çörəkxananın dəni orada üyünürdü. Tay-tay taxılın dənlikdən aramla enərək, zırı daşların arasında əzilib, un-urva aramla əski ağızlıqdan kirtik-kirtik ələnməyini görən deməzdi, bu boyda mahalın çörəyini bu tərpənişlə çatdırmaq olarmış. Dama-dama göl olar. Hətəmxan dəyirmanından savayı, Yarəhmədli bağlarının ayağında bir dəyirman da vardı, alasəy işləyirdi, oraya bel bağlamırdılar. O tay- bu tay el-obanın gəlişi, ümidi Hətəmxandı. Hər kəsin nobatı gözlənir, tay-dağarcıq vədəsində tərpənirdi. Hətəmxan hamını yola verirdi. Kövşən-xırman, kəhriz-çayxana hamısı ictimailəşib mahal şurasının əlinə keçəndə, Hətəmxanı öz dəyirmanından ayırmamış, oradaca saxlamışdılar.
Dəyirman arx altda, çökəkdə idi. Dəhnədən üzüaşağı gurlayan axar elə güclü, təpərliydi, gör-gövdəsi çatlamış köhnə qovaq nov tablamır, su oyuqlardan fışqırıb, şarhaşarla daşlığa tökülürdü. Dəyirman boynunu kol-kos bürümüş, donuzluq kükrəyib göyərmiş, ağac nov özü də puçurlayıb pöhrələmişdi.
Həndəvərdə bir səs-səda, həşir vardı, deməzdin, bu hayharay çaylaq daşından yayılmış yapıq-yassar damın sayəsinədi.
“Laldinməz” Hətəmxan vilayətində bir elə çal-çağırla üzləşirdi ki, bağ-məktəb bunun yanında muştuluqdu.
Yoxuşda sovacaq səslənir, novun yarıqlarından daşlığa, çınqıllığa şiravan tökülür, dəyirman kişnəyir, çağlayırdı. Yuxarıdan, dəhnənin iki yanından da iki irmaq coşub üzüaşağı şığıyırdı. Bunların qopardığı şivən heç, iş deqırır, elə atlanırdı eşiyə, elə bil ağac pərlərin fısqırır, elə atlanırdı eşiyə, elə bil ağac pərlərin fırlanmağından yox, nə isə özgə bir xətər-ətərdən tərpənib dəbərmişdi. Qənşərdə göllənən axar-coşardan un-urva, kəpək tamı qalxırdı. Dəyirman qabağında, qum-çınqılı seçilən dumduru gölməçədə qaz, ördək üzürdü. Quşlar gölə yaxınlaşır, irəlidən vuran suyun təkanından həsləyir, qırağa hellənirdilər. Bir də gedir, çaxnaşan burulğanda özlərini güclə saxlayıb, gölə can atırdılar. Qaz-ördək köpüklənib coşan suda dən-düş qoxusu almışdı.
Pər-qanad çalğısı, ağır daşların nəriltisi eşidilir, çax-çaxın çaqqıltısı sezilirdi. İçərinin sədası eşiyinkinə qarışmışdı. Elə şennikdi, səsdən qulaq tutulurdu.
Dəyirmanın qabağında, gündöyəndə palaz üstə taxıl sərmişdilər. Görünür, nəm çəkmişdi, Hətəmxan göstəriş vermişdi, qurudulsun.
Hətəmxan görünmürdü, kimsə də yoxdu. Gölməçədə çırpınan qaz-ördəyin yaxındaca, palaz üstə sərilmiş dənə, qızaran buğdaya, bozaran arpaya yox, un-urva qoxuyan suya cummağı da bir anlaşılmaz işdi.
Xəlil, Mürşüd kişi və Cəmşid kişi dayandılar o tayda. Dəyirmanın körpüsü yoxdu. O taya keçməkdən ötrü arxın içinə iki-üç iri daş parçası, qaya qırığı atmışdılar. Padşahəvəzi Gər Xəlil, vəzir-vəkil gözlərini su basmış köntəy daşlara dikib də baxdılar. Elə çarpanaq, sürüşkəndi, allahın adicə bəndəsi də buradan ayaq qoyub keçməkdən çəkinərdi, gəl gör bu kişilər ola.
Elə bil Hətəmxan bu yoldaşların gələcəyindən soraq tutmuşdu. Dəhnə ağzından uçurlanan, novdan şoruldayan suyun hamısını bağlamışdı bir arxa. Gələn gələ bilirsə, gəlsin. Ayağının birini qoysun arx içindəki ala qayanın belinə, sonra o birini adlatsın qara qaya parçasının çatağına… Ondan sonra büdrəməsin; ayaqaltı daşların arası gendi, sürüşdünmü, təpəsi üstdə, guppultuynan yıxılacaqdın arxın içinə. Xəlil padşah, Mürşüd vəkil, Cəmşid vəzir! Təpədən dırnağa çumçuluq, un-urva ətri saçaraq, xirtdəkdən topuğa suyunuz süzülə-süzülə gəlin. Buyurun Hətəmxan ölkəsinə.
