deyimlərlə, bədii obrazlarla qarşılaşan oxucu "Füzuli Məcnundan üstün aşiqdir" fikrini qəbul etməyə məcbur olur. Göründüyü kimi Füzuli dahi şair olmaqla yanaşı, həm də dahi aşiqdir. O, şairlikdə olduğu kimi, aşiqlikdə də birinciliyi heç kimə güzəştə getməmiş, inandırıcı bədii boyalar, müqayisə və mübaliğələrlə aşiqlər silsiləsinin önündə dayandığını göstərib sübut etmişdir. Füzuli məhəbbəti, sədaqəti, əzabkeşliyi Məcnunun əsarətindən, monopoliyasından qopararaq ona özünün möhürünü vurmuş, eşq aləmində özü də bir ad çıxarmışdır”.
Vurğun Əyyubun digər araşdırmaları da məsələnin qoyuluşu, təhlil prinsipləri, gəldiyi qənaətlər baxımından peşəkarcasına yazılmışdır. Bu məqalələrin bir neçəsi elmi simpoziumlarda məruzə kimi oxunmuş və dərc edilmişdir. Vurğun Əyyubun bu orijinal araşdırmalarına konfranslarda nə qədər böyük marağın şahidi kimi yazıları ilə yanaşı, özünün də emosional çıxışları daim onun məruzəsinə və özünə marağı artırmışdı.
Vurğun Əyyubun bu kitabında toplanmış məqalələri, araşdırmaları onun bir tənqidçi, ədəbiyyatşünas portretini yaratmış olur. Bir şəxsiyyət olaraq, həyatda və siyasətdə getdiyi yolu ədəbi həyatda da davam etdirmiş, daim yeni söz və fikir deməyə çalışmış, bir sözlə, necə varsa elə də görsənmişdir. İnanırıq ki, Vurğun Əyyubun bu kitabı ədəbiyyatşünaslığımızda öz dəyərini alacaq, ona istinadlar olacaq və gələcək araşdırmalar üçün yeni imkanlar açacaqdır.
Qeyd etdiyimiz kimi, Vurğun Əyyubun bu yazılarını mətbuat səhifələrindən və arxivindən toplamışıq. “Şeir təhlilləri” silsilə məqalələri üçün yazdığı. “Müəllifdən” başlığını olduğu kimi kitaba daxil etdik. Buraya ədəbiyyatşünaslığa məqalələrini daxil etməyə çalışdıq. Ancaq əminik ki, kitabdan kənarda qalan məqalə və araşdırmaları vardır. Zaman keçdikcə bunlar da üzə çıxacaq və oxuculara çatdırılacaq.
Müəllifdən
Əziz oxucu! Türkiyənin Qars Kafkas Universitetində çalışarkən[1] bir çox kitablarla tanışlıq imkanı əldə etdim. Bunların içərisində Mehmet Kaplanın “Şeir təhlilləri” adlı kitabı çox xoşuma gəldi. Kitabda hər şairdən bir-iki şeir örnək olaraq alınmış, həmin şeirlər hər cür ideoloji yanaşmalardan uzaq durularaq mətn baxımından araşdırılmışdı. Təssüfləndim ki, indiyə qədər Azərbaycan ədəbiyyatşünaslığında bu tipli araşdırmalar yoxdur. Ona görə də şeir sevənlərə, tələbələrə, gənc araşdırıcılara yardım olması üçün mən də Azərbaycan poeziyasının örnəkləri əsasında təhlillər aparmaq istədim.[2]
Bəllidir ki, hər hansı bir ədəbi nümunə yazılıb oxucunun ixtiyarına verildikdən sonra müəllifindən asılı olmayan bir müstəqil sənət obyekti olur. Oxucunun bu obyekti necə qavraması, ona münasibəti artıq müəllifdən asılı bir məsələ deyil. Oxucunun əsəri düzgün qavraması, ondan estetik zövq ala bilməsi üçün təbii ki, onun estetik, elmi baxımından araşdırılmasına ehtiyac yaranır. Bu halda oxucunun köməyinə ədəbiyyat araşdırmaçısı gəlir. Amma ədəbiyyat araşdırmaçısının vəzifəsi bədii nümunənin ətrafında dolaşmaq, ideoloji, siyasi