indi gəl kişi kimi danışaq. Səni kimsə incidib? Sənə nə olub axı? Bura heç birimiz öz istəyimizlə gəlməmişik, oğlum… Başa düş… mənimçin də ağırdır… Müharibədir…
“Unutmub… əclaf… Neçə vaxtdır fürsət gəzirmiş, deməli. Mən axmağ da, gör silahımı kimin yanına qoymuşam. Axmağam, axmaq!”
Heç nədən xəbərsiz yazıq leytenant da elə bilir ki, Qleb burda, bu cəhənnəmdə olduğuyçun bezişib. İndi leytenantın səsindəki yalvarış daha çox hiss olundu.
– Çavuş Qraçov, qoy yerə… silahı… Yaddan çıxaraq… – Bizə tərəf baxıb müraciətlə – hə, uşaqlar, – dedi, – unudaq getsin… Bu bir zarafat idi…
– Nə zarafat, sənin ananı!.. Zarafat qurtardı, qurtardı! Bu müharibə də m-mənim yox, s-ssənin müharibəndi. Sizin!.. – Əsəbi halda qışqırtısından ətli boynundakı damarları tarıma çəkilmişdi.
Qleb avtomatın qundağını bərk-bərk sinəsinə sıxırdısa da şəhadət barmağının tətikdən aralı, havada titrədiyini hiss edirdim. Hərçənd ki, bu aldadıcı qorxaqlıq bircə anda, məsələn, Andreyin avtomatı çiynindən çıxarmağa cəhd etməsi, leytenantın tapancasına əl atması təqdirində cəsarət həddinə gələ bilərdi. Neçə vaxtdı yığılan qəzəb, nifrət və intiqam hissini gözlərində aydınca oxumaq olurdu. Diqqətlə baxsaydın o qəzəbli baxışlarda bir az cəsarətin kəmliyi, bir az da məzlumluq görərdin. Səsindəki titrəyiş də ağır bir hökm çıxarmaqda tam qətiyyətli olmadığına, hələ tərəddüd etdiyinə işarə etsə də belə bir situasiyada beyni çönmüş adamdan nə desəydin gözləmək olardı. O sağ ayağını yerə çırparaq bağırmaqda davam edirdi:
– Andreyy, it oğlu, silahını qoy yerə… it oğlu! Sənin ananı ağladacam… Qurd-quşa yem olacaqsız hamınız…
İşarə etdim ki, silahını yerə qoysun. Rəngi ağappaq ağarmış Andrey bir mənə, bir də leytenanta baxdı. Zabitin baxışlarıyla “tərkisilah olmağın məsləhətdir” işarə etməsindən sonra kalaşnikovu qurumuş kolun üstünə atdı.
“Nəsə etmək lazımdır? Nə, necə?..” Bir an, sadəcə bir göz qırpımı, məqam lazım idi ki, titrəyən barmağına təpər gəlsin… və bir maqazin güllə hansımızısa, bəlkə də hamımızı xəlbirə döndərsin. Bayaqdan beynimdə nə edəcəyimi götür-qoy edib, atacağım addımın əsarətində qalsam da, düşüncəmdə o anı geri çəkirdim, gücüm çatmayacağı təqdirdə Tanrıya dua edirdim ki, zamanı bir anlıq dayandırsın. Bu ki onunçun su içmək kimi bir şeydir?!
