Hə, anacan, mənəm, gəlmişəm! – dedim.
Bu an bacılarım bərkdən ağladılar. Böyük bacım bildirdi ki, bir həftədən artıqdır anamız bir kəlmə də olsun ağzını açıb danışmırdı. İndi səni görüb danışdı.
Anam sağ əlini mənə tərəf uzatdı. Mən onun əlini ovucumun içinə alıb öpdüm. Onun əlindən, təndirdən təzə çıxmış isti çörəyin iysi gəlirdi. O, əlini mənim saçlarıma tərəf uzatdı. Həmişə belə edərdi, ta uşaqlıqdan bu yaşıma qədər hər dəfə onunla görüşəndə əlini saçlarımda gəzdirib sığallayardı. İndi də bildim ki, yenə də saçlarımı sığallamaq istəyir.
Rahat olsun deyə, başımı ona tərəf əydim. Anamın titrək barmaqları bir müddət saçlarımda ilişib qaldı. Sonra sürüşüb çiynimə düşdü. O əlini mənim pencəyimin yaxalığında gəzdirdi. Birdən anam həyəcanlı səslə dedi:
– Elburus… Oğlum… yağış yağır?!..
– Hə, anacan, bilirsən necə narın yağış yağır… Elə gözəll yağır ki… – dedim.
Anam taqətsiz əlini ehmalca havada yelləyib:
– Eh!.. Bu yağış niyə yağır ki?.. – deyə zarıdı.
Onun könlünü oxşamaq üçün:
– Ana, yağış nurdur, bərəkətdir, qoy yağsın! – dedim.
Anam başını bulayaraq güclə eşidiləcək səslə:
– Oğlum, özümə görə demirəm e, onsuz da mən ölürəm… Axı, yağışlı havada siz əziyyət çəkəcəksiniz. Məni bu yağışlı havada necə basdıracaqsınız?..
Anam bu sözləri deyəndən sonra gözlərini yumdu… Mən hönkürdüm…
Yazıq anam, bu boyda, ayrılığın içində hələ də bizim qeydimizə qalırdı.
… Anamın cənazəsini çiyinlərimizə alıb son mənzilə yola salanda, göydən narın-narın payız yağışı yağırdı. Bu çiskinli payız yağışı anamın xısın-xısın ağladığı vaxtlar, yanağından süzülən göz yaşlarına bənzəyirdi. Anam ölmündən sonra da, elə bil, bizim halımıza ağlayırdı… Mənim yazıq və mehriban anam…
Altıncı mərtəbə
(hekayə)
… İki il olardı həyat yoldaşım dünyasını dəyişmişdi. O, rəhmətə gedən ili oglumuz Səlim yeddi yaşındaydı, birinci sinifdə oxuyurdu. Anasının ölümü uşağa pis təsir etmişdi. O, bu yoxluğa heç cür öyrəşə bilmirdi. Hər gün gecəyarısı yuxudan ayılar, ağlaya-ağlaya anasını çağırıb bagrımı qana döndərərdi.
Belə vaxtlarda oğlumu qucagıma alıb, sübhün gözü acılana qədər onu otağın içində ora-bura gəzdirərək, ovutmağa çalışardım. Əslinə qalsa, ürəkdən yuxa idim, uşağı belə vəziyyətdə görəndə özümü heç cür ələ ala bilməyib mən də hönkür-hönkür ağlardım.
Həyat yoldaşımın ilindən sonra, qohum-əqraba, dost-tanış üstümə düşdü ki, bəs, ev-eşiyi yiyəsiz qoymayım: – “Qadınsız ev suyu qurumuş dəyirman kimidir”, gərək evlənəsən – dedilər. Həm də, balaca Səlimə ana qayğısı lazımdır, necə olsa körpədir, yemək-icməyi, geyim-kecimi vardır, – deyə məni başa salmaga calışırdılar.