Yaxşı, tutaq ki, nə axan arxa, nə şoralanan nova, nə də bu coşan gözə hökm etmək olmazdı: səngiyin, səsinizi alın, “Laldinməz” gedir. Yox, axar-coşar allah-taalanın bağışladığı, təbiətin verdiyi nemətdi. Onu susdurmağa, səmtindən döndərməyə Gər Xəlil heyətinin hökmü çatmazdı. Bəs bu arxa nə söz, onun qəsdən gurlaşdırılmağına nə deyəsən? Arxın içindəki ayaqqoydu daşların duruşu-baxışı nə söyləyirdi? Bunları, yolu-irzi sahmana salmaq olardı. Görməliydi bu işi Hətəmxan!
Onun saymazlığı gələnləri şəkləndirdi. Dayandılar arxın o üzündə, gözlədilər. Bu karsala, heç olmasa, qabağa çıxmalı, günün nə gün, şərtin nə şərt olduğunu bilməsə də, bir xoşgəldin söyləməliydi.
Mürşüd kişi az qalmışdı həndəvərin sədasından yanılıb səs çıxarsın: “Ay ev yiyəsi, harada qaldın!”
Dəyirmanın ağacdansa, elə bil daş-qayadan yonulmuş şotur qapısı açığdı, oradan o yan qapqaranlıqdı. Hətəmxanın, dənçinin içəridə bir-birini gördüyü, təhnə-unnuğu seçib çalışdığı da ağla batmırdı. İşləməyinə işləyirdi; su çırpılır, qanadlar şaqqıldayır, pərlərdə çaxnaşan sel ayğır təki atılırdı eşiyə.
Ala-toran kandarda iki zənən göründü. Bel-buxunları şal-qurşaqdı, üz-gözləri açıqdı. Hər ikisi onlara məhrəm olan Hətəmxandan savayı bu həndəvərdə bir kişinin, özgə, yad kəsin olmadığına arxayındı. Gəlinin biri unnuqda çalışmış, lələk-süpürgə çalmışdı. Qaş-kipriyi elə çallaşmışdı, elə bil bir alyanaq gözəl qəfilcə qarımışdı. O gəldi suyun üstünə, o biri gəlin əyildi taxıl sərgisinin ətəyinə.
İki gözəl-göyçək gəlinin havaya çıxmağı, qabaq-qənşərəcə bunları görməməyi, dünyada çəkinəsi heç bir şey yoxmuş təki asudə davranmağı, üz yumağı, taxılın nəmliyini yoxlamağı, ən başlıcası, səslərini çıxarmamağı arxın bu tayında dayanmış üç kişinin yandırıb yaxdı. Bircə kəlmə, bircə söz çıxmadı bunların dilindən. Güya dağ-dərədə haraylanan kəndçi övrətləri deyildi. At-eşşək yükləyib dən gətirdikləri mahal mərkəzi Çinarlıda bu səhər bir oyunun başlandığından, adının da “Laldinməz” olduğundan xəbərləri yoxdu. “Laldinməz”in heç bir qayda-qanununu bilmirdilər. Amma heç biri də cınqırını çəkmirdi. Gəlinlər elə bil təkcə bir-biriylə yox, bu axar-coşarla, şadara novla, dənnik-urva ilə, bütünlükdə dəyirmanla və Hətəmxanla “Laldinməz”ə girmişdilər.
Hər iki gəlin eşikdə dolanıb, taxıl sərgisinə baş çəkib, arxın bu üzündəki kişilərə məhəl qoymadan, dinməz-söyləməz arxa çevirib girdilər oraya. Oraya ki, haradan çıxmışdılar. Onda, qapı çatında Hətəmxanın boyu görsəndi. Bu səfər zənənlər içəridə göz olacaqdı. Bu da onlara arxayın olub eşikdə, qapının böyründəki iri hamar daşın usta oturacaq, nəfəs dərəcək, boğazında xəmirlənmiş un-urvanı ötürəcəkdi içəri, ya eşiyə.
Qapı üzbəüz idi. Hətəmxan açıq-aşkar bunların üzünə baxır, amma görmürdü. Belə baxasan, görməyəsən, bu da bir möcüzədi. Arxın bu tayının Hətəmxana qarışacağı yoxdu. Nə görünür görünsün, Hətəmxanın gözündə boşca qaraltı, heç nə idi.
Bunlarsa onu tilfə-tilfə görürdülər. Başında bir gödərək, yappa papaq vardı. Elə bil onu təhnənin qıraq-bucağını təmizlədiyi silgidən, dəri parçalarından yamayıb tikmişdi. Papaq o kökə düşmüşdü ki, qıvrımların yundan-qıldan, ya xəmirdən yapıldığını ayırd etmək çətindi. Ayaqlarındakı vəl qaloşlar