Qleb arxasını mənə çevirəndə leytenant riskli qərar qəbul edəcəyimi duydu. Axı silahsız da olsa, ona ən yaxın mən idim. Artıq düşünmək zamanı deyildi. Qəfildən üç-dörd addımlıq məsafəni birnəfəsə, arxadan pişik kimi şığıyaraq çiyninin üstündən qollarımı açıb sinəsinə dayadığı avtomatın korpusuna sarılıb geriyə qıvrıldım ki, qamarlayıb əlindən alım. Qleb mənim qəfil basqımdan necə karıxmışdısa şəhadət barmağını titəyə sıxmağıyla lüləsi göyə tuşlanan avtomatın havada şaqqıldaması bir oldu. İkimiz də qanrılıb yerə çırpılanda avtomatın kəməri çiynindən sivişib çıxsa da, arası kəsilmədən açılan son güllələr torpağın bağrını dəlib-deşsə də, qorxudan qıc olmuş barmaqları silahdan qopmurdu. Maqazindəki sonuncu güllə hansısa daşa dəyib vıyıldayanda uçurumun lap qırağında uzandığımızı gördüm. Ani bir hərəkətdən ikmiz də dərənin dibinə yumarlana bilərdik. Avtomatın kəməri sağ qoluma dolaşmışdı. Sol qolumla onu özümə tərəf sıxdım. Dərənin ətürpədici cazibəsini duydum. Qəzəb dolu gözlərim Qlebin ölü rəngli sifətinə zillənmişdi. Piyli cəmdəyi əsim-əsim əsirdi. Bilirdim, o indi daha çox mənə nifrət edirdi. Dişləriylə alt dodağını necə sıxmışdısa üç yerdən al qırmızı qan puçurlanırdı. ” Qurtardı… hər şey bitdi…” deyə gözlərimi qapayıb açdım, başımı qaldırıb dərəyə tərəf işarə etdim ki, yerində qımıldanmasın, yoxsa…
Bu bir anda oldu. Dirsəyimi torpağa möhkəm dirəyib, güclə dizləri üstə oturdum. Gözlərində işıq sönmüş, qətiyyətsizlik, kədər, məyusluq, bir az da qorxu öz rəngləriylə onun solğun sifətində dolaşırdı. Yəqin ki, ədavətə görə intiqam hissiylə çırpınan, gizlincə buna məqam gəzən, döyüş tapşırığı yerinə yetirərkən yoldaşına xəyanət edən bir sovet əsgərinin gələcək aqibətini acı-acı düşünür, bəlkə də bu qədər aciz və fərsiz oğul olduğunu özünə bağışlaya bilmirdi. Sanki bütün dünyadan iyrənirdi, həyatdan, ətrafındakılrdan, hər şeydən bezmışdı. Sulanmış göz qapaqlarının kənarında yığılıb qalmış iki damla duzlu göz yaşı bir göz qırpımına bənd idi ki, sıx, iri kipriklərinin arasından süzülüb tozlu yanağına düşsün. Birdən, aramızda “uzanmış” kalaşnikovdan barmaqlarını üzdü, var gücüylə sinəmdən itələyəyib boğuq və çox kədərli səslə “poşli vı vse…” deyib özünü uçurumun qucağına atdı… Hündür tranplindən arxası üstə hovuza tullanan üzgüçü kimi bunu o qədər cəld və gözlənilməz etdi ki, ona tərəf uzanan əllərim havadan asılı qaldı. Az qala onun arxasınca uçacaqdım.
Bir neçə saniyədən sonra Qlebin dibi görünməyən dərə boyu əks-səda verən vahiməli bağırtısı eşidildi: “Maa-m… aa…” Sanki dağlar da onun səsinə hay verdilər: ” Aaa……”
…Dərənin kənarında xeyli hərəkətsiz, quruyub qalmış leytenant ştabda canlı itki barədə necə məruzə edəcəyini götür-qoy edərkən, mən də gilli əfqan torpağını ovucumda sıxıb, indicə sal daşlara, şiş qayalara çırpınaraq parça-parça olmuş Qlebin qurd-quşa yem olacaq meyidini təsəvvürümdə canlandırır, özümü onun dəhşətli, dəhşətli olduğu qədər də mənasız ölümündə dostum Andreyə ömürlük şərik olduğumu düşünürdüm…
Görəsən həmin anda Andrey nə fikirləşidi – təəssüfmü edirdi, yoxsa sevinirdimi? Onun baxışlarında, simasında bunu sezdirə bilən heç bir işartı görə bilməmişdim. Mən isə o vaxt da, elə indi də düşünürəm ki, görəsən imkanlı bir məmur cılız, yarıcan oğlunu nəyə görə əsgərlikdən saxlatdırmayıb? Yıxılmasan bərkiməzsən deyimini sınaqdanmı keçirmək istəyib, bəlkə, “kimin uşağından artıqdır ki “ – fikirləşib? O doğurdan da, heç kimdən artıq deyildi! Heç olmasa sonradan bura düşdüyünü biləndə başqa hissəyə keçirtdirə də bilərdi. Deməli, qismət beləymiş. Ataların münaqişəsi, düşmənçiliyi kimisə qurbanlıq seçmişdi və bu qurbanlıq Qleb idi. Təkcə Qlebmi?..
Bir olan Allah da şahiddir ki, mən onu xilas edə bilməzdim.
Biz leytenantın əmrinə görə Qlebin yük torbasını, avtomatını götürüb xaraba kənddən uzaqlaşdıq; üzü yuxarı qalxdıqca başımız üstündə alışıb yanan günəşin çevrəsində halay quran quzğunlar, arxada uzanıb gedən ölüm dərəsində atıb getdiyimiz şıkara “qonaq” getməyə məqam gözləyirdilər…
…Mədət bir müddət susdu. Sonra heyrətini gizlətmədən dedi:
– Çox dəhşətli hadisədir. – Bir azdan əlavə etdi. – Sənin dostun isə bivec adama oxşuyur, vallah!
– Sən elə düşünürsən? – Soruşdum.
– Ayə, sən ona qardaşlıq etmisən, can yandırmısan,