaman olduğu kimi tənbəl-təmbəl yaxınlaşır – bura onun son oyun masasıdır – və son kozırını oynayaraq xatirələrini taleyin üzünə çırpır: Sonra, başqa bir dünyaya çağrıldığı üçün, bu sıçrayışının nəticəsini görməyə vaxt qalmadan, qalxır yerindən.

      Ancaq, necə fövqəladə bir şey! Ölümsüzlük içərisində cingildəyən də yalnız elə bu son sıçrayışı olur: Duksdakı o köhnə kitabxanaçı, artıq kimsənin onu qova bilməyəcəyi bir şəkildə əks mövqedə olduğu Volterin və başqa böyük şairlərin yanında, ölümsüzlük ölkəsinə yerləşir; onun haqqında yazılmış hələ bir yığın kitab olacaq orada, çünki ölümünün üzərindən bütöv bir yüz il keçib getdiyi halda hələ də həyatını anlaya bilmiş deyilik: Bu tükənməz material, yazarlarımıza, durmadan, onun portretini yenidən çəkmək istəyini verməkdədir.

      Bəli, bu yaşlı commediante in fortuna, taleyinin bu bənzərsiz aktyoru oyunu qazanmışdır və bu həqiqətə qarşı hər cür etiraz, hər cür təmtəraqlı söz boşunadır. Sayqı duyduğumuz bu dostumuzu, əxlaq qaydalarına əhəmiyyət vermədiyi və bu məsələdə ciddi davranmadığı üçün xor görə bilərlər; tarixçi olaraq onun söylədiyinin tərsini müdafiə edə bilərlər və sənətçi olaraq onu inkar edə bilərlər.

      Edə bilməyəcəkləri bir tək şey var: Onu yenidən öldürə bilməzlər, çünkü bütün