Nədənsə, yaxınlarımın məsləhətləri beynimə batmırdı. Rəhmətlik, həyat yoldaşım Sonadan sonra evimdə özgə bir qadının olmasını ağlıma belə sığışdıra bilmirdim. Çünki evdə hara baxırdımsa, hansı əşyaya əl vururdumsa, orda rəhmətliyin əllərinin izini görürdüm, nəfəsini hiss edirdim. Bir dəfə lap qorxan kimi də oldum… Günortaya az qalırdı, bərk yağış yağırdı. Oğlum Səlim hələ dərsdən dönməmişdi. Fikirləşdim ki, o gəlincə divanda uzanıb, bir az gözlərimin acısını alaram. Tənbəllik etdiyimdən üstümə heç nə örtməyib elə beləcə uzandım. Nə qədər yatdığımı özüm də bilmirəm, yağışlı havada yatmağı elə xoşlayıram ki… Yuxuda həyat yoldaşımı gördüm, üstümü örtə-örtə deyirdi: – “Həzi, sənə neçə dəfə demişəm ki, yatanda üstünə bir şey sal, naxoşlayarsan axı…”
Yuxudan hövlank ayıldım. Gördüm ki, üstümdə yorğan var. Uzandıgım yerdəcə quruyub qaldım, gözlərimə inanmadım. Axı, yatanda üstümə bir şey salmamışdım, bu yorğan hardan gəlib çıxdı? – düşündüm. Əlimi yorğana sürtdüm, qabaqlar işdən qayıdıb, şam yeməyi yeyəndən sonra, divanda uzanıb, azacıq mürgü vurduğum zaman, rəhmətliyin üstümə örtdüyü güllüyorğan idı.
Möhkəmcə qorxduğumdan, başımın tükləri biz-biz olmuşdu. Ayağa qalxıb, otaqları dolaşdım. Mətbəxə kecəndə gördüm ki, oğlum dərsdən qayıdıb çörəyini yeyir…
Oğlum Səlimə gəlincə o, məndən də həssas idi. Bir dəfə məktəbdə sinif yoldaşlarından hansısa ağzından qaçırıb ki, bəs atan təzə arvad alacaq. Uşaq məktəbdən qayıdıb həyətə girən kimi çantasını bir yana tullayıb, gəlib durdu bir addımlığımda və gözlərini zillədi dik gözlərimin içinə:
– “Ata! – dedi, – uşaqlar danışırlar ki, guya sən təzə arvad gətirəcəksən evimizə. – Bax, sənə deyirəm, əgər belə etsən mən də gedib qəbristanlıqda anamın yanında yataçağam. – Sənə də heç vaxt ata deməyəcəyəm, özün bilərsən onda…”
Bir tikə uşagın belə danışmağı, məni qorxutdu. Düşündüm ki, əgər belə bir iş tutası olsam, onda uşaq özünə xətər-zad toxundurub, edər. Ona görə də, qohum-əqrabaya dönə-dönə tapşırdım ki, məbadə mənim evlənmək məsələmdən söz açasınız. Mən əziyyət çəkib Sonamın bircə yadigarını özüm böyüdüb, boya-başa çatdıraram.
O vaxtdan hec kəs ürək eləyib, bir də bu barədə mənə söz demədi.
Uzun qış gecələrində ata-bala oturub söhbət edər, ona maraqlı nağıllar danışardım. Bir də görərdin, nağılın şirin yerində oğlum qayıdıb deyərdi:
– Ata, hər tərəf qardı, bəs, anam torpağın altında üşümür?!
Onun bu sözlərindən sonra çarəsiz qalırdım. Necə onu başa salaydım ki, bu qarın, sazagın ölüyə nə dəxli var, axı? Amma qəlbini sındırmamaq üçün bir şey uydurub deyərdim. Deyərdim:
– Yox, ağıllı balam, anana orda soyuq deyil. Ona görə ki, onun ruhu indi bizim evdə, yanımızdadır. – İnsan ki, o dünyaya getdi, ruhu bədənindən çıxaraq dönər evinə. Amma biz onu görmürük, ruh gözə görünmür axı, oğul bala.
Mənim bu sözlərimdən sonra, oğlum ayaga qalxar və sobanın ağzını acıb ora bir-iki odun atardı. Niyə belə etdiyini soruşanda isə deyərdi:
– Atacan, qoy evimiz imisti olsun, anamın ruhu çöldən gəlib, ona soyuq olar, axı…
Oğlumun bu sözlərindən sonra özümü heç çür ələ ala bilməyib, onu bağrıma basar və xısın-xısın ağlardım.
Bir müddət beləcə yaşadıq. Oğlum, artıq, böyümüşdü. Bayram günlərdə onunla birlikdə anasının məzarını ziyarətə gedərdik. Belə vaxtlarda, o, özünü böyüklər kimi aparardı. Əyilib anasının qəbrindən öpər, sonra da əllərini qoynuna qoyub, dalğın halda gözlərini bir nöqtəyə zilləyərək,