qəliblərlə onun mövzusu, məzmunu üzərində subyektiv yorumlar yapmaq deyil, bədii mətninin ruhuna daxil olub gözəllik sirrlərini oxucuya anlatmaq, heç olmazsa, sezdirməkdir. Tənqidçinin əsas işi əsərin estetik dəyərini ortaya çıxara biləcək mətn təhlili olmalıdır. Mətn nədir? Hər hansı bir mövzunu, hadisəni anlatmaq üçün işlədilən kəlmə, deyim, cümlə, abzaslardan yaranan söz toplusu mətndir. Bu, Gəncə üsyanını anladan bir tarix mətni də, kəpənəklərin həyat tərzini incələyən bir bioloji mətni də, bir cinayəti təsvir edən istintaq mətni də ola bilər. Bədii mətn isə hər hansı bir duyğu, düşüncə, xəyal, hadisənin ədəbi bir biçimdə ifadəsindən yaranan söz toplusudur. Məzmun, forma, dil, üslub kimi dörd əsas ünsür üzərində dayanmadan ədəbiyyat tarixçiliyinin ümumi hökmləri ilə bədii mətnin ədəbi sirrini, estetik dəyərini ortaya çıxarmaq mümkünsüzdür. Mən də illərlə topladığım bilik, təcrübədən yola çıxaraq, məhz mətni əsas götürməklə hər hansı bir bədii əsərin estetik dəyərini anlamaq, araşdıra bilmək üçün oxuculara örnəklər vermək arzusu ilə bu təhlilləri aparmağa girişdim. Burada apardığım təhlillər mənim bir ədəbiyyat araşdırıcısı olaraq ayrı-ayrı şeirlər haqqında düşüncələrimdir. Bacardıqca ideolji ştamplardan, vulqar yanaşmalardan uzaq duraraq şeir mətnlərini təhlil etməyə çalışdım. Beləliklə, ilk olaraq XX əsr poeziyamızdan başlamaq istədim…
Şeir təhlilləri
Məhəmməd Hadi: “El fəryadı”
Hürriyət ilə millət edər kəsbi-məali,
Hürriyyət ilə mülkün olur qiyməti ali,
Avropalı hürriyyət ilə tapdı kəmali,
Əlbəttə əsarətlə olur məhv əhali,
Hürriyyətü sərbəstlik imrani-vətəndir.
Azadə gərək şəxs, süxən, fikrlə xamə,
Hər kəs gələ hürriyət ilə şövqə, xüramə.
Ta kim, ola insan qədəməndaz məramə,
Sərbəstlik ilə olunur mülk idamə,
Gər qalsa qüyudatdə, viran vərəndir.
Hər kəs həqi-məşruinə sahib gərək olsun,
Qayətdə ədalətli qəvanin qoyulsun,
Ən faidəli qaidələr cari olunsun,
Mizani-ədalət və müsavat qurulsun,
Mizani-ədalət demək imrani-vətəndir.
Fasid olub əlhəqq vətənin abühəvası,
Hürriyyət ilə qabil olur üssi-əsası,
Bişübhə pozulmuş bunun əvvəlki binası,
Meydanə qoyulsa yeni qanuni-əsasi,
Qanuni-əsasi isə dərmani vətəndir.
Sövq etmək üçün milləti şəhrahi-fünunə,
Minlərcə əhali olub ağişteyi-xunə,
Diqqətli nəzər qıl, bunu həml etmə cünunə,
Boş laf uran kəslərə olsun bu nümunə,
Bunlar şühədayi-rəhi-canani-vətəndir.
Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,
Biçarə vətən sanki olub məhşəri-şərrət,
Səhrayi-bəladə gəzir avarə rəiyyət,
Övladını bəslərmi belə madəri-şəfqət?
Bu zillətə, bu möhnətə giryan vətəndir.
XX əsr romantik poeziyamızın ən güclü nümayəndələrindən birisi olan M.Hadi 1906-cı ildə bolşevik qəzeti “Təkamül”də çap etdirdiyi bu şeirinə “El fəryadı” kimi mənalı bir ad seçib. Hadi yaradıcılığında Tənzimatdan sonrakı Osmanlı ədəbiyyatının təsiri güclüdür. Xüsusən “El fəryadı” şeirində türk poeziyasında vətən mövzulu siyasi lirikanın ilk örnəyini yaradan Namiq Kamalın